Məhkəmə qərarları › İş №1(124)-677/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-677/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-677/2024 29.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Cəbrayıl rayonu Soltanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Cəbrayıl rayonu Soltanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “İnstaqram” sosial şəbəkəsində tanış olduğu özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Baba” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncu ilə 300 manat müqabilində, külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qoyulan yerdən götürüb deyiləcəyi yerlərə qoymaqla satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, “Baba” adlı İran İslam Respublikası vətəndaşının bir qrup şəxs halında 04 yanvar 2024-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən avtodayanacağm yanına qoyduğu 25,457 qram çəkidə külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 45,432 qram çəkidə ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 555,0 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz əldə edərək Abşeron rayonu Masazır kəndi, F.Həsənov küçəsinə daşımış və üzərində saxlamış, 04 yanvar 2024-cü il tarixdə saat 23:45 radələrində Abşeron RPİ-nin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Masazır kəndi, F.Həsənov küçəsində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş və polis idarəsində 05 yanvar 2024-cü il tarixdə saat 01:20-dən saat 01:39-a kimi üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində olan ağ-qara rəngli sellofan torbanın içərisindəki üzərində «ot» sözü yazılmış irihəcmli şəffaf rəngli yapışqan lentlə bağlanmış bağlamada, bir ədəd bükümdə çəkisi 25,457 qram olan külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə çəkisi 45,432 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd sellofan bağlamada çəkisi 555,0 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, 5-6 ildir ki, narkotik vasitə istifadəçisidir. Hadisə günü o, evdən itini gəzdirmək üçün çıxmış, Masazır qəsəbəsində “Ceyran” Ticarət Mərkəzinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt üzərindən heç bir narkotik vasitə olmamışdır. Abşeron Rayon Polis İdarəsində polis əməkdaşları narkotik vasitəni onun üzərinə qoyaraq guya ona məxsus olduğu görüntüsü yaratmışlar. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq göstərdi ki, narkotik vasitələrdən heroin, qurudulmuş marixuana və metamfetamin istifadə etmiş, həmin narkotik vasitələri özünü İİR vətəndaşı kimi təqdim edən “Baba” adlı şəxsdən sosial şəbəkə vasitəsi ilə 3-4 dəfə əldə etmişdir. Narkotik vasitə istifadəçiləri narkotik vasitəni “Baba”dan almış, şəxsiyyət vəsiqəsinin surətini çəkib ona göndərmiş, o da narkotik vasitə qarşılığında onun hesabına pul atsınlar deyə kartını çəkib atmışdır. Pulu olmadığı üçün narkotik vasitə əldə etməyinin qarşılığında “Babanın” dediklərini etmiş, 3-4 dəfə İİR vətəndaşının dediyi ünvanlara narkotik vasitə yerləşdirmiş, daha sonra da şəklini çəkib ona göndərmişdir. Barəsində həbs qətimkan tədbiri seçilən zaman Abşeron Rayon Məhkəməsində narkotik vasitənin ona aid olmadığı barədə məlumat verməmiş, çünki bununla bağlı ona çıxış üçün söz verilməmişdir. Polis əməkdaşları tərəfindən təzyiq altında olduğu üçün məcburiyyətdən narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, lakin saxlanılmamışdan əvvəl İİR vətəndaşının göstərişi ilə onun dediyi ünvanlara narkotik vasitə yerləşdirdiyini, daha sonra da şəklini çəkib ona göndərdiyini, bunun da əvəzində də narkotik vasitə əldə etdiyini, Qaradağ rayonu Sahil qəsəbəsinə saxlanılmamışdan 1 həftə qabaq getdiyini, 50 qram heroin götürdüyünü, həmin heroindən 5 qramını istifadə üçün özünə götürdüyünü, qalanını isə İİR vətəndaşının göstərişi ilə “zakladka” üsulu ilə satışını etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, təxminən 4-5 ay olar ki, narkotik vasitə istifadə edir. Təxminən iki ay müddətdir ki, «İnstaqram» sosial şəbəkəsi vasitəsi ilə «Baba» adlı İran İslam Respublikası vətəndaşı ilə tanışlığı yaranmışdır. Həmin şəxs ona Bakı şəhəri və digər ərazilərdə narkotik vasitə qoyduracağını, həmin məkanı ona göndərəcəyini, götürdüyü narkotik vasitəni özünün müəyyən etdiyi məkana qoyduqdan sonra həmin şəxsə məlumat verməyini və götürüb ünvana qoyduğu hər 1 kiloqram narkotik vasitə müqabilində ona 300 manat pul verəcəyini demişdir. O, həmin şəxsin bu təklifi ilə razılaşmış və bir neçə dəfə bu məkanlardan narkotik vasitəni götürüb özünün təyin etdiyi məkana qoyaraq məlumat vermişdir. Sonuncu dəfə 04 yanvar 2024-cü il tarixdə həmin şəxs ona Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində narkotik vasitə qoydurması barədə məlumat verərək istifadəsindəki içərisində 055- ***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan «Samsung» markalı mobil telefona məkan göndərmişdir. O, 04 yanvar 2024-cü il tarixdə saat 22:30 radələrində həmin məkana yaxınlaşaraq ağ-qara rəngli sellofan torbanı götürmüş və yaşadığı evə geri qayıtmışdır. 04 yanvar 2024-cü il tarixdə saat 23:40 radələrində piyada hərəkətdə yaşadığı evin qarşısında olarkən mülki geyim formasında olan iki nəfər şəxs ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra isə ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirərək onu polis idarəsinə dəvət etmişlər. O, da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Abşeron rayon polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqların birində ona üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra videogörüntü ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub olmaması soruşulmuşdur. O, da könüllü olaraq sağ əlində olan ağ-qara rəngli sellofan torbanın içərisindəki üzərində «ot» sözü yazılmış irihəcimli şəffaf rəngli yapışqan lentlə bağlanmış bağlamanı təqdim edərək içərisində narkotik vasitə marixuana, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edərək içərisində narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edərək psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmçinin ağ-qara rəngli sellofan torbanın içərisində ki bir ədəd elektron tərəzini təqdim edərək narkotik vasitəni həmin tərəzi ilə çəkdiyini demişdir. Bildirmişdir ki, həmin narkotik vasitə və psixotrop maddəni xx.xx.2024-cü il tarixdə «İnstaqram» sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu «Baba» adlı İran İslam Respublikası vətəndaşı vasitəsi ilə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində qoyulmuş məkandan götürmüşdür. Götürdüyü narkotik vasitəni isə sonradan özünün təyin edəcəyi məkana qoyacaqdır. Əlavə olaraq bildirmişdir ki, o, «İnstaqram» sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu «Baba» adlı İran İslam Respublikası vətəndaşı vasitəsi ilə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində qoyulmuş məkandan götürdüyü narkotik vasitəni sonradan özünün təyin edəcəyi məkana qoyacaqdı və hər bir kiloqram narkotik vasitə üçün ona 300 manat pul verilməsi vəd edilmirdir. Bundan başqa götürdüyü narkotik vasitədən özü də istifadə edəcəkdir. Hazırda təqdim etdiyi narkotik vasitədən başqa nə yaşadığı yerdə, nə də başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Onu polis əməkdaşları saxlayan zaman və polis şöbəsinə dəvət edilərkən o, polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin CAŞnin kiçik inspektoru, polis baş serjantı Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş, onu Masazır qəsəbəsində müşahidə edərək saxlayıb idarəyə dəvət etmişlər. Polis İdarəsində vəkilin iştirakı ilə baxış keçirilmişdir. Baxış nəticəsində təqsirləndirilən şəxsə məxsus olan ağ-qara sellofanın içində marixuana,metamfetamin və heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs özü etiraf etmişdir ki, aşkar olunan narkotik vasitələri İİR vətəndaşı olan “Baba” adlı şəxsdən almışdır. Həmin vaxt təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq, təsir olmamış, həmçinin təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 04 yanvar 2024-cü il tarixdə saat təxminən 23:45 radələrində o, Şahid1 ilə birlikdə Şaiq adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Abşeron rayonu, Masazır qəsəbəsi, F.Həsənov küçəsində Təqsirləndirilən şəxs gizli müşahidə edib izlədikdən sonra saxlayaraq Abşeron RPİ-yə gətirmişlər. Belə ki, polis bölməsinə gəldikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi və ya özündə saxlamasına şübhələr olduğundan, PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilərək, ona hüquq və vəzifələri izah edilmiş və onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edildikdən sonra, üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparılmışdır. Belə ki, barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində olan ağqara rəngli sellofan torbanın içərisindəki üzərində «ot» sözü yazılmış irihəcmli şəffaf rəngli yapışqan lentlə bağlanmış bağlamanı təqdim edərək içərisində narkotik vasitə marixuana, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edərək içərisində narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edərək psixotrop maddə olan metamfetamin olmasını, həmçinin ağ-qara rəngli sellofan torbanın içərisindəki bir ədəd elektron tərəzini təqdim edərək narkotik vasitəni həmin tərəzi ilə çəkdiyini və aşkar olunmuş narkotik vasitə olan marixuanaya, heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələri xx.xx.2024-cü il tarixdə «Baba» adlı İran İslam Respublikası vətəndaşı tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində qoyulmuş məkandan götürdüyünü, sonradan özünün təyin edəcəyi məkana qoyacağını, hər qoyulacaq bir kiloqram narkotik vasitə üçün ona 300 manat pul vəd edildiyini, əvvəllər 2-3 dəfə «Baba» adlı İran İslam Respublikası vətəndaşı tərəfindən müxtəlif yerlərə qoyulmuş narkotik vasitəni götürüb özünün təyin etdiyi məkanlara qoyduğunu, buna görə də pul aldığını, eləcə də götürdüyü narkotik vasitədən özünün də istifadə etdiyini, 04 yanvar 2024-cü il tarixdə saat 23:45 radələrində “Baba” adlı şəxsin tələbi ilə həmin narkotik vasitəni və psixotrop maddəni Abşeron rayonu Masazır qəsəbəsi, F.Həsənov küçəsinə kimi daşıdığı zaman Abşeron RPİnin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bununla ələqadar olaraq, həmin büküm sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 56 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bununla bağlı müvafiq protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində görünür ki, o, Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu və Bakı şəhəri ərazisində narkotik vasitə və psixotrop maddələri üzərində gəzdirməsi, istifadəsi və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan «şəxsi axtarış və götürmə barədə» xx.xx.2024-cü il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən eyni DVD disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sellofanın içərisindən bir irihəcmli yaşıl rəngli büküm, iki yaşıl rəngli bükümlə müqayisədə kiçik həcmli ağ rəngli bükümləri, bir ədəd elektron tərəzini çıxardaraq masanın üzərinə qoyur, onda olan narkotik vasitənin bundan ibraət olduöun bildirir. Təqsirləndirilən şəxs ona verilən suala cavab olaraq həmin narkotik vasitəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu Baba adlı şəxsin göstərişi ilə ona göndərilən ünvan (konum) əsasında Sahil qəsəbəsindən yolun kənarından götürdüyünü, onun göstərişi ilə deyiləcək ünvana qoyacağını, bağlamanı götürəndən sonra yaşadığı ünvana yaxınlaşan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Baxış zamanı aşkar edilən bükümlər açıldıqda irir həcmli yaşıl bükümdə narkotik vasitə qurudulmuş marixuana, digər kiçik bükümlərin birində ağ rəngli psixotrop maddə metamfetamin və qəhvəyi rəngli narkotik vasitə heroin olduğu müəyyən edilir. Bütün aşkar edilənlər qablaşdırılaraq möhürlənir və prosess iştirakçıları tərəfindən imzalanır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 3-16/16/2-6/15 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şaiq Məhəmməd oğlundan...” sözləri olan kağız yapışdırılmış bir ədəd polietilen bağlamada 1”-li zərfin içərisindəki bir ədəd bükümdə təmiz çəkisi 25,457 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 45,432 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr¬in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 3-16-16/2-7/08 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, bir ədəd sellofan bağlamada təmiz çəkisi 555,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Təqdim edilmiş bir ədəd elektron tərəzidə bitki mənşəli narkotik maddələrin izləri(hissəcikləri) vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2286 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş kompleks ambulator məhkəmə psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 511 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan “Azercell Telecom”dan daxil olan 1 (bir) ədəd disk və həmin diskə baxış keçirlməsi haqqında protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan 02 fevral 2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 25,407 qram heroin, 45,382 qram metamfetamin, 554,95 qram qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi və 01 ədəd disk maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində əvvəllər İİR vətəndaşı olan “Baba” adlı şəxsin göstərişi ilə müxtəlif ünvanlara satış məqsədilə narkotik vasitə yerləşdirərək müqabilində şəxsi istifadəsi üçün narkotik vasitə əldə etsə də saxlanılan gün üzərində heç bir narkotik vasitənin olmaması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Cəbrayıl rayon İcra hakimiyyəti başçısının Soltanlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs ana və atasından ibarət ailə tərkibi ilə birlikdə Abşeron rayonu Masazır kəndində yaşayır, onun barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına saxlanılan 01 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 25,407 qram çəkidə narkotik vasitə heroin, qalıq çəkisi 45,382 qram psixotrop maddə metamfetamin və 554,95 qram qurudulmuş marixuana məhv edilməli, 2 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınaraq istintaq materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 153 (yüz əlli üç) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 05 yanvar 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan qalıq qalmış 25,407 qram heroin, 45,382 qram metamfetamin, 554,95 qram qurudulmuş marixuana məhv edilsin, bir ədəd elektron tərəzi müsadirə edilsin, 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 153 (yüz əlli üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar