Məhkəmə qərarları › İş №1(124)-666/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-666/2024

30.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-666/2024 30.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Qubadlı rayonu, Xanlıq kəndində anadan olmuş, evli, orta təhsilli, işsiz, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Qubadlı rayonu, Xanlıq ərazi dairəsi, Xanlıq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroini əldə edib, daşıma cinayətini törətmişdir. Belə ki, o, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 3.335 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və xeyli miqdarda 1.901 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2024-cıı il tarixdə saat 03.45-də Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisində yerləşən "Bayatı” restoranının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib, xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli qış gödəkçəsinin sağ yan cibində olan 01 ədəd yapışqan lentlə bağlanmış bükümün içərisində olan 01 ədəd qarışıq rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 3.335 qram narkotik vasitə olan heroin və 01 ədəd ağ rəngli sellofan bükümdə xeyli miqdarda 1.901 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 03-04 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Bayatı” restoranının yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu Sumqayıt ŞPİ-nə dəvət ediblər. Polis İdarəsində müdafiəçinin də iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilən zaman üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edildikdən sonra o, əynində olan şalvarının cibində saxladığı 01 ədəd bükümü təqdim edib. Daha sonra həmin büküm açılan zaman onun da içərisində 01 ədəd içərisində ağ rəngli kristal şəklində olan maddənin, 01 ədəd qəhvəyi rəngli toz halında olan maddənin olduğu 02 büküm aşkar edilib. Həmin maddələri Bakı şəhəri, Bayıl qəsəbəsi ərazisində yol kənarında tanımadığı İran vətəndaşının ona göndərdiyi məkan yeri üzrə götürüb, bunun üçün əvvəlcədən həmin İR vətəndaşının kart hesabına qramı 30 manatdan olmaqla, ümumilikdə 180 manat pul göndərib. Həmin maddələri öz şəxsi istifadəsi üçün əldə edib. O, saxlanılan zaman onunla birlikdə olan Şahid3 Bağman oğlu onun qohumudur, o, taksi fəaliyyəti ilə məşğul olur. Şahid3la bundan əvvəl də iki dəfə Bakı şəhərinə İR vətəndaşının göndərdiyi məkan yeri üzrə narkotik vasitə almaq üçün gedib, lakin Elvin narkotik vasitə qəbul etməyib, taksi kimi onu aparıb-gətirib. ŞPİ-nə gətirilən zaman və ŞPİ-də olarkən polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə, hər hansı təsir və təzyiqə məruz qalmayıb. Narkotik maddəni satmaq niyyəti olmayıb, o, ümumiyyətlə, narkotik vasitə alqısatqısı ilə məşğul olmayıb. Əməlindən peşman olduğunu nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə əməliyyat qrupu yaradılıb. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü gecə vaxtı təxminən saat 03-04 radələrində onun Sumqayıt şəhəri ərazisində yerləşən “Bayatı” restoranının yanında dayandığını görüblər və ona yaxınlaşaraq özlərini təqdim edib üzərində narkotik vasitə olduğundan şübhələndiyinə görə Sumqayıt ŞPİ-nə aparılacağını ona bildirib və onun yanında olan taksi sürücüsünü də Sumqayıt ŞPİ-nə dəvət ediblər. Sumqayıt ŞPİ-nin xidməti otaqların birində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs özü əynində olan şalvarının cibində saxlamış olduğu 01 ədəd yapışqan lentlə əhatə olunmuş bükümü təqdim edib, həmin bükümə baxılan zaman onun içərisindən daha 2 büküm aşkar olunub, həmin bükümlərdən birində 01 ədəd ağ rəngli sellofana bükülmüş içərisində ağ rəngli kristal şəklində olan maddənin, digərində 01 ədəd qarışıq rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında olan maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan ağ rəngli kristal şəklində olan maddənin “şüşə”, qəhvəyi rəngli toz halında olan maddənin isə “kola” olduğunu, həmin bükümləri gecə saat 03 radələrində Bakı şəhəri, Bayıl qəsəbəsi ərazisində yol kənarında dəmir borunun dibindən tanımadığı İR vətəndaşının ona göndərdiyi məkan yeri üzrə götürdüyünü, bunun üçün əvvəlcədən həmin İran vətəndaşının kart hesabına qramı 30 manatdan olmaqla ümumilikdə 180 manat pul göndərdiyini, həmin maddələri həm öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirib. O, saxlanılan zaman onunla birlikdə olan Şahid3 Bağman oğlunun qohumu olduğunu, taksi fəaliyyəti ilə məşğul olduğunu, həmin şəxslə bundan əvvəl də iki dəfə Bakı şəhərinə İran vətəndaşının göndərdiyi məkan yeri üzrə narkotik vasitə almaq üçün getdiyini, Elvinin bundan xəbərdar olduğunu, lakin Elvinin narkotik vasitə qəbul etmədiyini sadəcə olaraq taksi kimi onu aparıb-gətirdiyini bildirib. Bundan sonra isə Şahid3 Bağman oğlunun üzərinə baxış keçirilib, onun üzərindən qanunla qadağan edilmiş hər hansı predmet və ya maddə aşkar edilməyib. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışında iştirak etməyən şahidlər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub tədqiq olunmuş və onun həmin ifadəsində məhkəmədə dindirilmiş şahidlər Şahid4 və Şahid2 ilə eyni məzmunlu ifadə verdiyi və onların göstərdikləri xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. Məhkəmə baxışında iştirak etməyən Şahid3 Bağman oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş, şahid həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. Belə ki, onun narkotik vasitə qəbul etdiyini bilmişdir. Özü taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə axşam saat 23:00 radələrində Rövşən ona tanımadığı nömrədən zəng edərək Bakı şəhərinə getməli olduqlarını bildirmişdir. Qeyd olunan vaxtda Rövşənlə danışıqdan sonra onu yaşadığı Sumqayıt şəhəri, H.Zeynalabdion qəsəbəsi ərazisindən götürüb Bakı şəhərinə doğru yol almışdır. Daha sonra Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə olan zaman Rövşən ona bildirmişdir ki, ona “konum” atılacaq və o bir nəfərlə görüşəcəkdir. Telfonunda mobil nömrə olmadığından ona internetini paylaşmağını demiş və o da interneti onunla paylaşmışdır. Təxminən 2 saat gözlədikdən sonra Rövşən ona “konum” atıldığını və Bayıl qəsəbəsi ərazisinə getməli olduqlarını bildirmişdir. Bundan sonra qeyd olunan ünavan getmiş və “Dünyagöz” xəstəxanasının yaxınlığında yol kənarında Rövşən avtomobili saxlamağını və bir qədər irəlidə dayanaraq gözləməyini bildirmişdir. Təxminən 5 dəqiqə sonra Rövşən avtomobilə qayıdaraq işini yekunlaşdırdığını və getmək lazım olduğunu demişdir. Sumqayıt şəhərinə doğru qayıtmışlar. Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisində yerləşən "Bayatı” restoranının yaxınlığında olan zaman siqaret almaq üçün avtomobili saxlamış, bu zaman Rövşən də siqaret çəkmək üçün avtomobildən enmişdir. Köşkdən qayıdan anda mülki geyimdə olan şəxslər Rövşənə yaxınlaşaraq onu narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib onu Pİ-nə dəvət etmişlər, həmçinin onu da Pİ-nə dəvət etmişlər və buna etiraz etməmişdir. Rövşən saxlanılan zaman onun üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. Aparılan araşdırma ilə əlaqədar olaraq onun üzərinə baxış keçirilməsi bildirilən zaman buna etiraz etməmiş, ərizə yazmış və baxış zamanı üzərindən hər hansı qeyri-qanuni əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Hər hansı şikayət və tələbi yoxdur, ona qarşı hər hansı qeyri-qanuni hərəkətlərə yol verilməmişdir. Özü heç vaxt narkotik maddələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs ona Bakı şəhərində bir nəfərdən pul almaq üçün getdiyini demişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibində saxlamış olduğu 10 manat pulu, əynində olan boz rəngli qış gödəkçəsininsol yan cibində saxlamış olduğu 01 ədəd “SAMSUNG” markalı mobil telefonu və 01 ədəd “Prima” markalı siqaret qutusunu, sağ yan cibində saxlamış olduğu 01 ədəd yapışqan lentlə əhatə olunmuş bükümü təqdim edir. Daha sonra 01 ədəd yapışqan lentlə bağlanmış büküm açılan zaman onun da içərisində 01 ədəd ağ rəngli sellofana bükülmüş içərisində ağ rəngli kristal şəklində olan maddənin, 01 ədəd qarışıq rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında olan maddənin olduğu müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan ağ rəngli kristal şəklində olan maddənin “şüşə”, qəhvəyi rəngli toz halında olan maddənin isə “kola” olduğunu, həmin bükümləri gecə saat 03:00 radələrində Bakı şəhəri, Bayıl qəsəbəsi ərazisində yol kənarında dəmir borunun dibindən tanımadığı İran vətəndaşının ona göndərdiyi məkan yeri üzrə götürdüyünü, bunun üçün əvvəlcədən həmin İran vətəndaşının kart hesabına qramı 30 manatdan olmaqla ümumilikdə 180 manat pul göndərdiyini, həmin maddələri həm öz şəxsi istifadəsi üçün, həm də növbəti dəfə yenidən narkotik vasitə almaq üçün pul lazım olacağından yaxın tanışlara satmaq üçün əldə etdiyini bildirir. Bundan əlavə o saxlanılan zaman onunla birlikdə olan Şahid3 Bağman oğlunun qohumu olduğunu, taksi fəaliyyəti ilə məşğul olduğunu, həmin şəxslə bundan əvvəl də iki dəfə Bakı şəhərinə iran vətəndaşının göndərdiyi məkan yeri üzrə narkotik vasitə almaq üçün getdiyini, Elvinin bundan xəbərdar olduğunu, lakin Elvinin narkotik vasitə qəbul etmədiyini sadəcə olaraq taksi kimi onu aparıb-gətirdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd ağ rəngli sellofana bükülmüş içərisində ağ rəngli kristal şəklində olan büküm tərəziyə qoyulub çəkilən zaman çəkisinin 2,30 qram, 01 ədəd qarışıq rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında olan büküm tərəziyə qoyulub çəkilən zaman isə həmin bükümün çəkisinin 4,21 qram olduğu müəyyən edilir və aşkar olunmuş həmin bükümlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənir. Cinayət işinin materiallarında olan təqsirləndiirlən şəxsin üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən disk məhkəmə iclasında nümayiş etdirilmiş və həmin diskdə olan videogörüntü ilə təqsirləndiirlən şəxsin və şahidlərin ifadələrindəki xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilməsinə dair protokoldan görünür ki, mobil telefonun “Foto” qovluğuna baxış keçirdikdə həmin qovluqda müxtəlif adlarda qovluqlar olması müəyyən olunur. Fiəmin qovluqlardan birində “MilliÖn” ödəmə terminalı vasitəsilə 180 manat pul ödənilməsi əks olunur ki, tarix yerində xx.xx.2024-cü il saat 22.24 qeyd edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin qəbz narkotik maddəni götürməsi ilə bağlı olan qəbzdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 13 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/854 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” möhür əksi olan, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs,..imza..” yazzıları və imzalar olan zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 3,335 qram olan qəhvəyi rrəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1.901 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə mütamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 432 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidləri Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 3,335 qram olan külli miqdarda heroin və 1,901 qram olan xeyli metamfetamin maddi sübut kimi tanınmış və kağız paketə qablaşdırılmış tədqiqatdan sonra qalıq qalmış 3,285 qram heroin və 1,851 qram metamfetamin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heorini və metamfetamini kimdən və harda əldə olunmasını, həmin narkotik vasitələri kim(lər)ə satıb-satmaması, əvvəllər narkotik vasitənin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs heorini və metamfetamini haradan və kimdən əldə etməsi əməliyyat tədbirləri ilə yoxlanılmış, lakin keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq, heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilərək cinayət işi materiallarına əlavə edilmiş sənəddən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü, xx.xx.2015-ci il təvəllüdlü və xx.xx.2021-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən gələn tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2023-cü il tarixdə Salyan rayon məhkəməsinin qərarına əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4. və 83.4-1-ci maddələrinin məzmununa görə cinayətlərin və hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir və onun əməli cinayətin residivi kimi qiymətləndirilir. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il qərarının 34-cü bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, azdlığın faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-nin tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətlərinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, təqsirləndirilən şəxsin və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi isə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan halları nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərarı ilə əvvəli 13 fevral 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 13 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 80 (səksən) manat manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,285 qram olan narkotik vasitə heroin və 1,801 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,285 qram olan narkotik vasitə heroin və 1,801 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar