Məhkəmə qərarları › İş №1(124)-671/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-671/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-671/2023 21.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Salyan rayonu, Şorsulu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvələr məhkum olunmamış, orta təhsilli, evli, işləməyən, Salyan rayonu, Şorsulu ərazi dairəsi, Şorsulu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 01 iyun 2023-cü il tarixdə, saat 00:25 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi, 3-cü mikrorayon ərazisində yerləşən “Əli-94” marketin qarşısında Zərərçəkmiş şəxs ilə sonuncuya olan pul borcuna görə barəsində tanışlarının yanında arxasınca nalayiq ifadələr işlətməsinin səbəbini soruşduqda Zərərçəkmiş şəxs yenidən ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi, lakin istintaq zamanı əldə edilməsi mümkün olmayan taxta parçası ilə sonuncunun qarın, sol gicgah və sol bud nahiyyəsinə zərbə vuraraq ona sol budun orta və aşağı 1/3-nin arxa səthini əhatə edən geniş ölçülü qançırı ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən, sol gicgah nahiyyəsinin yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid, qamın küt travması, dalağın cırılmış yarası, hemoperitoneumla nəticələnən, yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa qəsdən ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs avtoyuma məntəqəsinin icarədarı idi. O da həmin avtoyuma məntəqəsində işləyirdi. Həmin ərəfələrdə ipoteka müqaviləsi əsasında ev almışdır. Həmin ipoteka müqaviləsi üzrə aylıq müəyyən məbləğdə ödənişlər edirdi. Həmin ay ödənişin edilməsində çətinlik çəkmişdi. Zərərçəkmiş şəxs 420 manat məbləğdə borc müqabilində pul almışdır. Hadisə baş verdiyi vaxt onun Zərərçəkmiş şəxs 300 manatdan bir qədər artıq məbləğdə borcu qalmışdı. Dostu Şahid ona zəng vuraraq, Zərərçəkmiş şəxs onun barəsində nalayiq ifadələr işlətdiyini bildirmişdir. Bu barədə Zərərçəkmiş şəxs soruşduqda, həmin nalayiq ifadələrin ona layiq olduğunu bildirmişdir. Gecə vaxtı ona təkrarən zəng etmişdir. Zərərçəkmiş şəxs Sumqayıt şəhərində yerləşən “Aviakassa” adlanan ərazidə idi. O da taksi avtomobili ilə həmin əraziyə getmişdir. Zərərçəkmiş şəxs ilə görüşmüş, aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs onun yaxasından tutmuşdur. Daha sonra o süpürgənin sapı ilə onun ayağına və boynuna zərbələr endirmişdir. Hadisə 01 iyun 2023-cü il tarixdə saat 00:25 radələrində baş vermişdir. Zərərçəkmiş şəxslə barışmışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona icarə əsasında məxsus olan avtoyuma məntəqəsində işləyirdi. Ruslanın ona müəyyən məbləğdə borcu var idi. Həmin borcu uzun müddət idi ki, geri qaytarmırdı. Bir gün yolda Təqsirləndirilən şəxs dostu Şahid görmüşdür. Ondan Təqsirləndirilən şəxs barəsində soruşmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr də səsləndirmişdir. Şahid də həmin nalayiq ifadələri işlətdiyini Təqsirləndirilən şəxs bildirmişdi. Daha sonra Təqsirləndirilən şəxs ilə görüşmüşlər və aralarında mübahisə yaranmışdır. Bundan sonra o, taxta ilə onun baş və qarın nahiyələrinə zərbələr endirmişdir. Hadisə baş verdiyi gün dalağın cırılmış yarası aldığını hiss etməmişdir. Növbəti gün ağrılar hiss etməyə başlamışdır. Təqsirləndirilən şəxs ilə barışmışlar, ondan heç bir şikayət və tələbi yoxdur. Onun müalicəsi ilə bağlı vurulmuş ziyan və bütün xərclər Təqsirləndirilən şəxs ailəsi tərəfindən ödənilmişdir. Məhkəmədə şahid qisimində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müəyyən məbləğdə borcu var idi. Zərərçəkmiş şəxs ondan Təqsirləndirilən şəxs nə üçün borcunu qaytarmadığını və s. soruşdu. Həmin vaxt Təqsirləndirilən şəxs barəsində nalayiq ifadələr səsləndirdi. O da ona bu sözləri Təqsirləndirilən şəxs özünə bildirməsini demişdir. O, Təqsirləndirilən şəxs onun zənglərinə cavab vermədiyini bildirmişdir. Zərərçəkmiş şəxs ona təkidlə onun yanında Təqsirləndirilən şəxs zəng etməyini bildirmişdir. O da Təqsirləndirilən şəxs zəng edərək, onun dediklərini demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs da 300 manat məbləğində pul vermişdir. Hadisənin birbaşa şahidi olmasa da, sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu öyrənmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdəki videogörüntüdən görünür ki, 01 iyun 2023-cü il tarixdə, saat 00:24 radələrində Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, Sülh küçəsində, “Əli-94” marketin qarşısında idarə etdiyi Mercedes markalı avtomobilin yanında dayanmış, həmin vaxt Təqsirləndirilən şəxs taksi avtomobilindən düşərək Zərərçəkmiş şəxs yaxınlaşır, aralarında təxminən 30 saniyə danışıq olduqdan sonra Təqsirləndirilən şəxs ağac parçası çıxararaq onunla Zərərçəkmiş şəxs baş və bədən nahiyyəsinə zərbələr endirir. Təqsirləndirilən şəxs həmin zəbələri endirməsi təxminən 15 saniyə davam edir, sonra isə sonuncu Zərərçəkmiş şəxs aralanır. Zərərçəkmiş şəxs avtomobilinə yaxınlaşan zaman yenədə Təqsirləndirilən şəxslə aralarında sözlə mübahisə olur, daha sonra isə Zərərçəkmiş şəxs avtomobilinə əyləşərək oradan uzaqlaşır. Videogörüntüyə baxdıqda ətrafda piyadaların və avtomobillərin hərəkətdə olmaları müşahidə olunsada Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs aralarında olan dalaşmaya görə onların öz hərəkətlərini dayandırmaları, həmin dalaşmaya müdaxilə edərək aralaşdırmağa çalışmaları müşahidə olunmur. (Cild 1, iş vərəq 70) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş məhəkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 878 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qamın küt travması, dalağın cırılmış yarası, hemoperitoneum, sol gicgah nahiyyəsinin yarası, sol budun orta və aşağı 1/3-nin arxa səthini əhatə edən geniş ölçülü qançırı xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, öz-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sol budun orta və aşağı 1/3-nin arxa səthini əhatə edən geniş ölçülü qançırı sağlamlığa zərərvurmayan, sol gicgah nahiyyəsinin yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül, digər xəsarətlər, yəni qamın küt travması, dalağın cırılmış yarası, hemoperitoneum isə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (Cild 1, iş vərəqləri 62-66) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023- cü il tarixli, 2371 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. O, Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs eqli-intellektual imkanları normaya uyğundur. Ünsiyyətçillik, tənqidə və təhqirə qarşı həssaslıq, emosionallıq kimi fərdi- psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinə cavab vermək, hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixiemosional vəziyyətində hirslilik yaranmamışdır. Həmin vaxt o, fizioloji affekt vəziyyətində olmamışdır. (Cild 1, iş vərəqləri 110-113) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 10 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. (Cild 1, iş vərəqləri 119-125) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəqləri 115) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan sənədlərdən və elektron məhkəmə-informasiya sistemində olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində arvadı, ahıl yaşında olan anası 2010 və 2011-ci il təvəllüdlü 2 azyaşlı övladı vardır. Zərərçəkmiş şəxsin məhkəməyə verdiyi ərizəsindən görünür ki, ona yetirilmiş maddi və mənəvi ziyan tamamilə ödənilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və aradan qaldırılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin evli olaraq ahıl anası, arvadı və 2 azyaşlı uşaqdan ibarət ailənin yeganə dolanışıq mənbəyi olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, törətdiyi əməldən səmimi peşmanlıq çəkməsi də onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ağır cinayət olsa belə, o, zərərəçəkmiş şəxsə birbaşa deyil, dolayı qəsdlə ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Bu xəsarət odlu silah, bıçaq, balta və ya digər deşici-kəsici alətlə yetirilməmişdir. Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin dəfələrlə onun ünvanına nalayiq ifadələr işlədib söyüş söyməsi nəticəsində baş vermiş mübahisə zamanı ona taxta parçası ilə zərbə vurmuş, bunun nəticəsində isə zərərçəkmiş şəxsə dalağın cırılmış yarası kimi ağır dərəcəli bədən xəsarəti yetirilmişdir. Təqsirləndirilən şəxs öz əməlindən peşmandır, bu əməlin ictimai təhlükəliliyini, özü və ailəsi üçün hansı məhrumiyyətlərə səbəb olacağını dərk etməklə islah yoluna qədəm qoymuşdur. Məhkəmə, ailə başçısı olan və ailənin yeganə dolanışıq mənbəyi olan, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilən, əməlindən səmimi peşmançılıq çəkən, barışıq əldə edib vurulmuş ziyanı ödəyən təqsirləndirilən şəxsin yaşını, şəxsiyyətini və davranışını nəzərə alaraq onun gələcəyini cinayətkar olaraq görməməklə yanaşı, onun ictimai təhlükəli olmadığını və azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə islah oluna biləcəyini mümkün hesab edir. Məhkəmə bu qənaətə gələrkən xüsusi qeyd edir ki, təqsirləndirilən şəxsin şərti olaraq cəza çəkməklə işləməsi, öz ailəsini dolandırması, bununla da cəmiyyətə və dövlətə faydalı vətəndaş olmasını sübut etməsi əvəzinə, onun an azı 3 il müddətində cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi, bir tərəfdən bu müddət ərzində məhkumun saxlanılması ilə bağlı dövlətin maddi resurslarının lüzumsuz yerə israf edilməsinə, digər tərəfdən isə cəzanın məqsədi kimi sosial ədaələtin bərpasına deyil, əksinə onun pozulmasına zəmin yaratmış olardı. Belə ki, təqsirləndirilən şəxsin uzun müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, onunla yanaşı cəmiyyətin (sosiumun) bir hissəsi olan təqsirləndirilən şəxsin azyaşlı uşaqlardan ibarət ailəsinin də, bu ailənin həyat şəraitinə, uşaqların təhsilinə və sağlamlığına ciddi təsir edəcək qədər maddi və mənəvi məhrumiyyətlərə də məhkum edilməsi deməkdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində tövsiyyə edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X2rşı, § 26). Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi cinayət qanunvericiliyində təsbit olunmuş ədalət və humanizm prinsiplərinə uyğun olmaqla cəzanın məqsədinə də müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxsin üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 10 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 60-61) Belə ki, Təqsirləndirilən şəxs bugünkü günə qədər 06 ay 15 gün müddətdə həbsdə olmuşdur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən qeyd edir ki, iş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal azad edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. İş üzrə maddi sübut olan 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar