Məhkəmə qərarları › İş №1(124)-69/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-69/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-69/2024 04.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Rusiya Federasiyasının Xabarovsk şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Xaçmaz rayon məhkəməsinin 02 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il 01 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəza 03 il sınaq müddəti şərti hesab edilmiş, Xaçmaz rayon məhkəməsinin 20 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 04 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya məhkəməsinin 09 iyul 2019-cu il tarixli qərarı ilə həmin höküm dəyişdirilərək cəzası 03 il 05 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 23 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərədə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xaçmaz rayonu, Üçgün kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 180.2.4 və 181.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 04 iyul 2022-ci il tarixdə saat 20:25 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən «Çənlibel» parkında həmkəndlisi Zərərçəkmiş şəxs ilə görüşərkən sonuncunun özünə məxsus «Huawei Y7» modelli mobil telefonu cibindən çıxarıb sağ əlində tutduğunu görüb tamah niyyəti ilə Zərərçəkmiş şəxs əlindən üzərində "xxxx" MMC-yə aid 12 manat dəyərində ***-***-**-** nömrəli danışıq kartı və həmin nömrəyə yüklənmiş 2 manat məbləğində danışıq konturu olan 150 manat dəyərində **********26964 İMEİ kodlu, «Huawei Y7» modelli mobil telefonu insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə dartıb zorla almaqla açıq talayıb sonradan Şahid1 sataraq Zərərçəkmiş şəxs ümumilikdə 164 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmiş, yəni insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, 14 iyul 2022-ci il tarixdə saat 17 radələrində Xaçmaz şəhəri, Bakı prospektində olan avtomobil dairəsinin yaxınlığında rastlaşdığı həmkəndlisi Zərərçəkmiş şəxs onun barəsində əvvəlki əməl üzrə Xaçmaz rayon polis şöbəsinə şikayət etməsi ilə bağlı narazılığını bildirərkən, sonuncu özünə məxsus «Lenovo vibe» modelli mobil telefonu cibindən çıxarıb zəng vurmaq istədikdə o, tamah niyyəti ilə Zərərçəkmiş şəxs sağ əlində tutduğu «Lenovo vibe» modelli mobil telefonu dartıb zorla almış, Zərərçəkmiş şəxs mobil telefonunu geri tələb edən zaman isə Təqsirləndirilən şəxs həmin mobil telefonu əldə saxlamaq məqsədi ilə insan həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən vuraraq sonuncuya hər iki gözün altında qançır, burun sümüyünün yerini dəyişən qapalı sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib üzərində Azerfon» MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli danışıq kartı və həmin nömrəyə yüklənmiş 1 manat məbləğində danışıq konturu olan 60 manat dəyərində **********421800 İMEİ kodlu, «Lenovo vibe» modelli mobil telefonu ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 66 manat məbləğində maddi ziyan vurmaqla təkrar quldurluq etmiş, yəni təkrar, özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən onun mobil telefonunu zor tətbiq etməklə almamışdır. Zərərçəkmiş şəxs mobil telefonu özü ona vermişdir. Zərərçəkmiş şəxsin ona borcu olmuş, həmin borcu qaytaranadək mobil telefonunu ona vermişdir. O, Şahid1 zərərçəkmiş şəxsin mobil telefonunu satmamışdır. Daha sonra, zərərçəkmiş şəxs onunla bağlı polis orqanına şikayət etmiş və bunun nəticəsində o, inzibati qaydada həbs edilmişdir. Bu səbəbdən ona qarşı əsəbi idi. Onunla görüşmüş, aralarında mübahisə yaranmışdır. Həmin vaxt zərərçəkmiş şəxsə 1 və ya 2 dəfə yumruqla zərbə vurmuşdur. Zərərçəkmiş şəxslə mübahisə edərkən o, mobil telefonunu cibindən çıxararaq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng etmək istəmişdir. Onun qarşısını almaq üçün zərərçəkmiş şəxsin mobil telefonunu götürmüş və kənara tullamışdır. Zərərçəkmiş şəxsin ona borcu olmuş, onun isə Elnura borcu olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o Azərbaycan Respublikası CM-nin 180.2.2, 180.2.4 və 181.2.2-ci maddələri ilə ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Xaçmaz rayonu, Üçgün kəndində tək yaşamışdır. 2022-ci ilin iyul-avqust aylarında Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən fındıq sexində fəhlə işləmişdir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onun əvvəllər Elnurla münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Dəqiq tarixi xatırlamır, 2022-ci ilin mart ayının ortaları olardı Elnur yaşadığı evə gəlib ondan borc olaraq 150 manat pul istəmişdir. Elnurdan 150 manat pulun nəyə lazım olduğunu soruşduqda demişdir ki, ehtiyacı var, borc olaraq onu pul versin, gilas meyvəsi yığılan vaxt ondan aldığı pulu qaytaracaqdır. Elnura 150 manat pulu olmadığım, 80 manat pulu olduğunu bildirərək cibindən çıxarıb Elnura vermiş, Elnurda 80 manat pulu ondan aldıqdan sonra çıxıb getmişdir. Elnura borc pul verdiyi vaxtdan bir neçə gün sonra Bakı şəhərinə gedib sonrakı ayları Bakı şəhərində qalmış, 2022-ci ilin may ayının sonlarında isə qayıdıb Xaçmaz rayonu, Üçgün kəndinə yaşadığı evə gəlmişdir. Üçgün kəndində Elnuru görərkən sonuncu ona demişdir ki, gilas meyvəsi yığımına başlayan kimi ondan borc olaraq aldığı 80 manat pulu qaytaracaqdır. 01 iyul 2022-ci il tarixdə pula ehtiyacı olduğu üçün Elnura zəng vurub demişdir ki, pula ehtiyacı var, ona 30 manat pul versin. Elnur özünündə pula ehtiyacı olduğunu, sonra pul düzəldib ona verəcəyini bildirmiş, 03 iyul 2022-ci il tarixdə o, yenidən Elnura zəng vurub pul düzəldə bilib-bilmədiyini soruşmuş, Elnurda ona demişdir ki, «Xoşbəxt Məkan» şadlıq sarayının qarşısına gəlsin, ona pul verəcək. Elnurla danışdıqdan sonra o, «Xoşbəxt Məkan» şadlıq sarayının qarşısına gedib Elnurla görüşmüş və həmin yerdə Elnur ona 30 manat pul vermişdir. Elnurdan pulu aldıqdan sonra ona demişdir ki, iki gün ərzində ondan aldığı pulu gətirib qaytarsın. Elnurun ondan aldığı 80 manat pulu qaytarmadığı halda onun aldığı 30 manat pulu iki gün ərzində gətirb qaytarmasını deməsi xoşuna gəlməmiş, ancaq ona heç bir söz demədən ayrılıb getmişdir. 04 iyul 2022-ci il tarixdə yenidən pula ehtiyacı yaranmış və qərara gəlmişdir ki, Elnura zəng vurub borc olaraq ona verdiyi 80 manat pulu istəsin. Bu məqsədlə də həmin gün təxminən saat 20 radələrində Elnura zəng vurub harada olduğunu soruşmuş, Elnurda ona demişdir ki, Xaçmaz şəhəri, Bakı prospektində yerləşən «Çənlibel» parkındadır, uşaqlarını gəzmələri üçün parka gətirmişdir. Elnurla danışdıqdan sonra o, tanımadığı şəxsin idarə etdiyi taksi avtomobilinə əyləşib «Çənlibel» parkının yaxınlığına getmiş və yenidən Elnura zəng vurub ona parkda olduğunu bildirmişdir. Elnur tək onun yanma gəlmiş və o, Elnura demişdir ki, pula ehtiyacı var, 2022-ci ilin mart ayında ondan aldığı 80 manat pulu qaytarsın. Elnurda demişdir ki, ona 30 manat pul vermişdir, indi də oııa 27 manat pul versin, Pərviz adlı dostunun ona borcu vardır, Pərvizdən pulunu alan kimi ona olan borcunun qalan hissəsinidə verəcəkdir. Bundan sonra Elnur cibindən çıxarıb ona 27 manat pu! vermişdir. Elnurdan 27 manat pulu alıb getmək istəyəndə sonuncunun özünə məxsus «Huawei Y7» modelli mobil telefonu cibindən çıxarıb əlində tutduğunu görmüş və həmin anda fikirləşmişdir ki, Elnurun mobil telefonunu əlindən çəkib alsın və aparıb sataraq əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləsin. Elnurun ona diqqət yetirmədiyini görmüş və sonuncunun əlindən mobil telefonu çəkib aldıqdan sonra gedə-gedə ona demişdir ki, ondan aldığı pulun qalan hissəsini bir saat ərzində gətirib onun özünə verməsə mobil telefonunu satacaq. Bilmişdir ki, Elnur bir saat ərzində pul düzəldib ona verə bilməyəcək. Ona görə də Elnura bir saat vaxt qoymuşdur ki, o, pul düzəldib ona verə bilməsin və o, onun mobil telefonunu sata bilsin. Elnur ona telefonunu geri qaytarmasını deyib bir qədər arxasınca gəlmiş, o, isə dayanmayaraq ondan uzaqlaşıb yolun kənarına gəlmiş və tanımadığı şəxsin idarə etdiyi taksi avtomobilinə əyləşib Xaçmaz şəhəri, Bakı prospektində olan avtomobil dairəsinin yaxınlığında yerləşən kafeyə getmişdir. Təxminən bir saata yaxın vaxt keçdikdən sonra Elnurun əlindən aldığı mobil telefona xatırlamadığı nömrədən zəng gəlmiş və o, telefona cavab verdikdə görmüşdür ki, zəng vuran Elnurdur. O, bir daha Elnura olduğu yeri bildirərək demişdir ki, borc olaraq ondan aldığı pulun qalan hissəsini gətirib qaytarmasa onun mobil telefonunu satacaq. Elnurda ona söz vermişdir ki, borc olaraq ondan aldığı pulun qalan hissəsini, yəni 23 manatını gətirib qaytaracaqdır. O, Xaçmaz şəhəri, Bakı prospektində olan avtomobil dairəsinin yaxınlığında yerləşən kafedə oturub Elnurun gəlməsini gözləsədə sonuncu gəlməmiş və o, Elnurun əlindən aldığı «Huawei Y7» modelli mobil telefonun üzərindən danışıq kartını çıxardıqdan sonra kafedə işləyən Arzu adlı qadına Elnurun mobil telefonunu göstərib demişdir ki, özünə məxsusdur, pula ehtiyacı olduğu üçün 200 manata satır. Arzu həmin məbləğdə pulu olmadığını bildirdikdə demişdir ki, o, öz mobil telefonunu və əlavə olaraq 20 manat pul versin, o, da «Huawei Y7» modelli mobil telefonu ona versin. Arzu onunla razılaşmış və o, Elnurun əlindən çəkib aldığı «Huawei Y7» modelli mobil telefonu Arzunun mobil telefonu ilə dəyişərək üzərində əlavə 20 manat pul almışdır. Səhəri gün bilmişdir ki, Elnur Xaçmaz RPŞ-nə gedib onun barəsində şikayət edib. 2022-ci ilin iyul ayının 05-dən 06-na keçən gecə polis əməkdaşları onu Xaçmaz RPŞ-nə dəvət etdikləri üçün o, Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞ-də olarkən barəsində Azərbaycan Respublikası İXM-nin 535.1 -ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmiş və Xaçmaz rayon məhkəməsinin qərarı ilə barəsində 08 gün həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. 14 iyul 2022-ci il tarixdə gecə saat 02:00-da həbs müddəti başa çatdığı üçün o, Xaçmaz RPŞ-nin MSY-dən buraxılmışdır və o, yaşadığı Xaçmaz rayonu, Üçgün kəndinə getmişdir. 14 iyul 2022-ci il tarixdə təxminən saat 17 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən avtomobil dairəsinin yaxınlığına gələndə Elnurla rastlaşmış və sonuncudan nəyə görə onun barəsində Xaçmaz RPŞ-nə şikayət etdiyini soruşmuş, Elnur ona «yaxşı etmişəm» deməklə cavab verdiyi üçün onların arasında söz mübahisəsi yaranmışdır. Həmin vaxt Elnur cibindən mobil telefonunu çıxarıb arxasını ona çevirərək kiminsə nömrəsini yığmışdır. Elnurun Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng etdiyini düşünüb ondan 102 xidmətinə zəng vurduğunu soruşmuş, Elnur ona cavab verməyib mobil telefonunda nömrə yığmaqda davam etdiyi üçün onun Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng etdiyini düşünmüş və mobil telefonu çəkib Elnurun əlindən almışdır. Elnur mobil telefonunu onun əlindən almaq istədikdə o, əsəbləşib yumruqla Elnurun sifətinə vurmuşdur. Sonra tanmadığı bir nəfər gəlib onları ayırmış və o, Elnurun mobil telefonunu qaytarmayaraq cibinə qoyub özü ilə aparmışdır. Sonrakı günlərdə o, Elnurun mobil telefonunu itirmişdir. Bir neçə gün keçdikdən sonra eşitmişdir ki, Elnur yenidən Xaçmaz RPŞ-nə gələrək onun barəsində şikayət edib. 04 iyul 2022-ci il tarixdə o, «Çənlibel» parkına tək gedib Elnurla görüşmüşdür. Həmin vaxt onun yanında heç kim olmamışdır. 04 iyul 2022-ci il tarixdə saat 20:25 radələrində «Çənlibel» parkında olarkən Elnurun əlindən «Huawei Y7» modelli mobil telefonu almışdır ki, satıb əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləsin. 14 iyul 2022-ci il tarixdə Xaçmaz şəhəri, Bakı prospektində Elnurun mobil telefonunu çəkib əlindən alarkən və yumruqla sifətinə vurarkən isə ətrafda tanmadığı adamlar olmuşlar. O, həmin şəxsləri tanımadığı üçün adlarını göstərə bilmir. (Cild 1, iş vərəqləri 138-139) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ondan təxminən 30-35 manat məbləğində borc müqabilində pul istəmiş, o da onun təklifini qəbul edərək, istədiyi məbləği vermişdir. Bir gün övladları ilə Xaçmaz şəhərində yerləşən «Çənlibel» parkında gəzərkən Təqsirləndirilən şəxs ona zəng edərək, görüşmək və borcunu qaytarmaq istədiyini bildirmişdir. O da parkda övladları ilə olduğu üçün onların yanından ayrıla bilməzdi. Bu səbəbdən Təqsirləndirilən şəxs ona verəcəyi puldan 2 manat götürüb, taksi avtomobili ilə olduğu parka gəlməsini bildirmişdir. Borcunu qaytardıqda həmin taksi xidməti pulunu ondan almayacaqdı. Təqsirləndirilən şəxs ondan borc müqabilində pul istədikdə, onu 2 gün sonra qaytaracağını bildirmişdi. Təqsirləndirilən şəxs ona “sən kimsən ki, mənə pul qaytarmaq barədə vaxt qoyursan?” məzmunlu suallar verməyə başlamışdır. Halbuki, ondan pul istədikdə, onu 2 gün sonra qaytaracağını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yanında başqa şəxs də var idi. Təqsirləndirilən şəxs ona 1 və ya 2 dəfə yumruq zərbəsi vuraraq mobil telefonunu götürmüşdür. Bu zaman o, cibində olan 27 manat məbləğində pulu da götürmüşdür. Yanında övladları olduğu üçün onlarla mübahisəni davam etdirə bilməmişdir. Övladlarını evə aparıb Təqsirləndirilən şəxs axtarmağa başlamış, lakin onu tapa bilməmişdir. Mobil telefonu onun üçün çox əhəmiyyətli olduğu üçün onun tapılması üçün müvafiq polis orqanına müraciət etmişdir. Daha sonra Xaçmaz şəhəri, Bakı prospekti adlana ərazidə olarkən Təqsirləndirilən şəxs gəlmiş və onunla mübahisə etməyə başlamışdır. Bu dəfə o, “sənə görə mən niyə tutulmalıyam?” məzmunlu suallar verərək, onu vurmağa başlamışdır. Həmin vaxt onun körpücük sümüyünün sındığı üçün onunla əlbəyaxa dava edə bilməzdi. Bu səbəbdən cibimdən mobil telefonunu çıxararaq, dostuna zəng etmək istəmişdir. Təqsirləndirilən şəxs mobil telefonu götürdüyünü görüb yenidən onu yumruqla vurmuş və mobil telefonunu əlindən almışdır. Onun vurduğu zərbələr nəticəsində xəsarətlər almış, burnu sınmış və burnundan qan gəlməyə başlamışdır. Bərbərxanada su motoru oğurladığına görə heç kimlə dalaşmamış və bunun nəticəsində burnu sınmamışdır, Təqsirləndirilən şəxs qeyd etdikləri həqiqəti əks etdirmir. Zərərçəkmiş şəxs həmçinin təqsirləndirilən şəxslə barışdıqlarını, ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, aşağı həddə cəza təyin olunmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsində göstərmişdir ki, o, Şabran şəhəri, T.Abbasov küçəsi, ev 5, mənzil 3-də qeydiyyatda olsada atası Ramizlə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, Konserv Zavod qəsəbəsində kirayədə yaşayır. Xaçmaz rayonu, Qusarçay kənd tam orta məktəbində tarix müəllimi işləyir. Qusarçay kənd tam orta məktəbində təmir işləri aparıldığı üçün həmin məktəbin şagirdlərinə dərslər Xudat şəhər 4 saylı tam məktəbdə keçirilir. O, Xaçmaz rayonu, Üçgün kəndində yaşayan Təqsirləndirilən şəxs 2022-ci ilin yaz aylarından tanıyır. Dəqiq tarixi xatırlamır, 2022-ci ilin yaz aylarında o, Xaçmaz rayonun, Nərəcan kəndi ərazisində yerləşən ayrı-ayrı şəxslərə məxsus bağ sahələrinə gedib işləmişdir. Həmin ərəfədə Nəcmmədində Nərəcən kəndinə gəlib bağ sahələrində fəhlə işləmişdir. 2022-ci ilin iyun ayında isə Nəcməddinlə birlikdə Xaçmaz rayonu ərazisində olan bağ sahələrinə gedib gilas yığmışlar. Tədricən Nəcməddinlə münasibəti yaranmış və o, aradabir Xaçmaz şəhərində Nəcməddinlə görüşüb söhbət etmişdir. 19 iyul 2022-ci il tarixdə səhər saatlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində Nəcməddinlə görüşərkən sonuncu ona demişdir ki, özünün şəxsiyyət vəsiqəsi yoxdur, öz mobil telefonunda istifadə etməsi üçün danışıq kartı almaq istəyir, o, şəxsiyyət vəsiqəsini ona versin və onun şəxsiyyət vəsiqəsini təqdim edib öz mobil telefonunda istifadə etməsi üçün danışıq kartı alsın. Nəcməddini tanıdığı üçün onunla razılaşaraq öz şəxsiyyət vəsiqəsini Nəcməddinə vermişdir. Nəcməddin onun şəxsiyyət vəsiqəsini aldıqdan sonra ondan ayrılıb N.Nərimanov küçəsində olan telefon mağazalarından birinə daxil olmuş və bir neçə dəqiqə keçdikdən sonra yanma gəlib şəxsiyyət vəsiqəsini özünə qaytararaq demişdir ki, onun şəxsiyyət vəsiqəsini verib özünün istifadə etməsi üçün danışıq kartı almışdır. Ancaq Nəcməddin onun adına hansı mobil operatoruna aid danışıq kartı aldığını ona deməmiş və o, özüdə bu barədə ondan soruşmamışdır. Bir neçə gün keçdikdən sonra Xaçmaz şəhərində Nəcməddinlə görüşərkən sonuncu demişdir ki, onun adma aldığı danışıq kartını mobil telefonu ilə birlikdə itirmişdir. Onun istifadəsində 070- ***-**-** nömrəli danışıq kartı olmamışdır. O, 2019-cu İldən bu günədək mobil telefon istifadə etməmiş və heç vaxtda öz adına danışıq kartı almamışdır. 19 iyul 2022-ci il tarixdə Nəcməddin onun şəxsiyyət vəsiqəsini təqdim edərək öz mobil telefonunda istifadə etməsi üçün danışıq kartı almışdır. Yəqin ki, adma olan 070- ***-**-** nömrəli danışıq kartı Nəcməddinin onun şəxsiyyət vəsiqəsini verib özü üçün aldığı danışıq kartıdır. Nəcməddin kiminləsə mübahisə etməsini və ya kiminsə əlindən mobil telefon almasını ona deməmişdir. (Cild 1, iş vərəqləri 114-115) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 göstərmişdir ki, o, Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 39-da yaşayır. Xaçmaz şəhəri, Bakı prospektində olan avtomobil dairəsinin yaxınlığnda yerləşən kafedə masa xidmətçisi işləyir. Xaçmaz rayonu, Üçgün kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır. Nəcməddin mütəmadi olaraq onun işlədiyi kafeyə gəlibgetmişdir. 04 iyul 2022-ci il tarixdə axşam saatlarında Nəcməddin onun işlədiyi kafeyə gəlib masalardan birinin arxasında əyləşərək özünün içməsi üçün pivə sifariş vermiş, o, da gətirib onun əyləşdiyi masanın üstünə pivə qoymuşdur. Nəcməddin pivəni içədikdən sonra onu əyləşdiyi masaya çağırmış, o, da gəlib onunla bir masa arxasında əyləşmişdir. Nəcməddin cibindən çıxardığı «Huawei Y7» modelli mobil telefonun üzərindən danışıq kartını çıxardıqdan sonra ona demişdir ki, həmin mobil telefon özünə məxsusdur, pula ehtiyacı olduğu üçün 200 manata satır. Nəcməddinə həmin məbləğdə pulu olmadığını bildirdikdə demişdir ki, öz mobil telefonunu və əlavə olaraq 20 manat pul versin, o, da özünə məxsus «Huawei Y7» modelli mobil telefonu ona versin. Mobil telefonu nasaz olduğu üçün o, Nəcməddinlə razılaşmış və öz mobil telefonunu onun satdığı «Huawei Y7» modelli mobil telefonla dəyişərək üzərində əlavə 20 manat pu) vermişdir. 06 iyul 2022-ci il tarixdə o, dəvət olunduğu üçün Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞ-də olarkən polis əməkdaşları Nəcməddindən mobil telefon alıb-almadığını soruşmuşlar, o, da bildirmişdir ki, 04 iyul 2022-ci il tarixdə işlədiyi kafedə Nəcməddin ona bir ədəd «Huawei Y7» modelli mobil telefon satmışdır və həmin mobil telefon hal-hazırda onun özündədir. Polis əməkdaşları Nəcməddinin ona satdığı «Huawei Y7» modelli mobil telefonu soyğunçuluq yolu ilə həmkəndlisi Zərərçəkmiş şəxs əlindən aldığını bildirdikdə o, Nəcməddindən aldığı «Huawei Y7» modelli mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Nəcməddin ona demişdir ki, satdığı «Huawei Y7» modelli mobil telefon özünə məxsusdur, pul lazım olduğu üçün satır. Nəcməddini tanıdığı üçün inanıb «Huawei Y7» modelli mobil telefonu ondan almışdır. Əgər Nəcməddinin ona satdığı «Huawei Y7» modelli mobil telefonu soyğunçuluq etməklə başqa şəxsin əlindən aldığını bilsəydi heç vaxt Nəcməddinlə razılaşıb onu almazdı. (Cild 1, iş vərəqləri 87-88) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən əşyaya baxış keçirilməsi haqqında 06 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 bir ədəd **********26964 İMEİ kodlu «Huawei Y7» modelli mobil telefonu təqdim edərək 04 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs aldığını bildirmiş, Zərərçəkmiş şəxs isə Arzu Həsənovun təqdim etdiyi bir ədəd «Huawei Y7» modelli mobil telefonun həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən əlindən alındığını və özünə məxsus olduğunu bildirmişdir. (Cild 1, iş vərəq 35) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 14 iyul 2022-ci il tarixdə Xaçmaz şəhəri, Bakı prospektində olan avtomobil dairəsinin yaxınlığında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindən «Lenovo vibe» modelli mobil telefonu alması və yumruqla sifətinə vurması Xaçmaz şəhəri, Bakı prospektində quraşdırılmış videomüşahidə kamerası ilə qeydə alınmış və həmin video görüntülərin köçürüldüyü bir ədəd «CD» formatlı disk cinayət işinə əlavə edilmişdir. Həmin diskə baxış keçirilməsinə dair 18 iyul 2022-ci il tarixli protokoldan, həmçinin diskdəki videogörüntülərdən görünür ki, Xaçmaz şəhəri, Bakı prospektində olan avtomobil dairəsinin yaxınlığında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs üzbəüz dayanıb söhbət edərkən Zərərçəkmiş şəxs arxasını Təqsirləndirilən şəxs çevirib sağ əlində tutduğu mobil telefonuna baxmasının, həmin anda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ əlində tutduğu mobil telefonu çəkib almasının, Zərərçəkmiş şəxs mobil telefonunu Təqsirləndirilən şəxs geri almaq istədikdə isə Təqsirləndirilən şəxs mobil telefonu geri qaytarmayıb özündə saxlamağa çalışaraq yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmasının görüntüləri əksini tapmışdır. (Cild 1, iş vərəqləri 18,46-47) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında tələbnamənin cavabından və müvafiq məhkəmə hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 02 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il 01 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəza 03 il sınaq müddəti şərti hesab edilmişdir. Bundan başqa, o, Xaçmaz rayon məhkəməsinin 20 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 67.1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 04 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya məhkəməsinin 09 iyul 2019-cu il tarixli qərarı ilə həmin höküm dəyişdirilərək cəzası 3 il 05 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına endirilmiş, 23 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Daha sonra, o, Bakı şəhəri Səbail rayon məhkəməsinin 23 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərədə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 11 oktyabr 2021-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət onun cəza müddətinə hesablanıb çıxılmaqla üzərində qəti olaraq 2 il 7 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (Cild 1, iş vərəqləri 80-81,99-101) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin istinad olunan əməllərin tövsif edilməsi üçün əsaslar vardır. Belə ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, 2021-ci ilin sentyabr ayının 10dan 25-dək olan müddət ərzində Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü Yaşayış massivində yerləşən X4 məxsus evə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talaması əməli ilə bağlı Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və həmin əməl üzrə Azərbaycan Respublikası CM-nin 16.3-cü maddəsində göstərilən əsasların olmamasına baxmayaraq, təkrarən soyğunçuluq cinayətini törətmişdir. Lakin həmin iş üzrə təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Səbail rayon məhkəməsinin 23 dekabr 2022-ci il tarixli hökmü çıxarılmış və o, məhkum olunmuşdur. Qeyd olunan əsasa görə təqsirləndirilən şəxsin əməllərində soyğunçuluq cinayəti ilə bağlı təkrarlıq istinsna olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi çıxarılmalı və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 181.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Onun Cinayət Məcəlləsinin həmin maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin zərərşəkmiş şəxsin telefonunu zor tətbiq etməklə almaması, zərərçəkmiş şəxsin telefonu özünün ona verməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Təsvir olunan sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təhlükəli residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal hesab edilməlidir. Belə ki, yuxarıda təsvir olunanlardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Xaçmaz rayon məhkəməsinin hökmləri ilə mövcud olan azadlıqdan məhrum etmə ilə bağlı məhkumluqları ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda bu cinayətlərin təhlükəli residivi hesab olunur. Bundan başqa, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Səbail rayon məhkəməsinin 23 dekabr 2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl hazırki cinayət işi üzrə ona istinad edilən cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd edir ki, hazırki hökm üzrə təyin edilmiş cəza cinayətlərin məcmusu üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinin 23 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə tam toplanılmalı və cəza müddətinə hesablanmalı, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu iki gün ümumi cəza müddətindən çəxəlmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Qərarına əsasən, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı 01 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. 30 avqust 2022-ci il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunmuş, 03 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarı əsasında tutulmuşdur. Bundan başqa, həmin iş üzrə Təqsirləndirilən şəxs 11 oktyabr 2021-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin hazır ki, iş üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 29 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 11 oktyabr 2021-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət onun cəza müddətinə hesablanıb çıxılmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut olan 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs məxsus “Huawei Y7” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işinin materiallarından görünür ki, iş üzrə məhkəmə xərci yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 181.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 181.2.2-ci maddəsi ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Səbail rayon məhkəməsinin 23 dekabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Səbail rayon məhkəməsinin 23 dekabr 2022-ci il tarixli hökmü ilə məhkum edilməsinə dair cinayət işi üzrə 11 oktyabr 2021-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün ona təyin edilmiş cəza müddətinə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs məxsus “Huawei Y7” markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar