Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-676/2024 12.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxx 1997-ci ildə Quba şəhərində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Quba rayonu, İkinci Nüvədi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 228.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələri, döyüş sursatı, həmçinin satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin, xeyli miqdarda narkotik vasitə tiryək və xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqa “Elnur” kimi məlum olan İran İslam Respublikası vətəndaşı ilə istifadəsində olan “Samsung” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlayıb, əvvəldən vəd verməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə əsasən İran İslam Respublikası vətəndaşı “Elnur” adlı şəxsin şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsilə qanunsuz olaraq satış məqsədi ilə 01 ədəd ******* №-li, 5,45 kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1983-cü ildə silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan, hər hansı bir hissəsi kustar üsulla dəyişikliyə məruz qalmayan yivli odlu silah olan avtomatın, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 40 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd darağın, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahdan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlı 17 ədəd ştat patronların, həmçinin külli miqdarda ümumi çəkisi 39,263 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminın, xeyli miqdarda ümumi çəkisi 23,878 qram narkotik vasitə tiryəkin və xeyli miqdarda ümumi çəkisi 385,0 qram narkotik vasitə qurudulmuş marixuananın olduğu 01 ədəd qara rəngli idman çantasını Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” Supermarketin arxa tərəfində gizlədərək həmin bağlamanın və yerin fotoşəkillərini Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, sonuncu şəxsiyyəti istintaqa “Elnur” kimi məlum olan İran İslam Respublikası vətəndaşının göndərdiyi 01 ədəd odlu silah olan avtomatı, 01 ədəd darağı, 17 ədəd ştat patronlarını, külli miqdarda psixotrop maddə metamfetamini, xeyli miqdarda narkotik vasitə tiryəki və marixuananı satış məqsədi ilə həmin yerdən qanunsuz əldə etmək üçün həmin ünvana gedərək qeyd olunanları gizlədilmiş yerdən götürüb daşımaqla üzərində saxlamış, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 19 fevral 2024-cü il tarixdə, saat 22:03-də Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin arxasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman sağ əlində olan qara rəngli parça materialdan hazırlanmış idman çantasının içərisindən həmin AK-74 modelli, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan odlu silah, həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd daraq, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahdan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlı 17 ədəd ştat patronları, həmçinin külli miqdarda ümumi çəkisi 39,263 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, xeyli miqdarda ümumi çəkisi 23,878 qram narkotik vasitə tiryək və xeyli miqdarda ümumi çəkisi 385,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, “İnstagram” sosial şəbəkəsi vasitəsilə İran İslam Respublikasının vətəndaşı olan şəxslə tanış olmuşdur. Həmin şəxs onun dediyi ünvana silah qoymağı təklif etdi. Bunun müqabilində marixuana növündə narkotik vasitə götürəcəyini dedi. Onunla razılaşmışdı, lakin məqsədi sadəcə marixuana növündə narkotik vasitəni götürmək idi. Silahı onun dediyi ünvana qoymayacaqdı. Sumqayıt şəhərində yerləşən “Bravo” marketin yaxınlığından həmin şəxsin dediyi çantanı götürmək üçün getdikdə polis əməkdaşları onu saxladılar. Onlar onu polis idarəsinə gətirdilər. Polis idarəsində onu rəis müavininin otağına gətirdilər və həmin vaxt rəis müavininin əlində bağlama var idi. O, onu gördükdə polis əməkdaşlarına onu nəzərdə tutaraq, “bunu niyə buraya gətirmisiniz?” deyə qışqırdı. Dərhal onu otaqdan çıxardılar. Çox güman ki, həmin bağlamada metamfetamin növündə psixotrop maddə var idi. Qeyd etdiyi kimi, məqsədi sadəcə çantanın içərisindən marixuana növündə narkotik vasitəni götürmək və oradan uzaqlaşmaq olmuşdur. Silahı götürmək məqsədi olmamışdır. Polis əməkdaşları tərəfindən tutulanadək səyyar ətir işi ilə məşğul idi. Çantanın içərisindən aşkar olunan metamfetamin növündə psixotrop maddədən və tiryək növündə narkotik vasitədən xəbəri yoxdur, həmin vasitələr ona məxsus deyildir. Polis əməkdaşları onu saxlayan zaman heç çantanı götürə bilməmişdi. İran İslam Respublikasının vətəndaşı olan şəxs ona silahı götürüb onun dediyi yerə qoymağını bildirmişdi. Təxminən 7-8 il idi ki, marixuana növündə narkotik vasitə istifadə edirdi. Polis əməkdaşları onu saxlayan zaman heç çantanı götürə bilməmişdi. Polis əməkdaşları onu saxladıqları yerdə üzərinə və çantaya baxış keçirmədilər. Sadəcə 20 qram miqdarında marixuana növündə narkotik vasitə götürməli idi. 15-20 gün idi ki, Sumqayıt şəhərində idi. Çantadakı AK markalı silah idi, təxminən 16- 17 ədəd patronu var idi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etsə də, son zamanlar istifadə etmir. Təxminən bir ay bundan əvvəl “İnstagram” sosial şəbəkəsində Elnur adlı İİR vətəndaşı ilə tanış olmuşdur. Bundan sonra o həmin şəxsə özünə məxsus vatsap nömrəsini vermiş və onlar vatsap vasitəsilə danışmağa başlamışlar. Elnur ona 800 manat pulun müqabilində onun dediyi yerdən çantanı götürüb digər əraziyə aparmasını təklif etmişdir. O həmin şəxsdən çantanın içərisində nəyin olacağını soruşduqda, həmin şəxs çantanın içərisində avtomat, narkotik vasitə və psixotrop maddə olacağını bildirmişdir. Maddi sıxıntılar yaşadığından Elnurun təklifi ilə razılaşmağa məcbur olmuşdur. xx.xx.2024-cü il tarixdə Elnur ona çantanı götürəcəyi yerin ünvanını vatsap proqramı vasitəsilə bildirmişdir. Elnurun dediyi ünvana, yəni Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin arxasına getmişdir. Orada gizlədilmiş qara rəngli parça materialdan hazırlanmış çantanı götürərək Elnurdan növbəti ünvan göndərməsini gözləmişdir. Çantanı götürüb oradan uzaqlaşmaq istəyərkən bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməkdə, həmçinin qanunsuz olaraq odlu silah və onun hissələrini əldə etməkdə şübhəli olduğunu bildirib onlarla birlikdə polis idarəsinə getməsini təklif etmişlər. O polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis idarəsinə getmişdir. Orada üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X3 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O özü sağ əlində olan qara rəngli parça materialdan hazırlanmış idman çantasını masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən çanta açılan zaman orada külli miqdarda psixotrop maddə metamfetaminə, narkotik vasitə tiryəkə və qurudulmuş marixuanaya bənzər maddələrin, həmçinin “Kalaşnikov” tipli avtomatın, darağın və 17 ədəd patronun olduğu müəyyən edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, həmin çantanı “İnstagram” sosial şəbəkəsində tanış olduğu, adının Elnur olduğunu bildiyi şəxsin təklifi ilə saxlanıldığı ərazidən götürmüş və sonuncunun deyəcəyi növbəti ünvana aparmalı imiş. Qarşılığında isə Elnur onun kart hesabına 800,0 manat pul göndərməli idi. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqdim etdiyi narkotik vasitə, psixotrop maddə və odlu silah müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq silah, onun komponent hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma, gəzdirmə və qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raportla müraciət edilərək Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. Raport əsasında əməliyyat-istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:53 radələrində onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüş və Təqsirləndirilən şəxs, onlar tərəfindən saat 22:03də Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin arxa hissəsində saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək onun Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq silah, onun komponent hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma, gəzdirmə və qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirilməsində şübhəli olduğunu deyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nə gəlmişdir. Sumqayıt ŞPİ-də Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahını nəzərdən keçirərək hüquqlarının müdafiəçi X4 tərəfindən müdafiə olunmasını istəmişdir. Müdafiəçi təqdim olunduqdan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və ona üzərində şəxsi axtarış aparılmasının zəruriliyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına etirazının olmadığını demişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmiş ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxt sağ əlində saxladığı qara rəngli parça materialdan olan idman çantasını təqdim etmişdir. Həmin qara rəngli çantanın içərisinə baxış keçirilən zaman içərisində dəmir korpus hissəsinin üst hissəsində “321” rəqəmləri, alt hissəsində isə “83” və “2469321” rəqəmləri həkk olunmaqla yazılmış bir ədəd “Kalaşnikov” tipli avtomat, bir ədəd “Kalaşnikov” tipli avtomata aid boş patron darağı, şəffaf rəngli sellofana bükülmüş halda olan 17 ədəd “Kalaşnikov” tipli avtomata aid 5.45 kalibrli patronlar, həmçinin üç ədəd hər biri şəffaf rəngli yapışqan lentlə bərkidilmiş halda olan üç büküm aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin narkotik maddələr olduğunu, həmin maddələri və aşkar edilmiş silah-sursatı təxminən bir ay müddətdir ki, “İnstagram” sosial şəbəkədə tanış olduğu Elnur adlı İran vətəndaşı ilə mobil telefonunun “Whattsap” proqramı vasitəsi ilə əlaqə saxlayaraq, sonuncunun onun mobil telefonuna göndərdiyi fotoşəkillərlə istiqamətləndirdiyi və qoyduğu ərazidən kart hesabına 800 manat pul göndərəcəyi müqabilində sonradan Elnur adlı İran vətəndaşının bildirəcəyi əraziyə qoymaq məqsədilə götürdüyünü və əldə edərək özündə saxladığını bildirmişdir. Aşkar edilmiş və hər biri şəffaf rəngli yapışqan lentlə bərkidilmiş halda olan bükümlərə baxış keçirildikdə 1-ci bükümün içərisində qara rəngli narkotik vasitə olan tiryəkə bənzər maddənin, 2-ci bükümə baxış keçirildikdə içərisində ağ rəngli kristal halda olan psixotrop maddə metamfetaminə bənzər maddənin və 3-cü bükümə baxış keçirildikdə içərisində qara rəngli sellofana bükülmüş halda olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki mənşəli ot kütləsi aşkar edilmişdir. Aşkar edilmiş həmin maddələr Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün ayrıayrılıqda xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin aşkar edilmiş bir ədəd “Kalaşnikov” tipli avtomat, bir ədəd “Kalaşnikov” tipli avtomata aid boş patron darağı, 17 ədəd “Kalaşnikov” tipli avtomata 5.45 kalibrli patronlar Azərbaycan Respublikası DİN- in Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-in 124 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin Şahid3 ifadəsində göstərdi ki, 19 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, narkotik vasitələri, psixotrop maddələri üzərində gəzdirməsi və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal o, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində aparılmış müşahidələr əsasında həmin gün təxminən saat 22:00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Bravo” marketin yaxınlığında saxlanılmış, Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilmişdir. Həmin vaxt onun əlində idman çantası var idi. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlində olan idman çantasının içərisindən avtomat, narkotik vasitələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlayan zaman çanta onun əlində idi. Təqsirləndirilən şəxs barəsində müşahidəni gözlə aparmışlar, hər hansı texniki vasitədən istifadə etməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin, CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, narkotik vasitələri, psixotrop maddələri üzərində gəzdirməsi və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal o, Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Bravo” marketin yaxınlığında saxlanılmış, Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilmişdir. Həmin vaxt onun əlində idman çantası var idi. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlində olan idman çantasının içərisindən avtomat, daraq, narkotik vasitələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs onun saxlanılması zamanı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs saxladıqdan sonra polis idarəsinə apardılar və videoçəkiliş vasitəsilə onun üzərinə baxış keçirildi. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” 20 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs sağ əlində olan qara rəngli parça materialdan hazırlanmış idman çantasının içərisindən narkotik vasitə tiryək, narkotik vasitə qurudulmuş marixuana, psixotrop maddə metamfetaminə bənzər kütlə, həmçinin “Kalaşnikov” tipli avtomat, “Kalaşnikov” tipli avtomata aid boş patron darağı, 17 ədəd “Kalaşnkov” tipli avtomata aid 5.45 kalibrli patronlar aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqi 33) “Şəxsi axtarışın keçirilməsi barədə” 20 fevral 2023-cü il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 01 ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır.(Cild 1, iş vərəqi 93-95) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/282 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bağlamada olan maddə” yazılar və imzalar olan üzəri skoçla bağlanmış ağ rəngli polietilen bağlamadaki 1 (bir) ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi-385,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 47-51) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2 6/1009 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 büküm maddə; “imza” Təqsirləndirilən şəxs; Müdafiəçi: imza”; Təhqiqatçı: imza” sözləri qeyd edilmiş bir ədəd zərfdəki 02 (iki) ədəd bükümdən; -01 (bir) ədəd bükülüdə təmiz çəkisi 39,263 qram olan qəhvəyi olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -01 (bir) ədəd bükülüdə təmiz çəkisi 23,878 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Mexaniki üsulla ayrılmış qalıq maddənin təmiz çəkisi isə 25,903 qram olub narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir. (Cild 1, iş vərəqləri 52-57) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 24/552 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd ******* №-li silah, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSR dövlətində 1983-cü ildə silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissələri hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır. Tədqiqata təqdim olunmuş 01 ədəd daraq zavod üsulu ilə keçmiş SSR dövlətində silah zavodunda istehsal olunmuş, 40 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pumelyotların kompleks hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş cəmi 17 ədəd patronlar zavod üsulu ilə keçmiş SSR dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. Eksperimental atəşlar zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında sizə əlavə məlumat veriləcəkdir. Qeyd: Tədqiqata təqdim edilmiş cəmi 17 ədəd 5,45x39 mm kalibrli patronlardan 03 ədəd eksperimental atəşlər zamanı istifadə olundu. (Cild 1, iş vərəqləri 137-143) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3122 №-li rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 144-145) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Samsung” markalı telefona baxış keçirilməsi barədə 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı mobil telefonun “İnstagram” adlı sosial şəbəkə profilinin ismarıc bölməsində “guclu tema. Patikolal İran 01” adlı istifadəçi ilə aralarında yazışma müəyyən olunmuş, həmin yazışmada Təqsirləndirilən şəxs qeyd olunan istifadəçiyə 16 fevral 2024-cü il tarixdə “keçən ay yazmısan qaqa, 2-3 gün nisyə dayana bilirsənsə ver mal əridim, 2 gün qabaq 450 m qoyublar, dünən 180 m, pul para qalmayıb” ismarıc göndərdiyi, mobil telefonun galeri adlı bölməsində “GB Whatsapp images” bölməsinə daxil olarkən ilk iki fotoda işarələnmiş şəkildə ərazi qeyd olunması aşkar edilmişdir. (Cild 1, iş vərəqləri 108- 111) Cinayət işinin materiallarında olan “Maddi sübutun tanınması haqqında” 23 may 2024-cü il tarixli qərardan görünür ki, ekspertizadan sonra Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə aşkar olunaraq götürülmüş təmiz çəkisi-39,263 qram psixotrop maddə metamfetamin, təmiz çəkisi-385,0 qram narkotik vasitə- qurudulmuş marixuana, təmiz çəkisi- 23,878 qram narkotik vasitə tiryək, 01 ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomat, 01 ədəd daraq və 17 ədəd patron cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı təmiz qalıq çəkisi-39,213 qram psixotrop maddə metamfetamin, 384,95 qram narkotik vasitə qurudulmuş marixuana, 23,778 qram narkotik vasitə tiryək, 01 ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomat, 01 ədəd daraq və 14 ədəd patron saxlanılmasından ötrü sübutların saxlanc otağına təhvil verilmişdir. 01 ədəd “DVD” formatlı disk və 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 181-184) Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı psixotrop maddə metamfetaminın (39,263 qram) miqdarının külli miqdardan, narkotik vasitə tiryəkin (23,878 qram) və marixuananın (385,0 qram) miqdarının xeyli miqdardan dəfələrlə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, məqsədi sadəcə çantanın içərisindən marixuana növündə narkotik vasitəni götürmək olması, silahı götürmək məqsədinin olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən verilmiş tələbnamənin cavabından və müvafiq hökmüügörünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 216-cı maddəsi ilə təqsirli bilinərək qəti olaraq 04 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 02 il sınaq müddəti ilə şərtihesab edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə cəza müddəti bitmişdir. Məhkum Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada ona təyin olunan cəzanı çəkmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkumluğunun ödənilməsini və həmin Məcəllənin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə təqsirləndirilən şəxsi məhkumluğu olmayan şəxs kimi tanıyır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 85-89) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edirək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Sumqayıt ŞPİ-də saxlanılan tədqiqatdan sonrakı təmiz qalıq çəkiləri 39,213 qram olan psixotrop maddə metamfetamin, 384,95 qram olan narkotik vasitə qurudulmuş marixuana, 23,778 qram narkotik vasitə tiryək məhv edilməli, 01 ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomat, 01 ədəd daraq və 14 ədəd patron Daxili İşlər Nazirliyinə təhvil verilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı, 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 161 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət 228.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan tədqiqatdan sonrakı təmiz qalıq çəkisi 39,213 qram olan psixotrop maddə metamfetamin, 384,95 qram olan narkotik vasitə qurudulmuş marixuana, 23,778 qram olan narkotik vasitə tiryək məhv edilsin, 01 ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomat, 01 ədəd daraq və 14 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın, 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə verilsin. Təqsirləndirilən şəxs 161 (yüz altmış bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-676/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-676/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver