Məhkəmə qərarları › İş №1(124)-721/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-721/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-721/2024 16.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1988-ci il tarixdə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Qazax şəhəri, Əhməd Seyidov küçəsi ev 6-da qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, 07 aprel 2024-cü il tarixdə səhər saatlarında sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı və şəxsiyyəti istintaqa məlum olmayan şəxsin təklifi ilə kart hesabına 175 manat pul göndərdikdən sonra sonuncunun onun mobil telefonunun “WhatsApp” xidmətinə göndərdiyi məkan (konum) kimi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun kənarına gedərək tanımadığı şəxsdən bir ədəd plastik qabda iki ədəd qarışıq rəngli bir-birinə yapışıq halda olan bükümlərdə, bir bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil edilmiş 2,675 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir bükümdə isə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxil edilmiş 0,291 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan əldə edib üzərində saxlamış və daşımış, 07 aprel 2024-cü il tarixdə saat 09 radələrində Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində xidmətdə olduqları zaman özünü şübhəli apardığına görə Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Lökbatan yolunun kənarında saxlanılaraq Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə gətirilib həmin gün saat 10:50-dən 11:05-ə kimi xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibində, həmin bir ədəd plastik qabda bir-birinə yapışıq halda olan iki ədəd qarışıq rəngli sellofan bükümlərdə, bir ədəd bükümdə 2,675 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə isə 0,291 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, iki ildir, narkotik vasitədən istifadə edir. Narkotik vasitələri iranlı bir şəxsdən onlayn qaydada almışdır. İranlının məkan atdığı yerdən narkotik vasitəni götürüb uzaqlaşanda polis əməkdaşları yaxınlaşmış, onun üzərinə baxaraq narkotik vasitəni görmüşdürlər. Verilən suallara cavab olaraq bildirdi ki, o, fəhləlik edərək ailəsini saxlamışdır. Ona heç kəs təzyiq göstərməmiş və bütün proses ittiham aktında yazıldığı kimi baş vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qazax rayonu, Qazax şəhəri, Əhməd Seyidov küçəsi ev 6-da qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Etiraf edir ki, təxminən 2 il olar ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadəçisidir. Mahiyyəti üzrə bildirir ki, bir neçə gün əvvəl sosial şəbəkədə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuş və həmin şəxs ona narkotik vasitə və psixotrop maddə sata biləcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında o, narkotik vasitə və psixotrop maddə almaq məqsədilə yenidən sosial şəbəkədə həmin İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlamışdır. Həmin şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu- Lökbatan yolunun kənarına bir nəfər şəxslə bir ədəd plastik qabın içərisində bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə də psixotrop maddə metamfetamin göndərəcəyini, onun kart hesabına 175 manat ödədikdən sonra həmin narkotik vasitəni və psixotrop maddəni dediyi şəxsdən götürə biləcəyini demişdir. O, həmin şəxsin mobil telefonuna göndərdiyi kart hesabına 175 manat göndərdikdən sonra o, mobil telefonunun “WhatsApp” xidmətinə məkan (konum) göndərərək işarə etdiyi yerə, yəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun kənarına gedib orada gözləyən tanışından narkotik vasitəni və psixotrop maddəni götürməyini bildirmişdir. Bundan sonra o, deyilən yerə gedərək tanımadığı bir nəfər şəxsdən bir ədəd plastik qabda bir ədəd bükümdə olan narkotik vasitə heroini və bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini, yəni bir-birinə yapışıq halda olan iki ədəd bükümləri götürüb cibinə qoymuşdur. Sonra isə o, Lökbatan-Qobu yolunun kənarı ilə piyada Abşeron rayonu, Qobu qəsəbəsi istiqamətinə hərəkət etməyə başlamışdır. Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində, Qobu-Lökbatan yolunun kənarı ilə piyada hərəkətdə olduğu zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşmışlar və özlərini təqdim edərək Abşeron RPİ-nin Qobu PBnin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ondan anket məlumatlarını soruşmuşlar. O, da həmin vaxt onlara anket məlumatlarını bildirsə də hərəkətlərinin onlarda şübhə doğurduğunu hiss edib onlardan yayınıb aralaşmaq istəmişdir. Lakin polis əməkdaşları onu saxlayıb narkotik vasitələrin qəbulu ilə məşğul olmağından, həmçinin üzərində narkotik vasitə saxladığından şübhələndiklərini bildirib onu Abşeron rayon polis idarəsinin Qobu PB-nə gətirmişlər. Abşeron RPİ-nin Qobu PB-də xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin və tərcüməçinin iştirakları ilə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq şübhəli şəxs kimi ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin və tərcüməçinin iştirakları ilə və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd plastik qabı çıxararaq stolun üstünə qoymuş və içərisində bir-birinə yapışıq halda olan qarışıq rəngli sellofan bükümlərdəki kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar olunmamışdır. Sorğu zamanı o, həmin plastik qabda olan həmin narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini sosial şəbəkədə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığım şəxsin 175 manat müqabilində mobil telefonuna göndərdiyi məkan (konum) vasitəsilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun kənarında tanımadığı bir nəfər tanışından götürərək öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra həmin plastik qabın içərisində olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ekspertizaya göndərilməsindən ötrü kağız zərfdə qablaşdırılmış və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Sonra bu barədə protokol tərtib edilərək oxunmuş və protokolun doğruluğu imzaları ilə təsdiq edilmişdir. Bir daha bildirir ki, o, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Hazırda da törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edir və əməlindən peşimandır. Həmçinin polis əməkdaşları tərəfindən saxlanıldığı zaman və polis bölməsinə gətirildikdən sonra ona heç bir fiziki və psixi təsir olmamışdır. (cild 1, iş vərəqə 73-75) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin Qobu PBnin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, 07 aprel 2024-cü il tarixdə Abşeron rayon polis idarəsinin Qobu PB-nin sahənin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində xidmətdə olarkən təxminən saat 09 radələrində bir nəfər şəxsin Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Lökbatan avtomobil yolunun kənarında piyada hərəkət etdiyini və onları görən kimi özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Onlar həmin şəxsə özlərini təqdim etdikdən sonra ondan harada yaşadığını və Qobu qəsəbəsi ərazisinə hansı səbəbdən gəldiyini soruşarkən o, verilən suallara qeyri-səmimi cavablar verərək həmin yerə səbəbsiz yerə gəldiyini bildirib onlardan aralaşıb yayınmağa çalışmışdır. Bundan sonra onlar həmin şəxsin üzərində narkotik vasitə və ya psixotrop maddə olduğundan şübhələnib onu saxlayaraq onlarla birlikdə Abşeron RPİ-nin Qobu PB- nə gəlməsini bildirib onu Qobu PB-nə gətirmişlər və sonradan adının Təqsirləndirilən şəxs olduğu onlara məlum olan həmin şəxsin üzərinə şəxsi axtarış keçirilməsinə aidiyyəti üzrə göstəriş verilməsi üçün Abşeron RPİ-nin Qobu PB-nin rəisinə raportla müraciət etmişlər. Bundan sonra Abşeron RPİ-nin Qobu PB-nin xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda ona üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində öz istifadəsi üçün əldə edib saxladığı narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmiş və əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd plastik qabı çıxarıb stolun üstünə qoyaraq içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd plastik qaba baxış keçirilərkən içərisində bir-birinə yapışıq halda olan qarışıq rəngli sellofan bükümlərdə narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin plastik qabda olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini sosial şəbəkədə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsin 175 manat müqabilində mobil telefonuna göndərdiyi məkan (konum) vasitəsilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun kənarında tanımadığı bir nəfər tanışından götürərək öz istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin plastik qabın içərisində olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ekspertizaya göndərilməsindən ötrü kağız zərfə qoyularaq qablaşdırılıb üzəri imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu polis bölməsinin sahənin polis nəfəri, polis serjantı Şahid2 Abşeron RPİ-nin Qobu polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol ilə və həmin protokola əlavə olunmuş bir ədəd DVD formatlı kompakt diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 10:50 radələrindən saat 11:05 radələrinədək olan müddət ərzində Abşeron rayon polis idarəsinin Qobu PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmçinin diskə baxış keçirilən zaman müəyyən edildi ki, 07 aprel 2024-cü il tarixdə saat 09 radələrində Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində xidmətdə olduqları zaman Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Lökbatan yolunun kənarında özünü şübhəli apardığına görə saxlanılaraq Abşeron rayon polis idarəsinin Qobu PB-nə gətirilmiş, həmçinin xidməti otaqların birində təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində öz istifadəsi üçün əldə edib saxladığı narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmiş və əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd plastik qabı çıxarıb stolun üstünə qoyaraq içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd plastik qaba baxış keçirilərkən içərisində bir-birinə yapışıq halda olan qarışıq rəngli sellofan bükümlərdə narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin plastik qabda olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini sosial şəbəkədə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsin 175 manat müqabilində mobil telefonuna göndərdiyi məkan (konum) vasitəsilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun kənarında tanımadığı bir nəfər tanışından götürərək öz istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin plastik qabın içərisində olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ekspertizaya göndərilməsindən ötrü kağız zərfə qoyularaq qablaşdırılıb üzəri imzalanmış və bu barədə protokol tərtib olunmuş, proses iştirakçıları da protokolda yazılanların doğru olduğunu öz imzaları ilə təsdiq etmişlər.(iş vərəqə 37-39,114-116) Şəxsi axtarış və diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/1921 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd zərfdə olan bir ədəd plastik qabda bir ədəd bükümdə təmiz çəkisi 2,675 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,291 qram qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına daxildir. Ekspertiza tədqiqatında tədqiq olunmuş heroinin təmiz çəkisi 2,675 qram, tədqiqata sərf olunan miqdar 0.05 qram, qalıq 2,625 qram. Ekspertiza tədqiqatında tədqiq olunmuş metamfetaminin təmiz çəkisi 2,291 qram, tədqiqata sərf olunan miqdar 0.05 qram, qalıq 0,241 qram. (iş vərəqə 45-50) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 699 saylı rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində xəsarət və xəsarətin izi aşkar edilməmişdir. (iş vərəqə 136) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X11 xx.xx.2024-cü il tarixli 2775 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 137-138) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd plastik qabda bir ədəd bükümdə təmiz çəkisi 2,675 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,291 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,625 qram narkotik vasitə heroin və 0,241 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir. (iş vərəqə 95-97) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 102) Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup ümumi xəstəliyi vardır. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs qızı X4 İ dərəcə əlildir, əqli geriliyi vardır və Təqsirləndirilən şəxs oğlu X1 isə anadangəlmə ürək qüsuru vardır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram,”metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59.1.4-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, uşaqlarının xəstə olmasını və özünün İİİ qrup əlil olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki Təqsirləndirilən şəxs 07 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 09 aprel 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 07 aprel 2024-cü il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmiş, ekspertiza keçirildikdən sonra qalıq çəkisi 2,625 qram narkotik vasitə heroin və 0,241 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul vəsaiti ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron RPİ-nin maddi sübutların saxlancı anbarına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq 2,625 qram narkotik vasitə heroin və 0,241 qram psixotrop maddə metamfetamin məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar