Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-705/2024 18.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində fərdi nömrəsiz evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan, “Hüseyn” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 500 manat pulun müqabilində külli miqdarda narkotik vasitə və psixotrop maddələri qoyulduğu yerdən götürüb deyiləcək yerlərə yerləşdirməklə satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə sonuncunun bir qrup şəxs halında «Whatsapp» tətbiqi vasitəsi ilə 18 mart 2024-cü il tarixdə ***-***-**-** nömrəsinin Whatsappına göndərdiyi məkanla bağlı məlumatlara əsasən Bakı şəhəri, Sabunçu rayonu ərazisində qoyulmuş 1 ədəd polietilen bağlamada qanunsuz olaraq əldə etdiyi, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı»na (Siyahı İ) daxil edilmiş çəkisi 2737,22 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, çəkisi 128,757 qram olan külli miqdarda narkotik vasitə heroini, ümumi təsiredici maddənin miqdarı 0,88 qram olan narkotik vasitə hesab olunan 22 ədəd metadon həblərini, çəkisi 14,385 qram olan narkotik vasitə tiryəki və 10,267 qram olan külli miqdarda psixotrop maddə metamfetamini götürüb satış məqsədi ilə qanunsuz əldə edərək Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən yaşadığı fərdi evə daşıyıb, özündə olan elektron tərəzi ilə çəkməklə həmin narkotik vasitə qurudulmuş marixuanadan 57,22 qramını 1 ədəd sellofan bükümdə, psixotrop maddə metamfetamindən 9,003 qramını 1 ədəd sellofan bükümdə qablaşdırmaqla, 1 ədəd konvalyutda 10 ədəd ümumi təsiredici maddənin miqdarı 0,4 qram olan narkotik vasitə metadon həblərini özünə məxsus əl çantasında, narkotik vasitə heroinin 128,757 qramını, tiryəkin 14,385 qramını, 12 ədəd metadon həblərini və psixotrop maddə metamfetaminin 1,264 qramını isə yaşadığı evin saxlanc otağında ağ kisədə saxlamış, 24 mart 2024-cü il tarixdə saat 02:40 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yaşadığı evin yaxınlığında içərisində narkotik vasitələr və psixotrop maddə olan əl çantası ilə piyada hərəkətdə olarkən saxlanılmış, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib orada həmin gün saat 04:30-dan saat 04:46-dək üzərinə keçirilən şəxsi axtarış zamanı çiynindən asdığı qara rəngli çantasından 1 ədəd sellofan bükümdə çəkisi 57,22 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd sellofan bükümdə çəkisi 9,003 qram olan külli miqdarda psixotrop maddə metamfetamin və 1 ədəd konvalyutda 10 ədəd olmaqla ümumi təsiredici maddənin miqdarı 0,4 qram olan narkotik vasitə metadon həbləri aşkar olunaraq götürülmüş, əməliyyat tədbirinin davamı kimi yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən fərdi yaşayış evinə həmin gün saat 06:25-dən 06:46-dək baxış keçirilərkən evin saxlanc otağından 1 ədəd ağ rəngli kisənin içərisindən 1 ədəd sellofan bağlamada çəkisi 1,264 qram xeyli miqdarda psixotrop maddə metamfetamin, 1 ədəd sellofan bağlamada çəkisi 128,757 qram külli miqdarda narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə çəkisi 14,385 qram narkotik vasitə tiryək, 4 ədəd polietilen bağlamalarda çəkiləri 995,0 qram, 1000,0 qram, 490,0 qram və 195,0 qram olmaqla ümumi çəkisi 2680,0 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 12 ədəd həbdə ümumi təsiredici maddənin miqdarı 0,48 qram olan narkotik vasitə metadon həbləri və üzərlərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izi olan 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, özündə öz istifadəsi üçün narkotik vasitə olmuş, amma ittihamda göstərilən miqdar ona məxsus olmamışdır. Evinə gəlib polis əməkdaşları, ailəsi ilə onu hədələmiş, baş idarədə məcbur olub onların dediyi kimi çəkilişdə ifadə vermişdir. Öz istifadəsi üçün 9 qram “şüşə”-si, 14 qram tiryək, 6 ədəd də metadon həbi olmuşdur. Verilən suallara cavab olaraq bildirdi ki, 3 ildir ki, narkotik vasitələrdən istifadə edir. İranlı şəxs ilə sosial şəbəkə vasitəsilə tanış olmuşdur, səhv etmirəmsə, rus nömrəsi olmuş, adını kontaktına yazmamışdır. Polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmış, xəsarət almışdır. Qətimkan tədbiri seçilən zaman bunları məhkəmədə deməmişdir. Evində 2 elektron tərəzi olmuş, ancaq öz aldığı malları çəkmək üçün almışdır. O, özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilmişdir. Hüseyn adlı adamı tanımamış, ailəlidir, bir azyaşlı oğlu var. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmiş, təzyiq altında ifadə vermişdir. Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 3 ilə yaxındır ki, narkotik vasitə “kakos” yəni, heroindən çəkmək yolu ilə istifadə etmişdir. Təxminən 6 ay olar ki, internetdə Hüseyn adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, Hüseynlə söhbət zamanı ona narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Hüseyn ona narkotik vasitə göndərə bilməsini bildirmiş, bir neçə dəfə Hüseyn ona “Whatsapp”la narkotik vasitənin olduğu yerin şəkilini atıb onun dediyi bank hesabına pul ödəyərək narkotik vasitə alıb istifadə etmişdir. 2024-cü ilin mart ayında Hüseynlə əlaqə saxlayarkən ona bildirmişdir ki, ona narkotik vasitə heroin, tiryək, nəşə yəni qurudulmuş marixuana, metadon dərman həbləri göndərərsə həmin narkotik vasitələri onun dediyi çəkilərdə ünvanlara qoyub fotoşəkillərini çəkib ona göndərsin, sonuncu isə bu işin müqabilində ona 500 manat pul göndərəcəkdir. Onun pula ehtiyacı olduğu üçün Hüseynin təklifi ilə razılaşmışdır. 18 mart 2024-cü il tarixdə Hüseyn onunla “Whatsapp”la əlaqə saxlayaraq narkotik vasitəni Bakı şəhəri, Sabunçu rayonu ərazisində ona “Whatsapp”la göndərdiyi yerdən götürməyi bildirimiş, o isə həmin gün axşam Hüseynin ona atdığı məkana gedib 1 ədəd polietilen kisəni tapıb götürmüşdür. Həmin kisəni taksi ilə yaşadığı ünvana gətirmiş, həmin kisənin içərisinə baxanda sellofan bağlamalarda qurudulmuş marixuana, heroin, tiryək və el arasında “şüşə” kimi deyilən metamfetamin və metadon dərman həblərinin olduğunu görmüşdür. Hüseynlə əlaqə saxlayıb narkotik vasitə olan kisəni götürdüyünü bildirmiş, Hüseyn ona demişdir ki, özü onunla əlaqə saxlayanda dediyi çəkidə narkotik vasitə və psixotrop maddə, dərman həbləri və tiryəki aparıb lazımı yerə qoyub ona bildirər. O, Bayram münasibəti ilə əlaqədar olaraq ailəsi ilə birlikdə Masallı rayonuna getmiş, 23 mart 2024-cü il tarixdə rayondan Qobu qəsəbəsinə evə qayıtdıqdan sonra Hüseyn ona demişdir ki, marixuanadan, 57 qram, metamfetamindən 9 qram və 10 ədəd metadon həblərini götürüb gecə ona dediyi yerlərə aparıb qoyar. O isə elektron tərəzidə Hüseynin ona dediyi çəkidə narkotik vasitə marixuanadan, psixotrop maddə metamfetamindən çəkib sellofan torbalara yığıb, həmçinin 10 ədəd metadon həbləri olan listi əl çantasına qoymuş, 24 mart 2024-cü il tarixdə, saat 02:40 dəqiqədə Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya vardırsa, onları təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra o, sağ çiynindən asdığı qara rəngli çantadan, 1(bir) ədəd sellodan bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetamin kütləsini, 10(on) ədəd metadon həbini, 1(bir) ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyli qurudulmuş marixuana kütləsini, 1(bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd özümə aid sürücülük vəsiqəsi, 1(bir) ədəd nömrələri silinmiş plastik bank kartı, 1 (bir) ədəd **********104997 nömrəli bank kartı,1 (bir) ədəd üzərində ***-***-**-** nömrəli “Samsung” mobil telefonu, 1(bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan “Redmi” markalı mobil telefonu, 1(bir) ədəd üzərində nömrə olmayan “Redmi markalı mobil telefonu, 300(üç yüz) manat, 100(yüz) ABŞ dolları və 1 (bir) ədəd açarı təqdim edərək masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd siqaret qutusu aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuana kütləsinin çəkisi 63(altmış üç) qram, metamfetamin kütləsinin çəkisi 10(on) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr və pul içərisi boş olan ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 3(üç) ədəd mobil telefon, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd sürücülük vəsiqəsi və 2(iki) ədəd plastik bank kartı bu barədə izah verildikdən sonra götürülmüş, 1 (bir) ədəd açar və 1(bir) ədəd siqaret qutusu isə ona geri qaytarılmışdır. Sorğu sual zamanı üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Hüseyn” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən mart ayının 18-i götürərək ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 500 (beş yüz) manat pul verəcəyini, narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Həmçinin üzərində aşkar edilmiş vasitələrdən başqa Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən nömrəsiz fərdi evində narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmiş, üzərinə şəxsi axtarış aparıldıqdan sonra o, müdafiəçisi və polis əməkdaşları ilə yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən nömrəsiz fərdi evə ünvanında yerləşən evinə getmişlər. Bundan sonra o, bacısı Xəyalə, müdafiəçisi və polis əməkdaşları ilə birlikdə evə baxış keçirilməsinə başlamış, evə baxış zamanı yaşadığı evin saxlanc otağında saxladığı 1 (bir) ədəd ağ rəngli kisənin içərisindən 2(iki) ədəd elektron tərəzi, 1 (bir) ədəd sellofanda psixotrop maddə olan metamfetamin,1(bir) ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroin, 1 (bir) ədəd sellofanda tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan tiryək, 4(dörd) ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuana və 12(on iki) ədəd metadon həbini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinin çəkisinin 133(yüz otuz üç) qram, metamfetaminin çəkisinin 5(beş) qram, tiryəkin çəkisinin 16(on altı) qram, qurudulmuş marixuananın çəkisinin 2(iki) kq 855(səkkiz yüz əlli beş) qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin kütlələr və elektron tərəzilər qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri o, bacısı, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış, sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, baxış zamanı aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Hüseyn” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən mart ayının 18 i götürərək ayrı-ayrı şəxslər çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 500(beş yüz) manat pul verəcəyini, narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Bacısı Şahid3 evdə aşkar olunmuş kütlələrdən xəbəri olmadığını bildirmişdir. (cild 1, iş vərəqə 67- 68) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin üzərində saxlaması, gəzdirməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. 23 mart 2024-cü il tarixdən 24 mart 2024-cü il tarixə keçən gecə Abşeron rayonu, Qobu qəsəbəsində keçirilmsiş əməliyyat tədbirləri zamanı zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmış, həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Abşeron rayon Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşdur. Sonuncu da sağ çiynindən asdığı qara rəngli çantadan, 1 (bir) ədəd sellodan bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetamin kütləsini, 10(on) ədəd metadon həbini, 1(bir) ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyli qurudulmuş marixuana kütləsini, 1(bir) ədəd şəxsiyyət vəsiqəsini, 1(bir) ədəd sürücülük vəsiqəsini, 1(bir) ədəd “Samsung” mobil telefonu, 1(bir) ədəd “Redmi” markalı mobil telefonu, 1(bir) ədəd üzərində nömrə olmayan “Redmi markalı mobil telefonu, 300(üç yüz) manatı, 100(yüz) ABŞ dollarını və 1 (bir) ədəd açarı təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra sonuncunun üzərində şəxsi axtarış keçirilmiş, Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd siqaret qutusu aşkar edilərək götürülmüşdür. Daha sonra təqdim edilmiş kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın kütləsinin çəkisi 63(altmış üç) qram, metamfetaminin kütləsinin 10(on) qram olduğu müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlələr və pul içərisi boş olan ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılmışdır və sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Hüseyn” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən mart ayının 18-i götürərək ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 500(beş yüz) manat pul verəcəyini, narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Həmçinin sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş vasitələrdən başqa Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən nömrəsiz fərdi evində narkotik maddələr olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini bildirmiş, üzərinə şəxsi axtarış aparıldıqdan sonra Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən nömrəsiz fərdi evə ünvanında yerləşən evinə gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə başlanılmış, evə baxış zamanı otaqda 1(bir) ədəd ağ rəngli kisənin içərisindən 2(iki) ədəd elektron tərəzi, 1(bir) ədəd sellofanda psixotrop maddə olan metamfetamin, 1 (bir) ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroin, 1 (bir) ədəd sellofanda tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan tiryək, 4(dörd) ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuana və 12 (on iki) ədəd metadon həbini təqdim etmiş, həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinin çəkisinin 133(yüz otuz üç) qram, metamfetaminin çəkisinin 5 (beş) qram, tiryəkin çəkisinin 16 (on altı) qram, qurudulmuş marixuananın çəkisinin 2 (iki) kq 855 (səkkiz yüz əlli beş) qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin kütlələr və elektron tərəzilər qablaşdırılmışdır. Evdə sorğu sual zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Hüseyn” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən mart ayının 18-i götürərək ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində həmin şəxsin ona 500(beş yüz) manat pul verəcəyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, onların evində heç nə olmamışdır. Polislər gəlib evdə hamısının əlinə qandal vurmuş, evlərində hətta körpə uşaqlar da olmuşdur. Onlara demişlər ki, “biz sizə kömək edəciyik, çəkilişdə biz nə desək, onu deyin” .Qardaşı da onları buraxsınlar deyə deyilənlərlə razılaşmış, yəni qardaşını yükləmişlər. Verilən suallara cavab olaraq bildirdi ki, qardaşının narkotik vasitədən istifadə etməyini bilməmişdir. Mənzildə qardaşının ailəsi yaşayır, hadisə günü onlar rayondan onların evinə qonaq gəlmişlər, 15-17 nəfər polis qapını sındırıb evə girmişdir. Onlar heç haraya şikayət etməmişlər. Mənzildə qardaşıgil kirayə yaşamışlar, evə baxmağa icazə verməklə bağlı ərizə verməmişlər. İlk öncə qardaşını evdən aparmışlar, sonra əllərində torba ilə gəlib gözlərinin qarşısında evə qoymuşlar. Onu qardaşı ilə birlikdə idarəyə aparmışlar, sonra onu buraxmışlar ki, qardaşını bölməyə göndərmişlər. Cavidin yoldaşına qandal vurmuş, amma çəkilişə onu salmamışlar. Qardaşı ilə danışanda bilmişdir ki, onu döymüşlər, üzündəki izləri də görmüşdür. Qardaşının 500 manat müqabilində narkotik vasitə aldığını bilməmişdir. Qardaşının arvadını idarəyə aparmamışlar, onu hətta çəkilişdə də gizlətmişlər. Evə girən kimi telefonlarını almışlar, ona görə 102-yə zəng edə bilməmişlər. Qardaşının yoldaşı hamilə olmuşdur deyə onu idarəyə aparmamışlar, onu da idarədə otaqda saxlamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid X1 ibtiddai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs qardaşıdır. Cavid öz ailəsi ilə Abşeron rayonu, Qobu qəsəbəsində kirayə yaşamış, Cavid ticarətlə məşğul olaraq ailəsini dolandırmışdır. Novruz bayramı ilə əlaqədar olaraq qardaşı Cavid ailəsi ilə birlikdə Masallı rayonuna atasıgilə getmiş, Bayramdan sonra xx.xx.2024-cü il tarixdə Cavid və ailəsi ilə birlikdə onların yaşadığı Qobu qəsəbəsindəki evlərinə gəlmişlər. 24 mart 2024-cü il tarixdə gecə saat 04 radələrində bir neçə şəxs qardaşı Təqsirləndirilən şəxslə yaşadığı evə gələrək polis əməkdaşları olduqlarını və axtarış aparılacağını bildirmişlər. Evdə axtarış aparılması barədə ondan ərizə alınmış, sonra qardaşı Cavidə evdə narkotik vasitə olubolmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs əşyalar saxladığı otaqdakı 1 ədəd kisəni polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları həmin kisənin içərisinə baxdıqda 2 ədəd elektron tərəzi, ayrı-ayrı sellofan bağlamalarda narkotik vasitələri, psixotrop maddələri aşkar edib tərəzidə çəkib sonra isə həmin kütlələri və elektron tərəziləri qablaşdırıb götürmüşlər. Bu barədə protokol tərtib edilmiş və həmin protokolda və qablaşdırma üzərində imza etmiş, həmin proses videoçəkilişlə aparılmışdır. Polis əməkdaşları Caviddən evində aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin haradan və kimdən eldə etməsini soruşanda Cavid sosial şəbəkədə tanış olduğu Hüseyn adlı İran vətəndaşının ona vatsapla göndərdiyi Bakı şəhəri Sabunçu rayonu ərazisindən götürdüyünü və həmin narkotik vasitəni Hüseynin dediyi şəxslərə verəcəyini, bunun müqabilində 500 manat pul alacağını bildirmişdir. Polis əməkdaşları həmin vaxt ondan qardaşı Cavidin evdə narkotik vasitə saxlamasından məlumatının olub-olmadığını soruşmuş, o isə polis əməkdaşlarına həmin evdə yaşamadığını və Cavidin evdə narkotik vasitə saxlamasından xəbəri olmadığını bildirmişdir.(iş vərəqə 132-133) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsindən görünür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir.(iş vərəqə 115-118) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 mart 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində fərdi nömrəsiz evdə yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və və həmin məlumatın yoxlanması üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, vərəqə 5-6) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ‘‘şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokol ilə və həmin protokola əlavə olunmuş bir ədəd DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman çiynindən asdığı qara rəngli çantasından 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin və 1 ədəd konvalyutda 10 ədəd olmaqla metadon həbləri aşkar olunaraq götürülmüşdür.(iş vərəqə 30-31, 142) ‘‘Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda və ona əlavə edilmiş diskdə qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 14 yanvar 2024-cü il tarixli “evə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol ilə və həmin protokola əlavə olunmuş bir ədəd DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən fərdi yaşayış evinə baxış zamanı saxlanc otağından 1 ədəd ağ rəngli kisənin içərisindən 1 ədəd sellofan bağlamada psixotrop maddə metamfetamin, 1 ədəd sellofan bağlamada narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə narkotik vasitə tiryək, 4 ədəd polietilen bağlamalarda narkotik vasitə qurudulmuş marixuana, 12 ədəd narkotik vasitə metadon həbləri və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. (iş vərəqə 36-37, 143) ‘‘Evə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokolda və ona əlavə edilmiş diskdə qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 6/1630 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «....Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..» yazısı və imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 9,003 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində «Metadone 40» markalanma göstəricisi olan bir ədəd konvalyutda ümumilikdə 10 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 10 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir.(üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla) Tədqiqata təqdim edilmiş üzərində «DİN-nin zərflər üçün 7№-li dairəvi möhür əksi,...Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş..» yazısı və imzalar olan torbadakı bir ədəd bükümdə təmiz çəkisi 128,757 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 1,264 qram ağ rəngli kristalşəkilli maddi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 14,385 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Üzərində «Metadone 40» markalanma göstəricisi olan konvalyutda ümumilikdə 12 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 12 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,48 qram təşkil edir. 2 ədəd eletron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetamini təmiz çəkilərini və bükümlərdə olan metamfetaminlə və heroinlə eyni kimyavi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 10,267 qramdır və həmin metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ümumilikdə 22 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 0,88 qram təşkil edir və həmin həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə bir-birləri ilə eynilik təşkil edirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetain «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in İ siyahısına, metadon «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in İİ siyahısına daxildirlər. (iş vərəqə 48-53) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 7/470 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «....Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..» yazısı və imzalar olan bir ədəd şəffaf selofonda təmiz çəkisi 57,22 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş şəffaf yapışqan lentlə yapışdırılmış ağ rəngli kağız üzərində «....Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş..» yazısı və imzalar olan ağ rəngli sintetik torbada 4 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış poletilen bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkimi 995,Oqr, 1000,Oqr, 490,Oqr və 195 qram olmaqla ümumi çəkisi 2680,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin torbanın içərisində olan 2 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. (iş vərəqə 43-47) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 27,03.2024-cü il tarixli 559 nömrəli rəyinə əsasən, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar olunmadı. (iş vərəqə 153) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli «2250» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 154-155) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.( cild 1, iş vərəqə 96) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş cəmi 10,267 qram metamfetamin, 22 ədəd metadon həbi, 128,757 qram heroin, 14,385 qram tiryək, 2737,22 qram qurudulmuş marixuana, iki ədəd elektron tərəzi, bir ədəd “Kapital bank”a aid birkart və bir ədəd “Leo bank”a aid kartlar, şəxsi axtarış keçirilməsi və baxış keçirilməsi proseslərinin köçürüldüyü iki ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış 10,117 qram metamfetamin, 18 ədəd metadon həbi, 128,657 qram heroin, 14,285 qram tiryək, 2736,97 qram qurudulmuş marixuana və iki ədəd elektron tərəzi, bir ədəd “Kapital bank”a aid birkart və bir ədəd “Leo bank”a aid kartlar saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambanna təhvil verilmiş, iki ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-cu il təvəllüdlü Təqsirləndirilən şəxsan Cavid oğlu adında azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması, barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı narkotik vasitənin külli miqdarda və müxtəlif növlərdə olması, elektron tərəzinin aşkar olunması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 24 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, “marixuana” (kannabis) narkotik vasitəsinin qurudulmuş növünün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59.1.4-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin 25 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 mart 2024cü il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 mart 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış 10,117 qram metamfetamin, 18 ədəd metadon həbi, 128,657 qram heroin, 14,285 qram tiryək, 2736,97 qram qurudulmuş marixuana və iki ədəd elektron tərəzi məhv edilməli, bir ədəd “Kapital bank”a aid birkart və bir ədəd “Leo bank”a aid kartlar təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 02 (iki) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 184 (yüz səksən dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 06 ( altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış 10,117 qram metamfetamin, 18 ədəd metadon həbi, 128,657 qram heroin, 14,285 qram tiryək, 2736,97 qram qurudulmuş marixuana və iki ədəd elektron tərəzi məhv edilsin, bir ədəd “Kapital bank”a aid birkart və bir ədəd “Leo bank”a aid kartlar təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 02 (iki) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 184 (yüz səksən dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-705/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-705/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver