Məhkəmə qərarları › İş №1(124)-691/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-691/2023

25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-691/2023 25.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X6 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Qusar rayonu Yasab-oba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı uşağı var, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Qusar rayonu Yasab-oba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını, 2023-cü ilin yanvar ayında Qusar rayonu Yasab-oba kəndində yerləşən yaşadığı evin həyətində torpaq sahəsinin yuxarı hissəsində olan kolluqlarda qanunsuz olaraq əkmiş və zəruri aqrotexniki qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, əkdiyi toxumlardan yaş halda ümumi çəkisi 200 qram olan əkilib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan cəmi 25 ədəd külli miqdarda çətənə (kannabis) bitkisinin kolları xx.xx.2023-cü il tarixdə saat 07:25 radələrində Qusar RPŞ-nin Samur PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı evin həyətindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o hərdən bir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edirdi. Narkotik vasitə əldə etməsi çətin olduğu üçün çətənə bitkiləri əkib-becərmək fikrinə düşmüşdür. Bu ilin yanvar-fevral aylarında Bakı şəhərində, Maştağa kəndi ərazisində tanımadığı şəxsdən çətənə toxumlarını alıb həmin toxumları may ayının sonlarında yaşadığı evin həyətində ailə üzvlərindən gizli ləyənə və vedrəyə atmış, həmin ləyənin və vedrənin içərisində çətənə toxumlarından 23 ədəd ləyəndə, 01 ədəd isə vedrədə yetişmiş, bunlardan əlavə bağ sahəsində də bir ədəd çətənə bitkisi yetişmişdir. Həmin çətənə bitkilərini sulayıb dibinə gübrə verib diblərini yabanı otlardan təmizləmişdir. xx.xx.2023-ci il tarixdə saat 05 radələrində yaşadığı evin qarşısına polis əməkdaşları gələrək onu çağırmış, özlərini təqdim etmiş, narkotik vasitələrin istifadəsində, saxlanılmasında və kultivasiyasında şübhəli olduğunu bildirərək hüquq və vəzifələrini izah edərək saxlamış, bir qədər sonra həmin yerə Qusar RPŞ-nin Xəqani Dadaşov və vəkil gəlmişlər. Həmin şəxslərin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamış, daha sonra onun razılığı ilə yaşadığı evin həyətinə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı onun tərəfindən əkilmiş, ləyəndə, vedrədə və bağ sahəsində yetişmiş çətənə bitkiləri aşkar olunmuşdur. Ləyəndəki 23 ədəd, vedrədəki 01 ədəd və həyətdəki 01 ədəd çətənə bitkisi aşkar olunaraq qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində 02 azyaşlı uşağının olmasının nəzərə alınaraq ona mümkün qədər yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o Qusar RPŞ-nin Samur PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə Qusar rayonu, Yasab-oba kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılması, daşınması və kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bundan sonra Qusar RPŞ-nin Samur PB-nin polis nəfərləri Şahid2, Şahid3 və növbətçi sürücü Şahid4 ilə birlikdə Qusar rayonu, Yasaboba kəndi ərazisində həmin tarixdə, saat 05 radələrində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələrin saxlanılmasında, daşınmasında və kultivasiyasında şübhəli olduğunu bildirmiş, ona hüquq və vəzifələri izah olunmuş və saxlanılmışdır. Bundan sonra bu barədə Qusar RPŞ-nin növbətçi hissəsinə məlumat verilmiş, həmin yerə Qusar RPŞ-nin İB-nin baş müstəntiqi Xəqani Dadaşov, Qusar rayon vəkil bürosunun vəkili X4 ilə birlikdə gəlmiş, video çəkilişlə Novruzun üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar-olunmamış, daha sonra Novruzun dä razılığı ilə yaşadığı evin həyətinə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı sonuncu tərəfindən əkilmiş, ləyəndə, vedrədə və bağ sahəsində yetişmiş çətənə bitkiləri aşkar olunmuşdur. Ləyəndə 23 ədəd, vedrədə 01 ədəd və həyətdə də 01 ədəd çətənə bitkisi aşkar olunaraq ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Qusar RPŞ-nin Samur PB-nin əməkdaşları Şahid2, Şahid3 sahid Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 da ibtidai istintaqda verdiyi ifadəsində məhkəmədə dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2013-cü ildə həyat yoldaşı Novruzla ailə həyatı qurmuşdur, onların iki azyaşlı övladları var. O, heç yerdə işləməmişdir, Novruz isə icarəyə götürdüyü nəqliyyat vasitəsi ilə yaxınlıqda yerləşən bağ sahələrinə fəhlələri aparmaqla ailəni dolandırmışdır. Novruzun narkotik vasitədən istifadə etməsi, narkotik tərkibli bitkilərin əkib-becərilməsi ilə məşğul olmasından yaşadıqları ünvana polis əməkdaşlarının gəlib baxış keçirməsinədək xəbəri olmamışdır. xx.xx.2023-ci il tarixdə, səhər saat 07:00 radələrində yaşadıqları ünvana polis əməkdaşları müdafiəçinin iştirakı və Novruzun razılığı ilə evin həyətinə və bağ sahəsinə baxış keçirmişlər. Baxış zamanı Novruzun bağ sahəsində ləyəndə və vedrədə əkdiyi çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 16 iyun 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən evin həyətində olan ləyən və vedrədə, həmçinin biri də yerdə əkilmiş vəziyyətdə cəmi 25 ədəd çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Həmin istintaq hərəkəti videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Həmin diskə məhkəmədə proses iştirakçılarının iştirakları ilə baxılarkən də müəyyən edildi ki, yuxarıda göstərilənlər öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan Qusar DAİM-in Bitkiçilik sektorunun baş məsləhətçisi Xələf Babayev tərəfindən tərtib edimiş 16 iyun 2023-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs həyətinə baxış zamanı aşkar olunmuş 25 ədəd yaş kök üstündə narkotik təbiətli çətənə bitkiləri müəyyən edilərək götürülmüşdür. Həmin bitkilərin hündürlükləri 5-50 sm, olmaqla onlara aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bioloji ekspertizalar şöbəsinin 17 iyun 2023-cü il tarixli, 7/881 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət.Aslanova məxsus həyətdən aşkar olunmuş...çətənə koluna bənzər...” yazılar və imzalar plan İki ədəd sintetik torbada və 01 (bir) ədəd sellofan bağlamada ümumi sayı 25 ədəd yaş vəziyyətdə ümumi çəkisi 200,0 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 18 iyul 2023-cü il tarixli, 4533 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodilərdən istifadə halları olub, lakin hal-hazırda müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-psixiatrik ekspertizasının 18 iyul 2023-cü il tarixli, 1973 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağılllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs qərarda təsvir olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək istidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 25 ədəd çətənə bitkiləri, 01 ədəd vedrə və 1 ədəd ləyən maddi sübut kimi tanınmışdır. Sübut əhəmiyyəti kəsb edən bir ədəd ”DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir . Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsassən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən İİİ siyahıda, yəni “qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilərdir və həmin bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla yuxarı həddi 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması və törətdiyi əməli səmimi etiraf etməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 iyun 2023-cü il tarixdə barəsində “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı 01 gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə hökmün elan olunduğu və təqsirləndirilən şəxsin məhkəmə iclas zalında həbsə alındığı tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edildiyindən və təyin olunan cəza çəkilməli olduğundan qeyd olunan qətimkan tədbiri çıxarılacaq hökmlə dəyişdirilib “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı və cəza çəkməsinin əvvəli hökmün elan olunacağı 25 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, 25 ədəd çətənə bitkiləri, 01 ədəd vedrə və 1 ədəd ləyən məhv edilməli, iş materiallarında olan 01 ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 70 manat manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdən 17 iyun 2023-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində 03 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu 25 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinin məhkəmədə xidmət aparan polis əməkdaşlarına təhvil verilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Qusar RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 25 (iyirmi beş) ədəd çətənə bitkiləri, 01 (bir) ədəd vedrə və 1 (bir) ədəd ləyən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin İş üzrə 70 (yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Fəhmin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar