Məhkəmə qərarları › İş №1(124)-696/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-696/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-696/2024 09.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 24-cü məhəllə, ev 17A/5, mənzil 1-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 8, mənzil 32-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs o istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 9,730 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 28 fevral 2024cü il tarixdə saat 16:40-da həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri 9-cu məhəllədə yerləşən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qara Qarayev adma 1 nömrəli uşaq musiqi məktəbinin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Sumqayıt şəhər Polis İdarəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 17:40-da orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindəki “Rothmans” markalı siqaret qutusunun içərisindən satış məqsədi olmadan qanunsuz olaraq daşıyaraq saxladığı bir ədəd qara rəngli sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 9,730 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onu məktəbin yanında tutmuşlar, lakin üzərində heç nə olmamışdır. 5 nəfər əməliyyatçı onun üzərində axtarış aparmış, onun qollarını qandallamış və polis idarəsinə aparmışlar. Daha sonra onu döymüş və ona bildirmişlər ki, təqsirini boynuna almalıdır, almasa, üzərində silah aşkarlandığını da qeyd edəcəklərini bildirmişlər. O isə məcbur olub bu əməli etdiyini boynuna götürmüşdür. Ona deyilmişdir ki, telefonuna ünvan atılmışdır, oradan gedib götürmüşdür, ancaq onun telefonunda elə bir şey olmamışdır. Sadəcə döyüldüyünə və işgəncələrə məruz qaldığına görə boynuna almışdır. Verilən suallara cavab olaraq bildirdi ki, o, hal-hazırda narkotik vasitə istifadə etmir. Əvvəllər etsə də azadlığa çıxandan sonra bir daha istifadə etməmişdir. Hətta demişdir ki, onu tibbi müayinə etsinlər. Lakin müstəntiq ona bildirmişdir ki, ifadəni imzalamasa azadlıqdan məhrumedilmə müddəti uzacanacaqdır. Ona qarşı olan qanunsuzluqları hakimə bildirmişdir, onda iranlı şəxsin nömrəsi olmuşdur, aralarında danışıqlar olmuşdur. Ailə üzvünü müalicəyə aparmaq istəmiş və bununla bağlı dostunun Mehdi adlı qohumu ilə danışmışdır, Mehdi İranda yaşamışdır və onunla dostu vasitəsilə tanış olmuşdur. Hepatit xəstəliyi ilə bağlı İrana getmək istəmişdir. Hansı şəhərə gedəcəklərini müəyyənləşdirməmiş, sadəcə qiymətlərlə maraqlanmışdır. Tutulduğu gün Mehdi ilə danışdığı yadında olmamışdır. Döyüldüyünü vəkilə deməmişdir, çəkiliş zamanı vəkil iştirak etmişdir. Ona təzyiq olunduğunu demişdir. Vəkil onu müdafiə etməmişdir. O, şikayət etməmiş və demişdir ki, o istifadə etməmişdir. Axırıncı dəfə 2021-ci ildə istifadə etmişdir. O, dövlət işində mühafizə sahəsində işləmişdir. X1 daxil olanda onun xəsarətlərini qeyd etməmişlər. Ekspertizaya müraciət etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2024-cü ilin mart ayının əvvəllərində Lənkəran rayonuna işləməyə gedəcəyindən, 27 fevral 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində ucuz qiymətə narkotik vasitə satışı səhifəsi qarşısına çıxmış, həmin səhifəni işlədən şəxslə yazışan zaman həmin şəxs özünü ona İran vətəndaşı kimi təqdim edərək adının Mehdi olduğunu bildirmişdir. Onunla söhbətləri zamanı o aşağı qiymətə narkotik vasitə sata biləcəyini bildirmiş və bundan sonra həmin şəxsə öz mobil nömrəsini göndərmişdir. Bundan sonra həmin şəxs onun mobil telefonuna vatsapa vasitəsilə zəng etmiş, onunla söhbətləri zamanı 10 qram çəkidə psixotrop maddə metamfetamini 300 manata alacağına razılaşmışdır. 28 fevral 2024-cü il tarixdə həmin şəxsin ona verdiyi M10 hesabına 300 manat pul göndərərək, sonradan çekidə ona göndərmiş, bir neçə saat sonra Mehdi ona vatsap vasitəsilə təkrar zəng edərək həmin psixotrop maddəni Sumqayıt şəhərində 9-cu məhəllədə Dejurni deyilən yerdə yerləşən Musiqi məktəbinin yaxınlığında gizlədiləcəyini bildirib, həmin yerə gedərək oradan götürməyini tapşırmışdır. Bir qədər sonra Mehdi həmin ərazinin məkanını (konum) və metamfetamin gizlədilən yerin fotoşəkillərini göndərib, fotoşəkilləri işarələyərək metamfetaminin gizlədildiyi ağacın yerini ona izah etmişdir. 28 fevral 2024-cü il tarixdə saat 16:30 radələrində həmin yerə getmiş, Mehdinin ona göndərdiyi şəkildəki ağacı tapıb onun dibinə baxan zaman daşın altında gizlədilmiş Rothmans markalı siqaret qutusu olmasını görmüş, sonradan qutunun götürüb içərisinə baxan zaman içərisində bir ədəd ağ rəngli yapşıqan lentlə sarınmış qara rəngli sellofan büküm olmasını görmüşdür. Bundan sonra həmin siqaret qutusunu götürüb əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibinə qoymuş, sonradan həmin yerdən bir qədər uzaqlaşdıqda saat 16:40-da mülki paltarda olan 3 nəfər şəxs ona yaxınlaşaraq Sumqayıt ŞPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları olduqlarını və üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat aldıqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitə olduğunu soruşduqda polislərə üzərində bir ədəd bükümdə patı adlanan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu xidməti avtomobil ilə Sumqayıt ŞPİ-nin inzibati binasına gətirmişlər. Polis İdarəsində təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuş, ona təqdim edilmiş siyahıdan özü Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Leyla Bədəlovanın müdafiəçisi olmasını xahiş etmişdir. Bundan sonra Leyla Bədəlova müdafiəçi kimi çağırılaraq müdafiəçisi olaraq təyin olunmuşdur. Daha sonra polis əməkdaşlarının və müdafiəçi Leyla Bədəlovanın iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi bildirilmiş, buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibinə qoyduğu “Rothmans” markalı siqaret qutusunu çıxararaq təqdim etmiş, siqaret qutusunun içərisinə baxış keçirilən zaman içərisindən ağ rəngli kristal halında kütlələr, yəni metmfetamin aşkar olunmuşdur. Polis əməkdaşlarına üzərindən aşkar olunan bir bükümün patı adlanan metamfetamin olduğunu, özünə məxsus olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları həmin kütlələri haradan əldə etdiyini soruşduqda isə həmin metamfetamini Mehdi adlı İran vətəndaşına onlayn qaydada 300 maanat ödəniş etməklə əldə etdiyini və Mehdinin həmin bükümü Musiqi məktəbinin yaxınlığındakı ağacın dibində gizlətdiyini və oraya gedərək götürdüyünü bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş metamfetamin elekton tərəzidə çəkilmiş və çəkisinin 10,01 qram olması müəyyən edilmiş, sonra isə metamfetamin təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və vəkili tərəfindən imzalandıqdan sonra isə möhürlənərək götürülmüşdür. Bundan başqa onun üzərinə şəxsi axtarış keçirilən zaman təqdim etdiyi özünə məxus Samsung markalı mobil telefon, bir ədəd evinin açarı və bir ədəd üzüyü təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sonda barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, oda digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Üzərindən aşkar olunan metamfetamini özü istifadə etmək məqsədilə üzərində gəzdirmiş, həmin metamfetamindən heç kimə satmamış, pay verməmiş, nə də ki, kiməsə satmaq və ya pay vermək kimi bir niyyəti olmamışdır. Narkotik vasitələri əldə etdiyi şəxslə əvvəlcə “İnstagram” sosial şəbəkəsində tanış olmuş, onunla danışan zaman həmin şəxs adının Mehdi olmasını ona demiş, lakin şəxsiyyətini, dəqiq harada yaşamasını bilməmişdir. Həmin şəxslə sonradan vatsap sosial şəbəkəsi vasitəsilə danışığını davam elətdirmiş, onunla mobil telefonda ancaq səsli olaraq danışmış, onu heç vaxt görməmiş, ona aid bildiyi yalnız mobil telefon nömrəsi olmuşdur. Həmin nömrədə +**********86 saylı mobil nömrə olmuşdur. Həmin nömrəni mobil telefonunda Mehdi olaraq qeyd etmişdir. Hər dəfə həmin iranlı ilə danışdıqdan sonra baş verə biləcək hər hansı narahatçılığa görə onunla arasında olan danışıqları dərhal silmiş, ona görə də mobil telefonuna baxış keçirilərkən vatsap bölməsində onunla arasında olan danışıq barədə heç bır məlumat aşkar edilməmişdir. Saxlanılmamışdan əvvəl Lənkəran rayonuna getməli olduğundan və Mehdi ucuz qiymətə verdiyinə görə ondan birdəfəlik metamfetamin almışdır ki, Lənkəran rayonunda olan zaman özü hissə hissə istifadə etsin. Mehdi adlı şəxsin həmin metamfetamini hansı yolla və kimin vasitəsilə gizlətməsi barədə hər hansı məlumatı olmamış, Mehdi adlı şəxsin ona verdiyi M 10 hesabına 300 manat pul göndərdikdən bir neçə saat o, təkrar onunla əlaqə saxlayaraq 10 qram çəkidə metamfetamini Sumqayıt şəhərində Dejurni adlanan yerdə Musiqi məktəbinin yaxınlığında ağacın dbilində gizlədiləcəyini bildirmiş, az sonra isə metamfetaminin gizlədildiyi yerin məkanını və hansı ağacın dibində gizlədilməsini bildirən fotoşəkili işarələyib ona göndərmişdir. İstər saxlanılan zaman, istərsə də polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı formada təzyiqlərə yol verilməmişdir. İş vərəqə: 78-81 Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvvəkkili Şahid1 ifadəsində göstərdi ki, Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin NMB-nə Emin adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, ona görə də Emin adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Emin adlı şəxsin əvvəllər məhkum olunmuş, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 16:40-da Sumqayıt şəhəri, 9-cu məhəllə ərazisində yerləşən Musiqi məktəbinin yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvvəkkilləri Şahid2 və Orxan Kamranh ilə yaxınlaşaraq Təqsirləndirilən şəxs saxlamışlar. Daha sonra ona özlərini təqdim edib, narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlandığını izah edib, ona birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis idarəsinə gətirib, raport tərtib etməklə təhfıl vermişlər. Daha sonra xidməti otaqların birində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs ilk əvvəl əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd siqaret qutusunu, sol yan cibindən bir ədəd mobil telefonu, əynindəki şalvarın sağ yan cibindən açarları, sol əlinin barmaqlarından birinə keçirtdiyi üzüyü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş siqaret qutusunun içərisinə baxış keçirilərkən həmin siqaret qutusunun içərisindən bir ədəd sellofan büküm, həmin sellofan bükümün içərisindən isə ağ rəngli, kristalşəkilli maddə aşkar edilmişdir. Ondan aşkar edilmiş bükümlərdəki maddənin nə olduğunu, nə vaxt, kimdən, neçəyə və nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda o aşkar edilmiş bükümdəki ağ rəngli maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni saxlanılmamışdan əvvəl sosial şəbəkədə tanış olduğu, ancaq İran İslam Respublikası vətəndaşı və adının Mehdi olduğunu bildiyi, barəsində digər anket məlumatlarını bildiyi şəxsin ona verdiyi “M 10” hesabına ödəniş terminalı vasitəsilə 300 manat pul ödədikdən sonra psixotrop maddəni qoyulduğu Sumqayıt şəhəri, 9-cu məhəllə ərazisində yerləşən Musiqi məktəbinin yaxınlığındakı ağacın dibindən götürdüyünü və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə, onun üzərindən digər qanunla saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı əşya və ya pridmet aşkar edilməmişdir. Daha sonra isə aşkar edilmiş içərisində ağ rəngli, kristalşəkilli maddə olan sellofan bükümdəki kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 10,01 qram olması müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və X3 eyni məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, Sumqayıt şəhərində doğulmuş, Sumqayıt şəhəri, 24-cü məhəllə, ev 17A/5, mənzil 1-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 8, mənzil 32-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.(cild 1, i.v. 5) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 fevral 2024-cü il tarixli istintaq hərəkətinin protokolundan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara gödəkçənin sağ yan cibində saxlamış olduğu 01 ədəd Rothmans markalı siqaret qutusunu, sol yan cibində saxlamış olduğu 01 ədəd qara rəngli “Samsung” markalı içərisində ***-***-**-** nömrəsi olan mobil telefonu, həmçinin əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd mənzilinin açarını və sol əlinin barmağında olan 01 ədəd üzüyü təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd Rothmans markalı siqaret qutusu açılan zaman içərisində üzəri ağ rəngli kağız yapışqanla örtülmüş qara rəngli sellofana bükülmüş, o da öz növbəsində içərisində şəffaf sellofana bükülmüş bükümün olduğu müəyyən edilmişdir. Həmin büküm açılan zaman içərisində ağ rəngli kristal şəklində olan maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan maddənin “patı” olduğunu, həmin maddəni bugün günorta saatlarında Dejurnu adlanan ərazidə Musiqi məktəbinin yaxınlığında ağac dibindən götürdüyünü, həmin maddəni Mehdi adlı İran vətəndaşına onlayn qaydada 300 manat ödəniş etməklə aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi.. ( cild 1, i.v. 27-29) Şəxsi axtarış və götürmə aparılması haqqında, diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/1211 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası DİN Zərflər üçün N 124” dairəvi möhür əksi, “saxlanılan şəxs: Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 9,730 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi - 9,730 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 9,630 qram. (İş vərəqə: 39-42) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3128 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İş vərəqə: 135-136) Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər Prokurorluğundan daxil olmuş 02 oktyabr 2024-cü il tarixli sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin polis əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin məlumatı əsasında Baş Prokurourluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması təsdiqini tapmamış və bu səbəbdən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş l(bir) ədəd bükümdə təmiz çəkisi 9,730 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, həmin bir ədəd bükümdəki təmiz çəkisi 9,730 qram olan psixotrop maddə metamfetaminin, tədqiqata ümumi 0,1 qram sərf edildikdən sonra qalıq 9,630 qram çəkisinin qalması nəzərə alınaraq, 01 (bir) ədəd zərfdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 9,730 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmalı və qalıq qalmış 9,630 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir.İş vərəqə: 139-149 Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş cəzadan vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir.İş vərəqə: 127-128 Məhkəmə, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onun bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “metamfetamin” psixotrop maddənin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.-cu maddəsinə əsasən yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq, cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edilir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin 01 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqə 19-20, 70-72; 89-90) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qahq qalmış 9,630 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 28 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qahq qalmış 9,630 qram psixotrop maddə metamfetamin məhv edilsin, 01 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar