Məhkəmə qərarları › İş №1(124)-711/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-711/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-711/2024 17.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Abşeron rayonu Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Qobustan şəhəri, Yeni Yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 7,295 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 28 mart 2024-cü il tarixdə saat 12:50-də yaşadığı Qobustan şəhəri, Yeni Yaşayış massivində nömrəsiz fərdi evin yaxınlığında olduğu zaman saxlanılaraq Qobustan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 14:35-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda 7,295 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu Qobustan şəhərində yaşadığı evin qarşısında saxlayaraq, Qobustan RPŞ-ə aparmış, üzərində 1 büküm, 07 qram psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Həmin psixotrop maddəni Şamaxı rayonundan tapmışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq 1 ilə yaxındır ki, metamfetamini çəkmə yolu ilə istifadə etdiyini və Şamaxı rayonunda bazardan tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq üzərindən aşkar olunan psixotrop maddənin 1 büküm olduğunu, üzərində həmin gün elektron tərəzi olmadığını, yalnız şəxsi istifadəsi üçün narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq saxlanılanadək fəhlə işlədiyini, başqa heç bir fəaliyyəti olmadığını, İran İslam Respublikasına çoxdan maşın avadanlığı gətirmək üçün getdiyini, metamfetamini isə 1 ilə yaxındır ki, istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək bildirmişdir ki, bir müddətdir ki, narkotik vasitənin və psixotrop maddənin müxtəlif növlərindən istifadə edir. Narkotik vasitə və psixotrop maddə istifadə etdiyi üçün onların bəzi növlərini də tanıyır. Təxminən 18 mart 2024-cü il tarixdə Şamaxı rayonuna gəlmişdir. Şamaxı rayonu ərazisində piyada gəzərkən yerdə bir ədəd şəffaf rəngli sellofan bükümün olmasını və həmin bükümü əlinə alanda içərisində psixotrop maddə metamfetaminin olmasını görmüşdür. Psixotrop maddə metamfetamindən istifadə etdiyi üçün həmin bükümü götürüb cibinə qoymuşdur ki, lazım olanda istifadə edər. 28 mart 2024-cü il tarixdə saat 12:50-də yaşadığı ünvanın yaxınlığında tanışı Şahid2 ilə birlikdə olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan və Musadan anket məlumatları soruşmuşlar. Musa ilə birlikdə özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişdir. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onu və həmin zaman yanında olan Şahid2 Qobustan Rayon Polis Şöbəsinə dəvət etmişdir. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Lakin Şahid2 isə şübhəli şəxs qismində tutulmamış, lakin üzərində baxış keçiriləcəyi bildirilmişdir. Sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış, Şahid2 üstünə isə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarımın sol yan cibindən 01 ədəd sellofan bükümünü, həmin şalvarının sağ yan cibindən isə 01 ədəd Birbank bank kartını, 01 ədəd Nokia markalı mobil telefonu və 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan metamfetamini, təxminən 10 gün əvvəl Şamaxı rayonu ərazisində tapdığını, əvvəllər narkotik vasitədən istifadə etdiyini, tapdığı maddəni öz şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddənin üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan maddə polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Bundan sonra təqdim etdiyi 10 manat pulun özünə məxsus olduğunu və cinayət yolu ilə əldə etmədiyini bildirdiyi üçün həmin pul vəsaiti özünə qaytarılmış, təqdim etdiyi 01 ədəd “Birbank” bank kartı və 01 ədəd Nokia markalı mobil telefon isə təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra birlikdə saxlanılaraq Polis Şöbəsinə gətirilmiş Şahid2 üstünə baxış keçirilmiş, lakin Şahid2 üstündən qanunsuz hər hansı bir əşya aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə günorta saatlarında yanında olan 1 nəfər şəxslə birlikdə Qobustan şəhərində saxlanılaraq Qobustan RPŞ-ə aparılmışdır. Polis Şöbəsində xidməti otaqların birində təqsirləndirilən şəxsin üzərinə vəkilin iştirakı ilə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, bu zaman üzərindən 1 büküm psixotrop maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs özü həmin psixotrop maddəni şəxsi istifadəsi üçün Şamaxı rayonu ərazisindən 10 gün bundan qabaq əvvəl əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən metamfetamin, bank kartı və telefon aşkar olunmuş, üzərindən elektron tərəzi aşkar olunmamışdır. Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 28 mart 2024-cü il tarixdə, saat 12:50-də yaşadığı ünvanın yaxınlığında tanışı Təqsirləndirilən şəxs ilə birlikdə olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib Kənanın və mənim anket məlumatlarımı soruşmuşdur. Təqsirləndirilən şəxs və o özünü təqdim etdikdən sonra polis əməkdaşları Kənanın narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdir. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları Qobustan Rayon Polis Şöbəsinə dəvət etmişdir. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis Şöbəsinə gəlmişdir. X4 hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Şübhəli şəxs qismində tutulmamışdır. Ancaq üzərində videoçəkilişlə baxış keçiriləcəyi bildirilmişdir. Sonra video çəkilişdən istifadə edilməklə Kənanın üzərinə şəxsi və axtarış, onun üstünə isə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümünü, həmin şalvarının sağ yan cibindən isə 01 ədəd Birbank bank kartını, 01 ədəd Nokia markalı mobil telefonu və 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisindən psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan metamfetamini, təxminən 10 gün əvvəl Şamaxı rayonu ərazisində tapdığını, əvvəllər narkotik vasitədən istifadə etdiyini, tapdığı maddəni öz şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddənin üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra Kənanın üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan maddə polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar və mənim tərəfindən imzalanmış və götürülmüşdür. Bundan sonra Kənan təqdim etdiyi 10 manat pulun özünə məxsus olduğunu və cinayət yolu ilə əldə etmədiyini bildirdiyi üçün həmin pul vəsaiti onun özünə qaytarılmış, təqdim etdiyi üzərində 01 ədəd “Birbank” bank kartı və 01 ədəd Nokia markalı mobil telefon isə təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra onun üstünə baxış keçirilmiş, lakin üstündən qanunsuz hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalar ilə təsdiq edilmişdir. Kənanın üstündə narkotik vasitə və ya psixotrop maddə olmasından xəbərim olmamışdır. Sadəcə qonşusu olduğu üçün həmin zaman birlikdə olmuşdur. Daha sonra şəxsi axtarış və götürmə qurtarmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün həmin protokolu imzalamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protoklun video görüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan idman şalvarının cibindən 01 ədəd sellofan bükümünü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan metamfetamini, təxminən 10 gün əvvəl Şamaxı rayonu ərazisində tapdığını, əvvəllər narkotik vasitədən istifadə etdiyini, tapdığı maddəni öz şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddənin üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan maddə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1695 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi maddə (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,295 qram ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş narkoloji tibbi yoxlamanın 29 mart 2024-cü il tarixli 1985 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sinromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş narkoloji tibbi ekspertizasının 09 aprel 2024-cü il tarixli 1219/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02 aprel 2024-cü il tarixli Qobustan Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının DİN BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 28 mart 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30 mart 2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərar və 21 may 2024cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,195 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 aprel 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş "xxxx" MMC-dən götürülmüş diskdə əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli protokol məhkəmə baxışı zamanı tədqiq edilərkən aydın olur ki, təqsirləndirilən şəxsin istifadəsində olmuş “Nokia” markalı mobil telefonun tədqiq edilməsi nəticəsində cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Cinayət işi materiallarından və “Elektron məhkəmə sistemi”dən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq xx.xx.2017-ci il təvəllüdlü X2 vardır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Qobustan şəhəri, Xocalı küçəsində müvəqqəti qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir təqsirləndirici məlumat və şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etmişdir. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan əsaslı sübutlara istinad etməmiş, təqsirləndirilən şəxsə verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, narkotik vasitənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı ittiham verilsə də, istintaq orqanının topladığı materiallar əsasında təqsirləndirilən şəxsin narkotik vasitəni yalnız öz şəxsi istifadəsi üçün əldə etdiyi öz təsdiqini tapır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 7,295 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 28 mart 2024-cü il tarixdə saat 12:50-də yaşadığı Qobustan şəhəri Yeni Yaşayış massivində nömrəsiz fərdi evin yaxınlığında olduğu zaman saxlanılaraq Qobustan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 14:35-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda 7,295 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş qalıq çəkisi 7,195 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 28 mart 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 7,195 qram qalıq psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar