Məhkəmə qərarları › İş №1(124)-699/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-699/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-699/2024 29.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhərrəmova Aişə Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1994-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, satma barədə İran İslam Respublikası vətəndaşı “Həsən” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “Həsən” adlı şəxs və qeyriləri tərəfindən müxtəlif ünvanlarda gizlədilmiş narkotik vasitə və psixotrop maddəni əldə edib kiçik ölçülü ayrı-ayrı bükümlərə bölüb eyni məqsədlə Bakı şəhəri və Abşeron rayonu ərazisində müxtəlif ünvanlarda gizlədib həmin yerin fotoşəkillərini çəkərək “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə “Həsən” adlı şəxsə göndərməklə narkotik vasitə və psixotrop maddələrin satışını həyat keçirmiş, eyni qaydada qrup üzvü “Həsən” adlı şəxsin göndərdiyi külli miqdarda 18,074 qram çəkidə psixotrop maddə metamfetamini naməlum tarix, vaxt və şəraitdə qanunsuz olaraq satış məqsədilə əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının qarşısına qanunsuz daşımış, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixdə saat 22:10 radələrində qeyd edilən ünvanın qarşısında saxlanılıb ünvan 3 yerləşən Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılarkən əynindəki şalvarın sağ yan cibində satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı dörd ədəd bükümlərdə, xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 3,035 qram, 4,237 qram, 7,746 qram və 3,056 qram olmaqla ümumilikdə külli miqdarda 18,074 qram təmiz çəkidə kustar üsulla hazırlanmış “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 20 yanvarda geyim mağazasında işləmiş, hər gün narkotik vasitə istifadə etdiyi üçün narkotik almağa pul çatdıra bilməmişdir. Buna görə də “Həsən” adlı İran İslam Respublikası vətəndaşı ona öz narkotik vasitələrini “zakladka” üsulu ilə paylamağı təklif etmiş, o da razılaşmışdır. Bu hərəkəti edəcəyi təqdirdə ona narkotik vasitə verməyi vəd etmişdir. Tutulan gün mal götürmək üçün gedəcəyini bildirmişdir. Evdə hamamdan çıxanda işıqların söndüyünü görmüş və çölə çıxıb işıqları yandırmış, çölə çıxanda artıq polis əməkdaşlarının orada olduğunu görmüşdür. Əməkdaşlar yaxınlaşaraq “budur” deyib onu Baş İdarəyə aparmışdırlar. Təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq 2 ildir ki, narkotik vasitələrdən ancaq heroin istifadə etdiyini bildirmişdir. İran İslam Respublikası vətəndaşı ilə sosial şəbəkə vasitəsi ilə tanış olmuş, barəsində həbs qətimkan tədbiri seçilən Nərimanov rayon məhkəməsində üzərindən aşkar olunan narkotik vasitələrin ona aid olmaması barədə məlumat verməmişdir. Müdafiəçinin suallarına təqsiriləndirilən şəxs cavab olaraq bildirmişdir ki, saxlanılan zaman onun üzərindən aşkar olunan narkotik vasitə ona məxsus olmamışdır. Onun üzərindən külli miqdarda narkotik vasitə çıxmamış, sadəcə olaraq narkotik vasitənin istifadəçisi olmuşdur. Məhkəmə tərkibinin suallarına təqsiriləndirilən şəxs cavab olaraq bildirmişdir ki, o, əvvəllər 1-2 dəfə narkotik vasitələrin satışı ilə məşğul olmuş, narkotik vasitələri ancaq dost-tanışa satmış, kim istəyibsə ona vermişdir. Narkotik vasitələrin “zakladka” üsulu ilə satışını həyata keçirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə bir yerdə işləmiş və vaxtaşırı Valehdən narkotik vasitə marixuana almışdır. O, 2023-cü ilin sonuna qədər narkotik vasitə marixuanadan istifadə etmiş, təxmini olaraq 4-5 dəfə Valehdən narkotik vasitəni 10 manata almışdır. O, narkotik vasitəni almaq istəyəndə özü Valehi axtarmış, söhbət əsnasında Valehdən narkotik vasitəni pulla ala biləcəyini müəyyənləşdirmişdir. Ümumiyyətlə, Valehin digər şəxslərə narkotik vasitələri satması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq Şahid1 pul qarşılığında narkotik vasitə verdiyini və Azərlə bir yerdə işlədiyini bildirmişdir. Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2010-cu il tarixdən tanıyır, onunla eyni məktəbdə oxumuşlar. Əvvəllər 20 yanvar metrostansiyasının yaxınlığında paltar satışı mağazasında birlikdə satıcı işləmişlər. Onlar hər ikisi Zamiq adlı şəxsin yanında satıcı işləmişlər. Əvvəllər də narkotik vasitə marixuana istifadə etmişdir. Valeh narkotik vasitə istifadə etməklə yanaşı, narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. O, lazım olanda narkotik vasitəni ondan alıb istifadə etmişdir. O, əsasən bir siqaret bükümü ölçüdə bükülmüş hazır marixuananı 10-15 manata manata satmışdır. Ona pulu əsasən istifadə etdiyi tam nömrəsini xatırlamadığı son rəqəmi 3780 olan "xxxx" kartına öz adına olan son rəqəmi 4140 olan "xxxx" kartından göndərmişdir. O da narkotik vasitəni görüşüb özünə vermişdir. Sonradan məlumatı olmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə marixuana satmış və ondan marixuana alıb pulunu həmin karta göndərmişdir. Onunla arasında başqa heç bir alış-veriş olmamış, ona göndərdiyi 477,57 manat pul ancaq narkotik vasitə almaq üçün göndərilmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2017-ci il tarixdən tanıyır. Əvvəllər 20 yanvar metrostansiyasının yaxınlığında paltar satışı mağazasını işlətmişdir. Həmin zaman Valeh onun yanında satıcı işləmişdir. O, bir il onun yanında işləmişdir. Buna görə də onunla münasibəti yaranmışdır. Əvvəllər də narkotik vasitə marixuana istifadə etmişdir. Lakin 2022-2023-cü illərdə narkotikdən asılılığı artmağa başlamışdır. Həmin zaman camaat arasında “kakos” deyilən narkotik vasitə heroin istifadə etmişdir. Heroini əsasən yandırıb iyləməklə istifadə etmişdir. Həmin ərəfələrdə Abşeron rayonu Xırdalan şəhəri ərazisində kiçik bir telefon dükanı icarəyə götürüb işlətmişdir. Valeh də Xırdalan şəhərində yaşadığı üçün arada bir dükana gəlib-getmişdir. Valeh narkotik vasitə istifadə etməklə yanaşı, narkotik vasitə olan heroin və metamfetamin satışı ilə məşğul olmuşdur. O, lazım olanda narkotik vasitəni ondan alıb istifadə etmişdir. Əsasən 0,5 qram narkotik vasitə heroini 20-25 manata satmışdır. O Valehə pulu əsasən istifadə etdiyi tam nömrəsini xatırlamadığı son rəqəmi 3780 olan "xxxx" kartına öz adına olan son rəqəmi 7297 olan "xxxx" kartından göndərmişdir. O da narkotik vasitəni görüşüb özünə vermişdir. Çox az hallarda ona narkotik vasitəni “Zaklatka” üsulu ilə, yəni harasa gizlədib, həmin yerin şəklini çəkib atmaqla vermişdir. Təxminən 2023-cü ilin payız aylarında qohumlarının təkidi ilə müalicə olunmuş və həmin vaxtdan etibarən narkotik vasitə istifadə etmir. Sonradan məlumat olmuş ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə heroin satmış və ondan heroin alıb pulunu həmin karta göndərmişdir. Onunla arasında başqa heç bir alış-veriş olmamış, ona göndərdiyi 1548,04 manat pul ancaq narkotik vasitə almaq üçün göndərilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhərində narkotik vasitə və psixotrop maddələri əldə edərək satışı ilə məşğul olması barədə əməliyyat məlumatı və sosial şəbəkələrdən müraciətlər daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 dekabr 2023-cü il tarixli Abşeron rayon məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin baş əməliyyat müvəkkili, polis kapitanı X3 tərəfindən qəbul edilmiş 21 dekabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin aparılması barədə qərar qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan şəxsin üzərinə baxış keçirilməsi haqqında 22 dekabr 2023-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş baxışın video görüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibində saxladığı dörd ədəd bükümdə psixotrop maddə metamfetamini çıxardaraq təqdim edir. Həmin bükümlərdə metamfetamin olduğunu, iki gün əvvəl Xırdalanda “Kapital bank”ın qarşısında tanımadığı şəxsdən 120 manata aldığını bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan “Honor” markalı mobil telefona baxış keçirilməsi haqqında 22 dekabr 2023-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Whatsapp” bölməsində müxtəlif şəxslərlə narkotik vasitələrin satışını ehtiva edən çoxsaylı smslər və fotoşəkilər vardır. “Hasan” adı ilə qeyd edilmiş İran İslam Respublikası mobil operatoruna məxsus +98 919 *** ** ** saylı mobil nömrənin istifadəçisinə narkotik vasitə yerləşdirdiyi yerlərin fotoşəkillərini çəkib göndərdiyi və ox ilə həmin yerləri işarələdiyi müəyyən edilmişdir. “Akhliman” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrənin istifadəçisinə yazır: Valeh Abdullazdə: Urmya var? -Abonent: Urmiya yox ama qara mal var onnandan güclü, acı tamı olan bildin hansından deyirəm? Valeh Abdullazdə: Barter edək, daşnan?... Bundan başqa telefonun “Qalereya” bölməsində müxtəlif yerlərə narkotik qoyulması ilə bağlı, eləcə də elektron tərəzinin üzərində müxtəlif ölçülü bükümlərdə (3,14 qram, 3,20 qram, 7.10 qram, 7.21 qram, və.s) narkotik vasitə və psixotrop maddələrin fotoşəkilləri aşkar edilmişdir. Qeyd oluna protokolla bağlı Valeh Abdullazdə ona verilən suala cavab olaraq həmin şəkillər və sms-lərin İran vətəndaşının göstərişi ilə narkotik vasitələrin müxtəlif ünvanlara yerləşdirilməsi əsnasında çəkildiyini və göndərildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan “Məlumatlara baxış keçirilməsi barədə 01 fevral 2024-cü il tarixli protokoldan görünür ki, “***-***-**-**”, “***-***-**-**” və “070-221- 24-29” saylı mobil nömrələr ilə qeydiyyatdan keçilmiş “m10” mobil tətbiqi ilə aparılmış əməliyyatlar barədə məlumatlar "xxxx" MMC tərəfindən təqdim edilmiş bir ədəd diskdə qeyd olunmuşdur. Həmin məlumatlara əsasən qeyd olunan nömrələrin “m 10” hesablarına ümumilikdə 14.496,52 manat məbləğində pul mədaxil və məxaric edilmişdir. Cinayət işinin materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 12 fevral 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş 994(51)5611259 mobil nömrəsinə aşağıdakı məzmunlu smslərin gəldiyi aşkar edilmişdir: “A ehlimandi yari kola 10 uqda pati men dediyim sene yaddan cixmasin 60 pul verecem, Yetim gor alinirsa 03 dash 02 kola telefon meselesine gore bayaq dedime sabah gedib goturek meni indi vezyetden cixart sabah gedey varyoxuna lenet problemsiz goturek. 5 var kola duzelde bilsen gelerdim pati cox eledime qardasim; Yetim 1 m pulum var tekem sabahda gerem hekim xeber elib gedecem qardashiva bu jestide ele sen ol day pul duz olmasa direnmiuecem, Senin xecaletinnen cixacam qardashdiqimizin cani; 5 deq. sendedi qardasim gec çatarsan? "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskə baxış keçirən zaman fayllarda iş üzrə əhəmiyyətli heç bir məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan “Bank məlumatlarına baxış keçirilməsi haqqında” 26 fevral 2024-cü il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs məxsus 4098*******3780 nömrəli, X2 məxsus 4098*******1000 nömrəli bank hesabları ilə aparılmış əməliyyatlar barədə məlumatlar olan 01 ədəd CD disk və "xxxx" ASC tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 4098*********1658 nömrəli kart üzrə hesabdan çıxarışa baxış keçirilən zaman 4098*******3780 nömrəli kartdan xx.xx.2022xx.xx.2023-cü il tarix aralığında "xxxx" ASC-yə aid terminallardan 7431 manat, "xxxx" ASC-yə aid olmayan terminallardan 2441 manat, digər bank POS- terminalları vasitəsilə 431,52 manatın məxaric edildiyi, karta internet vasitəsilə 11357,35 manat pul vəsaitinin, "xxxx" ASC-yə aid olmayan kartlardan 671,56 manat mədaxil edildiyi məlum olmuşdur. X1 adına olan 4098*******1000 nömrəli kart hesabına xx.xx.2022 - xx.xx.2023-cü il tarix aralığında "xxxx"xxxx" ASC-yə aid olmayan terminallar vasitəsilə 2501 manat pul vəsaiti, digər bank POS-terminalları vasitəsilə 486,09 manat pul vəsaiti məxaric edilmişdir. Qeyd olunan karta internet vasitəsilə 2112 manat, "xxxx" mobil tətbiqinin “Card to Card” vasitəsilə "xxxx" ASC-yə aid kartlardan 3874,73 manat mədaxil, 9054,08 manat məxaric edilmişdir. Digər bank tətbiqi ilə “Card to Card” vasitəsilə "xxxx" ASC-yə aid olmayan kartlardan 256 manat mədaxil edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6527 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 4 (dörd) sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,035 qram, 4,237 qram, 7,746 qram, 3,056 qram, ümumi təmiz çəkisi 18,074 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş 4 (dörd) ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 881 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26 dekabr 2023-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra 17,874 qram qalıq metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanması üçün Azərbaycan Respublikası DİN-in KMBİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, həmçinin 08 may 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərar”la Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin video görüntüsünü əks etdirən bir ədəd DVD disk və “Azercell MMC”dən daxil olan bir ədəd CD disk, bir ədəd “Honor” markalı mobil telefon maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzib edilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı verdiyi etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadədə özünü qismən təqsirli bilməsi, saxlanılan zaman üzərində psixotrop maddə metamfetamin olmaması, ittihamda qeyd olunan narkotik vasitələrin ona məxsus olmaması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in KMBİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra 17,874 qram qalıq metamfetamin məhv edilməli, 02 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalı və bir ədəd Honor” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 21 dekabr 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, qalıq qalmış 17,874 qram metamfetamin məhv edilsin, 01 ədəd “Honor” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 02 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar