Məhkəmə qərarları › İş №1(124)-70/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-70/2024

26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-70/2024 26.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “MBM” Vəkil Bürosunun vəkili Müdafiəçi2, eləcə də təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Cəlilabad rayonu, Komanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad rayonu, Komanlı Kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus Siyəzən rayonu Yenikənd kəndi ərazisində yerləşən qum-çınqıl qırmadaş karxanasından bir dəst 280 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış metal barmaqlığı, bir ədəd 279,80 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış tutumu 12 M3, qalınlığı 8 mm. metaldan qəbuledici bunkeri, bir ədəd 32.643,46 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış “SMD 110” markalı çənəli əzici dəzgahı, bir ədəd 283,12 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış “SMD 110” markalı çənəli əzici dəzgahın 45 kilovatlıq elektrik mühərrikini, bir ədəd 23.316,75 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış “SMD 109” markalı çənəli əzici dəzgahı, bir ədəd 132,12 manat dəyərində “SMD 109” markalı çənəli əzici dəzgahın 40 kilovatlıq elektrik mühərrikini, iki ədəd 31.710,78 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış “SMD 108” markalı çənəli əzici dəzgahı, bir ədəd 122,68 manat dəyərində “SMD 108” markalı çənəli əzici dəzgahın 35 kilovatlıq elektrik mühərrikini, bir ədəd 117,97 manat dəyərində K-12 markalı klassifikatorun 30 kilovatlıq elektrik mühərrikini, iki ədəd 3.662,85 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış “Gil-42” markalı daş ələyini, iki ədəd 188,75 manat dəyərində “Gil 42” markalı daş ələklərinin 22 kilovatlıq elektrik mühərriklərini, iki ədəd 1460,28 manat dəyərində (eni 120 sm) olan iri və enli lentli transportyorları, iki ədəd 169,87 manat dəyərində iri və enli lentli transportyorların 18 kilovatlıq elektrik mühərriklərini, beş ədəd 3.221,22 manat dəyərində kiçik lentli transportyorları, beş ədəd 283,12 manat dəyərində kiçik lentli transportyorların 12 kilovatlıq elektrik mühərriklərini, on iki ədəd 240 manat dəyərində yüksək vatlı işıqlandırma projektorlarını,1.050 manat dəyərində damarların hər birinin diametri təxminən 2,5 mm. olan beş yüz metr uzunluqda mis əsaslı elektrik naqillərini, 1.050 manat dəyərində damarların hər birinin diametri təxminən 6,3 mm olan iki yüz əlli metr uzunluqda alüminium əsaslı elektrik naqillərini, 700 manat dəyərində damarların hər birinin diametri təxminən 5,2 mm. olan iki yüz əlli metr alüminium əsaslı elektrik naqillərini, iki ədəd 106,75 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış 160 amperlik avtomat-elektrik ayırıcılarını, bir ədəd 60,05 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış 250 amperlik avtomat-elektrik ayırıcısını, bir ədəd 63,16 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış 400 amperlik avtomat-elektrik ayırıcısını, üç ədəd 133,44 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış 100 amperlik avtomat-elektrik ayırıcılarını, altı ədəd 240,20 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış 60 amperlik avtomat-elektrik ayırıcılarını, bir ədəd 44,48 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış 90 amperlik avtomat-elektrik ayırıcısını, iki ədəd 222,40 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış 160 amperlik maqnit-elektrik aynalarını, bir ədəd 155,68 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış 250 amperlik maqnit-elektrik aynasını, bir ədəd 200,16 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış 400 amperlik maqnit-elektrik aynasını, üç ədəd 240, 20 manat dəyərində əvvəllər istismarda olmuş 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış 100 amperlik maqnit-elektrik aynalarını, altı ədəd 266,88 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış 60 amperlik maqnit- elektrik aynalarını, bir ədəd 62,27 manat dəyərində əvvəllər istismarda olmuş, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış 9 amperlik maqnit-elektrik aynalarını oğurlamaqla, zərərçəkmiş şəxsə külli miqdarda, yəni 102.708,44 (yüz iki min yeddi yüz səkkiz manat qırx dörd qəpik) manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şahid2 2017-ci il tarixdən 2021-ci il tarixədək bacısı Şahid6 ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olmuşlar. Şahid2 özünü Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının müavini kimi təqdim etmişdi. Avadanlıqları oğurladığı qeyd olunan karxana 2009-cu il tarixədək fəaliyyət göstərmişdir, 2009-cu il tarixdən bəri karxananın fəaliyyəti dayandırılmışdır. Hadisə isə 2021-ci il tarixdə baş vermişdir. Karxananın faktiki rəhbəri Şahid2 karxananı ona vermiş və onu onun işlətməyini bildirmişdir. Həmin karxananın müəyyən borcları yaranmışdır. Karxananı bir neçə sahibkara təklif etsələr də, heç kim təkliflərlə razılaşmamışdı. Hətta, karxananın satılması üçün Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan X3 bu barədə təklif edilmişdir. Hazırda zərərçəkmiş şəxs qismində tanınaraq məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs həmin karxananın faktiki sahibi olmamışdır. Belə ki, həmin karxananın faktiki sahibi Şahid2 idi. Hətta, Şahid2 məxsus olan, lakin Zərərçəkmiş şəxs adına qeydə alınmış mənzilin satılmasında da o iştirak etmişdir. Yəni ki, Şahid2 faktiki olaraq özünə məxsus olan əmlakları Zərərçəkmiş şəxs adına rəsmiləşdirirdi. Karxanadakı avadanlıqları oradan çıxarmağına Baba Mirzəyev adlı şəxs kömək etmişdir. O, ona fəhlələrin, avtomobillərin tapılmasında kömək etmişdir. O, karxanadakı avadanlıqları oğurlamamışdır. Oradakı avadanlıqlar bir neçə yük avtomobili vasitəsilə karxanadan daşınmışdır. Avadanlıqları oğurlamaq fikri olsaydı, bir neçə yük avtomobili ilə yolun kənarında olan karxanadan avadanlıqlar çıxara bilməzdi. Həm də bunun qarşısın hüquq-mühafizə orqanları tərəfindən alınacağını dərk etmişdir. Karxananın faktiki sahibi Şahid2 həmin karxanadakı avadanlıqları götürməyinə icazə vermişdir. Bu səbəbdən o, rahatlıqla həmin karxanadakı avadanlıqları satmışdır. Ümumilikdə, həmin avadanlıqlardan 13800 manat məbləğində pul əldə etmişdir. Avadanlıq və dəzgahların satışından əldə etdiyi gəlirdən heç kimə heç bir məbləğdə pul verməmişdir. Həmin pulu da müxtəlif zəruri xərclərini ödəmək üçün istifadə etmişdir. Karxananın qapısı həmişə açıq olur. Orada mühafizəçi olmamışdır. Karxanaya hər getdikdə Şahid3 çağırırdılar. Karxanada olan avadanlıqlar da işlək vəziyyətdə olmamışlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Şahid2 vasitəsilə tanımışdır. Şahid2 onun xalası oğludur. Şahid2 əvvəllər Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısı olmuşdur. Təqsirləndirilən şəxs ilə sadəcə “Salam-sağol” münasibətləri olmuşdur. Sözügedən qum-çınqıl karxanası 05 yanvar 2007-ci il tarixdə quraşdırılmışdır. Həmin karxananın işlək vəziyyətə gətirilməsində Şahid2 ilə şərik olmuşlar. Lakin, karxana onun adına rəsmiləşdirilmişdir. Ümumilikdə, həmin karxananın quraşdırılması üçün 500000 rubl məbləğində pul xərcləmişlər. Həmin vaxt karxananın dəyəri 250000 manat olsa da, hazırda onun dəyəri 102784 manat olmuşdur. Təqsirləndirilən şəxs karxanadakı dəzgah və avadanlıqları bacısının qisasını almaq niyyəti ilə oğurlamışdır. Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsilə zəng edərək, karxananı sökməyə getdiyini bildirmişdir. O da karxananın ona məxsus olduğunu, onun karxana ilə heç bir əlaqəsi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona Şahid2 qisasını bu üsulla alacağını demiş və o da ona karxananın Şahid2 deyil, ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona karxananın söküldüyü vaxt, yəni 31 avqust 2021-ci il tarixdə zəng etmişdi. Təqsirləndirilən şəxs 2020-ci il tarixdən etibarən Şahid6 qardaşı kimi tanımışdır. Şahid6 “Zemfira” adlı şəxs kimi tanımışdır. Şahid2 isə onun xalasının nəvəsidir. Şahid2 ilə karxananın fəaliyyətində şərik olmuşlar. Şahid2 karxananın quraşdırılması və fəaliyyəti üçün çəkdiyi xərcin əvəzini karxanadan əldə edilmiş gəlirlər vasitəsilə götürdükdən sonra karxana tam olaraq ona məxsus olmuşdur. Karxana rəsmi olaraq onun adına idi. Karxananın fəaliyyəti üçün ümumilikdə xərclənmiş 250000 manat məbləğində puldan 70000 manatı onun olmuşdur. Oğurluq hadisəsindən 10 gün əvvəl karxanada olmuşdur. Təqsirləndirilən şəxs ona zəng etdikdən təxminən 5-10 dəqiqə sonra o, “102” xidməti-zəng mərkəzinə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə karxananın Zakir adlı şəxs tərəfindən talandığı barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ona 31 avqust 2021-ci il tarixdə təxminən saat 12:00-12:30 radələrində zəng etmişdir. Təqsirləndirilən şəxs ona “zavodu söküb talamışam” demişdi. Karxananın gözətçisi Şahid3 idi. Şahid3 hadisə baş verdiyi gün karxanada olub-olmadığını bilmir. Şahid3 karxananın sökülməyindən məlumatlı olub və bu barədə mobil telefon vasitəsilə bildirmişdir. Şahid3 hadisə baş verdiyi vaxt xəstə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə baş verməzdən əvvəl o, xəstə vəziyyətdə olmuşdur. Karxana sökülüb aparılarkən həmin karxananın yaxınlığındakı obyektlərdə işləyən şəxslər onamobil telefon vasitəsilə zəng edərək, bu barədə məlumat vermişdilər. Bir yaxud iki gün keçdikdən sonra karxanaya getmiş və karxananın yerində olmadığını görmüşdür. O, orada mexanik vəzifəsində işləmişdir. Karxananın fəaliyyət göstərdiyi son dövrdə orada işlədiyi vaxt əmək müqaviləsi olmamışdır. Sonuncu əmək müqaviləsinin müddəti 1,5-2 il idi ki, bitmişdir. Karxananın müdiri Zərərçəkmiş şəxs olmuşdur. Şahid2 da Zərərçəkmiş şəxsla birlikdə karxananın şəriki olmuşdur. Hadisə baş verdiyi vaxt karxana işləmirdi. O, həmin karxananın yaxınlığında yaşadığı üçün onu yoxlamağı ondan xahiş edirdilər. Onun mühafizəçi vəzifəsində əmək müqaviləsi olmamışdır. Karxananın rəsmi olaraq mühafizəçisi əvvəllər olmuşdur. Lakin, əmək haqqı məsələsinə görə həmin mühafizəçilər işləməmişlər. Hadisədən təxminən 1 il əvvəl idi ki, mühafizəsiz idi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, fəhlə kimi fəaliyyət göstərirdi. Bir gün Şahid4 ona zəng edərək, Siyəzən şəhərində fəhlə işi olduğunu bildirmişdir. O da onunla razılaşmışdır. Daha sonra onlar Siyəzən şəhərinə getmişlər. Təqsirləndirilən şəxs borc məsələsinə görə işləyə bilmədiyini, avadanlıqları söküb başqa yerə quraşdıracağını bildirmişdir. Siyəzən şəhərinə getdikləri tarixi xatırlamır. Onu Siyəzən şəhərinə iş görməyə Şahid4 dəvət etmişdir. O, dostuna məxsus avadanlıqların sökülüb Cəlilabad şəhərində quraşdırılacağını bildirmişdi. Təqsirləndirilən şəxs yanında Məhəmməd Quliyev də var idi. Təqsirləndirilən şəxs Siyəzən şəhərində avadanlıqları sökdükləri karxananın və onun yanındakı başqa obyektin onlara məxsus olduğunu bildirmişdi. O, boltları “rezak” vasitəsilə sökmüşdür. Ona karxanada işlədiyinə görə Şahid4 50 manat məbləğində pul vermişdir. Karxananın darvazası yaxud qapısı olmamışdır. Həmin gün karxanada təxminən 6-7 saat işləmişlər. Təqsirləndirilən şəxs bu müddət ərzində onların yanında olmuşdur. Lakin, orada neçə nəfər işlədiklərini dəqiq xatırlamır. Növbəti gün karxanaya getdikdə, transformator, bunker və dəmirləri kəsməli idik. İşləri görməyi başlayanda polis əməkdaşları gəlmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Məhəmməd Quliyev vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs Siyəzən şəhərində karxanası olmuşdur. Həmin karxananın sökülməli olduğunu demişdir. Fəhlə kimi Şahid1 da məlumat vermişdir. Karxanada işlər görmək üçün Siyəzən şəhərinə getmişlər. Təqsirləndirilən şəxs Siyəzən Rayon İcra Hakimiyyətində karxana ilə bağlı nəsə icazə almalı idi. Ona karxananın sökülməsi üçün 10 gün vaxt verilmişdi. Daha sonra Təqsirləndirilən şəxs karxananı sabahadək sökməli olduqlarını bildirmişdir. Onlar karxanaya gedib oradakı avadanlıqları söküb Bakı şəhərinə gətirmişlər. Təqsirləndirilən şəxs Bakı şəhərində həmin avadanlıqları lom kimi satacağını demiş və lom kimi satmışdır. Ona da 600 manat məbləğində pul vermişdir. 500 manat məbləğində pulu ona Məhəmməd Quliyevə verməyi üçün vermişdi. Karxanadan sökülən materiallar işlək vəziyyətdə olmuşdur. Karxanadan sökülən avadanlıqları “Baksol ölüxanası” deyilən ərazidə aparıb boşaltmışlar. Onların müqabilində pul alındıqdan sonra həmin materiallar metal qəbulu yerinə aparılmışdır. Karxanada işləyərkən onnların işinə nəzarəti Təqsirləndirilən şəxs həyata keçirirdi. Təqsirləndirilən şəxs karxananın özünə məxsus olduğunu demişdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisənin birbaşa şahidi olmamışdır. Qeyd olunan karxananın quraşdırılmasında o da şərik idi. Sonradan səhhəti ilə və yaşı ilə əlaqədar olaraq karxananın işləri ilə məşğul ola bilməmişdir. Bundan əlavə, karxananın xərcləri çox idi və maddi vəziyyət də buna imkan vermirdi. Hazırki iş üzrə Zərərçəkmiş şəxs karxananın ona aid olan hissəsində “halallıq” verdim və karxananın fəaliyyətilə bağlı işlərdən uzaqlaşmışdır. Daha sonra o, ölkə xaricinə getmişdir. Eşitdiyinə görə, karxanadakı avadanlıqlar Təqsirləndirilən şəxs tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs onunla qeyri-rəsmi ər-arvad münasibətlərində olan bacısının adı Yeganə idi. Lakin, hər kəs onu Zemfira deyə çağırırdı.Karxana rəsmi olaraq Zərərçəkmiş şəxs məxsus idi. Zərərçəkmiş şəxs icra hakimiyyətində sürücü işləyirdi. Karxana faktiki olaraq ona, qardaşı Teymura və Zərərçəkmiş şəxs məxsus idi. O və qardaşı Teymur karxananın qeyri-rəsmi payçıları idilər. Karxana rəsmi olaraq, Zərərçəkmiş şəxs adına qeydə alınmışdı. Karxananın faktiki payçısı kimi hüquqlarından karxanaya xərc çəkdiyi və səhhətinin pis olması səbəbindən imtina etmişdir. Karxanadakı avadanlıqların təmirə ehtiyacı var idi. Onların təmir edilməsi üçün maddi imkan yox idi. Karxanadakı avadanlıqlar işlək vəziyyətdə olsa da, onun fəaliyyətinə icazə verilməmişdir.Bunun üçün Zərərçəkmiş şəxs hər hansı məbləğdə pul almamışdır. Hadisənin baş verdiyi deyilən vaxt o, Ukraynada olmuşdur. Ona karxanadakı hadisə ilə bağlı Zərərçəkmiş şəxs məlumat vermişdir. Karxanada 5 ədəd “SMD” Yerləşdirmə Avadanlığı mövcud idi. Karxanaya daha çox Zərərçəkmiş şəxs gedib-gəlirdi. Karxananın elektrik enerjisindən istifadəyə görə təxminən 53000 manat məbləğində borcu yaranmışdır və həmin borc indiyədək ödənilməmişdir. Ölkə xaricində onun adına qeydə alınmış müəssisədə hər hansı təmsilçi yox idi. Müəssisənin fəaliyyəti ilə o məşğul olurdu. O, Təqsirləndirilən şəxs karxananı hədiyyə verməmişdir. Karxananın idarə edilməsini Təqsirləndirilən şəxs həvalə etməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Şahid2 ilə 2017-ci il tarixdə qeyri-rəsmi ailə münasibətləri qurmuşlar. Onunla 3 il birlikdə yaşamışlar. Şahid2 Təqsirləndirilən şəxs karxananı ona verdiyini, nə istəyirsə etməsini demişdir. Karxananın sökülməsi ilə bağlı nəsə bilmir. Karxana işlək vəziyyətdə deyildi, bundan əlavə karxananın fəaliyyəti ilə bağlı məhkəmə mübahisəsi də mövcud idi. Şahid2 maddi vəziyyəti yaxşı olduğu üçün bu cür vəziyyətdə olan karxananın Təqsirləndirilən şəxs verilməsi onun üçün problem deyildi. Şahid2 onunla yaşadığı müddətdə ona ev tikmişdir. Həmin evin tikilməsində onun da rolu olmuşdur. Şahid2 evdən getdikdən sonra Təqsirləndirilən şəxs onunla heç bir əlaqəsi olmamışdır. Karxananın faktiki olaraq Şahid2 məxsus olmuşdur. Şahid2 həmin karxananı sata bilmirdi, hətta oranı metal qəbulu yerinə verməsinə baxmayaraq, qəbul etmirdilər. Təqsirləndirilən şəxs Şahid2 xəbərsiz ona məxsus nəyisə satmamışdır. O, Şahid2 birlikdə yaşadığı 4-cü qadın, yəni qeyri-rəsmi nikah münasibətində olduğu 3-cü qadın olmağına baxmayaraq, Şahid2 o və onun qohumlarından əlavə digər qadınlara və onların da qohumlarına müxtəlif hədiyyələr verirdi. Çünki, Şahid2 xasiyyəti belə idi. Onun maddi imkanı yaxşı olduğu üçün belə hədiyyələr onun üçün normal idi. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hazırki cinayət işi ilə əlaqədar 2 dəfə rəy vermişdir. Onlardan birində karxananın müxtəlif texnika, avadanlıqlarının ümumi qiyməti 68482,45 manat məbləğində, digərində isə 100912,77 manat məbləğində qiymətləndirilmişdir. İkinci ekspertiza əlavə ekspertiza idi, çünki elektrik naqillərinin uzunluqları düzgün qeyd olunmamışdı. O, karxananın olduğu yerə baxış keçirdikdə rəydə olan siyahıdakıların əksəriyyəti orada olmamışdır. Orada sadəcə 1 ədəd bunker, bir neçə ədəd dəmir qalıqları var idi. Müstəntiq tərəfindən təqdim olunmuş siyahıda olan qurğuların müqavilə qiymətləri də var idi. O, həmin qiymətləri internet resursları, praktikada bu cür keçirilmiş ekspert rəylərinin nəticələrini uyğunlaşdıraraq əldə etmiş, onları 11 il istismar müddəti kimi qeydə almışdır. Siyahıda qeyd olunan qurğular faktiki olaraq mövcud olmadığından onların qiymətləri də təxmini olaraq qeyd edilmişdir. “SMD 110” çənəli əzici dəzgahın 70000 manat dəyərində verdiyim qiyməti internet resurslarından, ekspertiza praktikasında və təqdim olunan sənədlərdən əldə edərək, uyğunlaşdırmışdır. “SMD 110”, “SMD 109”, “SMD 108” çənəli əzici dəzgahları bir-birindən markalarına, texniki göstəricilərinə, həcminə, kalibrinə görə fərqlənir. Bu dəzgahların fəaliyyəti daş üyütməkdən ibarətdir. Avadanlığın istehsal tarixinin 2005-ci ildən əvvəlki bilinməyən tarixə olması və onun necə qiymətləndirilməsi ilə bağlı sualınıza cavab olaraq bildirirəm ki, bu avadanlıqların qiymətlərini onların müxtəlif hissələrinin istismar zamanı dəyişdirildiyini, bununla da qiymətinin dəyişdiyini nəzərə alaraq, internet resurslarından, ekspertiza praktikasından uyğunlaşdırmışdır. Avadanlıqlar 11 il istismarda olduğu üçün onun amortizasiya müddəti 11 il olaraq göstərilmişdir. Bu müddət 2005-2016cı illəri əhatə edir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəyin və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 dekabr 2021-ci il tarixli, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7338 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş qərarının təsviri hissəsində göstərilən lakin ekspertiza tədqiqatına maddi sübut qismində təqdim edilməyən müxtəlif texnika, avadanlıq və kabellərin 01 sentyabr 2021-ci ilin avqust ayına olan orta bazar ümumi satış qiyməti nəzəri hesablama yolu ilə təxminən 68482,45 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 dekabr 2021 -ci il tarixli, Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/8232 №-li rəyinə əsasən: Tədqiqata təqdim edilmiş qərarının təsviri hissəsində göstərilən lakin ekspertiza tədqiqatına maddi sübut qismində təqdim edilməyən müxtəlif texnika, avadanlıq və kabellərin 01 sentyabr 2021-ci ilin avqust ayına olan orta bazar ümumi satış qiyməti nəzəri hesablama yolu ilə təxminən 100912,77 manat müəyyən edilir. (Cild 1, iş vərəqləri 48-49, 135-136, 162-173) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə tərəfindən mütəxəssis qismində dəvət edilmiş X1 tərəfindən tərtib edilmiş rəydə o qeyd etmişdir ki, siyahısı təqdim olunmuş texnika, avadanlıq və kabellərin orta bazar və satış qiymətləri ilə müxtəlif məntəqələrdən maraqlandıqdan sonra bəlli olmuşdur ki, təqdim olunmuş siyahıda göstərilən qiymətlər həmin texnika, avadanlıq və kabellərin ən ucuz satış qiyməti kimi göstərilib, müəyyən edilmiş qiymətlərdən daha ucuz qeyd edilən texnika, avadanlıq və kabelləri tapmaq mümkün olmamışdır. Həmin avadanlıqlarının işlənilməmiş və təzə olan halda qiyməti isə göstərilən qiymətlərdən 2-3 dəfə bahadır. Odur ki, qumçınqıl-qırmadaş karxanasının qurulması və işlədilməsi, eləcə də avadanlıqların alınması üzrə 2006-cı ildən təcrübəsi olan mütəxəssis kimi belə nəticəyə gəlmişdir ki, 2005-ci ildə işlənmiş vəziyyətdə alınmış yuxarıda göstərilən texnika, avadanlıq və kabellərin orta bazar qiyməti mənə təqdim olunmuş siyahıda aşağı hədlərdə göstərilməklə ümumən ədalətli müəyyən edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəqləri 151-152) Məhkəmə, təqsirləndirilən şəxsin avadanlıqları oğurlamaması, avadanlıqları götürməsinə karxananın sahibinin icazə verməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 10 avqust 2022-ci il tarixdə tutulmuş, Siyəzən rayon məhkəməsinin 12 avqust 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 23 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 227-230, Cild 2, iş vərəqləri 35-38) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 220 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs o oğlundan 220 (iki yüz iyirmi) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar