Məhkəmə qərarları › İş №1(124)-71/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-71/2024

18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-71/2024 18.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Quliyev Hüseyn İmran oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Qanunçuluq» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Saatlı rayonu, Krasnoselski kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu, Qara Nuru kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, M.Müşfiq küçəsi, fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs İslam və Vəli adlı İran İslam Respublikasının vətəndaşları ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncuların qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin müəyyən pul müqabilində tapşıracağı yerə çatdırmaqla satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 23 avqust 2022-ci il tarixdə bir qrup şəxs halında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən Abşeron rayon Mərkəzi Xəstəxanasının yaxınlığında Bakı-Sumqayıt yolunun kənarına qoyduğu bağlamada 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı»na daxil olan 393,0 qram çəkidə, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 420,0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı»na daxil olan 85,818 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb həmin gün saat 15 radələrində qanunsuz əldə edərək, əvvəlcədən razılaşdıqları kimi narkotik vasitələr - heroin, marixuana və psixotrop maddə metamfetamini öz yaşadığı ünvan 1ndə yerləşən nömrəsiz fərdi yaşayış evinə gətirməklə daşımış, həmin narkotik vasitələr və psixotrop maddələri İslam və Vəli adlı şəxslərin tapşırığı ilə realizə etmək məqsədi ilə hissələrə bölüb, ayrı-ayrı bükümlərdə 04 ədəd bağlamalara bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 12,938 qram, 115,0 qram, 170,0 qram və 84,966 qram olmaqla ümumilikdə 382,904 qram çəkidə olan hissəsini, 02 ədəd şəffaf rəngli sellofan bağlamalara bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 200,0 qram və 220,0 qram olmaqla ümumilikdə 420,0 qram çəkidə narkotik vasitə marixuananı və 02 ədəd bağlamalara bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 65,405 qram və 20,413 qram olmaqla ümumilikdə 85,818 qram çəkidə psixotrop maddə metamfetamini evində, narkotik vasitə heroinin 10,096 qram çəkidə hissəsini isə bir bükümdə əynində olan şalvarın sağ yan cibində saxlamış, 24 avqust 2022-ci il tarixdə saat 17:00 radələrində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında yerləşən yaşadığı nömrəsiz fərdi yaşayış evinin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən həmin 10,096 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 24 avqust 2022-ci il tarixdə saat 20:30 radələrində DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə keçirilmiş baxış zamanı evin yataq otağındakı taxta konstruksiyalı yatağın döşəyinin alt hissəsində həmin 04 ədəd bağlamalara bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 12,938 qram, 115,0 qram, 170,0 qram və 84,966 qram olmaqla ümumilikdə 382,904 qram çəkidə narkotik vasitə heroin, 02 ədəd şəffaf rəngli sellofan bağlamalara bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 200,0 qram və 220,0 qram olmaqla ümumilikdə 420,0 qram çəkidə narkotik vasitə marixuananı və 02 ədəd bağlamalara bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 65,405 qram və 20,413 qram olmaqla ümumilikdə 85,818 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi və 01 ədəd qayçı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirsiz bilərək göstərmişdir ki, sosial şəbəkədən “İslam” adlı şəxslə tanış olmuşdur. O, ona marixuana təklif etmiş, o da razılaşmışdır. Ona görə razılaşmışdır ki, özü marixuana istifadə etmişdir. Onun heç bir zaman narkotik vasitə satmaq kimi məqsədi olmamışdır. Marixuanadan başqa da heç nə istifadə etməmişdir. Saxlandığı gün məhəllədə olan zaman polis əməkdaşları ona yaxınlaşmışdır. Həmin vaxt üzərində heç nə olmamışdır. Düzdür, ona marixuana təklif edilmiş, gedib götürmüşdür. Sadəcə olaraq götürəndə görmüşdürki, başqa narkotik vasitələr də var, həyətə qoymuşdur. Narkotik vasitələri həyətə qoysa da, satış məqsədi olmamışdır. Narkotik vasitələr həyətdə olmuşdur. Ona təklif olunub, o, da getmişdir. Gedəndə orada başqa maddələr də var idi. Götürdükdən sonra həyətdə gizlətmişdir. Digər narkotik vasitələrdən istifadə etməsə də, narkotik vasitələri həyətdə gizlətməkdə məqsədi onlardan istifadə olmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, iki-üç il olardı ki, marixuana istifadə edir. “İslam” adlı şəxslə sosial şəbəkə vasitəsilə danışmışdır. Sözügedən şəxslə əlaqə saxlayan zaman “instagram” sosial şəbəkəsindən istifadə etmişdir. Əslində ona 10 (on) qram narkotik vasitə-marixuana atmalı idi. 10 qram marixuana üçün 30 (otuz) manat pul göndərmişdir. Ona kart atmışdır, pulu karta göndərmişdir. Pulu karta ödəmə terminalı vasitəsilə göndərmişdir. O, aqlay sahəsində işləmişdir. Narkotik vasitənin atıldığı ünvan ona dəqiq şəkildə göndərilmişdir. Ona bildirilən ünvana gedəndə narkotik vasitə görmüşdür. Həmin yerə gedəndə tapdığı narkotik vasitələrdən marixuana istisna, heç birini tanımamışdır. Marixuana üçün getsə də, digər narkotik vasitələri görmüş, elə onları da götürmüşdür. Digər narkotik vasitələri götürməkdə məqsəd istifadə olmuşdur. Marixuanadan başqa digər narkotik vasitələrin çəkisini bilməmişdir. Digər narkotik vasitələrə sonradan baxmış, marixuana olmadıqlarını görmüşdür. Fikirləşmişdir ki, onları daha sonra marixuana ilə dəyişər. Narkotik vasitələri götürdükdən sonra onları həyətdə gizlətmişdir. Digər narkotik vasitələri gizlətdikdən sonra onları marixuana ilə dəyişəcəyini düşünmüşdür. Törətmiş olduğu əməldən peşmandır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, narkotik vasitələri aldığı şəxslərlə ancaq sosial şəbəkə vasitəsilə əlaqə saxlamış, real həyatda görüşməmişdir. Üzərindən aşkar olunmuş kart ona məxsus olmaqla öz adına idi. Kartına narkotik vasitənin satışından əldə olunmuş pul vəsaiti köçürülməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, əməliyyat qrupu yaradılmış, Abşeron rayonu Masazır qəsəbəsinə yollanmışdırlar. Evin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Bundan sonra Abşeron rayon Polis İdarəsinin inzibati binasına getmiş, vəkil və təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparıldı. Xəyal bir büküm narkotik vasitəni təqdim etdi. Kart, pul və telefon da Xəyalın üzərində olmuşdur. Narkotik vasitə qablaşdırıldı. Xəyal təqdim etdiyi maddənin narkotik vasitə heroinə bənzər maddə olduğunu, həmin maddəni İran vətəndaşları “İslam” və “Vəli” adlı şəxslərdən aldığını bildirdi. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olduğunu qeyd edərək evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirdi. Xəyalın evinə baxış keçirən zaman sonuncu yataqdan, taxtın altından bir ədəd sellofan torbanı götürüb təqdim etmiş, həmin sellofan torbanın içərisində bir neçə büküm narkotik vasitə olmuşdur. Xəyal sellofan torbanın içərisində heroin, metamfetamin və marixuana olduğunu demişdir. Daha sonra qablaşdırma və sənədləşdirmə işləri aparıldı. Əməliyyat məlumatı 20 avqustda daxil olmuşdur. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olması barədə idi. Xəyalın narkotik vasitəni konkret olaraq kiməsə satması barədə məlumat yox idi. Evə daxil olmaq üçün ərizə təhqiqatçı tərəfindən alınmışdır. İlk öncə ərizə alnıb, daha sonra evə baxış keçirilib. Ərizəni Təqsirləndirilən şəxs özü vermişdir. Təqsirləndirilən şəxsi yaşadıqları məhəllədə, evlərinin yaxınlığında saxlamışdırlar. Saxlanan zaman üzərinizdə heroin olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, üç gün evdə olmamış, qonaq getmişdir. Xəyal saxlanan zaman evdə olmuşdur. Qapı döyülüb, üç nəfər polis əməkdaşı içəri daxil olaraq Xəyalın evdə çanta olması barədə məlumat verdiyini bildirmişdirlər. Evə girib evi axtarmışdırlar. Axtardıqdan sonra çantanı tapmışdırlar. Ərinin narkotik vasitə istifadəçisi olmasından xəbəri olmamışdır. Ərizəni ona mənzilə daxil olduqdan sonra yazdırmışlar. Mənzilə daxil olmuş, baxış keçirmiş, daha sonra gecə onu çağırmışlar. Ərizəni həmin vaxt yazmışdır. Evləri həyət evidir. Qapını uşaq açmışdır. İçəri daxil olan şəxsləri o, sonradan görmüşdür. Onları görən zaman artıq mənzilə daxil olmuşdurlar. İçəriyə daxil olan şəxslərin əlində çanta və s. olması yadında deyildir. Həmin vaxt özündə olmamış, ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etmişdir. Şahid1 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1990-cı ildə Saatlı rayonunda anadan olmuş, Abşeron rayonu, Masazır qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin rəisinə məruzə edildikdən sonra ondan və DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə Abşeron rayonu, Masazır qəsəbəsi, M.Müşfiq küçəsində əməliyyat axtarış tədbirləri keçirilmiş və 24 avqust 2022-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 17:00-da Abşeron rayonu, Masazır qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən nömrəsiz fərdi yaşayış sahəsinin qarşısında Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirlərini nəzərə alaraq Abşeron rayon polis İdarəsinin inzibati binasına gətirilmişdir. Abşeron rayon polis İdarəsinin inzibati binasında həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, baş idarəyə gətirdikləri şəxs xx.xx.1990-cı ildə Saatlı rayonunda anadan olmuş, Abşeron rayonu, Masazır qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən nömrəsiz fərdi yaşayış sahəsində yaşayan Təqsirləndirilən şəxsdur. Abşeron rayon polis idarəsinin inzibati binasında baş təhqiqatçı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş müdafiəçinin, onun və DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində olan qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olubolmaması soruşulmuş və təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Həmin şəffaf rəngli sellefon torbanın içində 01 bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Sonra Təqsirləndirilən şəxsnın üzərinə axtarış keçirilmiş və əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd açar, 01 ədəd Redmi markalı mobil telefon, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, içində siqaret dənələri olan siqaret qutusu, 4098 5844 6263 6570 nömrəli bank kartı və 3 AZN pul aşkar edilmişdir. Başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlənin qablaşdırma ilə birlikdə çəkisi 12 qram olmuşdur. Sonra təhqiqatçı tərəfindən aşkar edilmiş kütlə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Redmi” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və bank kartı bu barədə sonuncuya izah verildikdən sonra təhqiqatçı tərəfindən götürülmüş, üç manat pul və digər əşyalar isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələri İran İslam Respublikası vətəndaşı “İslam” və “Vəli” adlı şəxslərin vasitəsilə deyiləcək ünvanlara çatdırmaq və pul qazanmaq üçün Abşeron rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, əlavə olaraq yaşadığı evində narkotik maddə saxladığını, yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə Abşeron rayon polis idarəsinin inzibati binasında iş otaqlarının birində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı «Sony» markalı video kameradan istifadə etməklə əməliyyat müvəkkili Şahid1 tərəfindən videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra 24 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs, müdafiəçisinin, arvadı Şahid3, baş təhqiqatçı Nəcəf Aburşunun, onun, DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən nömrəsiz fərdi evə getmişlər. Saat 20:30-da Abşeron rayonu, Masazır qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən nömrəsiz fərdi evə baxış keçirmişlər. Baxış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı mənzildə dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin yataq otağına daxil olaraq orada yerləşən taxta konstruksiyalı yataqdakı döşəyin alt hissəsində gizlətdiyi 01 ədəd yaşıl rəngli torbanı təqdim etmişdir. Təqdim edilmiş sellofan torba baxış keçirilməsi məqsədi ilə götürülmüşdür. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisindən 02 bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər, 04 ədəd bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddə, 02 bükümdə yaçıl rəngli narkotik vasitə quruduluş marixuanaya bənzər kütlə, 01 ədəd elektron tərəzi, 01 ədəd qayçı və narkotik vasitələrin dövriyyəsi ilə bağlı qeydlər apardığı 01 ədəd vərəq aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırılma ilə birlikdə heroinə bənzər kütlənin çəkisi 400 qram, metamfetaminə bənzər kütlənin çəkisi 86 qram və quruduluş marixuanaya bənzər kütlənin çəkisi 425 qram olmuşdur. Daha sonra həmin kütlələr, 1 ədəd elektron tərəzi, 1 ədəd qayçı və narkotik vasitələrin dövriyyəsi ilə bağlı qeydlər apardığı 01 ədəd vərəq içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və üzəri Təqsirləndirilən şəxs, müdafiəçi, arvadı və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövrüyəsi qadağan edilmiş, yaxıd iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs külli miqdarda qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən ona məlumat daxil olmuşdur. Onlar da həmin məlumat əsasında əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs saxlamışlar. Xəyalə qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, eləcə də eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan 24 avqust 2022-ci il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protokola əlavə edilmiş, qeyd olunan əməliyyat-axtarış tədbirinin video görüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman göy rəngli cins şalvarın sağ yan cibindən 1 büküm şəffaf rəngli sellofanda narkotik vasitə olan heroini çıxardaraq təqdim edir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 01 ədəd açar, 01 ədəd mobil telefon, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, siqaret qutusu, bank kartı və 3 AZN pul əskinasını da təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd bükümdə narkotik vasitə olan heroini İran İslam Respublikası vətəndaşı “İslam” və “Vəli” adlı şəxsin vasitəsilə deyiləcək ünvanlara çatdırmaq və pul qazanmaq məqsədilə Abşeron rayonunda gizlədilən yerdən əldə etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq, Abşeron rayonu, Masazır qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən nömrəsiz fərdi evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Şahid3 ərizə yazaraq yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “ Evə baxış və götürmə aparılması haqqında” protokol və protokolun əks etdirdiyi əməliyyat-axtarış tədbirinin görüntülərini əks etdirən DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mənzilin yataq otağına daxil olaraq girişdən sağ tərəfdə yerləşən taxta konstruksiyalı yataqdakı döşəyin alt hissəsində gizlətdiyi 01 ədəd sellofan torbanı təqdim edir. Təqdim edilmiş sellofan torba baxış keçirilməsi məqsədi ilə götürüldü. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisindən 02 bükümdə ağ rəngli psixotrop maddə metamfetamin, 04 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroin, 02 bükümdə quruduluş marixuana kütlə, 01 ədəd elektron tərəzi, 01 ədəd qayçı və narkotik vasitələrin dövriyyəsi ilə bağlı qeydlər apardığı 01 ədəd vərəq aşkar olundu. Həmin kütlələr elektron tərəzidə çəkildi və qablaşdırılma ilə birlikdə heroinə bənzər kütlənin çəkisi 400 qram, metamfetaminə bənzər kütlənin çəkisi 86 qram və qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 425 qram oldu. Daha sonra həmin kütlələr, 1 ədəd elektron tərəzi, 1 ədəd qayçı və narkotik vasitələrin dövriyyəsi ilə bağlı qeydlər apardığı 01 ədəd vərəq içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır və üzəri Təqsirləndirilən şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 25 avqust 2022-ci il tarixli 7/935 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən...." yazı və imza olan yaşıl rəngli torbada 2 ədəd şəffaf sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 200,0 qr və 220,0 qr olmaqla, ümumi çəkisi 420,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Təqdim edilmiş elektron tərəzinin və qayçının üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Marixuananın qalıq çəkisi 419,90 qram təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 avqust 2022-ci il tarixli 6/4502 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 10,096 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən...." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd parça torbanı açdıqda dörd ədəd bağlamada ayrı-ayrılıqda temiz çəkisi 12,938 qram, 115,0 qram, 170,0 qram, 84,966 qram olmaqla ümumi təmiz çəkisi 382,904 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasite heroindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 65,405 qram, 20,413 qram ümumi təmiz çəkisi 85,818 qram ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş beş ədəd bükümdə narkotik vasitə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə və qayçıda narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər beş ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ile təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilen psixotrop maddələri"-in siyahısına (Siyahı İ) daxildir. Heroinin qalıq çəkisi 392,8 qram, metamfetaminin qalıq çəkisi 85,718 qram təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 01 oktyabr 2022-ci il tarixli 5690 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 06 dekabr 2022-cü il tarxili qərarla iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi – 419,90 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi – 392,8 qram çəkidə heroin və qalıq çəkisi – 85,718 qram psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, bir ədəd qayçı Abşeron RPİnin maddi sübutların saxlanması otağında saxlanılması, təqsirlənirilən şəxsin narkotik vasitələrin dövriyyəsi ilə bağlı qeydlər apardığı 01 ədəd vərəqin də maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə hissəsinə tənqidi yanaşaraq bildirir ki, bu hal yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təsdiq olunur. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs qabaqcan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin, külli miqdarda psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Saatlı RİHB-nın Qara Nuru kənd İƏD-si üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayonu, Qara Nuru kəndində anadan olmuşdur və iki azyaşlı övladı var. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir rəsmi və qeyri rəsmi şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs övladları X2 xx.xx.2016-cı il və X1 xx.xx.2012-ci il təvəllüdlü olmaqla azyaşlıdırlar. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59.1.4-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində iki azyaşlı uşaqlarının olmasıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına saxlanılan 01 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi – 419,90 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi – 392,8 qram çəkidə heroin və qalıq çəkisi – 85,718 qram psixotrop maddə metamfetamin, bir ədəd qayçı məhv edilməli, narkotik vasitələrin dövriyyəsi ilə bağlı qeydlər apardığı 01 ədəd vərəq cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 153 (yüz əlli üç) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 24 avqust 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi – 419,90 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi – 392,8 qram çəkidə heroin və qalıq çəkisi – 85,718 qram psixotrop maddə metamfetamin, bir ədəd qayçı məhv edilsin, narkotik vasitələrin dövriyyəsi ilə bağlı qeydlər apardığı 01 ədəd vərəq cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, bir ədəd elektron tərəzi müsadirə edilsin. Təqsirləndirilən şəxs 153 (yüz əlli üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar