Məhkəmə qərarları › İş №1(124)-681/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-681/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-681/2024 10.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - sədrlik edən hakim Rzayeva Aynur Tapdıq qızı, hakimlər Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhərrəmova Aişə Tahir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi: X3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1997-ci il tarixdə Xaçmaz rayonu, Yergüc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonu, Yergüc kəndində qeydiyyatda olmaqla, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmüş, yəni xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, aşkar surətdə köməksiz vəziyyətdə olan digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu halında 21 mart 2024-cü il tarixdə saat 01 radələrində yaşadığı Xaçmaz rayonu, Yergüc kəndində yerləşən evin qapısının bağlı olması səbəbi ilə qonşusu - psixi xəstəlikdən əziyyət çəkən Zərərçəkmiş şəxs məxsus həyətyanı sahə vasitəsilə öz evlərinə keçmək istəyən zaman sonuncunun xahişi və dəvəti ilə evində olan odun sobasının qalanmasına köməklik göstərərkən Zərərçəkmiş şəxs onu belindən tutaraq divara itələməsi və onun üzərinə qışqırması səbəbindən qorxmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini zərər çəkmiş şəxsin fövqündə qoyaraq xuliqanlıq niyyəti ilə, habelə xüsusi əzab və işgəncə verdiyini dərk edib bunu arzulayaraq müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə psixi vəziyyəti və yaşı ilə əlaqədar müqavimət göstərmək imkanı olmadığını bildiyi halda aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs baş nahiyəsinə hadisə yerindən götürdüyü odun parçası ilə qəsdən 07 dəfə vuraraq sonuncunun ölümünə səbəb olmuş “baş beyin toxuma və mədəciklərinə qansızma ilə müşaiyət olunmuş sol təpə sümüyünün açıq sınığı, sol alın-təpə nahiyəsinin əzilmiş və əzilmiş-cırılmış yaralan” kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib Zərərçəkmiş şəxs “baş-beyin toxuma və mədəciklərinə, onların qişası altına qansızma” nəticəsində qəsdən öldürmüş, yəni xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, aşkar surətdə köməksiz vəziyyətdə olan digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir xeyli müddətdir ki, Gəncədə işlədiyi üçün evə getməmiş, Novruz bayramı günü bayramı ailə üzvləri ilə bərabər keçirmək istəmişdir. Rayona getmiş, dostu Fəruza “mən Xaçmazdayam, gəl bizə” demişdir. Fəruzla bərabər yeyib-içmiş və onu evə yola salmışdır. Fəruz da onu öz evlərinə qonaq dəvət etmiş və axşam tərəfi onlara getmişdir. Həmin gün Təqsirləndirilən şəxs spirtli içki qəbul etdiyini və sərxoş olduğuna görə Fəruzun onu yaşadığı evə aparmaq üçün taksi axtarmağa başladığını və taksinin onu yaşadığı evin yaxınlığına apardığını bildirmişdir. O, yaşadığı evin darvazasını döysə də, heç kim darvazanı açmamış, anasına zəng etsə də, onun zənginə cavab verməmişdir. Anası telefonlarına cavab vermədiyinə və darvazanı açmadığına görə o da, əmisigilin evi vasitəsilə yaşadığı evin həyətinə girmək istəmişdir. Daha sonra isə əmisinin arvadı Safuranın evin qarşısında öz-özünə danışdığını görmüşdür. Tofiq ona yaxınlaşanda Safura “mənim evim soyuqdur” demişdir. Bundan sonra onların evinə getmiş, Safura da onun arxasınca gəlmişdir. O, heç vaxt Safuragilin təzə evində olmamış, içəriyə keçəndə orada soba olduğunu görmüşdür. Sobanın içərisində odun olmuş və soba təzəcə sönmüşdür. Sobanın kənarına yığılmış odunlardan bir neçə hissə qoparıb sobanın içərisində yandırmaq istəyəndə Safura arxadan əlləri ilə onu qucaqlayıb onu divara doğru itələmiş və qışqırmağa başlamışdır. O, bundan qorxmuş, daha sonra yenidən çönüb Safuraya baxanda Safuranın ayaqüstə durub gözlərini ona tərəf zillədiyini görmüşdür. Daha sonra Safuranın baş nahiyəsindən əlində tutduğu odunla zərbə endirməyə başlamış və sonra arxasına baxmadan oradan uzaqlaşaraq evə getmişdir. Axşam evdə yatmış və ertəsi gün günorta radələrində yuxudan durmuş, səs-küy olmadığını görüb Safuranın ölmədiyini fikirləşmişdir. Daha sonra Xaçmaz şəhərinə tərəf getmiş və axşam radələrində anası zəng edib “Safura ölüb” demişdir. Bunu eşitdikdən sonra birbaşa könüllü şəkildə şöbəyə getmiş, orada hər şeyi etiraf edərək, Safuranı özünün öldürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq göstərmişdir ki, Safura yaşlı qadın olmuş, evində tək yaşamış, psixoloji xəstəlikdən əziyyət çəkmişdir. Hadisə günü də evdə tək olmuşdur. O, işlədiyi üçün neçə müddətdir ki, Safuragilin yaşadığı evə getməmişdir. Onlar əmisigillə bir həyətin içərisində yaşamış, lakin hasarları fərqli olmuşdur. Onların qapısı bağlı olduğu üçün o, əmisigilin evindən öz yaşadığı evə keçmək istəmişdir. Safuranın psixoloji problemləri olduğu üçün onun yaşadığı evin qapısı həmişə açıq olmuşdur. O, özü həyətə daxil olmuş, həmin vaxt Safura həyətdə çöldə gəzmişdir. O, Safuragilə gedəndə içkili olmuş, Safuranın da ona qarşı etdiyi hərəkətlər onu qorxutmuş və odun parçası ilə ona zərbələr endirmişdir. O, sadəcə olaraq sobanın içərisinə odun parçaları yığmağa çalışmış və birdən Safura onu əli ilə qucaqlayaraq divara tərəf itələmiş və duranda Safuranın onun başının üzərində dayandığını görmüşdür. O, hadisəni törədərkən anlaqsız olduğunu, həmin gün Soltan və Fəruz ilə birlikdə 2 litrə qədər spirtli içki içdiyini demişdir. Odun parçası Safuranın yaşadığı evdə sobanın kənarında olmuşdur. O, Safuraya 2 dəfə zərbə yetirmiş, sonra, Safura qışqırıb ayağa durmuşdur. Onun bu hadisədən əvvəl 1 dəfə məhkumluğu olmuşdur. Hadisəni törətdikdən sonra evə getmiş və anası şübhələnməsin deyə “mən uşaqlarla dalaşdığım üçün paltarlarım belə bulanıqdır” demişdir. Etdiyi əməldən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi X1 cavab olaraq bildirmişdir ki, o, qorxduğu üçün Safuraya zərbələr yetirmiş və özündə olmadığı üçün odun parçasını da özü ilə bərabər aparmışdır. O, Safuranı vuranda onun baş nahiyəsində qan olmamışdır. Onun anası şalvarını və ayaqqabısını təmizləmiş, amma o, həmin günü anasına Safuranı vurmağı ilə bağlı heç nə deməmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, o, təxmini olaraq gecə saat 00:00-01:00 radələrində dostugildən evə qayıtmışdır. Onun Safuragilə getməkdə başqa məqsədi olmamışdır. Sobanı yandırmaq istəyəndə Safuranın onu niyə itələdiyini bilməmişdir. O, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü elan edilmiş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, 2018-ci ildə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək Xaçmaz rayon məhkəməsinin hökmü ilə 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş və 2020-ci ilin dekabr ayında vaxtından əvvəl cəzadan azad edilmişdir. Heç bir psixi xəstəlikdən əziyyət çəkməmiş, psixiatrik və narkoloji dispanserlərdə qeydiyyatda olmamışdır. Zərərçəkmiş şəxs onun vəfat etmiş əmisi Cəfərin arvadı olmuş və hadisə gününə kimi Safura ilə arasında dava-dalaş, mübahisə və ya şəxsi ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə işləmək üçün Gəncə şəhərinə getmiş və orada müxtəlif yerlərdə tikinti yerlərində fəhləliklə məşğul olaraq özünü dolandırmışdır. xx.xx.2024-cü il tarixdə valideynləri ilə birlikdə Novruz bayramını qeyd etmək məqsədilə Xaçmaz rayonuna qayıtmışdır. Çərşənbə günü bayramı ailəsi ilə birlikdə keçirdikdən sonra növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Xaçmaz şəhəri, Mehdi Hüseynzadə küçəsində yaşayan nənəsi Rəfiqə Dadaşovanın evinə gedib orada bir az oturduqdan sonra dostu Fəruzun evinə getmişdir. Fəruzgildə sonuncunun ailə üzvləri ilə birlikdə yemək yeyib spirtli içki olan araq qəbul etmişdir. Həmin gün saat 23 radələrinə kimi spirtli içki qəbul etmişlər. O, həddindən çox spirtli içki qəbul etdiyinə görə sərxoş olmuş və özünü idarə etməkdə çətinlik çəkdiyini hiss etmişdir. Çünki həmin günə kimi uzun müddət idi ki, spirtli içki qəbul etməmiş, tərgitmişdir. Sərxoş olduğuna görə Fəruz onu yaşadığı evə aparmaq üçün taksi axtarmağa başlamışdır. Evdə olan zaman anası “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə ona səs ataraq evə gələndə xəbər etməyini demişdir. O da evdən çıxmamış anasına mesaj yazaraq evə gələcəyini demişdir. Saat 24 radələrində taksi tapmış və Xaçmaz rayonu, Yergüc kəndi istiqamətində yola düşmüşlər. Kəndə gəldikdən sonra Fəruzgil onu evinin yaxınlığında avtomobil yolunun üstündə düşürüb qayıdıb getmişlər. Evin darvazasına yaxınlaşıb qapını açmaq istəsə də, qapının bağlı olduğunu görmüşdür. Davrazanı döysə də, heç kim açmamış və artıq anasıgilin yatdığını bilmişdir. Daha sonra anasına “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə zəng etsə də, sonuncu zənginə cavab verməmişdir. Anası telefon zənglərinə cavab vermədiyinə və qapını açmadığına görə qonşuları olan əmisi Əzizağanın evi vasitəsilə evilərinin həyətinə girmək istəmiş, lakin sonradan orada dəmir tor vasitəsilə hasar çəkildiyi yadına düşmüş və vəfat etmiş digər əmisi Cəfərin həyətindən öz həyətlərinə keçmək qərarına gəlmişdir. Əmisi Cəfərgilin yaşadığı evin davrazasına yaxınlaşanda əmişin arvadı Safuranın evin qarşısında durub özözünə danışdığını eşitmişdir. Safuranın psixi problemləri olduğuna görə onlar həmişə Safuradan uzaq olmuş, uşaqlıqdan o, Safuranın psixi problemləri olmasına görə Safuradan qorxmuşdur. Safuranın yanına yaxınlaşıb ona “Bayramın mübarək, Safura xala” sözlərini demiş, lakin Safura ona heç bir cavab verməmişdir. O da Safuranın ona cavab verməməsinə əhəmiyyət verməmişdir. Safuraya tərəf 1-2 addım atıb “Axşamın xeyir, ay Safura xala” sözlərini demişdir. Safura ona tərəf baxaraq “Sevindik, xoş gəlmisən” deyə bildirmişdir. Sevindik onların qohumu olmuş və uzun illər əvvəl vəfat etmişdir. Safuranın ruhi xəstəliyinin olması ilə əlaqədar sonuncunun bu dediklərinə çox da əhəmiyyət verməmişdir. Safuraya həyətlərinin qapısının bağlı olduğu, icazə verəcəyi halda onun evinin həyətindən keçib öz evlərinə getmək istədiyini Safuraya bildirmişdir. Safura “evim soyuqdur” sözlərini deməyə başlamışdır. Safura sualına əlaqəsi olmayan bir cavab verdiyi üçün hasardan keçmək istədiyini və icazə verməsini bir daha ondan xahiş etmişdir. Safura “ev buz kimidi” deyəndə sonuncu üçün sobanı yandıra biləcəyini bildirmişdir. O, qabaqda gedib evə daxil olmuş və Safura da arxasınca gəlməyə başlamışdır. Safuranın yaşadığı ev sonradan tikilmişdir. Əvvəllər təzə tikilən evdə heç vaxt olmamış və evin yanındakı sökülmüş evə uşaq vaxtı gəlib-getmişdir. Təzə evin qarşısında isə talvar olmuşdur. Talvarın da, otağın da işıqları yanılı vəziyyətdə olmuşdur. Qapı bağlı olmuş və qapının dəstəyini aşağı dartıb buraxmış və qapı açılmışdır. İçəriyə daxil olanda soba sağ tərəfdə yerdən olmuş və qapı ilə üzbəüz istiqamətdə yerə iki ədəd döşək sərilmişdir. Həmin döşəklərin arasında isə biraz məsafə olmuşdur. Otağın sol tərəfində də pərdə asılmış və pərdənin arxası boş otaq olmuşdur. Sobaya doğru yaxınlaşdıqdan sonra aşağıya doğru əyilmişdir. Sobanın içərisində odun olmuş və soba təzəcə sönmüşdür. Sobanın kənarına yığılmış odunlardan bir neçə hissə qoparıb sobanın içərisində yandırmaq istəyəndə Safura arxadan əlləri ilə onu qucaqlayıb onu divara doğru itələyib qışqırmağa başlamışdır. O, qorxudan divara qısılmış vəziyyətdə çönüb Safuraya baxanda Safura ayaqüstə durub gözlərini ona zilləyib başa düşmədiyi sözlər deməyə başlamışdır. Qorxudan Safuranın üstünə gəlib ona nə isə edəcəyindən ehtiyat edərək sobanın kənarından odun parçasını götürmüş və ayağa qalxıb odunla Safuranın baş nahiyəsinə bir zərbə vurmuşdur. Safura başını tutub iki döşəyin arasında oturub qışqırmağa başlamış və o, yavaşca sobanın kənarından keçib qapıya tərəf gedəndə çönüb yenidən Safuraya baxmışdır. Safura başını çevirib dəli kimi ona baxmağa davam etmişdir. Sonuncunun arxasınca gələcəyini düşünərək əlində tutduğu odunla yenidən Safuranın baş nahiyəsinə bir zərbə endirmiş və Safura beli üstə yerə uzanmışdır. Sonuncunun baş nahiyəsi qapıya, ayaqları isə divara doğru istiqamətlənmiş vəziyyətdə olmuşdur. Safuranı vurduqdan sonra qaçaraq evi tərk etmişdir. O, Safuranın baş nahiyəsinə odun parçası ilə vuranda sonuncunun başından qan axmağa başlamış, o, evi tərk edəndə Safura hələ də öz-özünə nəsə danışmışdır. Safuranın evini tərk etdikdən sonra öz evlərinin darvazasının qarşısına gəlmişdir. Darvazadan sağ tərəfdə yerləşən hasara qalxıb tullanaraq evin həyətinə düşmüşdür. Hasara qalxanda sağ əlindəki odunu hadisə yerindən özü ilə gətirdiyini görüb və mane olmaması üçün odunu hasarın üstünə qoymuşdur. Evin həyətinə düşdükdən sonra darvazanın üstünə asdığı paltarı geyinib qapıya yaxınlaşmış və qapını döyəndə anası qapını açmışdır. Anası üst-başının toz-torpaq olduğu görüb haradan gəldiyini, nə baş verdiyini ondan soruşmuşdur. O, spirtli içki qəbul etdiyi üçün qoxudan anası sərxoş olduğunu bilmişdir. Anasına dalaşdığını demiş və anasına ətraflı məlumat verməmişdir. Anası üst-başını hamamda dəyişib gəlməyini demiş və paltarlarını hamamda çıxardıqdan sonra evə girmişdir. Anası ayaqqabısının uc hissəsində olan qanı görüb nəyisə gizlətdiyini deyərək ona nə baş verməsi barədə danışmağını bildirmişdir. O, anasını aldadaraq dalaşdığı adamın burnunun qanadığını, yəqin ki, həmin qanın üstünə bulaşdığını demişdir. Lakin törətdiyi hadisə ilə əlaqədar gecə yata bilməmiş və özündə rahatlıq tapmamışdır. Qısa müddətdən bir çölə çıxıb evə qayıtmışdır. O, evə gələndə atası yatmış və sonunci ilə qarşılaşmamışdır. Səhər 08 radələrində yuxudan durub əl-üzünü yumaq üçün su nasosunu işə salmaq məqsədilə hamamın divarına yaxınlaşanda gözü hasarda qoyduğu odun parçasına sataşmış və həmin odun parçasını götürüb hamama girərək hamamdakı sobaya atmışdır. Odun parçasının üzərində qan ləkələri olmuşdur. Lakin odunu qoyduğu mişar daşının üzərində qan ləkəsinin qalıb-qalmamasına baxmamışdır. Həmin gün axşam saatlarına kimi evdə olmuş, daha sonra Xaçmaz şəhərinə gedərək sinif yoldaşları ilə görüşmüşdür. Həmin gün saat 21 radələrində atası Nofəl ona zəng edərək Safuranın öldürüldüyünü demiş, o, isə özünü heç nədən xəbəri olmamış kimi aparmışdır. Törətdiyim əməldən peşman olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs psixi problemləri olduğuna görə sonuncu adamları fərqli adlarda çağırmış, onlar buna alışmışlar. xx.xx.2024-cü il tarixdə Xaçmaz şəhərində dostu Fəruzun evində yemək yeyən zaman orada Fəruzun anası, atası və dayısı olmuşdur. O, odun parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə 02 zərbə vurmuşdur. O, Zərərçəkmiş şəxs odun parçası ilə vurarkən sonuncunu öldürmək niyyəti olmamış, o, qorxduğuna görə Zərərçəkmiş şəxs vurmuşdur. Hadisə vaxtı Safuranın əlində heç nə olmamışdır. Sonuncunun dəli kimi danışıb üstünə gəlməsindən qorxmuş və içkinin də təsirindən özündən asılı olmayaraq odun parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə vurmuşdur. Həmin vaxt o, evi tərk edib gedə bilərdi, lakin Safuranın onun gözünə baxmağından qorxmuş və sonuncuya əlavə bir zərbə vurub dərhal qaçaraq evi tərk etmişdir. Fikir vermədiyi üçün sobanın üzərində hər hansı yeyinti məhsulunun olub-olmamasını xatırlamamışdır. O, sərxoş vəziyyətdə və həyəcanlı olduğundan səhv yadında qalmış, sobanın ön və arxa ayaqlıqlarının hər birinin alt hissəsinə 02 ədəd kəpric olmuşdur. Hadisə zamanı istifadə etdiyi odun parçası təxminən 45 sm ölçüdə olmuş, hansı ağacdan hazırlanmasını bilməmişdir. Safuranı vurarkən istifadə etdiyi odun parçası qırılmamış, odun parçasının üzərində qan ləkəsi olsa da, odundan yerə qan damcılamamışdır. Hadisə zamanı yanında heç bir şəxs olmamışdır. Safura tək yaşamışdır. Zərərçəkmiş şəxs yaşadığı evə hadisə günündən əvvəl getməmiş, hadisə günü otaqdakı divardan asılmış xalçanı qaldırıb xalçanın arxasındakı boş otağa daxil olmamışdır. Hadisə yerini tərk edərkən fərdi yaşayış evindən Zərərçəkmiş şəxs məxsus əşya götürməmişdir. Hadisə ilə bağlı heç kimə məlumat verməmişdir. Hadisə zamanı əynində qara, ağ, boz və qırmızı rəngli uzunqol köynək, göy rəngli cins şalvar və tünd göy rəngli ayaqqabı olmuşdur. Hadisə zamanı xəsarət almamışdır. Hadisə günü o, Fəruzun atası və dayısı ilə birlikdə ümumilikdə 2 litr araq içmiş, lakin narkotik vasitə qəbul etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərdi ki, mərhum anası Safura ilə onun kiçik qardaşı birlikdə yaşamışdır. Hadisə günündən 2-3 gün qabaq o, qardaşını aqressiv olduğu üçün Quba rayon ruhi əsəb xəstəxanasına yerləşdirmişdir. Onun anasında psixi problem, yaddaş pozğunluğu olmuş, anasında kimisə vurmaq, söymək və yaxud haranısa dağıtmaq və s. kimi davranışları olmamışdır. Hadisə günü o, öz evində olmuş və anası Safura evdə tək qalmışdır. Novruz bayramı ərəfəsində bacıları anasına bayram payı aparmaq üçün onun yanına getmiş və qapını açanda anasının yerdə al-qan içində olduğunu görmüşdürlər. Bacıları bu cinayəti onların kiçik qardaşının törətdiyini düşünmüş və qorxaraq oradan uzaqlaşmışdılar. Böyük kürəkənləri ona zəng edib “Anan rəhmətə gedib” demişdir. Bunu eşitdikdən sonra təcili olaraq hadisə yerinə getmiş və anasının yıxıldığını düşünmüşdür. Hadisə yerinə gəldikdə, artıq gec olduğunu, anasının baş-beyin nahiyəsinin parçalanaraq al-qan içində olduğunu görmüş, daha sonra polisə zəng etmişdir. Polis əməkdaşları tərəfindən araşdırıldıqdan və meyit morqa getdikdən sonra anasına 7 dəfə zərbə yetirildiyi məlum olmuşdur. Zərər çəkmiş şəxsin hüquqi varisi X4 dövlət ittihamçısının sullarına cavab olaraq göstərmişdir ki, o əmisinə görə barışıq ərizəsi vermiş və barışmışdır. Təqsirləndirilən şəxs qorxduğu üçün anasını vurmamışdır, Tofiqin verdiyi ifadə ziddiyyətlidir. O, Tofiqin anasının evinə ona “sataşmaq” niyyəti ilə getdiyini düşünmüş, çünki onun anası həmişə Tofiq onların həyətinə gələn kimi onu qovmuşdur. Zərər çəkmiş şəxsin hüquqi varisi X4 müdafiəçinin sullarına cavab olaraq göstərmişdir ki, Tofiq həmin gün anasının evdə tək olduğunu bilmişdir. Ona sonradan məlumat verilmişdir ki, dəfələrlə Tofiqin onun anasına sataşmaq niyyəti olmuş, bunu hətta onların gəlinləri də görmüşdür. Hadisə günü anasının yaşadığı evdən heç nə itməmişdir. Təqsirləndirilən şəxs verdiyi ifadələrin hamısının yalan olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun oğlu Təqsirləndirilən şəxs Novruz bayramını birlikdə qeyd etməkləri üçün onların yanına gəlmişdir. Tofiq Gəncədə işləmişdir. Ona “ana, bir dostum var və bizə qonaq gələcək” demiş, Fəruz adlı dostu onlara qonaq gəlmiş, yeyib-içdikdən sonra Fəruz evinə getmişdir. Bir gündən sonra Tofiq ona “Ana, mən Fərzugilə gedirəm, onlar bayramı bu gün keçirdəcəklər” demiş, əri Nofəl Tofiqə “2-3 günlük işdən gəlmisən, elə bizimlə bərabər otur” demişdir. Tofiq bununla razılaşmamış və dostu Fəruzgilə getmişdir. O da “Tofiq, oğlum, yolüstü nənəngilə veriləcək bir-iki şeylər var, onları da ver, sonra dostungilə gedərsən” demişdir. Tofiq dostugildə olanda axşam saat 23:00 radələrində o, Tofiqə zəng edib onun evə gəlib-gəlməyəcəyini soruşmuş, Tofiq də ona “hələ mən dostumgildəyəm” demiş, daha sonra Tofiq ona “whatsapp” tətbiqi vasitəsilə “ana, mən evə gəlirəm” yazmışdır. Onun “whatsapp”ı yaxşı işləmədiyi üçün bunu görməmişdir. Hadisəni polis əməkdaşlarından eşitmişdir. Hadisə gününün gecəsi Tofiq evə içkili halda qayıtmışdır. Tofiq Safuragilin hasarından tullanaraq evə gəlmiş, o da evin qapısını açmışdır. O, hadisə günü Tofiqin üzərində qan ləkəsi filan görməmişdir. Səhər durub evləri təmizləyəndə Tofiqin ayaqqabısının palçıq olduğunu görmüş, onu da digər ayaqqabların yanına qoyaraq təmizləmişdir və onda ayaqqabısının alt hissəsində azacıq qan ləkəsinin olduğunu görmüşdür. Səhərisi gün Tofiqin şalvarının üzərində qan ləkəsi olduğunu görmüş və ondan bunu soruşduqda, Tofiq dostları ilə dalaşdığını demişdir. Hadisəni Tofiq içkili olduğu və özündə olmadığı üçün törətmişdir. Mərhum Safura ilə onların bir-birilərinin evinə gedişgəlişləri olmuşdur, Safura ilə heç vaxt problemləri və ya ədavəti olmamışdır. Hadisədən 1 gün sonra Safuranın qızı ona yemək gətirəndə artıq Safuranın öldürüldüyü məlum olmuşdur. O, hadisə günü Safuranın evinə getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Tofiq dostugildən gecə evə gələndə o, evdə yatmışdır. Arvadından saat neçə olduğunu və Tofiqin evə gəlib-gəlməməsini soruşmuş, arvadından saat 23:30 olduğunu eşitmiş, amma əslində saat 00:30 olmuşdur. Bundan sonra arxayın olub yatmışdır. Hadisə ilə bağlı heç bir məlumatı olmamış və mərhumun yas mərasimində də iştirak etmişdir. Tofiqin evə gəlməyini gecə eşitmişdir. Gecə polis əməkdaşları onları bölməyə aparmış, polis bölməsində onları saxlamış, daha sonra hər şey məlum olmuşdur. Mərhumun Tofiqlə münasibəti normal olmuşdur. Tofiq hadisə günü ona Safuranı niyə öldürdüyünü deməmişdir. Onların hasarı 2 metr hündürlüyündə olmuşdur. Tofiq spirtli içki aludəçisi olmamışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, mart ayının 20-i Tofiq onların yanına içkili vəziyyətdə gəlmiş, Tofiq bir az da onlarda yeyibiçmişdir. Daha sonra isə bərabər xalasıgilə getmiş və orada da yeyib-içmişdilər. O, daha sonra Tofiqi evlərinə tərəf aparıb düşürtmüşdür. Hadisənin geri qalan hissəsindən xəbəri olmamışdır. Tofiq bir butulka spirtli içkidən 3-4 qədəh içmiş, o özü isə spirtli içki qəbul etməmişdir. Onun dayısı, atası içki içən olmuş, evlərində Tofiqlə bərabər onlar da spirtli içki qəbul etmişdilər. Daha sonra xalasıgildə Tofiq 1-2 qədəh içmişdir. Tofiqi sadəcə olaraq taksidən düşürdüb geri qayıtmış, onu evə qədər yola salmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisə günü taksini Şahid3 sifariş etmişdir. Fəruz onun qonşusu olmuş, Fəruzla Tofiqi evlərinə tərəf düşürdüb geri qayıtmışdır. Hadisənin geri qalan hissəsindən xəbəri olmamışdır. Tofiqin taksiyə oturduğu an içkili oldub-olmadığını bilməmişdir. Tofiqin maşından düşüb evə tərəf getdiyini görmüşdür, o, Tofiqi evlərinə tərəf düşürdəndə özü maşından düşməmişdir. Şahid4 məhkəmə iclası zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun avtomobilinə əyləşən zaman sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, mart ayının 21-i arvadı ilə bərabər qayınanasının yanına getmiş, qayınanasının evinə çatanda mərhumun yerdə uzanaraq al-qan içində olduğunu görmüşdür. O, dərhal arvadı ilə bərabər oradan çıxmış və bacanağına zəng edib “Eldəniz, qaynanımızı öldürüblər” demişdir. Eldəniz də Zaur Balacayevə zəng edib məlum xəbəri vermişdir. Daha sonra anasını evdən götürüb yenidən hadisə yerinə qayıtmışdır. O, mərhum Safuranın hansı səbəbdən öldürüldüyünü bilməmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs baldızının oğlu Fəruz vasitəsilə tanımışdır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Fəruz ona zəng edərək onlarıb evinə gəlmək istədiklərini demişdir. O, elə bayram süfrəsində olduqlarını, onların da qoşula biləcəklərini demişdir. Təxminən 15 dəqiqə sonra Fəruz və Tofiq gəlmişlər. Tofiq onlara gəldikdə sərxoş vəziyyətdə olmuşdur. Onlar birlikdə yemək yeyib spirtli içki qəbul etmişlər. Fəruz ümumiyyətlə spirti içki içmədiyinə görə sonuncu onlarla araq içməmişdir. Fəruz və Tofiq təxminən 1 saat onların evində olduqdan sonra Fəruz taksi çağırmış və evi tərk etmişlər. O, bir neçə gün sonra televizora baxarkən Tofiqin sonuncunun əmisi arvadını öldürdüyünü bilmiş, həmin vaxta kimi bundan xəbəri olmamışdır. Şahid5 verilən suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, sonuncunun kim olmasını və öldürülməsini televizorda olan xəbərdən bilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs Xaçmaz rayonu, Yergüc kəndi ərazisində yerləşən fərdi yaşayış evidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 mart 2024-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş telefon “Samsung A73” markalı smartfon tipli mobil telefondur. Telefonda olan “Whatsapp” mobil tətbiqinə baxış zamanı Təqsirləndirilən şəxs “Aşkım” kimi qeyd etdiyi şəxsə xx.xx.2024-cü il tarixdə saat 23:49-da “eve gələcəm” sözlərini yazmasını, həmin şəxsə xx.xx.2024-cü il tarixdə saat 01:15-də zəng etməsi, həmin şəxsin zəngə cavab verməməsi, həmin tarixdə saat 01:16-da həmin şəxsə “mama” sözlərini yazması və həmin tarixdə saat 01:17-də yenidən həmin şəxsə zəng etməsi, həmin şəxsin zəngə cavab verməməsi müəyyən olunmuş, “Aşkım” kimi qeyd olunan şəxsin Şahid1olması məlum olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 23 mart 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən 01 ədəd uzunqol kofta qara, ağ, boz və qırmızı rəngli olmaqla zədəsizdir. Təqdim edilmiş 01 ədəd gödəkçə boz rəngli olmaqla zədəsizdir. Təqdim edilmiş 01 ədəd cins şalvar göy rəngli olmaqla zədəsizdir, üzərində qanabənzər ləkələr vardır. Təqdim edilmiş 01 cüt ayaqqabı tünd göy rəngli olmaqla zədəsizdir. Təqdim edilmiş 01 cüt corab qara rəngli olmaqla zədəsizdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 23 mart 2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, o, ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani şəkildə göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 11 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər-baş beyin toxuma və mədəciklərinə qansızma ilə müşaiyət olunmuş sol təpə sümüyünün açıq sınığı, ümumilikdə 07 ədəd olmaqla sol alın-təpə nahiyəsinin əzilmiş və əzilmiş-cırılmış yaraları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2024-cü il tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs xəsarət yetirilərkən baş və boyun nahiyələri xəsarət yetirmiş alətə tərəf yönəlmiş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya təhqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş-beyin toxuma və mədəciklərinə, onların qişası altına qansızma olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən bir gün əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs uşaqlıq yolu möhtəviyyatı olan 01 ədəd tamponun məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-genetik ekspertizasının xx.xx.2024-cü il tarixli, 24/870 nömrəli rəyindən görünür ki, 01 (bir) ədəd daş üzərində aşkar edilmiş qanabənzər ləkələr insana məxsus qan nümunələridir. Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd cins şalvarın sağ ön cibinin aşağı hissəsində və ön zəncirbənd hissəsində aşkar edilmiş ləkələrin tərkibində insan qanına xas olan hemoqlobin zülalı aşkar edilmədi. Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd gödəkçə, 01 (bir) ədəd uzunqol kofta, 01 (bir) cüt idman ayaqqabısı və 01 (bir) cüt corab üzərində qanabənzər ləkə aşkar edilmədi. 01 (bir) ədəd daş üzərində aşkar edilmiş qan ləkələri Zərərçəkmiş şəxs məxsusdur. Təqsirləndirilən şəxs əl dırnaq kəsintiləri altında Zərərçəkmiş şəxs məxsus bioloji mənşəli material mövcud deyildir. Mövcud bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1227 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs onları qiymətləndirmək qabiliyyəti vardır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında situasiya ilə əlaqədar hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında və ya güclü ruhi həyəcan vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən “Samsung A73” markalı smartfon tipli mobil telefon, 01 ədəd mişar daşı, Zərərçəkmiş şəxs məxsus qan nümunəsi, Təqsirləndirilən şəxs məxsus dırnaq kəsintiləri, 01 ədəd uzunqol kofta, 01 ədəd gödəkçə, 01 ədəd cins şalvar, 01 cüt ayaqqabı və 01 cüt corab maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 18-1-43/2-1519/2024 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Quba rayon X2 xx.xx.2024-cü il tarixli, 594 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Quba rayon PNRM-nə müraciət etməmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş tələbnamələrə alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Yergüc kənd İƏD üzrə nümayəndəli tərəfindən verilmiş arayış və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə edilir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara istinad edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əvvəldən tanıdığı və qonşuluqda yaşadığı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs fiziki və psixi cəhətdən özüdən zəif olduğunu bilib dərk edərək zərər çəkmiş şəxsin onu tutub itələməsi və gözlərinin içinə baxmasından qorxamasını səbəb gətirib özünü təhlükədə hiss etməsi üçün heç bir şərait yaranmadığı, müsbət halda hadisə yerini tərk etmək üçün kifayət qədər imkan və azadlığa sahib olduğu halda, heç bir əsaslı səbəb olmadan hadisə yerindən götürdüyü odun parçası ilə zərərçəkmiş şəxsin “baş beyin toxuma və mədəciklərinə qansızma ilə müşaiyət olunmuş sol təpə sümüyünün açıq sınığı, sol alın-təpə nahiyəsinin əzilmiş və əzilmiş-cırılmış yaraları”na səbəb olan baş nahiyəsinə ardıcıl 7 ədəd zərbə vuraraq ölümdən ibarət nəticəni arzu etməklə hərəkətlərinin ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və belə nəticənin baş verməsinə şüurlu surətdə yol vermişdir. Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs bir dəfə odun parçası ilə xəsarət yetirdikdən sonra onun zərərsiz hala gəlməsini dərk etməli olduğu halda həmin odun parçası ilə zərə çəkmiş şəxsin eyni nahiyəsinə ardıcıl 7 ədəd zərbə vuraraq müstəsna rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə onu xüsusi amansızlıqla qəsdən öldürmüşdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri məhkəmə təcrübəsi haqqında» xx.xx.2002-ci il tarixli qərarının 8-ci bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərər çəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərər çəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərər çəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərər çəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi X4 ilə barışması Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 24 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 mart 2024-cü il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 mart 2024-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Xaçmaz rayon prokurorluğunun maddi sübutların saxlama otağına verilmiş “Samsung A73” markalı smartfon tipli mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd uzunqol kofta, 01 ədəd gödəkçə, 01 ədəd cins şalvar, 01 cüt ayaqqabı və 01 cüt corab onun özünə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, 01 ədəd mişar daşı, Zərərçəkmiş şəxs məxsus qan nümunəsi məhv məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxsn Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirli bilinib, 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 23 mart 2024-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Xaçmaz rayon prokurorluğunun maddi sübutların saxlama otağına verilmiş, “Samsung A73” markalı smartfon tipli mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs məxsus 01 ədəd uzunqol kofta, 01 ədəd gödəkçə, 01 ədəd cins şalvar, 01 cüt ayaqqabı və 01 cüt corab onun özünə qaytarılsın, qəbul etmədikdə məhv edilsin, 01 ədəd mişar daşı, Zərərçəkmiş şəxs məxsus qan nümunəsi məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar