Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-718/2023 21.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, ev 46, mənzil 52-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, fərdi bağ evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan “Nasir” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə əldə edib ona verdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin 400 manat müqabilində deyilən yerlərə qoyulmaqla satışını həyata keçirməkdə vasitəçilik etmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə bir qrup şəxs halında satış məqsədi ilə “Nasir” adlı şəxsin Abşeron rayonu, Novxanı kəndi, kənd qəbirstanlığında qoydurduğu, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxil olan bir ədəd bükümdə 1058,3 qram çəkidə külli miqdarda qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroini «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na daxil olan bir ədəd bükümdə çəkisi 300,5 qram külli miqdarda psixotrop maddə metamfetamini və bir ədəd elektron tərəzini götürüb qanunsuz əldə edib üzərində saxlamış və daşımış, Abşeron RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirildikləri əməliyyat tədbirləri nəticəsində həmin gün saat 19 radələrində qeyd olunan ərazidə şübhəli şəxs qismində saxlanılıb Abşeron RPİ-yə gətirilərək, orada xx.xx.2023-cü il tarixdə saat 00:50dən saat 01:03-ə kimi üzərinə şəxsi axtarış keçirərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı bir ədəd bükümdə 1058,3 qram çəkidə külli miqdarda qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroin, bir ədəd bükümdə 300,5 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində heroin və metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis əməkdaşları onu 30 iyun 2023-cü il tarixdə təqribən saat 16:00-17:00 radələrində yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən fərdi evdə tutmuşlar. Polis əməkdaşları tərəfindən saxlanıldığı ünvan ilə ünvan 1ı məsafə təxminən 15 km–dir. O, 2023-cü ilin oktyabr ayından etibarən metamfetamin növündə psixotrop maddə istifadə etməyə başlamışdır. Heroin növündə narkotik vasitədən, ümumiyyətlə istifadə etməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmazdan təxminən 4 və ya 5 gün əvvəl metamfetamin növündə psixotrop maddə əldə etmişdir. Həmin psixotrop maddənin dəqiq miqdarını bilmir. Hətta əldə etdikdən sonra ondan bir qədərini də istifadə etmişdir. Ona elan edilmiş ittihamda qeyd edilən miqdar ilə razı deyil. Məhkəməyədək icraat zamanı da razı olmadığını demişdir. Lakin polislər, razı olmayacağı təqdirdə daha çox miqdarda narkotik vasitə və psixotrop maddə rəsmiləşdiriləcəklərini bildirmişlər. Bundan sonra, məcbur qalaraq yazılmış ifadəyə imza etmişdir. Üzərində elektron tərəzi olmamışdır. İran İslam Respublikasının vətəndaşı ilə əlaqəsi olmamışdır. Əldə etdiyi metamfetamin növündə psixotrop maddəni Bakı şəhərində Memar Əcəmi metrostansiyasından 4-cü mikrorayona gedən yolda ağacın dibindən götürmüşdür. Həmin psixotrop maddəni azərbaycanlı şəxs ora qoyacağını bildirmişdi. Metamfetamin növündə psixotrop maddəni 320 manat pul müqabilində almışdır. Ödənişi elektron qaydada həyata keçirmişdir. Ödənişi etdikdən təxminən 1 həftə sonra psixotrop maddəni vermişdilər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, təxminən 3- 4 ay müddətdir "İnstagram" sosial şəbəkəsi vasitəsilə ilə əlaqə saxlayan İran vətəndaşı ilə tanışlığı yaranmışdır. Həmin şəxs ona satmaq üçün narkotik vasitə və ya psixotrop maddələri danışdığı yerə qoydurmuşdur. O, da həmin şəxsin ona göndərdiyi karta pul atmış və o. sonuncunun ona dediyi yerlərdən narkotik vasitələri və ya psixotrop maddələri götürüb əldə etmişdir. Götürdüyü narkotik vasitə və ya psixotrop maddələri həm özü istifadə etmiş və həm də pulu olmayanda tanımadığı adamlara satmışdır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadığı evdə olan zaman İran vətəndaşı ilə əlaqə saxlamış və ondan narkotik vasitələr istəmişdir. Bir qədər üstündən keçdikdən sonra həmin şəxs ona kart göndərmiş və həmin karta 400 manat pul vurmağı demişdir. O da gedib Saray bağları istiqamətində tanımadığı marketdə olan terminaldan həmin göndərilən karta 400 manat pul vurmuşdur. Üstündən 15 dəqiqə keçəndən sonra həmin şəxs ona şəkil göndərərək bir büküm narkotik vasitə olan heroin və bir büküm psixotrop maddə metamfetamini Abşeron rayonu, Novxanı kəndi, qəbiristanlıq yaxınlığında qoydurmasını demişdir. O da buna görə deyilən yerə gedib rəngli sellofanı götürmüşdür. Sellofanı götürdükdə içərisində iki ədəd irihəcmli büküm və bir ədəd elektron tərəzi olmasını görmüşdür. Bundan sonra piyada hərəkət etməyə başlamışdır. Bu zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər. Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə gəlmişdir. Rayon Polis İdarəsində ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videogörüntü ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O da könüllü olaraq sağ əlində olan rəngli sellofan torbanı təqdim edərək içərisindəki iki ədəd irihəcmli bükümdən birinin içərisində narkotik vasitə olan heroin, digərinin içərisində isə psixotrop maddə olan metamfetamin olmasım bildirmişdir. Eləcə də sellofan torbanın içərisindəki bir ədəd elektron tərəzini də təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin narkotik vasitə və psixotrop maddəni İran vətəndaşından qoyulmuş yerdən götürərək həm istifadə etmək və həm də satıb gəlir əldə etmək üçün götürmüşdür. (Cild 1, iş vərəqləri 124-125) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-in əməliyyat əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin qəbulu, saxlanması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 30 iyun 2023-cü il tarixdə saat təqribən 19:00 radələrində o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 Abşeron rayonu, Novxanı kəndi ərazisində keçirilən əməliyyat tədbirləri zamanı xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitənin qəbulu, saxlanması və satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirib Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək, onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində təhqiqatçıya məxsus xidməti otaqda Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs 02 ədəd bükümdə içərisində heroin növündə narkotik vasitə və metamfetamin növündə psixotrop maddə təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərinə bundan əvvəl baxış keçirilməmişdir. Onu yaşadığı evdə tutmamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət-axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin qəbulu, saxlanması və satışı ilə məşğul olması barədə əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. 30 iyun 2023-cü il tarixdə saat təqribən 19:00 radələrində o və əməliyyat qrupunun rəhbəri Şahid1 Abşeron rayonu, Novxanı kəndi ərazisində keçirilən əməliyyat tədbirləri zamanı xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitənin qəbulu, saxlanması və satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirib Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək, bizimlə birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs 02 ədəd bükümdə içərisində heroin növündə narkotik vasitə və metamfetamin növündə psixotrop maddə təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 01 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı bir ədəd bükümdə külli miqdarda qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroin, bir ədəd bükümdə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edib götürülmüşdür. (Cild 1, iş vərəqləri 29-30) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 iyul 2023-cü il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/3587 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «.... Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmü (imza Təqsirləndirilən şəxs)» yazı və imzalar olan poletilen bağlamadaki bir ədəd bükümdə təmiz çəkisi 1058,3 qpam qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Bir ədəd bükümdə təmiz çəkisi 300,5 qam ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkisini və bükümdəki heroinlə və metamfetaminlə eyni kimyasi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. (Cild 1, iş vərəqləri 39-43) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş mbulator məhkəmə-narkoloji tibbi yoxlamaya dair ekspertizanın 29 iyul 2022-ci il tarixli, 4828 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 101-102) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş «Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi» X5 «Bakı şəhər Baş Səhiyyə Mərkəzi» X5 20 saylı Şəhər Poliklinikasından alınmış 404 nömrəli, 16 avqust 2023-cü il tarixli məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Nəsimi rayonu 20 saylı Şəhər Poliklinikasının Psixiatr kabinetində qeydiyyatda deyildir. (Cild 1, iş vərəq 90) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(Cild 1, iş vərəq 83) Cinayət işi materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 05 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 1058,1 qram heroin və 300,3 qram metamfetamin, eləcə də 01 ədəd “İphone” markalı mobil telefon maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 107-113) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetanin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı, daşıdığı narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin həmin narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddindən, həmçinin külli miqdar daxil olmaqla aşağı həddindən böyük həcmdə artıq olması, həmçinin üzərindən elektron tərəzi aşkar olunması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, yəni ittihamda göstərilən yerdə deyil, yaşadığı evdə tutulması, üzərində ittihamda göstərilən miqdarda narkotik vasitə və psixotrop maddənin, o cümlədən tərəzinin olmaması, polis əməkdaşları tərəfindən etirafedici ifadə verməyə məcbur edilməsi, bununla bağlı gətirdiyi dəlilləri və irəli sürdüyü iddiaları özünü müdafiə xarakterli kimi qiymətləndirib, hesab edir ki, bu dəlillər və iddialar işin hallarına uyğun olmamaqla yanaşı iş üzrə digər obyektiv sübutlarla təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin əvvəllər məhkumluğunun olmaması, onun gənc olması və yaşlı valideynlərinin onun himayəsində olması onun cəzasını yüngülləşdirən hallar kimi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 01 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 02 iyul 2023-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqlər) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə Azərbaycan Respublikası Abşeron RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 1058,1 qram heroin, 300,3 qram metamfetamin məhv edilməlidir. 01 ədəd “İphone” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılmalıdır. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 1058,1 qram heroin, 300,3 qram metamfetamin məhv edilsin, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. 01 ədəd disk iş materiallarında saxlanılsın. 01 ədəd “İphone” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs 114 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-718/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-718/2023
21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver