Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-687/2024 17.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxx 1994-cü ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək əməli CM-in 126.1-ci maddəsinə tövsif edilərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək cəzası 06 il müddətə endirilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 05 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 5,385 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən 2 saylı Sumqayıt “Asan xidmət” mərkəzinin qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə saat 13:50-də Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən 2 saylı Sumqayıt “Asan xidmət” mərkəzinin qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən 01 ədəd bükümdə külli miqdarda 5,385 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən evində olarkən mobil telefonuna zəng gəlmişdir. Bundan sonra o, evdən çıxıb dəzin kənarına gəlmişdir. Orada olarkən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu saxlamışlar. Onlar onu ailəsi ilə hədələdikləri üçün istədikləri ifadəyə və sənədlərə imza etmək məcburiyyətində qalmışdır. Polis əməkdaşları onu qardaşını yenidən tutacaqları ilə hədələmişdilər. O, heç vaxt narkotik vasitə istifadə etməmişdir. Yaşadığı yerdə narkotik vasitə satan şəxslərin narkotik vasitə satmalarına imkan vermədiyi üçün polis əməkdaşları narkotik vasitələrlə əlaqəsi olmadığı halda onu saxlamışlar. Bundan əlavə, ola bilər ki, Rusiya Federasiyası, Moskva şəhərində 2 nəfər erməni vurduğu üçün polis əməkdaşları onu tutmuş olsunlar. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə qurudulmuş marixuana, bəzən isə tiryəkdən istifadə edir. Narkotik vasitələri anket əlumatlarını bilmədiyi şəxslərdən əldə edir. 07 yanvar 2024-cü il tarixdə yaşadığı Sumqayıt əhərində yerləşən “Dəniz Bulvarı” adlanan ərazidə gəzən zaman yerdə 01 ədəd şəffaf rəngli bükümün olmasını görmüş, həmin büküm diqqətini çəkdiyindən götürüb içərisinə baxmış və çərisində “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olmasını görmüşdür. Həmin ükümü istifadə etmək məqsədi ilə götürüb şalvarının cibinə qoymuşdur. 09 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən 2 saylı Sumqayıt “Asan Xidmət” mərkəzinin yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib barəsində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üzərində psixotrop maddə “şüşə” olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə həmin Polis İdarəsinə gəlmişdir. Daha sonra Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Səxsi axtarış zamanı üzərində psixotrop maddə olduğunu bildirmişdir. Polis əməkdaşı üzərində olan bütün əşyaları çıxarıb təqdim etməyini bildirmişdir. Bundan sonra əynindəki şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellefon bükümü, sağ yan cibindən “Samsung” markalı mobil telefonu, 01 ədəd plastik pul kartını çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra üzərində şəxsi axtarış həyata keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi əşyalara baxış keçirilməyə başlanılmışdır. 01 ədəd şəffaf büküm iştirakçıların şahidliyi ilə açılmışdır. 01 ədəd şəffaf sellefon bükümün içərisində ağ rəngli, İcristallik formada psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Sorğu zamanı qeyd olunan maddəni saxlanılmamışdan 2 gün öncə Sumqayıt şəhəri, “Dəniz Bulvarı” adlanan ərazidən tapdığını bildirmişdir. Bundan sonra həmin büküm ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. Üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, digər əşyalar isə özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. (Cild 1, iş vərəqləri 56-58, 68-70) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərdi ki, 09 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Bulvar küçəsi ərazisində Təqsirləndirilən şəxs görmüş, ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onun barəsində daxil olmuş məlumatı bildirib, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə, şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs onun üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə yaxud psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs metamfetamin növündə psixotrop maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatını o əldə etmişdir. Onun saxlanılmasında 3 nəfər iştirak etmişlər. Təqsirləndirilən şəxs onun saxlanılması zamanı heç bir təzyiq göstərilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə qablaşdırılmaqla, sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 30-31) Həmin istintaq hərəkətləri videoçəkilişlə aparılmış və istintaq hərəkətlərinin qeydə alındığı bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və mopedə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəq 32) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 10 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/95 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd sellefon bükümdə təmiz çəkisi 5,385 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 1, iş vərəqləri 45-49) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 893 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərdən və kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Səfərov X2 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 119-120) Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərar ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş 09 yanvar 2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. (Cild 1, iş vərəq 89) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 06 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 5,335 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq DİN-in BMCMi-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. Şəxsi axtarış görüntülərini özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 161-169) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair müvafiq qərarına istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, narkotik vasitənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğu halda, onun üzərində daha çox həcmdə narkotik vasitə və psixotrop maddə, eləcə də elektron tərəzi aşkar oluna bilərdi. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 8-ci bəndində göstərilmişdir ki, qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, psixotrop maddənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Satış məqsədi olmadan şəxsi istehlak üçün də məhz külli miqdarda psixotop maddənin əldə edilməsinin mümkünlüyünü nəzərə alaraq, qanunverici Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsini cinayət qanununa əlavə etmişdir. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə uyğun olmaqla, həmin cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab edilir. Məhkəmə, təqsirləndirilən şəxsin onda psioxtrop maddənin olmaması, polislər tərəfindən üzərinə qoyulması və polis əməkdaşları tərəfindən ailə üzvlərinin tutulması ilə hədələnməsinə görə psixotrop maddənin onda olması ilə bağlı etirafedici ifadə verməsi bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə hökmlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək əməli CM-in 126.1-ci maddəsinə tövsif edilərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək cəzası 06 il müddətə endirilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 05 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən o hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən bu hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qərarı ilə onun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2024-cü il və 03 iyun 2024-cü il tarixli qərarları ilə barəsində seçilmiş həbs qətimkn tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 80-82) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, işi üzrə maddi sübut olub DİNin BMCMİ-nin maddi sübutları saxlanc yerində saxlanılan 5,335 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 65 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub DİN-in BMCMİ-nin maddi sübutları saxlanc yerində saxlanılan 5,335 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-687/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-687/2024
17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver