Məhkəmə qərarları › İş №1(124)-71/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-71/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-71/2023 22.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) - Zərərçəkmiş şəxs1 Beykes oğlunun, X1, Zərərçəkmiş şəxs1 nümayəndəsi, vəkil Müdafiəçi3 və təqsirləndirilən şəxsin (mülki cavabdehin) iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.6, 29, 120.2.7 və 157.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xalası oğlu Zərərçəkmiş şəxs1 keçmiş arvadı Şahid3 ilə yaxın münasibətdə olması səbəbindən Zərərçəkmiş şəxs1la aralarında yaranmış ədavətli şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gəlmiş və 14 dekabr 2021-ci il tarixdə saat 10:16 radələrində sonuncunun anası, yəni xalası Şahid4 “Whatsapp” sosial şəbəkəsinin status bölməsində mobil telefonunun rəhbərində nömrələrini qeyd etdiyi şəxslərin görə biləcəyi, nümayişkaranə şəkildə onun 2 yaşlı bacısı qızı X4 fotoşəklini paylaşaraq “Birinci və sonuncu ürəyi olacaq. Ürəyinin ən böyük dərdi də o olacaq!!!” sözlərini yazmasını bəhanə edib həmin gün saat 13 radələrində kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən, məişət təyinatlı 01 ədəd turist bıçağını götürüb xalasının yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gedərək qapını döymüş və qapını açan xalası oğlu Zərərçəkmiş şəxs1 ondan evi tərk edib çıxıb getməsini tələb edərək onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən niyyətini həyata keçirməyi daha da qətiləşdirərək özü ilə gödəkçəsinin cibində gətirdiyi həmin bıçağı çıxararaq Zərərçəkmiş şəxs1 sol qol nahiyəsinə qəsdən bir zərbə vurub zor tətbiq etməklə sonuncunun iradəsinə zidd olaraq mənzilinə daxil olub evin dəhlizində Zərərçəkmiş şəxs1 azyaşlı oğlu Şahid1 gözləri qarşısında hər ikisinə xüsusi əzab və iztirab verdiyini dərk edib, bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə öz cinayətkar niyyətini davam etdirərək bıçaqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə qəsdən daha 03 zərbə vurub sonuncuya həyat və sağlamlıq üçün təhlükəli olan “döş qəfəsinin sol qoltuqaltı nahiyəsində daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara” kimi sağlamlığa ağır zərər vuran, habelə “sol bazu, sol bilək və qarın nahiyələrinin kəsilmiş yaralan” kimi sağlamlığa yüngül zərər vuran, ümumilikdə 04 bədən xəsarəti yetirmiş, bu vaxt xalasının əri, Zərərçəkmiş şəxs1 atası Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirərək oğluna qarşı törədilən cinayət əməlinin qarşısını almaq məqsədilə oraya gəlib Təqsirləndirilən şəxs itələyərək ona mane olmağa çalışdıqda, həmin vaxt Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə yönəlmiş hərəkətlərini yüngülləşdirmək məqsədi ilə sonuncunun gözləri qarşısında hər ikisinə xüsusi əzab və iztirab verdiyini dərk edib, bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə öldürmək niyyəti ilə Zərərçəkmiş şəxs2 həyatı üçün mühüm olan orqanına, yəni qarın nahiyəsinə həmin bıçaqla bir dəfə qəsdən zərbə vurub sonuncuya “qara ciyərin, böyük piyliyin zədələnməsi ilə piylik, hazik və yoğun bağırsağın eventrasiyası (xaricə çıxması) ilə qarın nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş” kimi ağır zərər vuran xəsarət yetirib cinayətkar niyyətinə nail olduğunu düşünərək qaçıb hadisə yerini tərk etmiş, lakin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə təxliyyə olunaraq xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib həkimlər tərəfindən ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində hər ikisinin həyatının xilas edilməsi səbəbindən bilavasitə sonuncuları qəsdən öldürməyə yönəlmiş əməllərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, bununla da o, ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıqla, başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədi ilə, iki şəxsi qəsdən öldürməyə, yəni ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıqla, başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədi ilə iki şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, habelə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, zor tətbiq etməklə mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun xalası oğludur. Onlar təxminən 1 ildir ki, küsülü olmuş, gediş-gəlişləri olmamışdır. Təxminən 1,5 il əvvəl Zərərçəkmiş şəxs1 onlara gəlmiş və ona onun həyat yoldaşı ilə münasibəti olduğunu demişdir. O, belə bir şey olmadığını ona bildirmiş, o da ona telefonda mesaj göstərmişdir. Mesajda Zərərçəkmiş şəxs1 həyat yoldaşı Aysel “sizə gəlirik” məzmunlu mətn yazmışdı. Nömrənin onun istifadəsində olmadığını bildirmişdir. Lakin, həmin vaxtdan sonra Zərərçəkmiş şəxs1 ona qarşı ədavəti başlamışdır. Zərərçəkmiş şəxs1 ədavətini digər şəxslərin ona “Kamran səni vuracaq” məzmunlu ifadələrindən hiss edirdi. Bundan əlavə Zərərçəkmiş şəxs1 anası onun bacısının uşağın şəklini “Whatsapp” mobil tətbiqi vasitəsilə paylaşaraq, qarğışlar yazmışdı. O, 2021-ci ilin dekabrın 14-də Karangilə getmişdir. Həmin vaxt üzərində bıçaq olmuşdur. Lakin üzərində bıçaq olduğunu orada bilmişdir. Kamran təhqiredici ifadələr işlətdiyi üçün ona üç bıçaq zərbəsi vurmuşdur. Daha sonra atası gəlmiş, ona da 1 bıçaq zərbəsi vuraraq, hadisə yerindən qaçmışdır. Kamera görüntülərini izlədikdə, hadisə yerində Tunar Süleymanovun olduğunu bilmişdir. Lakin, şahid qismində Onur dindirilmişdi. O, hadisə yerinə gedəndə həyətin qapısı açıq olmuş, lakin evin qapısı bağlı olmuşdur. Zərərçəkmiş şəxsləri öldürmək niyyəti olmamışdır. Törətdiyi əməldən peşman deyil. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2011-ci il oktyabr ayının 2-də Şahid3 ilə evlənmiş, həmin evlilikdən Tunar və Onur adlı iki uşaqları vardır. 2020-ci il iyulun 21-də axşam saatlarında evdə olanda Ayselin telefonunun işığının yandığını, lakin Ayselin telefonu gizlətdiyini görmüşdür. Ayseldən telefonu ona verməyini tələb etmiş, o isə müxtəlif bəhanələrlə telefonu ona verməkdən imtina etmişdir. Aysel yataqdan durub otaqdan çıxarkən telefonun onun cibində olduğunu gördüyü üçün əl atıb telefonu götürmüşdür. Telefonu ondan alsa da, şifrəni dəyişdiyi üçün ekran kilidini aça bilməmişdir. Telefonun şifrəsini nə üçün gizlətdiyini soruşduqda Aysel heç bir söz demədən evdən çıxıb getmişdir. Sonra Ayselin qardaşı Ayaz zəng edərək Ayselin gecə vaxtı onlara getməsinin səbəbini soruşanda məsələni ona izah eləmişdir. Ayaz gəlib şifrəni yazıb telefonu açmışdır. Ayazla birlikdə Ayselin işlətdiyi telefona baxmış və Ayselin bəzi telefon nömrələri ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladığını görmüşlər. “Norman” adlı şəxsdən ismarıc gəldiyini, lakin ismarıcın oxunmadığını görüb həmin nömrəyə baxdıqda nömrənin Təqsirləndirilən şəxs aid olduğunu bilmişdir. Nərimanla Ayselin yazışmalarına baxdıqda onların bir-biri ilə səmimi söhbət etdiyini anlamışdır. Ayselin ona xəyanət etdiyindən əmin olmuşdur. Səhəri gün o, anası Qərənfil və Ayaz ilə birlikdə bu məsələni aydınlaşdırmaq üçün Nərimanın evinə getmişlər. Nəriman Aysellə yazışmadığını demişdir. Ayselin telefonunda olan yazışmaları Nərimana göstərmişdir, Nəriman Aysellə yazışmasını boynuna alsa da, hər hansı bir yaxın münasibəti olmadığını demişdir. Həmin gün günorta saatlarında Nərimana zəng edib onun ilə Xaçmaz şəhərində dəmir yolunun yaxınlığında görüşmüşlər. X12 yazışmasında hər hansı bir yaxınlıq etmək niyyətinin olmadığını bildirsə də, Nərimanın sözlərinə qulaq asmadan oradan çıxıb getmişdir. O, Xaçmaz rayon məhkəməsinə müraciət etmiş və Aysellə boşanmışdır. 2021-ci il oktyabrın 14-də saat 13 radələrində oğlu Onur məktəbdən gəldikdən sonra o, əynini dəyişmək üçün evin ikinci mərtəbəsinə qalxmışdır. Atası Beykəs isə evin həyətində beton hasarın sökülməsi işi ilə məşğul idi. Onurun paltarını dəyişdikdən sonra ona yemək vermək üçün evin birinci mərtəbəsinə düşmüşlər. Yumurta götürmək məqsədilə bayıra çıxmaq üçün evin qapısını açanda Nərimanın qapının qarışısında dayandığını görüb “mənim evimə niyə gəlmisən, çıx bayıra” demiş, Nəriman qapının dəmir çərçivəsindən tutub onun üstünə gələrək ona bıçaqla xəsarətlər yetirmişdir. Nəriman onu bıçaqla vuranda oğlu Onur yanında olmuşdur. O, yerə yıxılmışdır. Sonra onun üstünə gəldiyini görüb onunla dalaşmışdır. Həmin vaxt atası Beykəs qapıdan içəri girmiş, Nərimanı kənara itələmişdir. Nəriman atasını da bıçaqla vurub qaçmışdr. Onları xəstəxanaya qonşuları Siyavuş aparmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2021-ci il dekabrın 14-də saat 13 radələrində yaşadığı evin həyətində beton hasarın sökülməsi işi ilə məşğul olurdu. Kamran isə Onuru məktəbdən gətirdikdən sonra onun əynini dəyişmək və yeməyini vermək üçün evə aparmışdı. Həyətdə öz işi ilə məşğul olarkən evin qapısının döyülməsi səsinə çeviriləndə bir nəfər cavan oğlanın evin həyətində, evin giriş qapısının qarşısında dayanaraq qapını döydüyünü görmüşdür. Həmin şəxsin Kamranın tanışlarından biri olduğunu güman edərək öz işinə davam eləmişdir. Evin qapısı açılanda Kamranın evin içərisindən “çıx bayıra” deyərək qışqırdığını eşitmişdir. Diqqətlə qapıya baxanda evin giriş qapısının qarşısında dayanan şəxsin Nəriman olduğunu görmüşdür. Nəriman Kamranın sözlərinə məhəl qoymadan evin içərisinə hücum eləmiş, dərhal evin giriş qapısına tərəf getmişdir. Qapıya çatanda Kamranın arxası üstə yerə yıxıldığını, Nərimanın əlindəki bıçaqla Kamrana dayanmadan, ardıcıl zərbələr vurduğunu görmüşdür. Nərimana yaxınlaşıb onu itələmiş və Kamrandan uzaqlaşdırmışdır. Bu dəfə Nəriman onun üzərinə hücum eləmiş və onu bıçaqlamışdır. Sonra Nəriman evdən çıxaraq qaçıb getmişdir. Qonşuları Siyavuşun köməyi ilə onun avtomobilinə minib Xaçmaz rayon Mərkəzi xəstəxanasına getmişlər. Təqsirləndirilən şəxslə barışmamışlar. Şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2011-ci il oktyabrın 2-də oğlu Zərərçəkmiş şəxs1 Aysel ilə evlənmişdi. Kamran və Ayselin iki uşağı var. 2020-ci il iyulun 21-də axşam saatlarında evdə olarkən Kamranın Ayseldən qışqıraraq “telefonu ver, telefonu ver” dediyini eşitmişdir. Sonra Ayselin evdən çıxıb getdiyini görmüşdür. Bir neçə dəqiqə sonra Ayselin qardaşı Ayaz gəlmiş və telefonun şifrəsini açıb telefondakı “Whatsapp” sosial şəbəkəsində olan yazışmalara baxdıqda orada Ayselin Nərimanla olan yazışmalarını görmüşlər. Həmin hadisədən sonra Kamran Ayseldən boşanmışdır. 2021-ci il dekabrın 14-də səhər 09 radələrində işlədiyi “Optimal" elektrik mağazasına getmişdir. Həmin gün saat 13 radələrində işdə olanda oğlu zəng edərək Nərimanın onları bıçaqladığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun oğludur. Bacısı oğlu Kamran 2011-ci ildə Aysel ilə evlənmişdi. 2020-ci il iyulun 20-də Nəriman onun yanında Aysel ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə danışdıqdan sonra Ayselin yazdığı mesajları ona göstərib Ayselgilin sabah onlara gələcəyini demişdir. İyulun 22-də bacısı Qərənfil, oğlu Kamran və Ayselin qardaşı Ayaz onlara gələrək Nərimanla görüşmək istədiklərini demişlər. Nərimanın evdə olmadığın deyib məsələnin nə olduğunu soruşanda Nərimanın Aysel ilə olan danışdıqlarını ona demişlər. X13 Nərimanın yanına getmişdir. X10 bacısı kimi münasibət göstərdiyini, qohum kimi yazışdığını, aralarında başqa yaxın münasibət olmadığını demişdir. 2021-ci il dekabrın 14-də X9 və Beykəsİ bıçaqladığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il dekabr ayının 14-də səhər atası ilə birlikdə məktəbdən evə gəlmişlər. Paltarlarını dəyişdikdən sonra atası ilə birlikdə həyətə çıxmaq istəmişlər. Atası evin qapısını açanda Nəriman içəri girərək atası ilə mübahisə etməyə başlamışlar, sonra Nəriman atasını bıçaqla vurmuşdur. Sonra babası da içəri gəlmiş, Nəriman onu da bıçala vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, bacısı Aysel 2011-ci ildə Kamranla evlənmişdi. Onalrın iki uşağı var idi. Ayselin Nərimanla olan telefon danışıqlarına görə onlar arasında mübahisələr olmuş və boşanmışdılar. 2021-ci il dekabr ayının 14-də axşam saatlarında internet saytlarının birində Nərimanın Kamran və Beykəsi bıçaqladığına dair xəbər oxumuşdur. Hadisənin necə baş verdiyini bilmir. Kamran Ayselin telefonunda Ayselin Nərimanla olan yazışmalarını görmüşdü. Yazışmalarda intim danışıqlar olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2011-ci ildə Kamran ilə evlənmişlər. İki uşaqları var. Kamran barəsində yayılan şayiələrə görə onunla mübahisə eləmiş və onlar boşanmışlar. Hadisə zamanı o, Bakı şəhərində olmuş və X7 və Beykəsi bıçaqladığını eşitmişdir. Nərimanla yaxın münasibəti olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 istintaq dövründə verdiyi ifadəsini təsdiqlədiyini bildirərək ifadəsində göstərdi ki, hadisənin şahidi olmamışdır. X7 və Beykəsi bıçaqladığını eşitmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 qonşusudur və sonuncunu uşaqlıqdan tanıyır. Təqsirləndirilən şəxs Kamranın qohumu olduğuna görə tanımış, Nərimanla yaxın münasibəti olmamışdır. 14 dekabr 2021-ci il tarixdə saat 13 radələrində evdə yemək yeyən zaman arvadı Esmira Mustafayeva çöldən kiminsə onu çağırdığını eşitmiş və çölə çıxdıqdan sonra dərhal onu yanına çağırmışdır. O, həyətə çıxdıqda Kamranın oğlu Onurun "atama kömək edin” deyərək qışqırdığını görmüş və daha sonra Kamran da həyətə daxil olmuşdur. Bu zaman Kamranın yaralandığını görmüş və nə baş verdiyini sonuncudan soruşmuşdur. Kamran xalası oğlu Nəriman tərəfindən bıçaqlandığını və Nərimanın atası Beykəsi də bıçaqlayaraq qaçdığını deyərək kömək etməyini ondan xahiş etmişdir. O və arvadı Esmira köməkli şəkildə Kamranla Beykəsi istifadəsində olan “\/AZ-2106” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirmişdir. Bu zaman o, Zərərçəkmiş şəxs2 qarın nahiyəsindən xəsarət aldığını və orqanlarının bayıra çıxdığını görmüşdür. O, Kamranla Beykəsi dərhal Xaçmaz RMX-na aparmış, Zərərçəkmiş şəxs1 xəstəxanın binasına özü yeriyərək daxil olmuş, lakin Beykəsin vəziyyəti ağır olduğundan sonuncunu xərəyə qoyaraq aparmışlar. Xəstəxanada olduğu müddətdə Kamranla Beykəsin qohumları da oraya gəlmişdir. Həmin gün saat 18 radələrinə kimi xəstəxanada gözləmiş və Kamranla Beykəsin vəziyyətinin yaxşı olduğunu öyrəndikdə isə xəstəxananı tərk edərək evə getmişdir. (Cild 1, iş vərəqləri 231-233) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid8 Şahid7 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir.(Cild 2, iş vərəqləri 69-71) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “hadisə yerinə baxış keçirilməsi haqqında” 15 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış səhər saatlarında aydın hava şəraitində aparılmışdır. Baxışda iştirak edən Şahid4 iki mərtəbəli yaşayış evini göstərib, həmin evdə oğlu Zərərçəkmiş şəxs1, əri Zərərçəkmiş şəxs2 və azyaşlı nəvəsi ilə birlikdə yaşadığını bildirmişdir, Daha sonra Şahid4 göstərdiyi evə baxış keçirilən zaman müəyyən edilmişdir ki, iki mərtəbəli ev daş hasarla əhatə olunan həyətdə yerləşir. Həyətin giriş qapısı qaldırıcı mexanizmlə işə düşür, açıq qəhvəyi rəngli qapısı vardır. Həmin qapıdan içəri daxil olduqda giriş qapısı ilə üzbəüz talvar, talvarın altında isə minik avtomobilinin olması görünür. Girişdən sağ tərəfdə isə iki mərtəbəli ev vardır, evin giriş qapısı dəmirdəndir və tünd qırmızı rənglidir. Həyətin qapısından evin giriş qapısına qədər olan 1-2 metr məsafədə yerdə qırmızı rəngli qan damcılarına oxşar ləkələrin olması aşkar edilmişdir. Daha sonra Şahid4 razılığı ilə onun yaşadığı evin giriş hissəsinə tərəfimdən baxış keçirilmişdir. Evin giriş qapısından 1-1,5 metr içəridə, evin içində, 04 m2 ölçüdə meydançada, yerə döşəmmiş sarı-qəhvəyi rəngli kafellərin üzərində qırmızı rəngli qan ləklərinə oxşar ləkələr vardır. Şahid4 həmin qan ləkələrinin oğlu Zərərçəkmiş şəxs1 və əri Zərərçəkmiş şəxs2 aid olduğunu, həmin yerdə Təqsirləndirilən şəxs onları bıçaqla vurduğunu bildirmişdir. Bundan sonra Şahid4 yaşadığı evdə müşahidə kameralarının olduğunu və həmin kamera görüntülərini təqdim edəcəyini qeyd etmişdir. Həmin kameraların yaddaş qurğusunun bağlandığı ekranda hadisənin görüntüləri aşkar olunmuşdur. Kamera görüntülərinə baxış keçirilən zaman qara rəngli papaq, qara rəngli gödəkçə geyinmiş şəxsin evin həyət qapısında həyətə daxil olaraq, evin giriş qapısının qarşısında dayanması və qapını əli ilə döyməsi, qapının açılması, qapını açan şəxslə qara rəngli gödəkcə geyinmiş şəxsin söhbət etməsi, daha sonra qara rəngli gödəkcə geyinmiş şəxsin evin giriş qapısından içəri zorla daxil olub, qapını açan şəxslə əlbəyaxa dava-dalaş etməsi, sonradan evin həyətindən əynində qısaqol köynək olan bir nəfər şəxsin evin qapısına doğru qaçıb qapıdan içəri daxil olması və dərhal dizləri üstdə sürünərək evin giriş qapısından bayıra çıxması, qara rəngli gödəkçə geyinmiş şəxsin isə evin içərisindən çıxıb qaçması, daha sonra evdən uzunqol qış gödəkcəsi geyinmiş bir şəxsin evdən çıxaraq evlə üzbəüz olan, qarşısında minik avtomobili dayanmış qonşunun evinə qaçması, daha sonra isə evin giriş qapısının qarşısında dizləri üstdə daynmış şəxsin yanına gələrək ona kömək edib avtomobilə əyləşdirərək, özü də avtomobilə əyləşərək avtomobillə evdən uzaqlaşmaları görünmüşdür. Şahid4 qara rəngli papaq və gödəkçə geyinmiş şəxsin bacısı oğlu Təqsirləndirilən şəxs olduğunu, dizləri üstə dayanmış şəxsin əri Zərərçəkmiş şəxs2 olduğunu, qonşunun evinə qaçan, əynində qış gödəkcəsi olan şəxsin isə oğlu Zərərçəkmiş şəxs1 olduğunu bildirmişdir. Baxış zamanı hadisənin görüntüləri 01 ədəd diskə köçürülməklə götürülmüşdür. Bundan başqa, evin giriş qapısından içəridə kafellərin üzərində olan insan qanına bənzər izlərdən qan nümunəsi götürülmüşdür. (Cild 1, iş vərəqləri 48-52) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 14 dekabr 2021-ci il tarixli “bıçağa baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş, sonuncunun cinayəti törədən zaman istifadə etdiyi 01 ədəd bıçağa baxış keçirilmiş və həmin bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 4-5) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan cinayət hadisəsinin video görüntülərinin köçürüldüyü bir ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2021 -ci il tarixli protokoldan görünür ki, müşahidə kamerası ünvan 3 ünvanında yerləşən iki mərtəbəli evin həyətini və evin yerləşdiyi qeyd olunan küçəni göstərir. Qara rəngli gödəkçə, qara rəngli şalvar, ağ köynək və qara papaq geyinmiş şəxs ünvan 3 ünvanında yerləşən evin həyətinin qapısından keçib həyətə daxil olur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin qara gödəkçə geyinən şəxsin özü olduğunu və gəldiyi evin xalası Şahid4, xalası oğlu Zərərçəkmiş şəxs1 və xalasının əri Zərərçəkmiş şəxs2 yaşadığı ev olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin evin qapısını döyməsi və qapının açılması görünür. Təqsirləndirilən şəxs qapını açan şəxsin xalası oğlu Zərərçəkmiş şəxs1 olduğunu bildirir. Qapı açıldıqdan sonra bir neçə saniyə qapını açan şəxslə söhbət etməsi görünür. Təqsirləndirilən şəxs qapını açan xälası oğlundan xalası Qərənfilin harda olmasını soruşduğunu və xalası oğlu Kamranın həmin vaxt onu nalayiq söyüşlərlə söyüb çıxıb getməsini tələb etdiyini dediyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs anidən evdən içəri daxil olduğu görünür. Təqsirləndirilən şəxs həmin vaxt xalası oğlu Zərərçəkmiş şəxs1la aralarında əlbəyaxa davä-dalaş olmasını və birlikdə evin içərisinə keçdiklərini, həmin vaxt üzərində olan bıçaqla xalası oğlu Zərərçəkmiş şəxs1 bir nəçə dəfə bıçaq zərbəsi vurduğunu bildirmişdir. Video görüntüdən görünür ki, bir nəfər şəxs evin həyətindən qaçaraq evin qapısından içəri girir. Təqsirləndirilən şəxs həmin şəxsin xalasının əri Zərərçəkmiş şəxs2 olduğunu, onların əlbəyaxa dava etdiklərini eşidib yanlarına gəldiyini bildirmişdir. Daha sonra içəri daxil olan şəxsin iməkləyərək evdən bayıra çıxması və əlini də qarın nahiyəsinə tutması görünür. Təqsirləndirilən şəxs xalasının əri Zərərçəkmiş şəxs2 da bıçaqla bir dəfə qarın nahiyəsindən vurduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs evdən çıxıb qaçması görünür. Zərərçəkmiş şəxs2 yerdə qalması, evin içərisindən bir nəfər şəxsin çıxması görünür. Təqsirləndirilən şəxs həmin şəxsin xalası oğlu Zərərçəkmiş şəxs1 olduğunu və bıçaqla sonuncunu vurub evdən çıxdıqdan sonra Kamranın evdən çıxdığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 yaşadığı evlə üzbəüz evə gedib geri qayıtması və həmin evdən çıxan bir nəfər şəxsin isə Zərərçəkmiş şəxs1 evinə gəlməsi görünür. Bundan sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmin şəxsin avtomobilinə əyləşərək yaşadıqları küçədən getmələri görünür. (Cild 1, iş vərəqləri 69-70) Məhkəmədə tərəflərin iştirakı ilə həmin diskə baxış keçirilərkən protokolda əks olunanların videogprüntülərə uyğun olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibb ekspertizasının 15 dekabr 2021-ci il tarixli, 767 nömrəli rəyindən görünür ki, 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət- qara ciyərin, böyük piyliyin zədələnməsi ilə piylik, nazik və yoğun bağırsağın eventrasiyası (xaricə çıxması) ilə qarın nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (Cild 1, iş vərəqləri 53-54) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibb ekspertizasının 15 dekabr 2021-ci il tarixli, 768 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş ıxəsarətlər - döş qəfəsinin sol qoltuqaltı nahiyəsində daxilə nüfuz edən bir ədəd deşilmiş'-kəsilmiş yara, sol bazu, sol bilək və qarın nahiyələrinin kəsilmiş yaraları deşici-kəsici alətin təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin sol qoltuqaltı nahiyəsində daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə ümumilikdə və ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (cild 1, iş vərəqləri 56-57) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan kompleks məhkəmə-trasoloji və soyuq silahların kriminalistik ekspertizasının 10 fevral 2022-ci il tarixli, 3/32, 3/36 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş geyim əşyalarının üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilmişdir. Geyim əşyalarının üzərində olan zədələr öz formasına, quruluşuna və s, ümumi əlamətlərinə görə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici, ucu deşici xassəyə; malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. (Cild 1, iş vərəqləri 203-205) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan komisyon-kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022ci il tarixli, 221 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən ;əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Hövsələsizlik, inadkarlıq, eqosentrizm, xarici qıcıqlara qarşı həssaslıq, tez özündən çıxmaq, emosional qeyri-sabitlik, özünə qarşı ətrafdakılardan həddən artıq hörmət tələb etmək kimi xarakterik xüsusiyyətlərinə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs törətdiyi hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı psixi-emosional vəziyyətində hirslilik, emosional oyanıqlıq yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə əlaqədar olmuşdur. Hazırki müayinə gedişatında psixi-emosional durumunda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs hadisə törətdiyi zaman qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, affekt halında olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (cild 1, iş vərəqləri 218-221) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 136/2022-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bir ədəd qolsuz mayka, qısaqol köynək, uzunqol vodolazka, uzunqol gödəkçə, salfet kəsiyi və qatlanan bıçağın tiyəsi üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bir ədəd uzunqol vodolazka, uzunqol gödəkçə, salfet kəsiyi və qatlanan bıçağın tiyəsi üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H" antigenləri, salfet kəsiyi üzərində həmçinin alfa və beta aqqlyutininləri də alınmışdır. Bu qan ləkələri Abeta/H/(ll) qrupul bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 (əgər onun qanında müşayiətçi “H” antigeni varsa) məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qarışmış qanı olduğu halda, bu ləkələrdə həmçinin O(l) qruplu şəxsin, o cümlədən Zərərçəkmiş şəxs2 da qarışmış qanının olması mümkündür. Bir ədəd qolsuz mayka və qısaqol köynək üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H" antigeni alınmışdır. “H” antigeni 0(1) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(l) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər. (cild 2, iş vərəqləri 99-105) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” və “Maddi sübut kimi tanıma haqqında” 15 mart 2022-ci il tarixli qərarlardan görünür ki, 1 ədəd qan nümunəsi, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 01 ədəd gödəkçə, 01 ədəd uzunqol köynək, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 01 ədəd qısaqol köynək, 01 ədəd mayka və Təqsirləndirilən şəxs cinayəti törədən zaman istifadə etdiyi 01 ədəd bıçaq maddi sübut kimi tanınaraq Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət hadisəsinin videogörüntülərinin köçürüldüyü 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 106-107, 114-137) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.6, 29, 120.2.7 və 157.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə bıcaqla vurduğu zərbələrin çoxluğunu, intensivliyini, xəsarətlərin lokalizasiyasını və ağırlıq dərəcəsini, o cümlədən xəsarətlərin həyat üçün vacib orqanlara yetirildiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin niyyəti məhz zərərçəkmiş şəxsi qəsdən öldürməyə yönəlmiş, lakin vaxtında ixtisaslı tibbi yardımın göstərilməsi səbəbindən, təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətinə nail olmaqla cinayəti başa çatdıra bilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri öldürmək niyyətində olmaması ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.6, 29, 120.2.7 və 157.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi tam sübuta yetirilmişdir. O, bu əməlləri qəsdən törətmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.6, 29, 120.2.7-ci maddələri ilə nəzərdə tutulan cinayət əməli başa çatmamış cinayət olmaqla təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.2-ci maddəsilə nəzərdə tutulan cinayət əməli başa çatmış cinayət olmaqla təsnifata görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinin tələbi nəzərə alınaraq həmin Məcəllənin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.6, 29, 120.2.7 və həmçinin 157.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sanksiyası və həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan 14 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xaçmaz rayon Polis Şöbəsinə könüllü gələrək əqsirini boynuna almışdır. (Cild 1, iş vərəqi 3) Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. (cild 1, iş vərəq 3) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə hərbi məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib 05 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Gəncə hərbi məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilib CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza 06 ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən və N saylı hərbi hissədən verilən arayışlardan görünür ki, qərarın icrası N ay müddətində hərbi hissə tərəfindən yerinə yetirilmişdir. Lakin müəyyən edilmiş müddətin geri qalanı icra edilməmişdir. (Cild 1, iş vərəqləri 125-126, Cild 2, iş vərəqləri 75-80) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 80.1 və 80.1.1-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətə görə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi iki il keçdikdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinə əsasən barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hazırkı iş Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs qismində tanıyır. Məhkəmə cəza təyin edərkən həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələblərinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1 və 63.3-cü maddələrinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə qəti cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 14 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 25-26, 93-96) Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Xaçmaz rayon prokurorluğunda saxlanılan 01 ədəd qan nümunəsi, 01 ədəd bıçaq, eləcə də yarasız halda olan 01 ədəd gödəkçə, 01 ədəd uzunqol köynək, 01 ədəd qısaqol köynək, 01 ədəd mayka məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən 181 manat 65 qəpik məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Bundan başqa, iş üzrə Zərərçəkmiş şəxs1 Beykes oğlu mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş maddi ziyana görə 510 manat, mənəvi zərərə görə 10.000 manat və dövlət rüsumuna görə 30 manat, ümumilikdə 10.540 manat pulun təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Bundan başqa, zərərçəkmiş şəxs X3 da mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş mənəvi zərərə görə 9.000 manat və dövlət rüsumuna görə 120 manat, ümumilikdə 9.120 manat pulun təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Həmin mülki iddia məhkəmə tərəfindən qəbul edilərək iş materiallarına əlvə edilmiş, zərərçəkmiş şəxslər mülki iddiaçı, təqsirləndirilən şəxs isə mülki cavabdeh kimi tanınmışlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, həmin Məcəllənin 179.2-ci maddəyə əsasən isə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət Məcəlləsində nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də eyni Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə verilmiş mülki iddia ərizələrində irəli sürülən tələbləri təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamış, irəli sürülən tələblər isə kifayət qədər əsaslandırılmamışdır. «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 72-ci bəndində də qeyd olunmuşdur ki, mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Beykes oğlu və X3 tərəfindən verilmiş mülki iddialar baxılmamış saxlanılmalı, onlara mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə vurulmuş ziyanı tələb etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.6, 29, 120.2.7 və 157.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.6, 29, 120.2.7-ci maddələri ilə 11 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 11 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 181 (yüz səksən bir) manat 65 (altmış beş) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd qan nümunəsi, 01 ədəd gödəkçə, 01 ədəd bıçaq, yararsız halda olan 01 ədəd uzunqol köynək, 01 ədəd qısaqol köynək və 01 ədəd mayka məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Beykes oğlu və X3 tərəfindən verilmiş mülki iddialar baxılmamış saxlanılsın, onlara mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə vurulmuş ziyanı tələb etmək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar