Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-71/2022 29.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X6 və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1993-cü ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyat olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etməyə cəhd etmişdir. Belə ki, “Şəhruz” adlı İran vətəndaşı və qeyrilərinin istintaqla müəyyən edilməmiş vaxtda, yerdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri külli miqdar təşkil edən 3 (üç) bükümdə olan, ayrı-ayrılıqda təmiz çəkiləri 225 qram, 250 qram, 260 qram olmaqla, ümumi təmiz çəkisi 740 qram olan narkotik vasitə heroini, 01(bir) bükümdə təmiz çəkisi 40,635 qram olan psixotrop maddə metamfetamini və ümumi təsir miqdarı 1,2 qram təşkil edən 30(otuz) ədəd narkotik vasitə metadon həblərini məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının ərazisinə keçirdikdən sonra, Təqsirləndirilən şəxs 25 may 2021-ci il tarixdə “Whatsapp” internet proqramı vasitəsilə “Şəhruz” adlı İran vətəndaşı ilə təkrar danışıqlar apararaq həmin tarixdə sonuncunun bank hesabına pul ödənişi terminalı vasitəsi ilə 2.200 manat məbləğində pul göndərmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu “Şəhruz” adlı İran vətəndaşı və istintaqla müəyyən edilməyən digər şəxslər Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında, üzərində “məzar daşları sexi” yazılan lövhənin altına külli miqdarda narkotik vasitə və psixotrop maddəni Təqsirləndirilən şəxs tərəfindən götürülməsi üçün qoymaqla müvafiq yerin fotoşəkili və geolokasiyasını 26 may 2021-ci il tarixdə, saat 00:14 radələrində ona “Whatsapp” internet proqramı vasitəsi ilə göndərmişlər. Təqsirləndirilən şəxs isə həmin vaxt külli miqdarda narkotik vasitə və psixotrop maddəni götürmək istəyərkən onun qoyulduğu yeri tapmamış və gecə saatlarında özünü şübhəli apardığı üçün, bu ərazidə xidmət aparan Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci Bölüyünün əməkdaşlarının ayıq-sayıqlığı nəticəsində saxlanılmış, bu zaman o, polis əməkdaşları tərəfindən yoxlanılaraq sorğu-sual edilərkən telefonuna “Whatsapp” internet proqramı vasitəsi ilə göndərilmiş narkotik vasitə və psixotrop maddənin şəkli və yeri polis əməkdaşlarının diqqətini cəlb etmiş, birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında, üzərində “məzar daşları sexi” yazılan lövhənin altına baxdıqda üzərində “Qayalı market” sözləri yazılmış sellofan torbada olan bir ədəd plastik butulkanın içərisində külli miqdar təşkil edən 3 (üç) bükümdə olan, ayrıayrılıqda təmiz çəkiləri 225 qram, 250 qram, 260 qram olmaqla, ümumi təmiz çəkisi 740 qram olan narkotik vasitə heroini, 01(bir) bükümdə təmiz çəkisi 40,635 qram olan psixotrop maddə metamfetamini və ümumi təsir miqdarı 1,2 qram təşkil edən 30(otuz) ədəd narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüş, daha sonra Təqsirləndirilən şəxs həmin psixotrop maddə və narkotik vasitələrlə birlikdə Sumqayıt ŞPİnin 2-ci polis bölməsinə təhvil verilmiş, bununla da, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etməyə cəhd etmiş, lakin öz iradəsindən asılı olmayan səbəblərə görə, yəni polis əməkdaşları tərəfindən saxlanılmasına görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini başa çatdıra bilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 25 may 2021-ci il tarixdə “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu İranlı “Şəhruz” adlı şəxs ona pul müqabilində narkotik vasitə heroin və metodon həblərini göndərəcəyini demişdir. Özü narkotik vasitə heroin istifadə etdiyi üçün həmin İranlının ona göndərdiyi kartın hesabına elektron pul ödənişi terminalı vasitəsi ilə 2.200 manat məbləğində pul göndərmiş, bunun müqabilində isə İranlı narkotik vasitələri Sumqayıta göndərəcəyi və yeri barədə məlumat verəcəyini demişdir. Daha sonra, Kürdəmir şəhərindən taksi ilə Bakı şəhərinə yola çıxmış və gecə saatlarında “Nasosnı” deyilən əraziyə çatmışdır. İranlının dediyi qəbiristanlığı tapa bilmədiyi üçün ərazidə taksi ilə dolaşmış, bu zaman bir nəfərin gəldiyini görüb ondan qəbiristanlığı soruşmuş, o isə ayıq sürücü olduğunu deməklə onu da götürməyi və ünvanı tapmağa köməklik edəcəyini demişdir. Taksidə 3 nəfər olmaqla qəbiristanlığı axtardıqda iki nəfər post-patrul xidmətinin əməkdaşları olan polislər onları saxlamış, onlara pul üçün gəldiyini desə də polislər inanmamışlar və İranlı ilə danışan zaman telefonuna baxmışlar. Bu zaman İranlı ona narkotikləri götürəcəyi yerin şəklini atdıqda polislər telefonu alıb həmin şəkli görəndən ünvanın hara olduğunu və onun narkotik götürmək üçün gəldiyini bilmişlər. Polislərlə birlikdə şəkildə olan, qəbiristanlıqdakı yerə getmişlər və orada sellofan paketin içində bir ədəd plastik butulkanın içərisində olan həmin narkotikləri götürmüşlər, sonra polislər onu Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinə gətirmişlər, orada müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs qeyd etmişdir ki, İranlının ona göndərdiyi narkotiklərin içərisində 120-130 qram heroin və 7 list metadon həbləri olmuş, lakin metamfetamin olmamışdır. Həmin narkotik vasitələri satış üçün deyil öz istifadəsi üçün sifariş vermişdir. “Topaz” oyunu vasitəsi ilə 2.200 manat pul qazandığından və İranlı narkotikləri ucuz qiymətə satdığından birdəfəlik külli miqdarda almaq istəmişdir. İstintaqa verdiyi ifadəsini oxumamış və təzyiq altında verdiyi üçün məhkəmədə düzgün ifadə vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci bölüyünün polis nəfəri, polis baş serjantı Şahid2 ifadəsində göstərdi ki, 2021-ci ilin may ayının 26-da saat 03 radələrində polis serjantı Şahid3la birlikdə son zamanlar H.Z.Tağıyev qəsəbəsi ərazisində baş vermiş oğurluqlarla bağlı həmin ərazidə yerləşən qəbiristanlığın yaxınlığında xidməti avtomobillə hərəkətdə olarkən bir avtomobilin sürücüsü onlara yaxınlaşıb ünvan soruşmuşdur. Yolu ona izah etmişdir. Sonra həmin şəxsi başqa maşında görüb ondan şübhələnmişdir. Bir şəxsin gecə saatı iki maşında olmasında şübhələnərək ondan müxtəlif maşınların idarə etməsi səbəbini soruşmuş, o, isə ayıq sürücü olduğunu, həmin əraziyə müştəri gətirdiyini və sonradan avtomobili dəyişdiyini demişdir. Maşında olan şəxslərin kimliyi ilə maraqlandıqda onlar, Xırdalana qonaq gəldiklərini, lakin ünvanı bilmədiklərindən yolu itirdiklərini, buna görə qarşılarına çıxan ayıq sürücüdən onlara yolu tapmağa kömək istədiklərini demişlər. Maşının içərisinə baxdıqda orada çoxlu sayda kağız hissəciklərinin olmasını, sondradan adını Təqsirləndirilən şəxs bildiyi təqsirləndirilən şəxsin isə gözlərinin qızardığını görmüşlər. Özünü şübhəli apardığı üçün onların Sumqayıt ŞPİnin 2-ci polis bölməsinə aparılacağını dedikdə Təqsirləndirilən şəxs yalvarmaqla buraxılmasını xahiş etmiş, hətta bunun üçün pul da təklif etmişdir. Təqsirləndirilən şəxs telefonuna çoxlu zənglər və mesajlar gəldiyini görüb telefonu əlindən alıb baxmış bu zaman ona Whatsapp sosial şəbəkəsində olan hesabına mesaj gəlmişdi. Telefonu özü açdıqda Whatsapp-la göndərilən şəkildə işarə olmuşdur ki, “malı qəbir daşları yazılan plakatın altına qoymuşam. Get götür”. Həmin şəxsləri xidməti maşının saxlanma yerinə yerləşdirdikdən sonra rəhbərliyə məlumat vermişlər. Təqsirləndirilən şəxsin olduğu maşını ayıq sürücü ilə bölməyə sürdürdükdən, xidməti maşına otuzdurduğu təqsirləndirilən şəxsi və həmin avtomaşının yiyəsini qəbir daşları yazılan yerə aparmışdır. Həmin ərazidə xidmət apardığı üçün göndərilən şəklin hansı ünvanda olduğunu bilmişdir. Təqsirləndirilən şəxs maşına oturtmaqla qeyd edilən ünvana getmiş və maşın işığı ilə baxdıqda 02 litirlik “Kola” butulkasında bükümlərin olduğunu görmüşdür. Bu zaman təqsirləndirilən şəxsə yenidən zənglər gəlmiş və o, telefonunu ona tərəf uzadaraq İranlı olan bir şəxsin danışmaq istədiyini demiş, telefondakı şəxslə danışmaq istədikdə isə o, Təqsirləndirilən şəxs buraxılması müqabilində ona pul təklif etmişdir. Təqsirləndirilən şəxs və onun yanında olan şəxsləri maşına oturtmaqla həmin plastik butulkada olan bükümləridə götürmüş və Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt şəhəri 2-ci polis bölməsinə təhvil vermişdir. Götürdüyü butulka sellofan paketdə olmuş və paketi açmadan maşının ayaqaltına qoymuş sonra isə Vüsal ilə birlikdə bölməyə təhvil vermişdir. Orada müəyyən olunmuşdur ki, həmin plastik butulkada 3 ədəd bükümdə 700 qram çəkidə narkotik vasitə olan heroin, 1 bükümdə psixotrop maddə olan metamfetamin, 3 ədəd dərman qutusunda metadon olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci bölüyünün polis nəfəri, polis serjantı X7 çarpaz dindirmədən sonra Şahid2 ilə oxşar məzmunlu ifadələr verməklə onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, özünə məxsus “VAZ 21015” markalı, 90 BL359 dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxsla 2021-ci il may ayının 25-dən 26-a keçən gecə Kürdəmir şəhərindən çıxaraq “Nasosnı” deyilən əraziyə gəlmişlər. Vüsal ona qəbiristanlığın yaxınlığında bir nəfərdən pul götürmək üçün gəldiyini demişdir. Yolu tanımadıqları üçün yol kənarında dayanan bir şəxsə yaxınlaşmışlar, o, isə ayaq sürücü olduğunu və Bakıya getmək istədiyini demişdir. Həmin ayıq sürücünü maşına mindirməklə onlara yolu tapmağı kömək etməyi demişlər. Sonra onları polislər saxlamış, maşına baxış keçirmişlər, lakin heç nə tapmamışlar. Həmin vaxt polislər Vüsalın telefonuna baxdıqda orada hansısa şəkli görmüşlər, Vüsal ilə onu polis maşınına arxaya mindirməklə qəbiristanlığa aparmışlar. Bu müddətdə ayıq sürücü onların maşınında qalmışdır. Polislərin maşından onunla Vüsal gözləmişlər, polis isə maşından düşüb hansısa butulkanı götürüb gəlmişdir. Butulkanın içərisində nə olmasını bilməmiş, lakin həmin butulka sonra polisdə stolun üstündə olmuşdur. Daha sonra o, qeyd etmişdir ki, istintaqa verdiyi ifadəsini oxumadan imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci ilin may ayının 26-da gecə saat 03 rədlərində ayıq sürücü olduğu üçün “Nasosnı” deyilən əraziyə içkili müştərini onun maşını ilə aparmışdır. Bu zaman PPX maşını görmüş və onlardan yol soruşmuş, polislər isə ona yol göstərmişlər. Sonra yolun kənarında dayanarkən “015” markalı maşın saxlamış və onlara şəhərə getmək istədiyini demişdir. Maşını idarə edən yaşlı kişi və maşında olan cavan oğlan isə onlara qəbiristanlıqda məzar daşı deyilən yeri tapmaq lazım olduğunu demişlər. Hərəkətdə olarkən onları polislər saxlamış və Vüsal ilə həmin kişini öz maşınlarına oturtmuş, o, isə həmin şəxslərin maşınlarını sürüb bölməyə aparmışdır. İki nəfər şəxsi isə polislər maşına mindirib harasa aparmışlar, geri qayıtdıqda isə əllərində butulka olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi haqqında” 26 may 2021-ci il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun lidə olan üzərində “Qayalı market” sözləri yazılmış ağ rəngli sellofan torbaya baxış keçirilmişdir. Baxış zamanı şəffaf rəngli plastik butulka, plastik butulkanın içərisində də 3(üç) ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər, 1(bir) bükümdə psixotrop maddə olan metamfetaminə bənzər bükümlər, 3(üç) ədəd dərman qutusunda, hər birində 10 ədəd olmaqla, ümumilikdə 30(otuz) ədəd narkotik vasitə olan metadon həbləri və bir ədəd gümüşü rəngli kağız aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 19-20) “Şəxsi axtarış keçirilməsi haqqında” 26 may 2021-ci il tarixli istintaq hərəkəti videoçəkilişlə aparılmış və həmin videogörüntüləri özündə əks etdirən bir ədəd “DVD” formatlı diskə məhkəmədə tərəflərin iştirakı ilə baxılarkən müəyyən edilmişdir ki, istintaq hərəkəti zamanı götürülmüş psixotrop maddə və narkotik vasitələrin büküm sayı və növü protokolda göstərilənlərə uyğun olmuşdur. Bundan başqa, videoçəkilişdə Təqsirləndirilən şəxs bir ədəd “Samsung duos” markalı sınmamış və işlək vəziyyətdə olan mobil telefonun götürülməsi müşahidə olunmuşdur. Həmin mobil telefona istintaq zamanı baxış keçirilməsi haqqında 18 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən üzərindən aşkar edilərək götürülmüş «Samsung Duos» markalı mobil telefona baxış keçirilərkən müəyyən edilmişdir ki, telefon işlək vəziyyətdədir, telefonun mobil nömrə taxılan hissəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır, kontakt bölməsində “Shahruz Makedoniya” adı altında İran İslam Respublikasının şəbəkəsinə aid +**********18 saylı mobil telefon nömrəsinin qeydiyyatı aparılmış, həmin mobil nömrə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Şəhruz adlı İran vətəndaşının istifadəsində olan mobil telefon nömrədir, 25 may 2021-ci il tarixdə Whatsapp bölməsində “Shahruz Makedoniya” adı ilə yazılmış, +**********18 saylı mobil telefon nömrə ilə Whatsapp-da qeydiyyatdan keçirilən Şəhruz adlı İran vətəndaşı ilə Təqsirləndirilən şəxs arasında sonuncunun Şəhruz adlı İran vətəndaşının kartına pul göndərməsi və həmin pulun müqabilində narkotik vasitələrin əldə ediləcəyi ilə bağlı səsli danışıqlar aparılmış, Şəhruz adlı İran vətəndaşı 26 may 2021-ci il tarixdə, saat 00:14 radələrində narkotik vasitələrin qoyulduğu ərazi olan, üzərində “məzar daşları sexi” yazılan lövhənin fotoşəkilinin ona göndərmiş, Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdə, saat 03:50 raadələrində polis əməkdaşları tərəfindən saxlanılanadək və saxlanıldıqdan sonra Şəhruz adlı İran vətəndaşı ona bir neçə dəfə zənglər etmiş, lakin həmin zənglərə cavab verilməmiş, mobil telefonun mesaj bölməsində istintaq əhəmiyyəti kəsb edə biləcək məlumatlar aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 117) Həmin mobil telefonu maddi sübut kimi götürülsə də məhkəməyə təqdim olunmamış və yalnız məhkəmənin sorğusuna əsasən mobil telefon tələb edildikdə və məhkəmə istintaqı zamanı baxış keçirildikdə müəyyən edilmişdir ki, maddi sübutun tamlığı istintaq orqanı tərəfindən qorunmamış, telefonun ekranı sınıq vəziyyətdə olmaqla yaddaşda olan iş üçün xüsusi əhəmiyyət kəsb edən bütün şəkil və məlumatlar silinmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 may 2021-ci il tarixli, 6/2086 nömrəli rəyindən görünür ki, tədqiqata üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 123» dairəvi möhür əksi, soyad və imzalar qeyd edilmiş üç ədəd kağız paketin içərisində olan hər birində 1 ədəd büküm olmaqla ümumi 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 225 qram, 250 qram, 265 qram ümümi təmiz çəkisi 740 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvı komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 40,635 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Təqdim olunmuş ümumi sayı 30 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 1,2 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Təqdim edilmiş həblər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. (Cild 1, iş vərəqləri 41-44) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburinarkoloji tibbi yoxlamaya dair ekspertizanın Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaran ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 115-116) Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” və “Sübutların qiymətləndirilməsi haqqında” qərarlardan görünür ki, tədqiqatdan sonra təmiz çəkisi 739,85 qram narkotik vasitə heroin, təmiz çəkisi 40,585 qram psixotrop maddə metamfetamin və 25 ədəd metadon həbləri, 01 ədəd «Samsung Duos» markalı mobil telefon maddi sübut kimi tanınmaqla saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk, "xxxx" MMC-dən məktubla daxil olmuş 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 95-96, 167-178) “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” 06 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddənin mənbəsinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqləri 181-182) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri aşağıdakı əsaslara görə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, 2021-ci ilin aprel ayında istintaqa dəqiq məlum olmayan tarixdə İran İslam Respublikası sakini, şəxsiyyəti məlum olmayan Şəhruz adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin İİR-dən Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsi, əldə edilməsi, saxlanması və daşınması ilə bağlı “Whatsapp” vasitəsilə danışıqlar aparıb razılığa gəldikdən sonra Şəhruz adlı İran vətəndaşı və qeyriləri müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri külli miqdar təşkil edən, təmiz çəkisi 3(üç) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 225,0 qram, 250,0 qram, 265,0 qram, ümumi təmiz çəkisi 740,0 qram narkotik vasitə heroini, 1(bir) bükümdə təmiz çəkisi 40,635 qram psixotrop maddə metamfetamini və ümumi təsir miqdarı 1,2 qram təşkil edən 30(otuz) ədəd narkotik vasitə metadon həblərini məlum olmayan vaxtda və şəraitdə gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməklə 25 may 2021-ci il tarixdə Şəhruz adlı İran vətəndaşı ilə “Whatsapp” vasitəsilə təkrar danışıqlar apararaq həmin tarixdə sonuncunun kartına “Milli Ön” ödəmə terminalı vasitəsi ilə 2200 manat pul göndərib əvvəlcədən razılaşdıqları kimi Sumqayıt şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən qəbristanlığın yaxınlığında, üzərində “məzar daşları sexi” yazılan lövhənin fotoşəkili 26 may 2021-ci il tarixdə, saat 00:14 radələrində Şəhruz adlı İran vətəndaşı tərəfindən “Whatsapp”-la ona göndərildikdən sonra həmin tarixdə, saat 03 radələrində qeyd olunan yerə gedib qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin bükümlərini, metadon həblərini və psixotrop maddə metamfetamin bükümünü ona məlum olan yerdən götürüb əldə edərək üzərində saxlayaraq daşımış, həmin tarixdə, saat 03:50 radələrində Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci Bölüyünün əməkdaşları tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində saxlanılaraq həmin inzibati ərazidə baş vermiş oğurluq hadisələri ilə bağlı onunla sorğu-sual aparıldıqdan sonra Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış keçirilərkən satış məqsədi ilə saxladığı külli miqdarda, 3(üç) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 225,0 qram, 250,0 qram, 265,0 qram, ümumi təmiz çəkisi 740,0 qram narkotik vasitə heroin, 1(bir) bükümdə təmiz çəkisi 40,635 qram psixotrop maddə metamfetamin və ümumi təsir miqdarı 1,2 qram təşkil edən 30(otuz) ədəd narkotik vasitə olan metadon həbləri sağ əlində saxladığı, üzərində “Qayalı market” sözləri yazılmış sellofan torbada aşkar edilərək götürülmüşdür. İttiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilərkən, prokurorun 21 sentyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi verilmiş ittihamdan xaric edilərək bu dəyişiklərlə ittiham aktı təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmə hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs və bütün şahidlər, o cümlədən polis əməkdaşları ifadələrində göstərmişlər ki, narkotik vasitə və psixotrop maddə ilkin olaraq Təqsirləndirilən şəxs olmamışdır. O, İranlı şəxsin narkotik vasitəni qoyduğu qəbiristanlığı axtararkən polis əməkdaşları saxlanılmış və məhz polis əməkdaşlarının ayıq-sayıqlığı nəticəsində polis əməkdaşı tərəfindən qəbiristanlığın yanında olan lövhənin altından narkotik vasitə və psixotrop maddə olan büküm götürülmüşdür. Göründüyü kimi təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdırmaqla külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edə bilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxslər və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri itintaqdakı ifadələrindən fərqlənən ifadələrini işin hallarına uyğun olan daha mötəbər sübut növü kimi qəbul edir. Bundan başqa, məhkəmə “Şəxsi axtarış keçirilməsi haqqında” 26 may 2021-ci il tarixli protokolu mötəbərliyi şübhə altına alınmayan sübut kimi qəbul edərək qeyd edir ki, bu protokolun məğzi külli miqdarda narkotik vasitə və psixotrop maddənin təqdim edildikdən sonra götürülməsi və prosessual qaydada qablaşdırılmasına yönəlmişdir ki, bu hallarda protokolda öz əksini tapmışdır. Protokolda narkotik vasitənin götürülməsi ilə bağlı xüsusatlar isə iş üzrə verilmiş ifadələrlə bağlı olduğundan məhkəmə bu hissədə təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə qiymət verildiyini qeyd edir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələrinə tövsif edilməli, bu maddələr ilə təqsirləndirilən şəxs təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs daha az miqdarda narkotik vasitə sifariş etməsi, psixotrop maddə sifariş etməməsi və külli miqdarda narkotik vasitələri öz şəxsi istifadəsi üçün sifariş etməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində və İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etməyə cəhd etdiyi ümumilikdə 740 qram olan narkotik vasitə heroinin və 40,635 qram olan psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından, heroinin 4.933 dəfə, metamfetaminin isə təxminən 271 dəfə, külli miqdardan isə heroinin təxminən 370 dəfə, metamfetaminin isə 20,3 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər qəsdən törədilmiş, başa çatmamış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran haldır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Məmmədov X4 rayon məhkəməsinin 19 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 29 iyul 2020-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək təyin edilmiş cəza 05 ay 28 gün müddətinə endirilmiş, 17 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Daha sonra o, Kürdəmir rayon məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqləri 91-92, 141-148) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin birinci məhkumluğu ödənilmədiyindən hazırkı cinayət işi üzrə onun əməlində cinayətlərin residivi mövcud olur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bundan başqa, 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydaları üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Kürdəmir rayon məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 2 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2 və 63.3cü maddələrinin tələbləri nəzərə alınmaqla təyin edilməli, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq təyin edilmiş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon məhkəməsinin 27 may 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 82-83) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Lakin 2-ci dərəcəli əlil olması ilə əlaqədar narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, 01 (bir) ədəd “Samsung Duos” markalı mobil telefon xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan: tədqiqatından sonra qalıq çəkisi 739,85 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 40,585 qram olan psixotrop maddə metamfetamin və 25 ədəd metadon həbləri məhv edilməli, 01 ədəd “DVD” və 01 ədəd “CD” formatlı olmaqla 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X2 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Kürdəmir rayon məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 02 (iki) ay 28(iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 10 il (on) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan 739,85 qram narkotik vasitə heroin, 40,585 qram psixotrop maddə metamfetamin və 25 ədəd metadon həbləri məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, 01 (bir) ədəd “Samsung Duos” markalı mobil telefon xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-71/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-71/2022
29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver