Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-71/2025 15.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü il ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağdam şəhəri, T.İsmayılov küçəsi,ev 12/1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2mış, barəsində həbs qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 1065.0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıl ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 16 fevral 2024-cü il tarixdə saat 15:18-də Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Şuşa” marketin yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılan zamanı sol əlində saxlamış olduğu 01 ədəd ağ rəngli sellofan torbanın içərisindən təmiz çəkisi 1065,0 qram bitki mənşəli küllə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun üzərində narkotik vasitə marixuana olmamış, o, “kakos”dan istifadə etmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, 5 ildir ki, narkotik vasitə istifadə edir. Narkotik vasitə marixuana istifadə etmişdir. Saxlananda üstündə, ümumiyyətlə, narkotik vasitə olmamışdır. Onu polis əməkdaşları döymüşlər və o, döyüldüyünü şəhər məhkəməsində demişdir. Məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə çəkilməmiş cəzası qalmışdır. Polislər ona 1 kiloqram “nəşə”ni boynuna götürməyini demişdirlər. Onu Sahil küçəsində saxlamışdırlar. Narkotik vasitəni qəbul edənlərdə ağrı olur, onda isə olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Ona Azər adlı oğlan zəng etmiş, evdə olmuş, ayağında da əvvəlki məhkumluğu ilə bağlı qolbaq olmuşdur, saat günorta 13:00 radələri olmuşdur. Sonra Azərlə maşına minmiş, sonra da düşən kimi onu tutmuşdurlar. Sahil küçəsi, Şuşa marketin yaxınlığında olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ilkin ifadəsində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuşdur. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Uzun müddətdir narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. O, təxminən 3-4 ay bundan qabaq dostları ilə birlikdə Xızı rayonuna getmiş, orada olan zaman meşəlik ərazidə gəzərkən yabanı şəkildə olan marixuana bitkisinin bitdiyini görmüşdür. O, marixuana bitkisini tanıdığı üçün həmin bitkidən bir qədər toplamışdır. Lakin, bu barədə heç kəsə heç bir söz deməmişdir. Topladığı bitkini yaşadığı evə gətirərək özü istifadə etməsi üçün evdə gizlətmişdir. Lakin bir müddət sonra həmin marixuananın hamısını istifadə edə bilmədiyini və qalan kütlənin xarab olduğunu gördüyü üçün onu atmaq qərarına gəlmişdir. Diqqət cəlb etməmək üçün həmin kütləni adi ağ rəngli şəffaf sellofana qoymuşdur. xx.xx.2024-cü il tarixdə günorta saatlarında o, həmin kütləni şəhərin kənarına zibillik bir əraziyə atmaq üçün evdən çıxmış, Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən "Şuşa" marketin yaxınlığına çatdıqda bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan narkotik vasitə istifadə edib-etmədiyini və hazırda üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, polis əməkdaşlarına narkotik vasitə istifadə etdiyini və hal-hazırda üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bu zaman polis əməkdaşları onun üzərinə baxış keçirilməli olduğunu, lakin həmin yerin baxış üçün uyğun olmadığı üçün Sumqayıt ŞPİ-nin inzibati binasına getməli olduqlarını bildirmişlər O, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Sumqayıt ŞPİ-nin inzibati binasına gətirildikdən sonra vəkillə təmin olunmuşdur. Əməkdaşlar tərəfindən videoçəkiliş vasitəsilə üzərinə baxış keçirildikdə əlində saxladığı sellofan paketi baxışa təqdim etmişdir. Ona saxlanılarkən, polis idarəsinə gətirilərkən heç bir təzyiq və şiddət göstərilmədiyini bildirmişdir.(1 cild i/v: 69-72) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə CAŞ-nə etibarlı və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlaması, istifadəsi, satması və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. O, qrupun digər üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Sahil küçəsinə getmişdir. Həmin gün saat 15:10 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində yerləşən "Şuşa" marketin yaxınlığında olduğunu görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar həmin şəxsdən narkotik vasitələrin istifadəsində, satışında və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib, Sumqayıt ŞPİ-yə getməli olacaqlarını, orada üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etmədikləri üçün Sumqayıt ŞPİ-nə getmişlər. Təqsirləndirilən şəxs özü əynində olan gödəkçəsinin iç cibində saxlamış olduğu bir ədəd mobil telefonu və sol əlində saxlamış olduğu 01 ədəd ağ rəngli sellofan torbanı təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin sellofan torba açıldıqda içərisində qurudulmuş marixuanaya oxşar maddə aşkar olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bağlamanın nə olduğunu və bükümü hansı məqsədlə üzərində gəzdirdiyni soruşduqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bağlamanın qurudulmuş marixuana olduğunu, polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 3-4 ay bundan öncə Xızı rayonunda olan zaman meşəlik ərazidən topladığını, qurudaraq öz şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, lakin heç bir şey aşkarlanmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bağlamalar təhqiqatçı tərəfindən tərəziyə qoyulub çəkilən zaman həmin bükümün şəffaf sellofan ilə birlikdə çəkisinin 1147 qram olduğu müəyyən olunmuşdur Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin, CAŞ-nin kiçik ispektoru, polis baş serjantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin polis baş serjantı X5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs MSY-yə gətirilən zaman üzərində qolbaq olmuş, aparatın işlək vəziyyətdə olduğunu xatırlamış, siqnal səsi gəlmiş, mütəmadi olaraq 2 gün ərzində işlək oluğunu xatırlamışdır. Verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsi təcridxanaya apararkən həmin aparatı ayağından o açıb, aparatı təhvil vermişdir. Qandalları ondan başqa heç kim açmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri külli miqdarda üzərində gəzdirməsi, satışı və saxlaması barədə məlumat daxil olmuşdur.( İ cild i/v 4) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 16 fevral 2024-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” və 15 aprel 2024-cü il tarixli “diskə baxış keçirilməsi barədə” protokollardan və protokola əlavə olunmuş bir ədəd DVD formatlı kompakt diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş şəxsə tutmanın səbəbini bildirib şəxsi axtarışda iştirak edən polis əməkdaşlarından özlərini təqdim etmələrini xahiş edir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra təhqiqatçı şübhəli şəxsə onun hüquq və vəzifələri qeyd olunmuş bildiriş təqdim etmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxsə Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X3 təqdim edərək ondan vəkilə hər hansı etirazının olub-olmadığını soruşur. Şübhəli şəxs vəkilə etirazının olmadığını bildirdikdən sonra təhqiqatçı ona üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verir. Şəxsi axtarış başlamazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs təklif edir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan boz rəngli qış gödəkçəsinin sol iç cibindən bır ədəd “Redmi” markalı mobil telefonu və sol əlində saxlamış olduğu bir ədəd şəffaf rəngli sellofan paketi stolun üzərinə qoyur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs həmin bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin marixuananı saxlanılmazdan təxminən 3-4 ay öncə Xızı rayonuna dostları ilə istirahət etmək üçün gedən zaman meşəlik ərazidən yığdığını, öz şəxsi istifadəsi uçun yaşadığı evdə saxladığını, lakin artıq həmin kütlənin köhnəldiyi üçün almağa apardığını, bu zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasilə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilən zaman həmin kütlənin ümumi çəkisinin 1147,0 qram olması müəyyən edildi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər maddə Azərbaycan Respublikası DİN-in 124 saylı möhürü ilə möhürləndi. ( İ cild i/v 33-35, 113) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/204 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində ’’saxlanılan şəxs Təqsirləndirilən şəxs...” sözləri yazılmış skoçla bağlanmış qara rəngli polietilen torbada təmiz çəkisi 1065.0 qram bitki mənşəli küllə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Qurudulmuş marixuananın təmiz çəkisi- 1065,0 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq- 1064,9 qram. (İ.v 46-49) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2024-cü il tarixli 3609 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin və opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 149-150) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 07 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş 1065 qram narkotik vasitə qurudulmuş marixuanadan tədqiqatdan sonra qalıq qalmış 1064,9 qram narkotik vasitə olan qurudulmuş marixuana maddı sübut kimi tanınmaqla, saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. “Şəxsi axtarış keçirilməsi" barədə 16 fevral 2024-cu ıl tarixli istintaq hərəkətinin videogörünlüsü əks etdirilmiş 01 ədəd CD formallı disk maddi sübut kimi tanınmışdır. (i.v 152-158) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə o, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü ıl tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına cəzasına məhkum edilmişdir (i.v 116-119) “Elektron məhkəmə” İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X4 adlı azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü ıl tarixli 58/1-1604/ saylı məktubdan görünür ki, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ona təyin olunmuş cəzadan 06 ay 06 gününü çəkmiş, çəkilməmiş cəzası 01 il 11 ay 20 gün təşkil edir. (i.v 115) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidmətinindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-21/1-68762 saylı məktubdan görünür ki, “Attenti” elektron monitorinq sistemindən əldə edilmiş məlumata əsasən koordinatlar üzrə məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:00-dan elektron nəzarət vasitələrini (mobil nəzarət qurğusunu) gəzdirmək vəzifəsinə əməl etmədiyi vaxtadək - saat 12:56-dək yaşayış yerində (Sumqayıt şəhəri, Əlvan metal pansionatı) olmuş, həmin vaxtdan izləmə sessiyası bağlanılanadək elektron nəzarət vasitələrini yaşayış yerində qoyaraq gəzdirmək vəzifəsinə əməl etmədiyindən onun coğrafi yerdəyişməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı narkotik vasitənin külli miqdarda və şəxsi istehlak miqdarından dəfələrlə çox olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 24 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 24 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «quruduımuş marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması onun cəzalarını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslin cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən və Sumqayıt şəhər Probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 58/1-1604/ saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 19 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 il 11 ay 20 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə cinayət qanununun qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 19 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 11 ay 20 gün çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 11 ay 25 gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 16 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri İ cild i/v: 61-62. 83-84) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd olunan iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 1064,9 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 19 may 2023-cü ıl tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 01 il 11 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub hesablanmaqla 11 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 1064,9 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-71/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-71/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver