Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-706/2024 23.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Ermənistan SSRİ-nin Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “İnstaqram” internet sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan, «Keyman» adlı İran İslam Respublikası vətəndaşı ilə qabacadan əlbir olub cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq ona göndəriləcək xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin 2.500 manat müqabilində deyiləcək yerlərə qoymaqla satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, 04 mart 2024-cü il tarixdə saat 01 radələrində bir qrup şəxs halında «Keyman» adlı şəxsin Bakı şəhəri. Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində qoyduğu 1.307,798 qram çəkidə xüsusilə külli miqdarda qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 216,235 qram çəkidə külli miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb satış məqsədilə qanunsuz əldə edərək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Zərdabi küçəsindəki 36 saylı evə daşıyıb, həmin narkotik vasitələrdən və psixotrop maddələrdən 38.360 qram çəkidə külli miqdarda heroini və bir ədəd bükümdə 62,112 qram çəkidə külli miqdarda metamfetamini ayırıb üzərində, qalan narkotik vasitə və psixotrop maddəni yaşadığı qeyd edilən ünvanda saxlamış,08 mart 2024-cü il tarixdə saat 20:40 dəqiqədə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilərək, orada həmin gün saat 22:10-dan, 22:22-yə kimi üzərində şəxsi axtarış aparılan zaman həmin bir ədəd bükümdə 38,360 qram çəkidə külli miqdarda heroin və bir ədəd bükümdə 62,112 qram çəkidə külli miqdarda metamfetamin əynində olan idman gödəkçəsinin sağ yan cibindən aşkar olunaraq götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 08 mart 2024-cü il tarixdə, saat 23:30-dan 23:44-ə kimi onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri. H.B.Zərdabi küçəsi, ev 33-ə baxış keçirilən zaman evin yataq otağındakı xalçanın arxasında gizlətdiyi bir ədəd ağ rəngli torbadan xüsusilə külli miqdarda xariei əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan üç ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 144.236 qram, 130,202 qram və 995 qram, ümumilikdə 1.269.438 qram çəkidə xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə 154,123 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində heroin və metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis əməkdaşları onu 08 mart 2024-cü il tarixdə saat 20:00-21:00 radələrində Xırdalan yaşayış massivində yerləşən Al Marketdən çıxanda saxlamışlar. O, özü narkotik vasitə istifadəçisidir. 2015-ci ildən bəri narkotik vasitənin metamfetamin növündən istifadə edir. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Narkotik vaitəni İran vətəndaşı Keyman adlı şəxsdən sifariş edib götürür və istifadə edirdi. Onunla “Whatsapp” mobil tətbiqi vasitəsilə tanış olmuşdur. Həmişə 2-3 qram miqdarda narkotik vasitə almışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra birinci Xırdalan yaşayış massivində kirayədə qaldığı evə gətirmişlər. Polis əməkdaşları onu evə gətirən zaman evdə qeyri-rəsmi nikahda olduğu xanım və anası olmuşdur. Polis əməkdaşları anasını evdən çıxarmışlar və onu dindirmişlər. Həmçinin qeyd etmişdir ki, anası altsheymer xəstəliyinə yoluxduğundan onda yaddaş pozuntusu var. Daha sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Evdə isə 2 nəfər polis əməkdaşı qalmışdır. İdarədə üzərindən heroin və metamfetamin aşkar olunmuşdur. Lakin onun üzərində təkcə 2 qram heroin olmuşdur. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hadisə gününə kimi istifadəsində ********** saylı mobil nömrə olmuşdur. Telefonda narkotik vasitələrin qanunsuz dövriyyəsinə aid heç bir şəkil, məlumat olmamışdır. Sadəcə İran vətəndaşıyla danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Abşeron rayon məhkəməsinin 04 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1 -ci maddəsi ilə 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixdə isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Abşeron rayon Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində olan cinayət işi Abşeron rayon məhkəməsinə göndərilsə də, hökm çıxarılmamışdır. 08 mart 2024-cü il tarixdə, saat 20:40 dəqiqədə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “ALA'marketin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğumu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə BNMİ-nə getmişdir. Orada hüquqlarının müdafiəsi üçün dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olıınmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən, l(bir) ədəd sellofan bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetamin kütləsini, l(bir) ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli, spesifik iyli heroin kütləsini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan həmin gödəkçənin sol yan cibindən, l(bir) ədəd açar, l(bir) ədəd içərisində ***-***-**- **,***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon, 4(dörd) manat pul, l(bir) ədəd **********031870 saylı “Leo" banka adi plastik bank kartı aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra təqdim edilmiş kütlələr elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 39(otuz doqquz) qram, metamfetaminin çəkisi 63(altmış üç) qram olmuş, sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün l(bir) ədəd içərisində ***-***-**-**,***-***-**-** sim kart nömrəsi olan “Samsung" markalı mobil telefon və l(bir) ədəd plastik bank kartı bu barədə izah verildikdən sonra götürülmüş, l(bir) ədəd açar və 4(dörd ) manat pul isə mənə özünə qaytarılmışdır. Göstərmişdir ki, təxminən 2 ay bundan əvvəl, yəni 2024-cü ilin yanvar ayında sosial şəbəkə vasitəsilə “Keyman" adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu öyrəndikdən sonra mobil telefon nömrəsini almış və həmin şəxslə “whatsapp plus" proqramı vasitəsilə danışmağa başlamışdır. İstifadəsində “Samsung Galaxy A8" markalı mobil telefon olmuş və həmin mobil telefonuna həm “whatsapp" proqramı, həmdə “whatsapp plus" proqramı yükləmiş, “whatsapp plus” proqramında +**********9 saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş və mobil telefonuna “Keyman” adlı İİR vətəndaşının adını “dayim" kimi qeyd etmiş, onunla “whatsapp plus" proqramında istiladəsində olan +**********81 saylı mobil telefon nömrəsi ilə danışırmış və sonuncu ona Bakı şəhəri ərazisində deyəcəyi ünvanlara narkotik vasitə və psixotrop maddə yerləşdirəcəyi halda ona pul verəcəyini bildirmişdir. Onun da pula ehtiyacı olduğu üçün onun təklifi ilə razılaşmış, 03 mart 2024-cü il tarixdə Keymanla danışmış və ona sonradan deyəcəyi ünvana narkotik vasitə və psixotrop maddə qoyduracağını və həmin maddələri oradan götürüb özünün sonradan deyəcəyi ünvanlara yerləşdirəcəyi halda ona 2500 manat pul verəcəyini bildirmişdir. O da razılaşmış və 04 mart 2024-cü il tarixdə, saat 01 radələriııdə Keyman onun mobil telefonuna Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində bir ünvanı göndərmiş və maddələrin həmin ünvanda olduğunu bildirmişdir. O, da istifadəsində olan “Chevrolet Cobalt" markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin ünvana getmiş və həmin ünvanında Hövsan qəsəbəsində yerləşən binanın qarşısında olan futbol meydançası olduğunu görüb meydançanın içərisinə qoyulmuş ağ rəngli sellofan bağlamanı götürüb yaşadığı ünvana aparmışdır. 08 mart 2024-cü il tarixdə Keymanla danışdıqdan sonra sonuncu ona narkotik vasitə heroindən bir büküm və psixotrop maddədən bir büküm götürməyi və onun sonradan deyəcəyi ünvana yerləşdirməyi bildirmişdir. O da həmin tarixdə yaşadığı evdən bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamin götürüb əynində olan gödəkçənin sağ yan cibinə qoymuş, saat 20:40 dəqiqədə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “AL”marketin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə BNMİ-nə getmiş, orada aparılan şəxsi axtarış zamanı həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin üzərimdən aşkar edilərək götürülmüşdür. Videoçəkiliş zamanı o, yaşadığı ünvan 2nda da narkotik vasitə və psixtrop maddə saxladığımı bildirdiyindən həmin ünvana razılığı və iştiraki ilə baxış keçirilən zaman sellofan torbanı yaşadığı evin yataq otağındakı xalçanın arxasından götürüb polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt həmin sellofan torbadan 3 bükümdə narkotik vasitə heroin, bir bükümdə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilmiş, həmin maddələri Keyman göndərdiyindən onların konkret çəkilərini bilmir, lakin sonuncu ona əvvəlcədən təxminən bir kiloqramdan artıq narkotik vasitə heroin və 200 qramdan artıq psixotrop maddə metamfetamin göndərəcəyini demişdir. Göstərmişdir ki, Keyman özü ona göndəriyi narkotik vasitə və psixotrop maddələri yerləşdirəcəyim halda kartına 2500 manat pul yükləyəcəyini bildirmiş, Keyman həmin narkotik vasitə və psixotrop maddələri üzərindən çıxan narkotik vasitə və psixtrop maddələrlə eyni vaxtda göndərmiş, elektron tərəzi isə özünə məxsus olmuşdur. Keyman adlı şəxsin Bakı şəhəri ərazisində narkotik vasitələri və psixotrop maddələri kimin vasitəsilə yerləşdirməsindən hər hansı bir məlumatı yoxdur, sonuncu ona Bakı şəhərində onun narkotik vasitələrini və psixotrop maddələrini istədiyi ünvana yerləşdirmək üçün tanışlarının olduğunu bildirmiş, lakin həmin şəxslər barədə Keymandan maraqlanmamışdır. (Cild 1, iş vərəqləri 64-67) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edərək sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarixdə axşam saat 20:00-21:00 radələrində Xırdalan yaşayış massivində saxlamışlar. Daha sonra idarəyə gətirmişlər. Əməliyyat qrupuna o rəhbərlik edirdi. Şahid2 ilə birlikdə getmişlər. Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman heroin və metamfetamin növündə olan narkotik vasitələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşı olan Keyman adlı şəxsdən aldığını bildirmişdi. Təqsirləndirilən şəxs tutulduqdan sonra üzərinə baxış keçirilməmişdir. Hadisə günü evə sadəcə 1 dəfə baxış keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarixdə axşam saat 20:00-21:00 radələrində Xırdalan yaşayış massivində Al Market yaxınlığında piyada hərəkətdə olan zaman saxlamışlar. Yaxınlaşıb özlərini təqdim etmiş və onu polis idarəsinə dəvət etmişlər. İdarədə dindirilən zaman üzərində aşkar olunmuş narkotik vasitələri hadisə günündən 5 gün əvvəl İran vətəndaşı Keyman adlı şəxsdən aldığını bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 mart 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibindən 1 (bir) sellofan bükümdə ağ rəngli kristallik maddə olan metamfetaminə bənzər kütləni, 1 ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli spesifik iyli heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı sonuncunun əynindəki həmin gödəkçənin sol yan cibindən bir ədəd açar, bir ədəd “Samsunq” markalı mobil telefon və bir ədəd plastik bank kartı aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 31-32) Cinayət işinin materiallarında olan «Evə baxış keçirilməsi və götürmə haqqında» 08 mart 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs evində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla saxlanılması qadağan edilmiş əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı xalçanın arxasında gizlətdiyi bir ədəd ağ rəngli torbanın içərisindən bir ədəd elektron tərəzi, bir ədəd sellofan torbada psixotrop maddə metamfetamin və 3 ədəd sellofanda narkotik vasitə heroini təqdim etmişdir. (Cild 1, iş vərəqləri 35-36) “Şəxsi axtarış və götürmə haqqında” və “Evə baxış keçirilməsi və götürmə haqqında” 08 mart 2024-cü il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu disklər protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və evə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 09 mart 2024-eü il tarixli 3-16-16/2-6/1405 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində : “Azərbaycan Respublikası DİN Zərflər üçün №7"-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan paketdəki l(bir) ədəd bükümdə təmiz, çəkisi 38,360 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi 62.112 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində:“ Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs"yazısı və imzalar olan poletilen bağlamadaki ,3(üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 144,236 qram, 130,202 qram, 995 qram, ümumi təmiz çəkisi 1269,438 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, l(bir) ədəd bükümdə təmiz çəkisi 154.123 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, l(bir) ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkisini və bükümlərdə olan heroinlərlə və metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1307.798 qramdır( 1 kq 307,798qr) və həmin heroin xarici əlamətlərinə və kimyavi komponent tərkiblərinə görə eynidirlər. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 216,235 qramdır və həmin metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 42-47) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2995 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 105-106) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Mobil telefona baxış keçirilməsi haqqında” 12 iyun 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:10 radələrindən saat 22:22 radələrindək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən götürdükləri bir ədəd mobil telefona baxış keçirilmiş, mobil telefonun qalereya hissəsinə baxış keçirildikdə həmin hissədə xx.xx.2024-cü il tarixdə mobil telefonun yaddaşında müxtəlif fotoların qeydə alındığı müəyyən edilmiş, həmin fotolarda təsvir olunmuş məkan və həmin məkanın üzərində mavi xətli işarələrlə istiqamət verildiyi müəyyən edilmişdir. Eyni zamanda mobil telefonun qalereya hissəsinə baxış zamanı orada müxtəlif çəkilərdə narkotik vasitələrə və psixotrop maddələrə oxşar kütlələrin elektron tərəzilərdə çəkildiyi, elektron tərəzinin ekranında həmin maddələrin çəkilərinin göstərildiyi və fotoların da mobil telefonun yaddaşında saxlanıldığı müəyyən edilmişdir. Mobil telefonun yaddaşında xüsusi adlarla qeydə alınmış mobil nömrələrə baxdıqda yaddaşda «dayım» adı ilə yaddaşa yazılmış +********** saylı GSM mobil nömrəsinin də qeydə alındığı müəyyən edilmişdir. (Cild 1, iş vərəq 102) İş materiallarında olan “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 1.305,298 qram narkotik vasitə heroin, 216,045 qram metamfetamin, 01 ədəd elektron tərəzi, Samsung markalı mobil telefon maddi sübut kimi tanınaraq Abşeron RPİnin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 107-118) Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması və onda daha az miqdarda narkotik vasitələrin olması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı narkotik vasitə heroninin xüsusilə külli miqdarda olması, eləcə də onda külli miqdarda psixotrop maddə metamfetamin və elektron tərəzinin də olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və müvafiq məhkəmə qərarının surətindən görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə təqsirləndirilən şəxsi məhkumluğu olmayan şəxs kimi tanıyır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 10 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 79-82) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 mart 2024-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən qeyd edir ki, iş üzrə 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə, həmçinin maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron RPİ-də saxlanılan ekspertizadan sonra qalıq çəkisi 1.305,298 qram olan narkotik vasitə heroin, 216,045 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılmalıdır. 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.305,298 qram olan narkotik vasitə heroin və 216,045 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə verilsin, 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-706/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-706/2024
23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver