Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-651/2024 29.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, evli, 2-ci qrup əlilliyi olan, Quba şəhəri, 29, məhəllə 29-da qeydiyyatda olmaqla Quba şəhəri, 32-33-cü məhəllədə yaşamış və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri külli miqdarda hazırlayıb əldə etməklə saxlamışdır. Belə ki, o, 2024-cü ilin yay aylarında yaşadığı Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən evin həyətində az miqdarda, yəni 02 ədəd çətənə (kannabis) bitkisini əkib yetişdirməklə kultivasiya etdikdən sonra həmin bitkiləri qurudaraq satış məqsədi olmadan qanunsuz olaraq külli, yəni 500 qramdan artıq miqdarda olan ümumi xalis çəkisi 566,33 qram narkotik vasitə qurudulmuş marixuana hazırlayıb əldə etməklə yaşadığı evdə və idarə etdiyi avtomobildə saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 16 fevral 2024-cü il tarixdə, saat 21 radələrində Quba şəhəri, Maksim Qorki küçəsində yerləşən “Şah House” çay evinin yaxınlığındakı çayxanada saxlanılaraq həmin çayxananın qarşısında saxladığı “Hyundai Elantra” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən 04 (dörd) ədəd kağız bükümdə ayrı-ayrılıqda xalis çəkiləri 0,25 qram, 0,30 qram, 0,38 qram və 0,40 qram olmaqla ümumi xalis çəkisi 1,33 qram, dərhal sonra yaşadığı Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən evin həyətindəki yardımçı tikiliyə baxış keçirilərkən 06 (altı) ədəd sellofanda və 01 (bir) ədəd şüşə bankada ayrı-ayrılıqda xalis çəkiləri 150,0 qram, 110,0 qram, 60,0 qram, 60,0 qram, 45,0 qram, 45,0 qram və 95,0 qram olmaqla ümumi xalis çəkisi 565,0 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona verilən suallara cavab olaraq bildirdi ki, uzun müddətdir ki, “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan tutulana qədər istifadə etmişdir. Hər il həyətində 1-2 ədəd çətənə bitkisi əkərək öz istifadəsi üçün qurudulmuş marixuana əldə edib, həmin qurudulmuş marixuananı müxtəlif hissələrə ayıraraq sellofan paketlərə yığıb, gələcəkdə özü istifadə etmək məqsədilə həyətində yerləşən anbar kimi istifadə edilən tikilidə saxlayıb. Ailə üzvləri onun narkotik vasitə istifadəçisi olduğunu bilməyiblər. Lazım olanda gizlətdiyi yerdən 2-3 gün istifadə edə biləcəyi miqdarda narkotik vasitə götürərək özündə saxlayıb. 16 fevral 2024-cü il tarixdə, saat 21 radələrində idarə etdiyi “Hyundai Elantra” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxaraq Quba şəhəri, Maksim Qorki küçəsində yerləşən “Şah House” çay evinin yaxınlığındakı çayxanaya getməzdən əvvəl tikilidə saxladığı marixuanın üzərindən həmişəki kimi 2-3 gün müddətində istifadə etmək üçün 04 ədəd kağız büküm götürüb həmin bükümləri boş siqaret qutusuna qoyaraq avtomobilində saxlayıb. Çayxanada oturandan təxminən 15 dəqiqə sonra Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumat olduğunu bildirib onun üzərinə şəxsi axtarış aparılacağını deyiblər. Təhqiqatçı və vəkil gələndən sonra təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif edib və o da üzərində qanunla qadağan olunan heç nə olmadığını bildirib və şəxsi axtarış aparılarkən üzərində qanunla qadağan olunan heç nə aşkar edilməyib. Daha sonra “Hyundai Elantra” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun razılığı əsasında baxış keçirilməyə başlayıblar və baxış zamanı avtomobilin salonunda yerləşən saxlanc yerində saxladığı siqaret qutusunakı içərisində qurudulmuş marixuana olan 04 ədəd kağız büküm aşkar edilib. O, bu kütlələrin “nəşə və ot” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana olduğunu və öz istifadəsi üçün saxladığını, yaşadığı evin həyətində yerləşən tikilidə də həmin narkotik vasitədən saxladığını bildirib. Bundan sonra onlar onun yaşadığı evə gediblər və evin arxasında yerləşən anbar kimi istifadə edilən tikiliyə baxış zamanı tikilidə saxladığı 06 ədəd paketi və 01 ədəd şüşə bankanı açarkən hamsının içərisindən yaşıl rəngli bitki kütlələri aşkar edilib və o, bu kütlələrin “nəşə və ot” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana olduğunu və öz istifadəsi üçün saxladığını bildirib. Heç kimdən narkotik vasitə almayıb, heç kimə də narkotik vasitə satmayıb, narkotik vasitə satan şəxsləri tanımır. Polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təsir və təzyiqlərə məruz qalmayıb. Əməlindən peşmandır, bir daha heç vaxt narkotik vasitə istifadə etməyəcək, özünün, həyat yoldaşının və himayəsindəki qızının İİ qrup əlilliiyi var. Qeyd olunanları nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadəni də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Quba RPŞ-nin Cinayətaxtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Quba şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, idarə etdiyi avtomobilində və evində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınıb. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, 77- BB-890 dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, Maksim Qorki küçəsində yerləşən “Şah House” çay evinin yaxınlığındakı çayxanaya getdiyini müəyyən edib saat 21 radələrində həmin çayxanada Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair barəsində məlumat olduğunu və üzərində şəxsi axtarış aparılması üçün Quba Rayon Polis Şöbəsinə məlumat verərək təhqiqatçı və vəkil dəvət ediləcəyini bildiriblər. Vəkil və təhqiqatçı gəldikdən sonra videoçəklişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılıb, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan heç nə olmadığını bildirib və onun üzərində qanunla qadağan olunmuş heç nə aşkar edilməyib. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasa da, avtomobilində və evində narkotik vasitə qurudulmuş marixuana olduğunu və təqdim edə biləcəyini bildirib. Şəxsi axtarış başa çatandan sonra videoçəkiliş davam etdirilərək Təqsirləndirilən şəxs məxsus həmin avtomobilə özünün razılığı əsasında baxış keçirilməyə başlanılıb və baxış zamanı avtomobilin salonunda yerləşən balaca saxlanc yerində olan siqaret qutusundan 04 ədəd kağız büküm və bu bükümlərin içərisindən yaşıl rəngli bitki kütlələri aşkar edilib, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən tikiliyə videoçəkilişlə baxış keçirilən zaman Təqsirləndirilən şəxs 06 ədəd sellofan paketi, 02 ədəd şüşə bankanı təqdim edib. Həmin sellofan paketləri və bankadan birini açarkən onların içərisindən yaşıl rəngli bitki kütlələri aşkar edildi və bütün bunlar rəsmiləşdirildi. Məhkəmə baxışında iştirak etməyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və onun ibtidai istintaqda məhkəmədə dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Quba RPŞ-nə xx.xx.1976-cı ildə Quba şəhərində anadan olmuş, Quba şəhəri, 29, məhəllə 29-da qeydiyyatda olmaqla Quba şəhəri, 32-33-cü məhəllədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, idarə etdiyi avtomobilində və yaşadığı evin həyətində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və nəqliyyat vasitəsinə baxış keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Quba şəhəri, M.Qorki küçəsində saxlanılaraq Quba RPŞ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində nə varsa, təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs əlində saxladığı, həmçinin əynindəki gödəkçənin sol yan cibindən çıxardığı açarları və plastik kartları, əynindəki şlavarın yan ciblərindən və arxa cibindən çıxardığı kağız pulları avtomobilin mühərrik örtüyünün üzərinə qoyaraq təqdim edir. 6 ədəd 5 manatlıq, 6 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 4 ədəd 1 manatlıq, 8 ədəd 5 manatlıq, 2 ədəd 100 manatlıq təqdim edir. Açarlardan birinin evinin, digərinin isə avtomobilinin açarları olduğunu bildirir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunan heç nə aşkar edilmir. Təqsirləndirilən şəxs üzərində olmasa da, avtomobilində narkotik vasitə olduğunu və onları təqdim edə biləcəyini deyir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı avtomobilin salonunda yerləşən sürətlər qutusu başlığının qarşısındakı balaca saxlanc yerində olan siqaret qutusunu götürüb açarkən içərisindən 04 (dörd) ədəd kağız büküm və bu bükümləri açarkən isə hamsının içərisindən yaşıl rəngli bitki kütləsi aşkar edilir. Həmin bükümlər birlikdə elektron tərəzidə çəkilərkən 2,18 qram təşkil edir və bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən tikiliyə “baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, 32-33-cü kvartalda yerləşən yaşadığı evin həyətində yerləşən tikiliyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs 05 (beş) ədəd şəffaf və 01 (bir) ədəd qırmızı rəngli sellofan paketi, 02 (iki) ədəd şüşə bankanı götürüb masanın üzərinə qoyaraq təqdim edir. Həmin paketlərdən aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilərkən 570 qram olduğu müəyyən edilmişdir. Şəxsi axtarış, avotomobilə baxış və götürmə və tikiliyə baxış və götürmə aparılması haqqında protokollardakı xüsusatların həqiqiliyi həmin istintaq hərəkətlərinin qeydə alındığı videogörüntülərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspıtizası Mərkəzinin məhkəməbioloji ekspertizasının 17 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/266 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş 04 (dörd) ədəd kağız bükümdə ayrı-ayrılıqda xalis çəkiləri 0,25 qram, 0,30 qram, 0,38 qram və 0,40 qram olmaqla ümumi xalis çəkisi 1,33 qram, yaşadığı evin həyətindəki tikilidən aşkar edilmiş 06 (altı) ədəd şəffaf sellofanda ayrı-ayrılıqda xalis çəkiləri 150,0 qram, 110,0 qram, 60,0 qram, 60,0 qram, 45,0 qram və 45,0 qram, 01 (bir) ədəd çəhrayı rəngli sellofanda xalis çəkisi 95,0 qram olmaqla ümumi xalis çəkisi 565,0 qram təşkil edən bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi çəkisi 566,33 qram təşkil etməklə tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi - 566,33 qram, cəmi tədqiqata sərf edildi - 0,55 qram, qalıq - 565,78 qram. Cinayət işinin materiallarından müəyyən olunur ki, Quba Rayon Məhkəməsinin 17 fevral 2024-cü il tarixli qərarı ilə Quba Rayon Polis Şöbəsinin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş 16 fevral 2024-cü il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli, 2079 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-ci il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tədbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. İş materiallarında olan 21 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs avtomobilindən və yaşadığı evin həyətindəki tikilidən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuanaların ekspert tədqiqatından sonra qalıq qalmış 565,78 qramı maddi sübut hesab edilmiş və həmin narkotik vasitələrin olduğu Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qablaşdırılaraq möhürlənmiş 02 (iki) ədəd kağız paket saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Cinayət işinin materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmamış uşağı vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərəfindən təqdim edilmiş arayışların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xroniki bol-oma radikulitiv kökçük-ağrı sindromu ilə və kəskin hərəkət məhdudluğu diaqnozu ilə müddətsiz İİ dərəcə əllilik təyin olunmuşdur. Həmçinin onun qızı X4 2-ci qrup əlilliyi və arvadı Məmmədova (Kəmərbəndi) Mehriban Cümşüd qızının da əlilliyi vardır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs avtomobilinə və evinə baxış keçirilərək sözügedən kütlənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, şahidlərin ifadəsi, o cümlədən ekspertiza rəyləri, protokollar və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun qeyd edilən normasını rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin özünün, onun qızının və arvadının da əlil olması, himayəsində yetkinlik yaşına çatmamış uşağının olması, onun törətdiyi cinayət əməlini səmimi etiraf etməsi və əməlindən peşman olması və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Odur ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını, ondan aşkar olunmuş narkotik vasitənin növünü və çəkisini, habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı halda azadlıqdan məhrum etmə ilə bağlı olmayan, daha dəqiq azadlığın məhdudlaşdırıması növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Belə ki, Cinayət Məcəlləsinin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Bundan əlavə bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli, 04 nömrəli qərаrının 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Həmin qərarda göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi qənaətinə gələrkən təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, özünün, arvadının və qızının əlil olmasını, xəstəliyini, himayəsində yetkinlik yaşına çatmamış bir qız uşağının olmasını, qeyd edilən cəzanı yüngülləşdirən halların məcmusunun müstəsna hal hesab edilməli olmasını və ağırlaşdıran halların olmamasını, o cümlədən, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alır və Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə və Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla müəyyən olunmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba Rayon Məhkəməsinin 18 fevral 2024-cü il tarixli qərarı ilə əvvəli 16 fevral 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan “həbs” qətimkan tədbiri Quba Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli qərarına əsasən “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəməyədək icraat dövründə xx.xx.2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 09 (doqquz) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması kimi müəyyən edilərək ona təyin edilmiş cəzaya hesablanaraq çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində CM-nin 62.1-ci maddəsi tətbiq edildiyindən, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal saxlanıldığı 3 saylı İstintaq Təcridxanasından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəkməli və cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Quba Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilçəlidir. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə (səhhəti ilə bağlı ixtisaslı həkim müayinəsinə və müalicə qəbul etmək üçün digər şəhər və rayonlarda yerləşən tibb müəssisələrinə getmə halları istisna olmaqla) yaşadığı ərazini əhatə edən Quba və Xaçmaz rayonlarının hüdudlarını tərk etməmək, axşam saat 2300-dan səhər saat 0700-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 566,33 qram olan narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd kağız paket hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 02 (iki) ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla ona 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 09 (doqquz) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması kimi müəyyən edilərək ona təyin edilmiş cəzaya hesablanaraq çıxılmaqla üzərində 02 (iki) il 05 (beş) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin və cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Quba Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə (səhhəti ilə bağlı ixtisaslı həkim müayinəsinə və müalicə qəbul etmək üçün digər şəhər və rayonlarda yerləşən tibb müəssisələrinə getmə halları istisna olmaqla) yaşadığı ərazini əhatə edən Quba və Xaçmaz rayonlarının hüdudlarını tərk etməmək, axşam saat 2300-dan səhər saat 0700-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, dərhal saxlanıldığı 3 saylı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Quba Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 566,33 qram olan narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd kağız paket hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-651/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-651/2024
29.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver