Məhkəmə qərarları › İş №1(124)-657/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-657/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-657/2024 21.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həmin cəzanın çəkilməmiş qalan hissəsi hökmün icrası qaydasında 05 ay 17 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixdə saat 23:45 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, Əli Vəliyev küçəsi, ev 58-də yaşayan Zərərçəkmiş şəxs2 evinə qonaq gəlmiş kürəkəni Şahid qeyd edilən evin qarşısında - küçədə saxladığı “Renault Megane” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobili kənara çəkməməsi səbəbindən Zərərçəkmiş şəxs2la aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq ifadə işlətdiyinə görə əynində olan gödəkçənin sağ yan cibindən çıxartdığı istintaqa məlum olmayan bıçaqla qəsdən həmin vaxt hadisə yerinə gələn və həmin mübahisəyə müdaxilə etmək istəyən Zərərçəkmiş şəxs2 oğlu – Zərərçəkmiş şəxs1 bədəninin sol kürək nahiyəsinə bir dəfə vurmaqla sonuncunun döş qəfəsinin sol yan səthinin sol plevra boşluğuna nüfuz edən və pnevmatoraks (döş boşluğuna havanın toplanması) törədən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilmiş və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmuşdur. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bildiyini göstərsə də, faktiki olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun etirafedici ifadə vermiş və ifadəsində göstərmişdir ki, hadisə günü evdə oturan zaman təzə köçmüş qonşuları onu çağırmış və çöldə olan avtomobilin kimə məxsus olduğunu soruşmuşdur. O, avtomobilə baxmaq üçün çölə çıxmış, amma avtomobilin kimə məxsus olduğunu bilməmişdir. Həmin vaxt o, qonşusu Elbrus kişini görmüş və ondan avtomobilin kimə məxsus olduğunu soruşmuş, Elbrus isə avtomobilin sahibini tanımadığını bildirmişdir. Daha sonra Elbrusgilin evindən qonaqlar çıxmış və avtomobilin onlara məxsus olduğunu bildirmişlər. Məhs bu səbəbdən, avtomobilin parklanması səbəbindən onunla Zərərçəkmiş şəxs2 arasında mübahisə yaranmış və ona bıçaqla vurmuş, daha sonra Elbrusun oğlu Zaur mübahisəyə daxil olmuş və Zaura da bıçaqla xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 hadisədən 2-3 gün əvvəl tanımış, Zərərçəkmiş şəxs2 onların məhəlləsində ailəsi ilə kirayədə qalmışdır. Zərərçəkmiş şəxs2 onunla kobud rəftar etmiş, onu təhqir etmişdir. Hadisə vaxtı bıçaq onun gödəkcəsinin iç cibində olmuşdur. İşi ilə əlaqədar həmin bıçağı həmişə cibində saxlamışdır. Zərərçəkmiş şəxs2 onun üzərinə gəlmiş, o, bıçaqla Elbrusa xəsarət yetirmiş, daha sonra Zərərçəkmiş şəxs1 ona dırmıqla vurduğu üçün Zaura da bıçaqla xəsarət yetirmişdir. O, hazırda zərərçəkmişlərlə barışmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İfadə verərkən ona heç bir təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisə günü axşam saat 11 radələrində işdən evə gəlmiş və həmin vaxt evlərində qonaqlar olmuşdur. O, yemək yeyən zaman qapı bərkdən döyülmüş və atası çölə çıxmışdır. Daha sonra o da atasının arxasınca getmiş və səs-küy gəldiyini eşitmişdir. Atası ona içəri keçməsini söyləmişdir. Onlar çıxan zaman Təqsirləndirilən şəxs bıçaq çıxardığını və daha sonra bıçağı qatlayaraq cibinə qoyduğunu görmüşdür. Onlar içəri girmiş, amma qapının ağzında dayanaraq atasıgilə baxmış və Ramalın bıçaqla atasına vurduğunu görmüşdür. Daha sonra o, taxta süpürgəni götürərək Ramalın üzərinə getmiş və Ramal onun da kürəyindən bıçaqla vurmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 3 ay idi ki, Ramalgilin məhəlləsinə köçmüş və orada ailəsi ilə birlikdə kirayədə yaşamışdır. Hadisə gününün səhəri günü onlar Binə qəsəbəsində yasa getməli imiş və bu səbəblə qızı, kürəkəni və bacısı onlara gəlmişdir. Gecə saat 12 radələrində qapı bərkdən döyülmüş, o, qapını açmış və qonşu kimi tanıyıb salamlaşdığı Təqsirləndirilən şəxs görmüşdür. Ramal avtomobil göstərərək həmin avtomobilin kimə məxsus olduğunu soruşmuşdur. Həmin vaxt çöldə 3 avtomobil olmuş və o, avtomobilin sahibini tanımadığını bildirmiş, daha sonra avtomobilin kürəkəninə məxsus olduğunu düşünmüş və kürəkənini çağırmışdır. Ramal həmin vaxt içkili olmuş və ona kirayədə yaşadıqları üçün məhəllədə avtomobil saxlamaq ixtiyarlarının olmadığını bildirmişdir. O, kürəkənin avtomobili çıxaracağını və qonşunun orada saxlaya biləcəyini bildirmiş, amma Ramal onunla kobud tonda danışmağa davam etmişdir. O, Ramaldan onunla kobud danışmağının səbəbini soruşmuş, Ramal isə ona “gəl gedək səni başa salım” demiş və onlar kənara çekilən zaman Ramal cibindən bıçaq çıxarmışdır. Həmin vaxt onun kürəkəni, oğlu, yoldaşı, bacısı və qızı çölə çıxmışdır. Ramal bıçağı bükərək cibinə qoymuş, o isə ailə üzvlərini geri qaytarmış, daha sonra Ramal bıçağı təzədən çıxararaq onların ünvanına nalayiq ifadələr işlətmişdir. O, Ramala yaxınlaşaraq nə səbəbə söyüş söydüyünü soruşmuş və bu zaman Ramal bıçaqla onun ayağına vurmuşdur. Daha sonra onun oğlu Zərərçəkmiş şəxs1 qapının ağzında olan taxta süpürgəni götürərək bıçağı almaq məqsədi ilə Ramalın üzərinə gəlmiş, həmin vaxt Ramal Zaurun kürəyindən bıçaqla vurmuşdur. Kürəkənləri onları xəstəxanaya çatdırmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, hadisə zamanı oğlu Zaur səs-küyə çölə çıxmışdır. Ramal onların çöl qapısının ağzında dayanmışdır. Onun kürəkəni və oğlu çölə çıxan zaman Ramal qıcıqlanmış və söyüş söyərək ona bıçaq zərbəsi yetirmişdir. Evdə olan hər kəs hadisəni görmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İfadə verərkən ona heç bir təzyiq olunmamışdır. Təqsirləndirilən şəxsin anası xəstəxana xərcləri ilə bağlı ona müəyyən ödənişlər etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Xırdalan şəhəri 26-cı məhəllədə yaşayan qayınatası Zərərçəkmiş şəxs2gilə qonaq getmişdir. O, çatdıqdan dərhal sonra onların isitmə sistemində problem olduğu üçün kombinin təmiri ilə məşğul olmuşdur. Həmin gün saat 23:30 radələrində qayınatası Elbrusun həyətin qapısının ağzında kiminləsə söhbət etdiyini görmüşdür. Bundan sonra o və qaynı Zaur Elbrusa yaxınlaşmışdır. Adını sonradan bildiyi Ramal adlı şəxsin Elbrusdan avtomobili qırağa çəkməyə tələsdirirmiş. O, və Zaur Ramala avtomobili qırağa çəkəcəklərini demişlər, lakin Ramal tələsdiyinə görə Elbrus onun ünvanına kobud ifadə işlətmişdir. Bundan sonra Ramal və qayınatası Elbrus arasında söz mübahisəsi baş vermişdir. Bu zaman Ramal əynində olan gödəkçənin cibindən bıçaq çıxardaraq Elbrusun sağ ayağının bud nahiyəsinə bıçaqla zərbə endirmişdir. Bundan sonra qaynı Zaur dırmığı götürərək Ramalın baş nahiyəsinə dırmıqla vurmuş və Ramal baş nahiyəsindən xəsarət almışdır. Ramal əlində olan bıçaqla qaynı Zaurun sol kürək nahiyəsinə bir zərbə vurmuşdur. Bundan sonra Ramal oradan uzaqlaşaraq çıxıb getmişdir. Daha sonra Zaurun yaralandığını başa düşüb onu özünə məxsus **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirib Abşeron rayon Xəstəxanasına aparmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs2 Bəhrəm oğlu həmin tarixdə Abşeron Rayon Polis İdarəsinə yazılı ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə onunla qonşuluqda yaşayan adını bilmədiyi şəxs bir dəfə onun sağ ayağından, oğlu Zərərçəkmiş şəxs1 kürək və baş nahiyyəsindən 3 dəfə bıçaq zərbələri vurmuşdur (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 304 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sol yan səthinin sol plevra boşluğuna nüfuz edən və pnevmatoraks (döş boşluğuna havanın toplanması) törədən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası iti deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 22.11,2023-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (cild 01, iş vər. 82-84). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 221 və 126.2.4-cü maddələri ilə, həmçinin Zərərçəkmiş şəxs1 barəsində CM-in 127 və 221-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 191-196). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə ilə bağlı istintaqa məlum olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs1 bədəninin sol kürək nahiyəsinə bir dəfə vurmaqla sonuncunun döş qəfəsinin sol yan səthinin sol plevra boşluğuna nüfuz edən və pnevmatoraks (döş boşluğuna havanın toplanması) törədən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslər və şahidlərin ifadələri ilə, o cümlədən ekspertizanın rəyləri və işdə olan biri-digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Zamanov X6 rayonu, Xırdalan şəhəri, məhəllə 26, ev 21/90 ünvanında qeydiyyatdadır. 2011-ci il təvəllüdlü X9 adlı bir azyaşlı uşağı var. Yaşadığı müddət ərizində onun barəsində 3 saylı MTİİTS-ə heç bir şikayət ərizəsi daxil olmamışdır (cild 01, iş vər. 100-102). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə Abşeron Rayon Polis İdarəsinə yazılı ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona xəsarət yetirilməsi ilə bağlı hər hansı şikayət və tələbi yoxdur (cild 01, iş vər. 185). Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həmin cəzanın çəkilməmiş hissəsi hökmün icrası qaydasında 05 ay 17 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 115-116). Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını isə CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, daha əvvəl də qəsdən cinayət əməli törətməyə görə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, lakin bundan nəticə çıxarmamasını, üzərində məhkumluğun olmasını nəzərə alaraq, həmçinin CM-in 60-cı maddəsinin tələblərini əsas götürərək ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını və həmin cəzanın real olaraq çəkilməli olmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, yalnız bu halda cəza öz məqsədinə nail ola bilər. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı təqsirləndirilən şəxsə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunan və çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası hökmün icrası qaydasında 05 ay 17 gün azadlıqdan məhrum etmə ilə əvəz edildiyindən və həmin cəzanın bir hissəsi hazırda çəkilməmiş qaldığından, həmin cəza hazırki hökmlə təyin olunan cəzaya cinayət qanununun müddəalarına əsasən hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur.(cild 01, iş vər. 26- 27). Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-916/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 51-54). Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-355/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri 24 may 2024-cü il tarixədək uzadılmış, həmin tarixdən sonra onun barəsində ibtidai istintaq müddətində həbs qətimkan tədbirinin müddəti uzadılmamışdır. Beləliklə, şəxs hazırki iş üzrə ibtidai istintaq müddətində xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olmuşdur. Məhkəmə istintaqı zamanı əldə olunaraq iş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxs barəsində hökmün icrası qaydasında xx.xx.2024-cü il tarixli qərarı qəbul etdikdən sonra həmin qərarı icra olunması üçün xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına göndərmişdir. Həmin tarixdə təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə həbs qətimkan tədbiri seçildiyindən və bir şəxs barəsində eyni anda həm qətimkan tədbiri qismində həbs, həm də azadlıqdan məhrum etmə növündə cəza icra oluna bilmədiyindən, habelə təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə həbs qətimkan tədbiri Sumqayıt Apellyasiya Məhkəməsinin sözügedən qərarından daha əvvəl tətbiq edildiyindən, Bakı İstintaq Təcridxanası tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərarının icrasının təmin olunması mümkün olmamışdır. Həmin qərar üzrə müəyyən olunmuş cəzanın axını yalnız xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə ibtidai istintaq mərhələsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilməsi anından axmağa başlamış və həmin müddət də, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçməsinə qədər davam etmiş və beləliklə təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin sözügedən qərarı onun barəsində müəyyən etdiyi cəzanın 19 gününü çəkmiş, üzərində 04 ay 28 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə olduğu 06 (bir) ay müddət onun hazırki iş üzrə təyin olunan cəzasına hesablanmaqla çıxılmalı, cəzaçəkməsinin əvvəli isə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçdiyi vaxtdan hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut, məhkəmə məsrəfinin, mülki iddianın olmaması nəzərə alınmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346-347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə olduğu ümumillikdə 06 (altı) ay müddət ona təyin olunan cəzadan çıxılsın və üzərində 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin olunmuş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən əvəz olunmuş 05 (beş) ay 17 (on yeddi) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 28 (iyirmi səkkiz) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar