Məhkəmə qərarları › İş №1(124)-669/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-669/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-669/2024 06.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-ci il tarixdə Rusiya Federasiyası, Kursk şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu Gedəzeyxur kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 29 fevral 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan külli miqdarda əldə etdiyi psixatrop maddə olan kustar üsulla hazırlanmış metamfetamini qanunsuz olaraq üzərində saxlamış, daha sonra həmin metamfetamini üzərində Bakı şəhərindən Qusar rayonu Gedəzeyxur kəndinə qanunsuz olaraq daşımış, xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində yaşadığı Gedəzeyxur kəndində yerləşən fərdi yaşayış evində Qusar RPŞ-nin əməkdaşlarının sonuncu barəsində arvadı Şəlalə Əzizova tərərfindən olan şikayət əsasında onu gətirmək üçün evinə gedən zaman narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün saxlanılmış, hadisə yerinə gələn Qusar RPŞnin baş təhqiqatçısı Elşad Əhmədov tərəfindən tutulmuş, sonra isə üzərinə “şəxsi axtarış” istintaq hərəkəti keçirilən zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə daşıdığı təmiz çəkisi -2,431 qram olan külli miqdarda psixatrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 1 qram narkotik vasitə almışdır. Yaşadığı evdə tutulmuşdur. Polislər evə girib onun üstündən,narkotik vasitə aşkar etmişdirlər. Narkotik vasitənin miqdarının nəyə görə artırıldığını sonra bilmişdir. 1.5 qram narkotik vasitə almışdır. Narkotik vasitə onun üzərində olmuşdur. Baxış zamanı üstündən metamfetamin aşkar edilmişdir. Vəkil çəkilişdən 1 saat sonra gəlmişdir. Narkotik vasitənin miqdarı az olmalı idi. Narkotikin qramını 50 manata almışdır. Onda narkotik külli miqdarda olmamışdır. Narkotiki 100 manata aldığını təsdiq edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, arvadı X4 və iki azyaşlı övladı ilə birgə Qusar rayonu Gədəzeyxur kəndində yerləşən evdə kirayədə yaşamışlar. Son 5-6 ay olar ki, narkotik vasitələrin istifadəçisidir, sonuncu dəfə isə 28 fevral 2024-cü il tarixində günorta saatlarında patı kimi bilinən narkotik maddəni dostu X3 ilə birgə yaşadığı evdə qəbul etmişdir. 28 fevral 2024-cü il tarixdə evdə olan zaman arvadı Şəlalə Əzizovanın ondan xəbərsiz ikinci mobil telefon işlətməsindən şübhələnmiş və onun özündən bu barədə soruşmuş, arvadı isə ikinci mobil telefonu olmadığını dedikdə aralarında mübahisə yaranmışdır. X8 inanmadığı üçün bütün evi axtarmağa başlamış, həmin vaxt əsəbiləşdiyi üçün ev əşyalarını dağıtmağa, sındırmağa başlamşdır. Həmin gün saat 19 radələrində evdə olan zaman polis əməkdaşları yaşadığı evə gəlib onun barəsində arvadı Şəlalə Əzizovanın şikayətini olmasını və sonra isə onun narkotik vasitə çəkib çəkməməsini soruşmuşlar, o da səmimi olaraq narkotik istifadəçisi olduğunu, üzərimdə narkotik maddələr gəzdirdiyini etiraf etmiş və təqdim edə biləcəyini demişdir. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan göy rəngli gödəkçəsinin sol yan cibindən bir qutu “Classic” markalı siqaret, gödəkçənin sağ yan cibindən 01 ədəd kağız bükümündə boş siqaret dənəsi və quru ot kütləsi, bir qutu “Classic” markalı siqaretin içində 01 ədəd narkotik vasitəni çəkmək üçün şüşə lampa, yazpışqan lent və plasmas qələm hissəsindən hazırlanmış alət, 01 ədəd gümüşü kağız bükümündə narkotik vasitəyə bənzər kristal formalı maddə, yenə gödəkçənin sağ yan cibindən 01 ədəd kağız bükümündə narkotik vasitəyə bənzər quru ot kütləsi, həmçinin bir ədəd qara rəngli “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Sonra “Samsung” markalı mobil telefon və siqaret onun özünə qaytarılmışdır. Üzərindən aşkar edilən kağız bükümündə olan maddələr isə götürülərək qablaşdırılmış və özüdə həmin zərfin üzərinə imza çəkmişdir. Bundan sonra isə yaşadığı evə baxış keçirilmiş və oradan hər hansı narkotik vasitə aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş şüşə alətlə patı adlı narkotik maddəni qəbul edir, şüşənin içərisinə patını tökür, sonra isə altdan alışqanla qızdırır, şüşə qızdıqca patı tüstülənməyə başlayır və o plasmas borucuğu ağzını qoyub siqaret kimi çəkir. Həmçinin, üzərindən aşkar edilmiş patı adlı narkotik vasitəni və marixuananı iki-üç ay əvvəl Bakı şəhərində, “Şamaxinka” adlı yerdə Dadaş kimi tanıdığı şəxsdən ümumilikdə 250 manat pul verib aldığını bildirmişdir. (cild 1, iş vərəqə 63-64) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Qusar rayonu Gədəzeyxur kəndində yaşayan Təqsirləndirilən şəxs izahatının alınmasından ötrü gətirilməsi barədə raport yazmış və həmin raportun icrası ona həvalə olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər, Təqsirləndirilən şəxs səslədikdə o, evin qapısını açıb kim olduqlarını soruşmuş, onlar polis əməkdaşı olduqlarını, onun barəsində arvadı Şəlalə Əzizovanın şikayəti olduğunu, izahatının alınmasından ötrü onlarla birlikdə Qusar RPŞ-yə getməli olduğunu demişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onları evə dəvət etmiş, onlar evə daxil olan zaman ev əşyalarının dağıdıldığını, bir çox əşyaların sındırıldığını görmüş, Təqsirləndirilən şəxs narkotik sərxoşluğunun əlamətlərini, yəni onun özünə nəzarəti itirdiyini müşahidə etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik istifadə edib-etməməsini soruşduqda Təqsirləndirilən şəxs evdən qaçmağa cəhd göstərmiş, onlar onu tutub saxlamış, saxladıqdan sonra Təqsirləndirilən şəxs təkrarən narkotik vasitə istifadə edib etməməsini soruşduqda o, narkotik istifadə etdiyini və üzərində həmin narkotik maddələr olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs etirafından sonra dərhal narkotik vasitələrin istifadəsində, gəzdirilməsində şübhəli bilinən Təqsirləndirilən şəxs bu barədə xəbərdarlıq etmişlər və barəsində zəruri prosessual hərəkətlər aparılmasından ötrü Qusar RPŞ-nin rəhbərliyinə, o cümlədən Qusar RPŞ-nin növbətçi hissəsinə məlumat vermiş, bir az sonra polis kapitanı Elşad Əhmədov, polis baş leytenantı Məlik Məmmədov və vəkillə birlikdə ora gəlmişlər. İlk əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun əynində olan göy rəngli gödəkçənin sol yan cibindən bir qutu siqaret, gödəkçənin sağ yan cibindən 01 ədəd kağız bükümdə boş siqaret dənəsi və quru ot kütləsi, bir qutu siqaretin içində 01 ədəd narkotik vasitəni çəkmək üçün kustar üsulla hazırlanmış şüşə lampa, yapışqan lent və plasmas qələm hissəsindən hazırlanmış alət, 01 ədəd gümüşü kağız bükümündə narkotik vasitəyə bənzər kristal formalı maddə, yenə gödəkçənin sağ yan cibindən 01 ədəd kağız bükümündə narkotik vasitəyə bənzər quru ot kütləsi, həmçinin üzərindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüş və müvafiq ekspertizaların təyin edilməsi üçün qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 məhkəmədə ifadəsi alınmış Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsindən görünür ki, Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. ( cild 1, iş vərəqə 139-143). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Qusa rayonu, Gədəzeyxur kəndində qeydiyyatda olan və yaşayan X4 ərizə ilə Qusar RPŞə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Qusar rayonu, Gədəzeyxur kəndində birgə yaşadıqları evdə əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsini bildirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs izahatının alınması zərurəti yaranmış və onunla heç bir əlaqə saxlamaq mümkün olmamışdır. ( cild 1, i.v. 3) Cinayət işinin materiallarına əlavə edilmiş 28 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 28 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol yan cibindən bir qutu “Classic” markalı siqaret, gödəkçənin sağ yan cibindən 01 ədəd kağız bükümdə boş siqaret dənəsi və quru ot kütləsi, bir qutu “Classic” markalı siqaretin içində 01 ədəd narkotik vasitəni çəkmək üçün kustar üsulla hazırlanmış şüşə lampa, yapışqan lent və plasmas qələm hissəsindən hazırlanmış alət, 01 ədəd gümüşü kağız bükümündə narkotik vasitəyə bənzər kristal formalı maddə, yenə gödəkçənin sağ yan cibindən 01 ədəd kağız bükümündə narkotik vasitəyə bənzər quru ot kütləsi, həmçinin üzərindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefon aşkar olunmuş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd CD disk protokola əlavə edilmişdir. (cild 1, i.v.20) Protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə-bioloji və kimyəvi ekspertizasının 29 fevral 2024-cü il tarixli 3-16-16/2-6/1231 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs”.. yazısı və imzalar olan zərfdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 2,431 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixtrop maddələr”in siyahısına daxildir. (cild 1, i.v.38-41) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji və kimyəvi ekspertizasının 29 fevral 2024-cü il tarixli 3-16-16/2-7/340 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “ Şübhəli şəxs........ Təqsirləndirilən şəxs Sultanəhmədoğlu” yazılar və imzalar olan kağız paketdə: 1-ci kağız bükümdə təmiz şəkisi 0,44 qram bitki mənşəli kütlə tütündür. Onun tərkibində narkotik vasitə hissəcikləri yoxdur. Tədqiqata təqdim olunmuş həmin kağız paketdə 2-ci kağız bükümdə təmiz çəkisi-0,35 qram olan qarışıq kütlədə tütün hissəcikləri ilə yanaşı cüzi miqdarda narkotik vasitə-qurudulmuş marixuananın hissəcikləri vardır. Cüzi miqdarda olduğu üçün onun çəkisi müəyyən edilmədi. (cild 1, i.v.42-46) Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 01 mart 2024-cü il tarixli, 3124 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild 1, i.v.152-153) Cinayət işi üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının 18 may 2024-cü il tarixli, 1420 saylı rəyinə əsasən müəyyən edilmişdir ki; Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs 01 fervral 2024-cü il tarixindən 29 fevral 2024-cü il tarixi daxil olmaqla olan müddət ərzində xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs Sultanəhmədov törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqh hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, i.v.154-160) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş -2,331 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış -2,331 qram psixotrop maddə olan metamfetamin təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Qusar RPŞnin maddi sübutlar otağına təhvil verilmişdir. (cild 1, i.v.81) İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsinin görüntüsü olan 03 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.(cild 1, i.v. 24-25) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( cild 1, iş vərəqə 93) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində xx.xx.2013cü il tarixli X5, xx.xx.2018-ci il tarixli X6 iki azyaşlı övladı vardır. (cild 1, iş vərəqə 146-147) Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunan külli miqdarda psixotrop maddə olan metamfetaminin miqdarının az olması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onun bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “metamfetamin” psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qusar Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 fevral 2024cü il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış,məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqə 74-78) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış, Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, ekspertiza keçirildikdən sonra qalıq çəkisi 2,331 qram psixatrop maddə olan metamfetamin məhv edilməli, iş üzrə maddi sübut olan 03 ədəd DVD formatlı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 186 (yüz səksən altı) manat məbləğində pul vəsaiti ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 28 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, ekspertiza keçirildikdən sonra qalıq çəkisi 2,331 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, iş üzrə maddi sübut olan 03 (üç) ədəd DVD formatlı cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 186 (yüz səksən altı) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar