Məhkəmə qərarları › İş №1(124)-661/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-661/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-661/2024 05.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1999-cu il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 6,504 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış, onun külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixdə saat 21:10-da ünvan 2 ünvanın yaxınlığında etibarnamə ilə idarə etdiyi “Lada” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq Şamaxı Rayon Polis Şöbəsinə gətirilib orada xidməti otaqların birində saat 22:34-dən etibarən üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə əldə edib daşıyaraq saxladığı 01 ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdarda 6,504 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, onun yaxın bir qohumu cəzaçəkmə müəssisəsində olmuş və sonuncunun yanına gedib gəlmişdir. Həmin şəxsin yanına gedəndə polis əməkdaşları ona yaxınlaşmış, “sən türməyə girib-çıxırsan, elə narkotik vasitəni də götür, sən də get oraya” demişdirlər. Daha sonra o, Şamaxı Rayon Polis Şöbəsinə aparılmış, polis şöbəsində xidməti otaqların birində onu polis əməkdaşları döymüş və narkotik vasitəni ona yükləmişdirlər. Sonra isə onu Bakıya Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışdırlar. O, narkotik vasitə istifadə etməmiş, orada mobil telefonu yoxlanılmış və heç bir şey aşkar olunmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmadığını və fəhlə işlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, indiyə qədər narkotik vasitə istifadə etməmişdir. Polis əməkdaşları tərəfindən döyülmüş və onlar tərəfindən qanunsuz hərəkətlərə məruz qalmışdır. Döyülməsi nəticəsində xəsarətlər almış, lakin bədənində göyərmə olmamışdır. Yaxın qohumunun cəzaçəkmə müəssisəsində olması və onun da həmin şəxsin yanına gedib-gəlməsinə görə narkotik vasitələrin satışı ilə məşğul olduğu fikirləşmişdirlər. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, ondan başqa cəzaçəkmə müəssisəsində olan qohumunu başqaları da ziyarət etmişdir. Polis əməkdaşlarının əvvəllər də onun üçün rayona gəlmələrini eşitmişdir. Polis əməkdaşları qohumunu ziyarət etdiyi üçün ona yaxınlaşmışdırlar. O, saxlanılan zaman tək olmuş, həmin vaxt avtomobil idarə etmişdir. Polis əməkdaşları onu Şamaxı rayonu, “Kapital Bank”-ın yaxınlığında saxlamışdırlar. Saxlanıldığı ərazi yaşadığı evdən bir az aralı məsafədə olmuş, polis əməkdaşları onu saxlayarkən, əmliyyat-axtarış tədbirlərinin keşirilməsi haqqında qərar təqdim edilməmişdir. O, yaşadığı evdən aparılmış, polis əməkdaşları tərəfindən döyülmüş, heç bir hüquq və vəzifələri izah edilməmiş, polis əməkdaşları ona özlərini şöbəyə getdikdən sonra təqdim etmişdirlər. Saxlanılarkən avtomobilinə baxış keçirilmiş, şöbəyə getdikdən sonra vəkillə təmin edilmiş, lakin ona vəkillə konfidensial şəraitdə danışmağa şərait yaradılmamışdır. X7 təxminən 2-3 saat qalmış və video çəkilişdən xəbəri olmuşdur. Şöbədə o, polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmış, narkotik vasitəni onun cibinə qoyanda vəkil gəlməmişdir. O, vəkilə polis əməkdaşlarının narkotik vasitəni onun cibinə qoyduqlarını deməmişdir. Sənədlərə imza çəkməmişdən əvvəl polis əməkdaşları ona həm hərəkətlərlə, həm də sözləri ilə əziyyət vermiş, onun başına vurmuş, lakin bədənində döyülmə nəticəsində göyərmə olmamışdır. Bakıda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardıqdan sonra ona qarşı heç bir hərəkət edilməmişdir. Onun telefonu Şamaxı rayonunda polis əməkdaşları tərəfindən saxlanılarkən alınmış, telefonu polis əməkdaşlarına könüllü vermiş, həmin vaxt mobil telefon şifrəli olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, 12 yanvar 2024-cü il tarixində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Şamaxı rayonunda əməliyyat tədbiri həyata keçirilmiş, əməliyyat qrupunun rəhbəri olmuş, hansı əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı dəqiq hər şey əmrdə nəzərdə tutulmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlanılaraq Şamaxı Rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı heç bir müqavimət göstərməmiş, hadisə yerində heç kim ictimai qaydanı, asayişi pozmamışdır. Polis Şöbəsində olan zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə həyata keçirilmiş və idarə etdiyi nəqliyyat vasitəsinə baxış həyata keçirilmiş, baxış zamanı onun üzərindən telefon, plastik kart, 1 ədəd bıçaq və 1 büküm narkotik maddə metamfetamin aşkar olunmuş və götürülərək sənədləşmişdir. O, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisinin dəqiq yadında olmadığını, təqsirləndirilən şəxsin üzərindən axtarış zamanı psixotrop maddə olan metamfetamin aşkar olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış həyata keçirilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni 3 gün əvvəl tanımadığı şəxsdən aldığını bildirmişdir. Şahid məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. 12 yanvar 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx xxxxxxx 1999-cu ildə ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyataxtarış tədbirinin keçirilməsi barədə 12 yanvar 2024-cü il tarixli qərar çıxarılmış və onun rəhbərliyi ilə BMCMİ-nin əməkdaşları - əməliyyat müvəkkili X1, əməliyyat müvəkkili X3 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri olaraq üzvlərlə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 2 ünvana yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 21:10da ünvan 2 ünvanın yaxınlığında idarə etdiyi “Lada” markalı, **-GP-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması onlar tərəfindən dəqiqləşdirilmiş. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Şamaxı Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilmişdir. Polis Şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs siyahı ilə tanış olduqdan sonra siyahı üzrə hər hası bir vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil X4 dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və Təqsirləndirilən şəxs müdafiəçisinə konfıdensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi konfıdensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Əh Əzizova qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmiş, şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ona aydın olduğunu bildirmiş, şəxsi axtarış və götürmə xx.xx.2024-cü il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə “şüşə” adı ilə tanıdığı psixotrop maddə və bıçaq olduğunu bildirib, əməkdaşların iştirakı ilə əynində olan tünd göy rəngli şalvarının sol arxa cibindən 01 ədəd bıçaqa oxşar dəmir predmeti, şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü. 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd siqaret qutusunu və 01 ədəd avtomobil açarını, şalvarının sol yan cibindən 01 ədəd" Samsung" markalı mobil telefonu və 63 manat pulu çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə, təqdim etdiyi dəmir predmetə baxış keçirilərkən isə predmetin bıçağa oxşar dəmir predmet olması müşahidə edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə və 01 ədəd bıçağa oxşar dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malikolduğundan təhqiqatçı tərəfindən kağız zərflərdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi telefonun arxa hissəsindən "Birbank" bank kartı aşkar edilmiş və aşkar edilmiş "Samsung" markalı mobil telefon, 01 ədəd bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd avtomobil açarı, 63 manat pul və 01 ədəd siqaret qutusu Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddəni təxminən 3 gün əvvəl tanımadığı şəxsdən 100 manata şəxsi istifadəsi üçün aldığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, üstündə olmasından heç kimin məlumatının olmadığını, bıçağa oxşar dəmir predmeti təxminən 2-3 il əvvəl Şamaxıdan tapdığını, heç kimə istifadə üçün vermədiyini və üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda idarə etdiyi "Lada" markalı, 77- GP-126 qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr saxlamadığını və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra idarə etdiyi "Lada" markalı, 77- GP-126 qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş. Təqsirləndirilən şəxs idarə etdiyi "Lada" markalı, 77- GP-126 qeydiyyat nişanlı avtomobildə qanunsuz əşya və ya digər predmet varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddələr olmadığını bildirib, avtomobili açaraq baxışa təqdim etmiş, baxış zamanı idarə etdiyi avtomobildən iş üzrə əhəmiyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmiş, daha sonra baxış keçirilməsinin gedişi və nəticələrinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üstündə gəzdirməsi və daşıması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protoklun video görüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs üstündə “şüşə” adı ilə tanıdığı psixotrop maddə və bıçaq olduğunu bildirir, şalvarının ciblərindən 01 ədəd bıçağı, 01 ədəd sellofan bükümü, 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd siqaret qutusunu və 01 ədəd avtomobil açarını, 01 ədəd "Samsung" markalı mobil telefonu və 63 manat pulu çıxarıb masanın üstünə qoymaqla təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetamin olduğu məlum olur. Daha sonra aşkar edilənlər qablaşdırılaraq möhürlənir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetamini təxminən 3 gün əvvəl tanımadığı şəxsdən 100 manata şəxsi istifadəsi üçün aldığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda idarə etdiyi "Lada" markalı, 77- GP-126 qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr saxlamadığını və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli «baxış və götürmə aparılması haqqında» protokol və həmin protoklu əks etdirən video çəkilişin görüntüsü olan disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddələr olmadığını bildirib, avtomobili açaraq baxışa təqdim etmiş, baxış zamanı idarə etdiyi avtomobildən iş üzrə əhəmiyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmiş, daha sonra baxış keçirilməsinin gedişi və nəticələrinə dair protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02 mart 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş "xxxx" MMC-dən götürülmüş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 077 522-11-29 saylı mobil nömrəsinə narkotik vasitələrin satışını ehtiva edən hər hansı bir mesaj gəlməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 13 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/195 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində: tədqiqata təqdim edilmiş üzərində: ‘'Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs aşkar edilmiş maddə..." yazıları və imzalar olan zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 6,504 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı 1) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş narkoloji tibbi yoxlamanın 13 yanvar 2024-cü il tarixli, 190 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 06 may 2024-cü il tarixli, 1266 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 aprel 2024-cü il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərar və 21 may 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,454 qram metamfetamin maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, ünvan 5 ünvanda yaşayan, Təqsirləndirilən şəxs barəsində ünvan 6t daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etmişdir. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan əsaslı sübutlara istinad etməmiş, təqsirləndirilən şəxsə verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, narkotik vasitənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı ittiham verilsə də, istintaq orqanının topladığı materiallar əsasında təqsirləndirilən şəxsin narkotik vasitəni yalnız öz şəxsi istifadəsi üçün əldə etdiyi öz təsdiqini tapır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 6,504 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış, onun külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixdə saat 21:10-da ünvan 2 ünvanın yaxınlığında etibarnamə ilə idarə etdiyi “Lada” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq Şamaxı Rayon Polis Şöbəsinə gətirilib orada xidməti otaqların birində saat 22:34-dən etibarən üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə əldə etməklə daşıyaraq saxladığı 01 ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdarda 6,504 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş qalıq çəkisi 6,454 qram olan metamfetamin məhv edilməli, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 144 (yüz qırx dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan 6,454 qram qalıq metamfetamin məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 144 (yüz qırx dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar