Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-72/2025 01.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Cəbrayıl rayonu Əmirvarlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Daş karxanası Mübariz Əhmədov küçəsi döngə 1də nömrəsiz fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əsassız olaraq ittiham verilmişdir ondan ötrü ki o, 29 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına» daxil olan 01 ədəd bükümdə çəkisi 2,241 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat müqabilində əldə edib Abşeron rayonu, Qobu qəsəbəsinə daşımış və saxlamış 29 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində Abşeron RPİ- nin X8 əməkdaşları tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb Abşeron RPİ-in X12 gətirilmiş orada həmin gün saat 14:10-dan 15:00 kimi üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən həmin bir ədəd bükümdə 2,241 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, dəri-zöhrəvi xəstəlikləri üzrə həkimdir. Bundan əvvəl isə Müdafiə Nazirliyində ön cəbhədə hərbi həkim işləmişdir. Polis əməkdaşları tərəfindən tutulmazdan əvvəl Bakı şəhəri, Qara Qarayev metrostansiyası yaxınlığında yerləşən «Memorial» Hospitalda işləyirdi. 28 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan tanışı ilə görüşməyə getmişdir. Onunla görüşdükdən sonra həmin gün saat 17 radələrində polis əməkdaşları ona yaxınlaşaraq X12 aparmışlar və orada onun qarşısına narkotik vasitə qoyaraq ona məxsus olmasını etiraf etməyi tələb etmişlər və bunun üçün ona fiziki zor göstərmişlər və hədələmişlər. Bundan başqa, X6 əməkdaşları onun buraxılması üçün ondan 10.000 manat pul istəmişlər. Polis əməkdaşları onu aldadaraq demişlər ki, narkotikin onun olmasını və 20 manata aldığını boynuna alsa o, həbs olunmayacaqdır. Bundan əlavə, onu saxlayan polis əməkdaşlarından biri öz bank kartının nömrəsini deməklə həmin karta 500 manat məbləğində pul köçürməyi tələb etmişdir. Bununla bağlı anası Zeynəb Yunisova ilə telefonla danışmış və sonuncu polislərin kartına 500 manat pulu köçürülməsini həyata keçirmişdir. Polislərin vədinə görə o, növbəti gün səhər saatlarında Abşeron Rayon Polis İdarəsinə aparmalı və oradan buraxılmalı olmuş, lakin polislər vədlərinə əməl etməmişlər və o, həbs olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X8 Cinayət-Axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs 29 sentyabr 2023-cü il tarixdə əməliyyat qrupunun üzvü Şahid2 ilə birgə saxlamışlar və bölməyə gətirməklə təhqiqatçı və müdafiəçinin iştirakı ilə, eləcə də video çəkiliş ilə üzərində şəxsi axtarış aparmışlar. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində olan bir bükümdəki narkotik vasitə heroini təqdim etmişdir. Daha sonra, o, göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı 24-25 sentyabr 2023cü il tarixdə daxil olmuş və tutulan günü Təqsirləndirilən şəxs təsadüfən onların qarşısına çıxmışdır. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri ilə əlaqədar əməliyyat-qeydiyyat işi açılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X8 polis əməkdaşı Şahid2 Şahid1la oxşar məzmunlu ifadə verməklə qeyd edilənləri bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Ağdam rayonunda toyda olan zaman 28 sentyabr 2024-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs saat 19:55 radələrində ona zəng edərək X8 əməkdaşları tərəfindən saxlanıldığını və polis əməkdaşlarının onu buraxılması üçün 10.000 manat məbləğində pul istədiklərini bildirmişdir. Oğlundan nə üçün saxlanıldığını soruşduqda o, narkotik adı ilə saxlanılmasını, lakin onda narkotikin olmadığını demişdir. Oğlunu saxlayan şəxslər ilə “Watsapp” vasitəsi ilə özü də telefonla danışmış və həmin məbləğdə pulunun olmadığını bildirmiş, yalnız bir aylıq pensiyası həcmində pul verə biləcəyini demişdir. Daha sonra, oğlunu saxlayan şəxslər ilə bir daha danışıq aparmış və onlardan biri kart hesabı göndərməklə oğlu Bəhruzun buraxılması üçün həmin hesaba 500 manat pulun göndərilməsini, növbəti gün isə, yəni 29 sentyabr 2023-cü il tarixdə oğlunun buraxılacağını demişdir. Bundan sonra, həmin bank kartı hesabını qızının əri Şahid4 göndərib 500 manat pul köçürülməsini xahiş etmiş, sonuncu da qeyd edilən karta deyilən pul məbləğini köçürmüşdür. 29 sentyabr 2023-cü il tarixdə ona zəng gəlmiş və özünü polis kimi təqdim edən şəxs axşam saatlarında oğlunun buraxılacağını demiş, lakin axşam olmasına baxmayaraq oğlu buraxılmamışdır. Ardınca şikayət edəcəyini dedikdə həmin 500 manat məbləğində pul 320 manat və 180 manat məbləğində karta köçürülməklə onlara qaytarılmışdır. Məhkəmə şahid qismində dindirlmiş Şahid4 ifadəsində göstərdi ki, qaynanası Zeynəb Yunisova ona zəng edərək demişdir ki, polis əməkdaşları oğlu Bəhruzu saxlamışlar və onun buraxılması üçün kart hesabına 500 manat məbıəğində pul köçürmək lazımdır. Qaynanasına zəng olunan ********** nömrəsi ilə əlaqə saxlamış və polis əməkdaşı olduğunu deyən şəxs “SMS” vasitəsi ilə ona kart hesabını göndərmişdir. Bundan sonra, özünə məxsus kart hesabından ona göndərilən kart hesabına 500 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi, mənsubiyyəti və mümkünlüyü üzrə qiymətləndirilməsi üçün məhkəmə istintaqı zamanı tədqiq etmişdir. Belə ki, müdafiə tərəfinin vəsatəti nəzərə alınaraq Şahid4 öz bank kartı hesabından polis olması ehtimal edilən şəxs tərəfindən ona “SMS” vasitəsi ilə göndərilən bank kartı hesab nömrəsinin kimə məxsus olması və pul köçürülməsinin rekvizitləri ilə bağlı sorğu verilmişdir. "xxxx" ASC-dən sorğuya cavab olaraq verilən məlumata əsasən Şahid4 bank kartı hesabından 500 manat məbləğində pul 29 sentyabr 2023-cü il tarixdən saat 13:59-da Şahid3 məxsus bank kartı hesabına köçürülmüşdür. olmuşdur. Məhkəməyə dəvət edilərək şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, ona təqdim edilən hesab üzrə bank kartını 2023-cü ilin sentyabr ayında Abşeron rayonu ərazisində itirmiş, həmin kartda pul olmamış, kartın aqibətindən onun məlumatı olmamış, Qobu rayon polis bölməsinin əməkdaşlarını, o cümlədən polis əməkdaşı Rəvan Kamilovu tanımamışdır. Elektron məhkəmə-informasiya sistemində Şahid3 ilə bağlı olan məlumatlar, o cümlədən telefon nömrələrinə aid məlumatlar, müdafiə tərəfinin təqdim etdiyi “Getcontact” proqramından çıxarışlara dair məlumatlarla birgə məhkəmə istintaqı zamanı təhlil edilərkən məlum olmuşdur ki, Şahid3 adına qeydiyyata alınmış ********** telefon nömrəsi X8 əməkdaşı Rəvan Kamilovun istifadəsində olmuşdur. Bundan başqa, Şahid3 ifadəsində göstərilən xüsusatların düzgünlüyünü yoxlamaq məqsədi ilə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə, Şahid3 məxsus 416973******5189 nörməli bank kartı hesabından bankomat vasitəsilə pulun kim tərəfindən mədaxil və məxaric edilməsi barədə məlumatları, həmin əməliyyatlara dair qeydə alınmış foto və video materialları, qeyd olunan bank kartı hesabına daxil olan pul köçürmələri və həmin kartdan başqa hesablara göndərilən pul köçürmələri barədə məlumatları əldə etmək üçün qərar qəbul edərək icra edilməsi üçün "xxxx" ASC-yə göndərmişdir. "xxxx" ASC-dən daxil olmuş bank məlumatları ilə müəyyən edilmişdir ki, Şahid3 adına qeydə alınmış və Şahid4 500 manat məbləğində pul köçürdüyü 416973******5189 nörməli bank kartı daima istifadə edilmiş, həmin kartdan bir çox ünvanlara pul göndərilmiş və pul qəbul edilmiş, o cümlədən X2 adına olan hesaba dəfələrlə pul göndərilmiş və qəbul edilmişdir. Məhkəmədə dindirilən X8 azyaşlılalarla iş üzrə inspektoru X5 ifadəsində göstərdi ki, Şahid3 bir dəfə polis bölməsində görmüş, onunla uzaqdan əlaqəsi olmuş, bundan başqa Xıdırla tanışlığı və əlaqəsi olmamış, istifadə etdiyi ********** saylı mobil nömrəsinin Şahid3 adına olmasını o, bilməmişdir. Bununla belə, "xxxx" ASC tərəfindən təqdim olunmuş Şahid3 adına olan 416973******5189 nörməli bank kartı hesabından bankomat vasitəsilə pulun kim tərəfindən nağdlaşdırılmasi barədə məlumatlar təhlil edilərkən və buna dair bankomat vasitəsi ilə çəkilmiş fotoşəkillərə baxılarkən müəyyən edilmişdir ki, həmin kartdan dəfələrlə pul nağdlaşdıran şəxs X8 əməkdaşı X5 olmuşdur. Bundan başqa, Rəvan Kamilovu məhkəmədə görən Təqsirləndirilən şəxs qeyd etmişdir ki, o, X9 Rəvan Kamilovun otağında saxlanılmış, ona qarşı bütün qanunsuz hərəkətlər Rəvan Kamilovun otağında edilmiş, Rəvan Kamilov isə kresloda oturmaqla bunları müşahidə etmişdir. Bank tərəfindən verilən məlumatlara əsasən, Şahid3 adı olan bank kartından bankomat vasitəsi ilə pul nağdlaşdırarkən onun fotoşəkillərinin qeydə alınması ilə bağlı verilən suallara isə Rəvan Kamilov cavab verə bilməmişdir. Bundan əlavə, "xxxx" ASC tərəfindən təqdim olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs yeznəsi Şahid4 bank kartı hesabından Şahid3 adına olan bank kartına 500 manat məbləğində pul 29 sentyabr 2023-cü il tarixdə saat 13:59-da köçürülmüşdür. Telefon danışıqlarına aid məlumatlardan görünür ki, 500 manat pul köçürülməsi tələbi ilə Şahid3 istifadəsində olan **********645189 bank kartı nömrəsi polis əməkdaşı olması ehtimal edilən ********** nömrəsindən “SMS” vasitəsi ilə Şahid4 istifadəsində olan ********** nömrəsinə 29 sentyabr 2023-cü il tarixdə saat 11:26-da göndərilmişdir. Halbuki, verilmiş ittihama, eləcə də “Şəxsi axtarış və götürülmə aparılması” haqqında qərara əsasən Təqsirləndirilən şəxs həmin gün saat 13 radələrində Qobu qəsəbəsi ərazisində saxlanılmış və saat 14:10-dan 15:00-a kimi onun üzərində şəxsi axtarış aparılmaqla onda 2,241 qram çəkidə narkotik vasitə heroin aşkar edilmişdir. Bundan başqa, telefon danışıqları və anten yerləşmələrinə dair məlumatların təhlili ilə müəyyən edilmişdir ki, daima telefon danışıqları aparan Təqsirləndirilən şəxs sonuncu dəfə öz ********** nömrəli mobil telefonundan 28 sentyabr 2023-cü il tarixdə saat 20:12dən 21-50-yədək olan müddət ərzində Qobu qəsəbəsi ərazisindən istifadə etmiş, həmin vaxtlarda o, anası Zeynəb Yunisovanın istifadəsində olan ********** nömrəsi ilə danışıqlar aparmış, saat 21:50-dən sonrakı müddətlərdə isə telefondan istifadə birdəfəlik dayanmışdır. Həmçinin polis əməkdaşı olması ehtimal edilən ********** nömrəsinə gələn və gedən zənglərin, eləcə də anten üzrə danışıqların aparıldığı ərazinin təhlili onu göstərir ki, həmin nömrə daima X8 yerləşdiyi ərazi üzrə olan “Ruzi market_Qobu way\bşeron rayonu, Hökməli qəsəbəsi” ərazisində istifadə edilmiş, anten məlumatları üzrə təqdim edilmiş “40.43222 / 49.71332” GPS koordinatları isə “Google maps” internet xəritələrində yoxlanılarkən koordinat nöqtəsinin bilavasitə X8 yaxınlığında yerləşməsi müəyyən edilmişdir. Polis əməkdaşı olması ehtimal edilən ********** nömrəsinə gələn və gedən zənglərin təhlili isə onu göstərir ki, bu nömrədən ilk dəfə 28 sentyabr 2023-cü il tarixdə saat 19:56-da Təqsirləndirilən şəxs anası Zeynəb Yunisovanın istifadəsində olan ********** telefon nömrəsinə zəng olunmuş, bundan sonrakı müddətlərdə isə Zeynəb Yunisovanın qeyd edilən nömrəsi və Şahid4 istifadəsində olan ********** nömrəsi ilə danışıqlar aparılmışdır. Məhkəmə bir daha xüsusi vurğulayır ki, 500 manat pul köçürülməsi tələbi ilə Şahid3 istifadəsində olan **********645189 bank kartı nömrəsi Şahid4 istifadəsində olan ********** nömrəsinə “SMS” vasitəsi ilə məhz ********** nömrəsindən göndərilmişdir. Göründüyü kimi telefon danışıqları, “SMS” və anten yerləşməsinə dair məlumatlar, eləcə də bank məlumatları ilə tam təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs ittihamda qeyd edildiyi kimi 29 sentyabr 2023-cü il tarixdə saat 13 radələrindən deyil, bundan bir gün əvvəl, yəni 28 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində saxlanılaraq X12 gətirilməklə bir günədək müddətdə qanunsuz saxlanılmışdır. Bununla bağlı məhkəmə kollegiyası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına istinad edərək qeyd edir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı” işində qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyil. Göründüyü kimi, Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı” işində həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü kimi qiymətləndirməklə bu şübhəni təqsirləndirilən şəxsin xeyrinə həll etdiyi halda, Təqsirləndirilən şəxs işində həbslə axtarış arasındakı vaxt boşluğu bir günə yaxın olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 236.4 və 245.3-cü maddələrinin tələblərinə əsasən hadisə yerinə baxış, eləcə də axtarış və götürmə istintaq hərəkətlərinin aparılması zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Lakin iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin götürülməsi iddiası ilə bağlı tərtib edilmiş 29 sentyabr 2023-cü il tarixli protokola əlavə edilmiş 01 ədəd “DVD” formatlı disk tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməsi üçün, məhkəmədə fasiləsiz aparılan video çəkiliş altında ilk dəfə cinayət işinin materiallarında olan möhürlənmiş zərfdən açılarkən müəyyən edildi ki, disk zədələnmiş vəziyyətdə olmaqla hər hansı bir informasiyanın oxunması mümkün deyildir. İstintaq orqanına video çəkilişin surətinin təqdim edilməsi ilə bağlı məhkəmə tərəfindən dəfələrlə müraciət olunsa da, video çəkilişin vahid nüsxədə olduğu üçün nüsxəsinin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan başqa, diskin bərpa edilməsi və informasiyanın götürülməsi ilə bağlı məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-kompyuter texniki ekspertizasının 29 dekabr 2024-cü il tarixli, 5/1362-3/1362 №li rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş “DVD-R” tipli diskin xarici səthində zədələr olduğundan, diskin oxunması və hər hansı bir məlumatın olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmçinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təqsirləndirilən şəxs tutulması və onun barəsində istintaqın aparılması ilə bağlı əməliyyat və ibtidai istintaq orqanları tərəfindən yol verilmiş, yuxarıda şərh edilən bütün qanun pozuntuları dövlət ittihamçısı tərəfindən öz çıxışında qeyd edilmiş və dövlət ittihamçısı məhkəmədə təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar cinayət təqibini istisna edən halları aşkar etdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina etdiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən cinayət təqibini istisna edən hallara şəxsin cinayət törədilməsinə aidiyyəti olmaması və ya onun təqsirliliyinin sübuta yetirilməməsidə aid edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkələrin edilməsi ilə bağlı Abşeron rayon prokurorluğunda qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 09 oktyabr 2023-cü il tarixli qərarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Bundan əlavə, cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanınma haqqında” və “Sübutların qiymətləndirilməsi haqqında” qərarlardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,141 qram olan narkotik vasitə heroin və istintaq hərəkətinin aparılmasına dair video görüntüləri özündə əks etdirməsi iddia edilən 01 ədəd “DVD” formatlı disk iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in Abşeron RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan qalıq çəkisi 2,141 qram olan narkotik vasitə heroin həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. 01 zədəli olan “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.4-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində dövlət ittihamçısının həmin Məcəllənin 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibindən imtina etməsi ilə əlaqədar məhkəmənin qərarına əsasən cinayət təqibinə xitam verilərkən cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, qərar qanuni qüvvəyə mindikdən sonra həmin Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 30 sentyabr 2023-cü il tarixli, 6/5128 saylı rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №-li əksi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,241 qram olan maddə kütləsi - kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqləri 41-45) Həmin ekspert rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən narkotik vasitə ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsi ilə bağlı cinayət işindən narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı material ayrılmışdır. (Cild 1, iş vərəqləri 269-275) Ona görə də məhkəmə hesab edir ki, maddi sübut olan narkotik vasitə ilə bağlı yekun nəticə cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə əlaqədar olan iş üzrə öz həllini tapmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə bəraət verici əsasla xitam verildiyindən onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dərhal ləğv edilməli və o, həbsdən azad edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı hər hansı bir vəsatət qaldırmamışdır. Bununla belə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə bəraət verici əsasla xitam verildiyindən ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə bəraət verici əsasla xitam verildiyindən məhkəmə ekspertizalarının aparılması ilə bağlı 188 manat (yüz səksən səkkiz) manat məbləğində xərclər təqsirləndirilən şəxsə aid edilməməli və cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun həll edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxs tərəfindən öz hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1, 43.1.1 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2 və 41.3-cü maddələrinə əsasən dövlət ittihamçısının irəli sürülmüş ittihamın müdafiəsindən və təqsirləndirilən şəxs barəsində cinayət təqibindən, təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə imtina etdiyinə görə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 2,141 qram çəkidə narkotik vasitə heroin, cinayət törətmiş şəxsin və narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üzrə aparılacaq cinayət təqibinin materiallarına maddi sübut kimi əlavə edilsin və cinayət törətmiş şəxsin təqsirinin sübuta yetirilməsində sübut növü kimi istifadə edilsin. Maddi sübut kimi tanınmış və yararsız olması müəyyən edilmiş bir ədəd “DVD” formatlı diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibinə bəraətverici əsasla xitam verildiyindən, ekspertiza tədqiqatının aparılmasına görə iş üzrə mövcud olan 188 (yüz səksən səkkiz) manat məbləğində məhkəmə xərcləri ona aid edilməsin, cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun olaraq həll edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-72/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-72/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver