Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-65/2023 16.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxx 1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt şəhər məhkəməsinin 10 mart 2022ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 27, mənzil 53-də qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 15 noyabr 2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan Mehdi adlı İran İslam Respublikası vətəndaşının əvvəlcədən Bakı şəhəri Bakı prospektində yerləşən «Monte Karlo» şadlıq sarayı ilə üzbə-üz yolun kənarında olan işıq dirəyinin altına qoyduğu yerdən satış məqsədi ilə qanunsuz olaraq killi miqdarda yəni, 7,772 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 16 noyabr 2021-ci il tarixdə saat 21:10 dəqiqədə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində “Bağça Şəhər” yaşayış kompleksinin arxa hissəsində olan fərdi yaşayış evlərinin yanında saxlanılaraq 5-ci Polis Bölməsinə aparılıb orda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffav rənglisellofanın içərisində 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,266 qram və 3,506 qram, ümumi təmiz çəkisi 7,772 qram olan qəhvəyi rəngli maddə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynitərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə “kokos” deyilən heroindən istifadə etmiş, lakin satışı ilə məşğul olmamışdır. “Bağça Şəhər” yaşayış kompleksinin arxa tərəfində Mehdi adlı tanıdığı şəxsin həyət evinə gediş-gəlişi olmuşdur. 16 noyabr 2021-ci il tarixdə saat 2 radələrində həmin evə girərkən 8-9 polis əməkdaşının orada olduğunu görmüşdür. Həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Bölmədə təzyiq altında ifadə vermişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bildirərək ilkin ifadəsində göstərmişdir ki, o təxminən bir il olarki narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2021 -ci il tarixdə təxminən saat 21:10 radələrində o Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən fərdi evlərin arası ilə piyada gedərkən üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdilər və polis əməkdaşları olduqlarını bildirmişlər, onlar onun narkotik vasitələrin qəbulunda, satışında və daşınmasında şübhəli bildiyini ona bildirmişlər. Buna görə də üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. O polis əməkdaşlarına heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 5-cİ PB-nə getmişdir. Orada xidməti otaqlardan birində ona üzərində olan qanunsuz əşya və ya predmetləri təqdim etmək təklif olunmuş, o əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofanın içərisində olan 02 ədəd sellofan bükümdə olan narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Sonra polis əməkdaşı onu üzərinə şəxsi axtarış keçirdi lakin heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamış, polis əməkdaşı təqdim etdiyi bükümlərin içərisində nə olduğunu soruşmuş, o bükümlərin içərisində olan maddənin narkotik vasitə «kakos» yəni heroin olduğunu bildirmişdir. Ondan həmin maddəni haradan əldə etdiyini soruşduqda o həmin maddəni İran İslam Respublikası vətəndaşının Bakı şəhərində qoyduğu yerdən götürdüyünü bildirmişdir. O həmin narkotik vasitəni götürdükdən sonra Sumqayıt şəhərinə gəlmiş və bi raz özü istifadə etdikdən sonra qalanını üzərində saxlamışdır. Bundan sonra üzərində şəxsi axtarış keçirilərkən aşkar olunmuş spesifik iyə malik olan maddə yəni narkotik vasitə olan heroin ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Birinci bükümün çəkisi 4,00 qram, ikinci bükümün çəkisi isə 5,01 qram təşkil etmiş, o çəkiyə etiraz etməmişdir. Üzərindən aşkar olunmuş narkoitk vasitə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və onlar zərfi imzalamışlar. Bundan sonra video çəkiliş dayandırılmış, üzərindən narkotik vasitə aşkar olunması ilə bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. O narkotik vasitə olan heroindən istifadə edir, lakin heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamış, o 070 ***-**-** mobil telefon nömrəsini istifadə edir. Təxminən bir il bundan əvvəl instaqram sosial şəbəkəsində Mehdi adlı şəxsin nömrəsini götürmüş, onunla heç vaxt görüşməmiş və onu heç vaxt görməmiş, 5-6 ay bundan əvvəl həmin şəxsin Bakı şəhərində qoyduğu yerlərdən bir neçə dəfə narkotik vasitə götürmüş, yəni özü üçün almış, həmin şəxsin narkotik vasitə qoyduğu yeri bildiyi üçün bu dəfə Bakı şəhərinə Babək prospektinə getmiş və orada yerləşən «Monte Karlo» şadlıq sarayı ilə üzbə-üz yolun kənarında olan işıq dirəyinin altına baxmış və orada siqaret qutusunun içərisində narkotik vasitə oladuğunu görüb götürmüşdür. (Cild 1, iş vərəqləri 67-69,131-133) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-in əməkdaşı Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2 il bundan öncə daxil olmuş əməliyyat məlumatı əsasında Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində hərəkətdə olan zaman saxlamışlar. Təqsirləndirilən şəxs saxlanıldıqda üzərində 2 büküm narkotik vasitə aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-in rəis müavini Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 16 noyabr 2021-ci il tarixdə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Sumqayıt mebel salonunun arxasında saxlamışlar. Əməliyyat qrupunun digər əməkdaşları isə Şahid3 və Şahid2 olmuşlar. Əməliyyat qrupuna özü rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs üzərindən 2 büküm narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə elan olunaraq tədqiq olunan Sumqayıt ŞPİ-nin 5-ci PB-in əməkdaşı Şahid2 ifadəsində digər şahidlər Şahid1 və Şahid3 ifadələrinə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 172-174) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” 16 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-də xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində hər hansı bir qanunla qadağan olunan əşya varsa təqdim etsin. O, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan kəsiyin içərisində 02 ədəd sellofan kəsiyinə bükülmüş kütlələri təqdim etmişdir. Həmin bükülüləri açdıqda hər birinin içərilərində qəhvəyi rəngli, spesifik iyə malik, palçıq halında kütlələr aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 25-26) “Şəxsi axtarışın keçirilməsi barədə” 16 noyabr 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 19 noyabr 2021-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 79-81) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 21:25-də Təqsirləndirilən şəxs istifasində olmuş ********** mobil telefon nömrəsi ilə ********** mobil telefon nömrəsi arasında “Sen 3 kola 1 pati goturmusen men hele bilirdim raminde men diyeni deyir", həmin gün saat 21:53-də isə "ura vurulan zaxotdarin saysin veıilen 06 15 d iy pa tini saysin bildin cavab ver ozde telefona tez» məzmunda sms mübadiləsinin aparılması müəyyən edilir. xx.xx.2021-ci il tarixdə saat 11:32-də ********** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** mobil telefon nömrəsi arasında “Brat 55 manat borcumnan vermək istəyirəm 45 kolanın 10 manalda ag su, pulunu vermişdim yarım kasetdə ondan verərsən”, xx.xx.2021 -ci il tarixdə, saat 17:28-də ********** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil telefon arasında “Qaqa salam Elnurdu.qaqa 1 q kola 1 kubda su.men das bazarindayam.goruse bilerikmi” məzmunda sms mübadiləsi aparılmışdır. (Cild 1, iş vərəqləri 148-150) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2021 -ci il tarixli, 6/5085 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,266 qram və 3,206 qram olan ümumi təmiz çəkisi 7,772 qram olan qəhvəyi rəngli maddə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqləri 39-41) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 424 saylı rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə:Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o. öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə elmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosionallıq,inad karlıq, özünü psixoloji müdafiə etməyə meyillilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs özündən uydurmağa patoloji meyillilik əlamətləri müşahidə olunmadı, lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. (Cild 1, iş vərəqləri 153-156) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 05 fevral 2022-ci il tarixli, 548 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 151-152) Məhkəmə, Təqsirləndirilən şəxs tutularkən üzərində narkotik vasitənin olmaması, həmçinin narkotik vasitənin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi və küçədə deyil evdə tutulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də, məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin hallarına uyğun olan mötəbər sübut kimi qəbul edir, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini isə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 7,772 qram yəni şəxsi istehlak miqdarından təxminən 51 dəfə, külli miqdardan isə təxminən 3 dəfə artıq olması, onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. (Cild 1, iş vərəqləri 129-130) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Elektron məhkəmə-informasiya sistemində olan məlumatlardan və iş materiallarına əlavə edilmiş məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Plenum Qərarına əsasən qanunvericinin belə tənzimetməsi onunla izah olunur ki, cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 16 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə həbsdə saxlanılma müddti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 73-77) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan: tədqiqatdan sonra qalıq çəkisi 7,672 qram narkotik vasitə olan heroin məhv edilməli, 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası, hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılıb qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 7,672 qram narkotik vasitə olan heroin məhv edilsin, 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-65/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-65/2023
16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver