Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-66/2024 16.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 11 avqust 1990-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 29, mənzil 38 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq ümumilikdə 15.380 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini və ümumilikdə 3,755 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 27 avqust 2022-ci il tarixdə, saat 16:10-da Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 29 ünvanının yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli cins şortun sağ yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı "Rotthmans” siqaret qutusunun içərisindən bir ədəd sarı rəngli sellofan bükümdə təmiz çəkisi 15,380 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 3,755 qram olan ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, taksidən düşüb evə gələn zaman polis əməkdaşları onu saxlamış və daha sona bölməyə gətirmişdirlər. Bölmədə üzərində olanı təqdim etmişdir. Onun üzərində olmayan şeyləri də çəkilişdə onun qabağına qoymuşdurlar. Saxlanan zaman 27 avqust, saat 2 olmuşdur. Polis əməkdaşları da 1-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri olmuşdurlar. Saxlananda üzərində “şüşə” olmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, narkotik vasitə olan “şüşə” istifadə etməyə təzə başlamışdır. Saxlanan zaman üzərindəki metamfetaminin çəkisinin nə qədər olduğunu bilməmişdir. İran vətəndaşına ona metamfetamin göndərmək müqabilində 100 (bir yüz) manat pul vermişdir. Sifariş edərkən də çəki deməmiş, demişdir ki, 100 manata nə qədər düşürsə, o qədər də göndərsin. Metamfetaminin çəkisi təxminən iki-üç qram olmuşdur. Polis əməkdaşlarının onun üzərinə heroin qoyması ilə bağlı müstəntiqə və ya barəsində qətimkan tədbiri seçilən zaman hakimə heç nə bildirməmişdir. “Uğur” adlı şəxsi tanımışdır. Uğurla birlikdə narkotik vasitə istifadə etməmişdir. “Uğur”-un əsl adı yadından çıxıb, elə tanıdığı gündən ona “Uğur” demişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, metamfetamin ona məxsus olmuş, ancaq heroin üzərinə qoyulmuşdur. Metamfetaminin də çəkisini sonradan artırmışdırlar. Onda olan metamfetamin çəkilişdəki qədər deyildir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində mobil telefon olmuşdur. Saxlanan zaman üzərindəki mobil telefonda “***-***-**-**” mobil nömrəsi olmuşdur. Ona verilmiş ittihamla özünü təqsirli bilmir. Polis əməkdaşları tərəfindən saxlandığı gün evdə olmuşdur. Evdən çıxanda saat təxminən 12, tutulanda saat təxminən 2 idi. Saxlandıqdan sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparılmışdır. Polis bölməsində dindirilən zaman axşam saat 10 olmuşdur. Video çəkiliş axşam saat 12-də aparılmışdır. Video çəkiliş süni işıqlandırma vasitəsilə həyata keçirilmişdir. O, saxlandığı gün Bakıdan Sumqayıta gəlmişdir. Bakıya təxminən saat 12 radələrində taksi ilə getmişdir. Bakıda qalmamışdır. O, gedərkən yol boş olmuşdur. Bakıya gedib-gəlməyi saat yarım-iki saatdan çox çəkməmişdir. Onu altı-yeddi nəfər polis əməkdaşı saxlamışdır. Polis əməkdaşlarının hamısı ona eyni anda yaxınlaşmamış, bəziləri də avtomobildə gözləmişdirlər. Polis əməkdaşlarını o, əməliyyat müvəkkili kimi tanımışdır. Polis əməkdaşlarını çağırmış və üzərində olanı təqdim etmişdir. Telefonu da həmin dəqiqə polis əməkdaşlarına vermişdir. Polis bölməsində danışmağı üçün ona telefon verilməmişdir. Polis Bölməsində otaqda saxlanmışdır. Çəkilişə qədər, gecəyə kimi otaqda saxlanmışdır. Otaqda olan zaman kiməsə zəng etməmiş və ya mesaj yazmamışdır. Video görüntüdə göstərilən 2 ədəd narkotik vasitədən yalnız ağ rəngli olan metamfetamin ona məxsus olmuşdur. Həmin ağ rəngli metamfetamin narkotik vasitəni şəxsi istifadəsi üçün almışdır. Heroinin istifadəçisi olmamışdır. Video görüntüdə göstərilən heroini polis əməkdaşları onu saxlayanda cibinə qoymuşdular. Onu polis əməkdaşları yaşadığı ünvanın dəhlizində saxlamışdırlar. Bakıya saat 12:00-da getmişdir. Bakıdan Sumqayıta saat 14:00 radələrində geri qayıtmışdır. Video çəkiliş gecə saat 23:00-00:00 radələrində olmuşdur. Ona məxsus olan əşyalar polis əməkdaşlarında idi. Həmin əşyaları polis əməkdaşları ona vermişdirlər ki, videoçəkiliş zamanı üzərində olsun. Onu polis əməkdaşları saxlayandan sonra telefon vasitəsilə kiməsə mesaj göndərməmişdir. Saxılanılan andan telefon onda deyildir. O, bölmədə vəkil gələnə qədər heç kimin yanında olmamışdır. Həmin vaxtı onun üzərində heç bir əşya olmamışdır. O otaqda tək olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, “Uğur” adlı şəxs qadındır. “Uğur ” çöldən tanıdığı adam olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci mikrorayon, 29-cu binanın qarşısına yaxınlaşan zaman saxlanmışdır. O, Şahid1 və Şahid3 həmin şəxsi Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirmişdirlər. Polis bölməsində vəkilin iştirakı ilə video çəkiliş vasitəsilə şəxsin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Təqsirləndirilən şəxs şalvarının cibindən siqaret qutusunun içərisində ağ rəngli şəffaf sellofana və sarı rəngli sellofana bükülmüş narkotik vasitəyə bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlayan zaman saatın neçə olduğu yadında deyildir, təxminən 5-6 olardı. Təqsirləndirilən şəxs üzərindən heroin və metamfetamin aşkar olunmuşdur. Şəxsin üzərindən aşkar olunmuş maddələrin çəkisini və tərəzinin olub-olmamasını hazırda xatırlamamışdır. Mahir üzərindən aşkar olunmuş maddələri 100 (bir yüz) manata iranlıdan götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələri öz istifadəsi üçün götürdüyünü qeyd etmişdir. Yadında qaldığı qədərilə daha sonra Mahirin ətrafında sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını aydınlaşdırmaq üçün əməliyyat tədbiri keçirilmişdir. Həqiqətən də məlum oldu ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələri İran vətəndaşından almışdır. Təqsirləndirilən şəxs başqa şəxslərə narkotik vasitə satması barədə onlara nəsə məlum olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayının axırları idi. Əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin dövriyyəsi, gəzdirilməsi və satışı ilə məşğuldur. Bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yaşadığı binanın blokunun ağzında saxlamışdırlar. Onun polis bölməsinə gətirilməsini təmin etmişdirlər. Video çəkiliş vasitəsilə vəkilin də iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Şəxsin üzərindən “Rotthmans” siqaretinin içərisində iki bükümdə psixotrop maddə metamfetamin və narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunmuşdur. Məlumat şəxs saxlanmamışdan bir gün qabaq daxil olmuşdur. Mahirin atası barədə başqa əməliyyataxtarış tədbiri olmuşdur. Onlar şəxsi blokun qarşısında o gəlməmişdən yarım saat-bir saat qabaqdan gözləmişdirlər. Mahirin binaya hansı radələrdə gələcəyi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs binanın qarşısında gözləməyə başladıqları saat yadında deyildir. Tutma protokolu təhqiqatçı tərəfindən tərtib olunur. Şəxsi saxladıqdan sonra avtomobilə oturtmuşdurlar. Təqsirləndirilən şəxs əl-qolunu bağlamamışdırlar. Təqsirləndirilən şəxs üzərində saxlanılan zaman şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirməmişdirlər. Şəxsi axtarış və götürmə istintaq hərəkəti bölmədə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanandan sonra təhqiqatçıya təhvil verilmişdir. X3 idi. Təqsirləndirilən şəxs gətirdikdən sonra növbətçi hissəyə deyil, təhqiqatçıya təhvil vermişdirlər. Təhqiqatçıya təhvil verildikdən sonra vəkil dəvət olunmuşdur. Vəkil gələnə kimi də Təqsirləndirilən şəxs təhqiqatçı Faiq müəllimin yanında qalmışdır. Vəkil gəldikdən sonra video çəkiliş olub ki, video çəkilişdə onlar da iştirak etmişdirlər. Video çəkilişdə o, Şahid3 və Şahid2 da iştirak etmişdir. Şəxsi təhvil verəndən nə qədər vaxt sonra vəkilin gəldiyi yadında deyildir. Əməliyyat tədbirində onunla yanaşı Şahid3 və Şahid2 da iştirak etmişdir. Video çəkiliş zamanı onlardan başqa bir də kriminalist-ekspert olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayının sonlarında polis bölməsinin əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatı əsasında Şahid1, Şahid2 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün onun polis bölməsinə gətirilməsi təmin edilmişdir. Şəxsi təxminən saat 15-16 radələrində saxlayıb polis bölməsinə gətirmişdirlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilən zaman narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Şəxsin onlar gəldikdən nə qədər sonra yaşadığı binanın yaxınlığına gəlməsi ilə bağlı onda məlumatın olub-olmamasını bildirmək məcburiyyətində deyildir. Bu əməliyyat məlumatıdır. Şəxsin yaşadığı binanın yaxınlığına gələcəyi ilə bağlı onlarda məlumat olmuşdur. Təqsirləndirilən şəxs bloka gələn kimi onu saxlamışdırlar. Mahiri tam olaraq saxladıqları anı xatırlamamışdır. Təqsirləndirilən şəxs özlərini təqdim etmişdirlər. Şəxsə yaxınlaşdıqdan sonra onlarla birlikdə avtomobilə əyləşib polis bölməsinə getmişdirlər. Avtomobilə əyləşəndən sonra şəxsin azadlığı məhdudlaşdırılıb. Təqsirləndirilən şəxs polis bölməsinə gətirdikdən sonra onu təhqiqatçıya təhvil vermişdirlər. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçıya kimin təhvil verdiyi yadında deyildir. Şəxsi təhqiqatçıya gətirdikdən sonra dərhal şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Video çəkiliş zamanı hər üçü otaqda olmuşdurlar. Şəxsi təhqiqatçıya təhvil verdikdən orada onların təklikdə qaldığı, yoxsa onların yanında qalmağı yadında deyildir. Şəxsi axtarış zamanı vəkilin iştirakı təmin edilmişdir. Mahir təhqiqatçıya təhvil verildikdən sonra onların yanında kiməsə zəng etmək imkanının olub-olmaması yadında deyildir. Şəxsi saxladıqdan sonra kiməsə zəng etməyinə icazə verməkləri işin hallarından asılı olaraq dəyişir. Təqsirləndirilən şəxs ailə üzvləri ilə danışması üçün xahiş edib-etmədiyi yadında deyildir. Hər bir halda ailə üzvlərinə məlumat verilmişdir. Şəxsin ailə üzvlərinə onun tutulması haqqında konkret olaraq kimin məlumat verdiyi yadında deyildir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “əməliyyat tədbirinin keçirilməsi barədə” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində saxlaması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli «şəxsi axtarış keçirilməsi barədə» protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əynində olan cins şortun sağ yan cibində saxlamış olduğu '‘Rotthmans” siqaret qutusunun içərisindən bir ədəd sarı rəngli sellofan və bir ədəd şəffaf rəngli sellofan bükülünü təqdim edir, sarı rəngli sellofan açılan zaman içərisində narkotik vasitə heroin və ağ rəngli sellofan açılan zaman içərisində psixotrop maddə metamfetamin aşkar edilir. Bundan başqa Təqsirləndirilən şəxs təqdim etdiyi qızılı rəngli "Xiomi” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokol və mobil telefonun özü məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, “Whatsapp” mobil tətbiqinin “Söhbətlər” bölməsində adı “Baba” kimi qeyd edilmiş xarici ölkəyə məxsus olan +**********59 mobil nömrənin istifadəçisi ilə Mahir arasında yazışmalar müəyyən edilmişdir. Həmçinin 27 avqust 2022-ci il tarixdə saat 15:47-da Təqsirləndirilən şəxs həmin nömrənin istifadəçisinə “kimsə var bizdə, mən səni yığanda özün çıx çölə, padezin ağzına sənə siqaret qutusu verəcəm, onu götür qoy evə mənə də yeni bank kartını ver yaxşı taksini yola salım gəlirəm, sənə verdiyim qutunu düz tut gir evə tez yaxşı, alo” məzmununda ismarıc yazmışdır. Uğur cavab olaraq ismarıc göndərərək bildirir ki, "yox”. Təqsirləndirilən şəxs cavab olaraq "5 dəqiqədən sonra evin qapısını açıq qoy özüm düşəcəm evə qapıda ol karlı ver qutunu götür” məzmununda ismarıclar yazmışdır. Uğur ismarıc göndərərək bildirmişdir ki, “yaxşı”. Bundan sonra Təqsirləndirilən şəxs ismarıc göndərərək bildirir ki, “telidə verəcəm sənə qoy zaryatkaya” məzmununda ismarıc yazmışdır. Uğur ismarıc göndərərək bildirir ki, "yaxşı”. Təqsirləndirilən şəxs ismarıc yazaraq “adaptrım qapıdadı” məzmununda ismarıc yazmışdır. Uğur ismarıc göndərərək bildirmişdir ki, “yaxşı”. Bundan sonra Təqsirləndirilən şəxs ismarıc göndərərək bildirir ki, "asmışam bax görəsən” məzmununda ismarıc yazmışdır. Uğur ismarıc göndərərək bildirir ki, "nəsə olmayıbki, yaxşısan”. Təqsirləndirilən şəxs cavab olaraq "yoo sığortalanıram hər ehtimala" məzmununda ismarıclar yazmışdır. Uğur ismarıc göndərərək bildirmişdir ki, “həə yaxşı gəl”. Təqsirləndirilən şəxs ismarıc göndərərək bildirir ki, “oldu, 5 faiz var hələ, görüm çalacaq” məzmununda ismarıc yazmışdır. Uğur ismarıc göndərərək bildirir ki, “həə, gəl”. Təqsirləndirilən şəxs cavab olaraq “5 dəqiqəyə zada” məzmununda ismarıc yazmışdır. Uğur ismarıc göndərərək bildirmişdir ki, “yaxşı, çatanda de qapını açım, çatana yaxın”. Bundan sonra Təqsirləndirilən şəxs ismarıc göndərərək bildirir ki, “ok, 4 faizdi, sona yaxın deyəcəm” məzmununda ismarıc yazmışdır. Uğur ismarıc göndərərək bildirir ki, “yaxşı”. Təqsirləndirilən şəxs cavab olaraq “sən adaptrı toka tax ki sönməsin” məzmununda ismarıc yazmışdır. Uğur ismarıc göndərərək bildirmişdir ki, “yaxşı, sənin dalınca adam zad düşməyib”. Bundan sonra Təqsirləndirilən şəxs ismarıc göndərərək bildirir ki, “3 dəqiqəyə aç qapını, yo” məzmununda ismarıc yazmışdır. Uğur ismarıc göndərərək bildirir ki, “padezdə bir oğlan var, belə birinci səfərdi gördüm”. Təqsirləndirilən şəxs “necə adamdı ki” məzmununda ismarıc yazmışdır. Uğur ismarıc göndərərək bildirmişdir ki. “belə normal amma polis geyimi zad deyil”. Bundan sonra Təqsirləndirilən şəxs ismarıc göndərərək bildirir ki, "ok, üzü zadı təmizdi, saqqalı var” məzmununda ismarıc yazmışdır. Uğur ismarıc göndərərək bildirir ki. “ikinci mərtəbəyə çıxdı”. Təqsirləndirilən şəxs cavab olaraq “ok” yazmışdır. Uğur ismarıc göndərərək bildirmişdir ki, “yox təmizdir”. Təqsirləndirilən şəxs ismarıc göndərərək bildirir ki, "narahat olma çalıram” məzmununda ismarıc yazmışdır. Uğur ismarıc göndərərək bildirir ki, ‘‘ikincidədi ama ürəyimə nəsə gəldi dedimdə, tez gəl”. Təqsirləndirilən şəxs "çıx bir çölə baxda elə belə girəm məhləyə kart əlində çöldəsən” məzmununda ismarıclar yazmışdır. Uğur ismarıc göndərərək bildirmişdir ki. “gəl həə”. Bundan sonra Təqsirləndirilən şəxs ismarıc göndərərək bildirir ki, “başka kim çöldə” məzmununda ismarıc yazmışdır. Uğur ismarıc göndərərək bildirir ki, “heç kəs”. Təqsirləndirilən şəxs “ıməhlədəyəm” məzmununda ismarıc yazmışdır. Uğıır ismarıc göndərərək bildirmişdir ki. “tez gəl, həə gəl”. Bundan sonra Təqsirləndirilən şəxs ismarıc göndərərək bildirir ki, “burdayam” məzmununda ismarıc yazmışdır. Uğur ismarıc göndərərək bildirir ki, “girdə o kimdisə çıxdı yuxarı”. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4601 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindəki 1 ədəd Rotthmans siqaret qutusunda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 15,380 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 3.755 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 31,08.2022-ci il tarixli, 4860 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görünür. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022 tarxili qərarlarla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 15,380 qram olan heroin və 3,755 qram metamfetamin, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertiza nəticəsində qalıq xalis çəkisi 15,330 qram çəkidə narkotik vasitə heroin və 3,705 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs götürülmüş “Xiomi" markalı mobil telefonda cinayət işi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edildiyindən həmin mobil telefon maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsasal Birliyinin 7 Saylı Mənzil-Kommunal sahəsindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşadığı müddət ərzində barəsində mənzil-kommunal sahəsinə şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs övladları X4 oğlu xx.xx.2020-ci il, X5 oğlu xx.xx.2018-ci il təvəllüdlü olmaqla azyaşlıdırlar. Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məsuliyyətini Azərbaycan Respublikası C'M-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı övladlarının olması yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə aşağı həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq xalis çəkisi 15,330 qram çəkidə narkotik vasitə heroin və 3,705 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş “Xiomi” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 01 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPMnin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 27 avqust 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 15,330 qram çəkidə narkotik vasitə heroin və 3,705 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs götürülmüş “Xiomi” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 01 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-66/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-66/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver