Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-723/2024 06.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Abşeron rayonu, Masazır kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı ilə cəzadan 02 ay 08 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamış və daşımışdır. Belə ki, o, “İnstagram” sosial şəbəkəsi sistemində tanış olduğu istintaqa məlum olmayan “Həmzə” adlı İran İslam Respublikasının vətəndaşı kimi özünü ona təqdim edən şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 500 (beş yüz) manat müqabilində, külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qoyulan yerdən götürüb deyiləcəyi yerlərə qoymaqla satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, “Həmzə” adlı İran İslam Respublikası vətəndaşının bir qrup şəxs halında 20 mart 2024-cü il tarixdə saat 22:30 radələrində Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən külli miqdarda 113,456 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda 543,401 qram çəkidə narkotik vasitə heroini götürüb satış məqsədi ilə qanunsuz əldə edərək Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi, "xxxx" MTK, bina 5, mənzil 8-ə daşıyıb, hissələrə ayıraraq, 24,402 qram çəkidə psixotrop maddə metamfetamini üzərində, 89,054 qram psixotrop maddə metamfetamini, 02 (iki) bükümdə 505 qram və 38,401 qram, ümumi 543,401 qram çəkidə kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroini isə həmin mənzilin mətbəxt otağındakı soyuducuda saxlamış, 22 mart 2024-cü il tarixdə saat 16:40 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi, "xxxx" MTK-nın yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə gətirilmiş və polis bölməsində 22 mart 2024cü il tarixdə saat 18:00-dən saat 18:10-ə kimi üzərinə keçirilmiş şəxsi axtarış zamanı qara rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd sellofan bükümdə çəkisi 24,402 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əməliyyat tədbirinin davamı kimi həmin gün saat 19:00-dən saat 19:13-ə kimi Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi, "xxxx" MTK, bina 5, mənzil 8-ə keçirilən baxış zamanı isə həmin mənzildə yerləşən mətbəx otağındakı soyuducudan ağ rəngli sellofan torbanın içərisində 01 (bir) ədəd bükümdə çəkisi 89,054 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 505 qram və 38,401 qram, ümumi çəkisi 543,401 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o narkotik vasitə istifadəçisidir. Yalnız buna görə özünü təqsirli bilir. Lakin ona verilən ittihamda qeyd edilən narkotik vasitələr və psixotrop maddələr ona aid deyil, həmin maddələri polis əməkdaşı Şahid1 onun yaşadığı evə və üzərinə qoyub, onu yükləyib. Bundan əvvəl də polis əməkdaşı Şahid1 onu silahla yükləyib cəza almasına nail olub. 22 mart 2024-cü il tarixdə, saat 16-17 radələrində o yaşadığı Saray qəsəbəsi, M.Əsədov küçəsində yerləşən "xxxx" MTK, bina 5, mənzil 8-də olarkən qapı döyülmüş, qapını açan zaman İbrahim, Emin və digər mülki geyimli şəxslər onu tutub Saray PB-nə aparmış, polis bölməsində ona içərisində narkotik vasitə olan büküm verilmiş və həmin bükümü üstünə qoyması, videoçəkiliş zamanı da bükümün ona məxsus olduğunu deməsi tələb olunmuşdur. Daha sonra onun evinə də narkotik vasitələr yerləşdirib guya çəkiliş zamanı həmin vasitələrin onun evindən çıxdığı göstərilmişdir, amma onun üstündə də, evində də heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Həm üstünə, həm də evinə narkotik vasitələri polis əməkdaşları qoyublar və fiziki təzyiqlərə məruz qaldığı üçün polis əməkdaşlarının istədiklərini etmək, onların dediyi kimi ifadə vermək məcburiyyətində qalıb. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs həmin ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 22 mart 2024-cü il tarixdə, saat 16:40-da Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi, "xxxx" MTK-nın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onu Abşeron RPİ-nin Saray PB-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış apanlmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın sol yan cibindən, 01 ədəd sellodan bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetamin kütləsini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sağ yan cibindən, 01 ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon və 01 ədəd açar aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd mobil telefon bu barədə izah verildikdən sonra götürülmüşdür. 01 ədəd açar isə ona geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlədən başqa ünvan 2 ünvanında narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra o, müdafiəçi və polis əməkdaşları ilə yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilinə getmiş, o, müdafiəçi və polis əməkdaşları ilə birlikdə mənzilə baxış keçirilməsinə başlamışlar. Mənzilə baxış zamanı o, yaşadığı evin mətbəxində olan soyuducuda gizlətdiyi 01 ədəd sellofanda psixotrop maddə olan metamfetamin kütləsini, 02 ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroin kütləsini və mənzilin qonaq otağındakı dolabdan 01 ədəd elektron tərəzini təqdim etmişdir. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, DİNin 7 saylı möhürü ilə möhürlənmiş və üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikasının vətəndaşı “Həmzə” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 03 gün bundan qabaq ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun 500 (beş yüz) manat pul verəcəyini, narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Başqa heç bir yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, yaşadığı evə daha əvvəl baxış keçirilmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o, hazırda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. 22 mart 2024-cü il tarixdə saat təxminən 16-17 radələrində o, və baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Sərdar adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi, "xxxx" MTK-nın yaxınlığında Təqsirləndirilən şəxs gizli müşahidə edib izlədikdən sonra saxlayaraq Saray PB-yə gətirmişlər. Polis bölməsinə gəldikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi və ya özündə saxlamasına şübhələr olduğundan, PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilərək, ona hüquq və vəzifələri izah edilmiş və onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edildikdən sonra, üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən, 01 ədəd sellofan bükümdə ağ rəngli kristall şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddəni təqdim edərək masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə psixotrop maddə metamfetamin olmasını, həmin kütləni İran İslam Respublikasının vətəndaşı «Həmzə» adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 03 gün bundan qabaq ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində iranlının 500 manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq üzərindən aşkar edilmiş psixotrop maddədən başqa ünvan 3 ünvanında da narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Ona görə də əməliyyat tədbirinin davamı olaraq xx.xx.2024-cü il tarixdə saat 19 radələrində ünvan 4 ünvanında iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan həmin ünvana video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmamışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxsı bu barədə qərarla tanış edərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin mətbəx otağındakı soyuducuda saxladığı 01 ədəd ağ rəngli torbanın içərisindən, 01 ədəd sellofanda psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 02 ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və yaşadığı mənzilin qonaq otağındakı dolabdan 01 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və qanunsuz heç nə aşkar edilməmişdir. Bununla bağlı müvafiq protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Məhkəmədə iştirak etməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və onun məhkəmədə dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X8 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm aşkar olunaraq götürülmüşdür. Bundan başqa xx.xx.2024-cü il tarixli “mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış zamanı mənzilin mətbəxt otağındakı soyuducuda saxladığı 01 ədəd ağ rəngli torbanın içərisindən 01 ədəd sellofanda psixotrop maddə metamfetaminə bənzər kütlə, 02 ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə və mənzilin qonaq otağındakı dolabdan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs üzərinə “şəxsi axtarış və götürmə aparılması” və “mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokollara əlavə edilmiş disklərdəki videogörüntülər nümayiş etdirilmiş və həmin videogörüntülər ilə şahidlərin məhkəmədə və təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadəsində göstərdiyi xüsusatlar və yuxarıda protokollarda qeyd olunanlar öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş məhkəməkimyəvi ekspertizasının 6/1623 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş -Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” qeydli paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 24,402 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş ...” qeydli bağlamadakı 01 ədəd bükümdə təmiz çəkisi 89,054 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 505 qram, 38,401 qram, ümumi təmiz çəkiləri 543,401 qram qəhvəyi rəngli kütlələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirilmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar olunmuş ümumilikdə təmiz çəkiləri 113,456 qram metamfetamin kütlələri kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Həmçinin Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş ümumi təmiz çəkiləri 543,401 qram olan heroin kütlələri də kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) və Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3476 nömrəli rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs opioidlərin, Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1341 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs özünü müdafiə etməyə meyillilik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, məsuliyyətsizlik, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına görə hadisə zamanı etdiyi hərəkətləri qavramaq, mahiyyətini dərk etmək və onları idarə etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş iş üzrə alınmış əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olsa da, onun konkret olaraq kimlərə narkotik vasitə və yaxud psixotrop maddə satması hazırki vaxta qədər müəyyən edilməmiş, həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “İnstaqram” sosial şəbəkəsi sistemində tanış olduğu istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı kimi özünü ona təqdim edən “Həmzə” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, narkotik vasitə və psixotrop maddənin satışından əldə etdikləri qazancdan ona pul verəcəyinə dair razılığa gəldikdən sonra 20 mart 2024-cü il tarixdə “Həmzə” adlı şəxsin təyin etdiyi yerdən, yəni Abşeron rayonu ərazisindən qanununsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 22 mart 2024-cü il tarixdə saat 16:40 radələrində “Həmzə” adlı şəxsin tələbi ilə həmin narkotik vasitəni Abşeron rayonu Saray qəsəbəsi, M.Əsədov küçəsi, "xxxx" MTK-nin yaxınlığına daşıdığı zaman DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Abşeron RPİ-nin Saray PBnə gətirilmiş və polis bölməsində üzərinə keçirilmiş şəxsi axtarış zamanı 01 ədəd sellofan bükümdə külli miqdarda çəkisi 24,402 qram ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında narkotik vasitə saxladığını, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığı bildirdikdən sonra, prosses iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilən zaman, mənzilin mətbəx otağındakı soyuducuda saxladığı 01 ədəd ağ rəngli torbanın içərisindən 01 ədəd bükümdə çəkisi 89,054 qram ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 505 qram, 38,401 qram, ümumi təmiz çəkiləri 543,401 qram qəhvəyi rəngli kütlələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və mənzilin qonaq otağındakı dolabdan isə üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Lakin Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etdiyi mənbəni hazırki vaxta qədər müəyyən etmək mümkün olmamış, bununla əlaqədar hazırkı cinayət işi materiallarından Təqsirləndirilən şəxs ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində əlbir olub bir qrupda iştirak etmiş şəxslər, o cümlədən “Həmzə” adlı İİR vətəndaşı barəsində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 24,402 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 89,054 qram metamfetamin və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 505 qram, 38,401 qram, ümumi təmiz çəkiləri 543,401 qram qəhvəyi rəngli kütlələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 113,336 qram metamfetamin, 543,281 qram narkotik vasitə heroin və elektron tərəzi saxlanılması üçün Abşeron RPİ-nin MSK-na təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılması və mənzilə baxış keçirilməsi prosesinin köçürüldüyü 02 ədəd disk sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsi halları öz təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı ilə 02 (iki) ay 08 (səkkiz) gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə kollegiyası yuxarıdakılara əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlıqdan məhrum etmə cəzasından vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq məhkumluğu ödənilməmiş, yəni 2 il keçmədən yenidən qəsdən cinayət əməli törətdiyindən onun əməlində cinayətin residivi vardır CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilərək sözügedən kütlələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, eləcə də təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin o, məhkəmə istintaqı zamanı qeyd etdiyi halları orada bildirməmişdir, həmçinin təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında təqsirləndirilən şəxsin özünü təqsirli bildiyi qeyd olunmuşdur. Eləcə də Baş Prokurorluqdan daxil olmuş məktubdan da göründüyü kimi polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı zorakılıq hallarına yol verilmədiyi öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, onun həmin ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ilkin ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi (narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hissəsi istisna olmaqla) ifadəsini qoyur. Həmçinin məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən və yaşadığı mənzildən fərqli növlərdə narkotik vasitə və psixotrop maddələrin aşkar edilməsi, heroinin və metamfetaminin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmin maddələrin ayrı-ayrı bağlamalarda olması, onun evindən tərəzinin də aşkar olunması, ibtidai istintaq zamanı verdiyi ifadəsində İİR vətəndaşı ilə əlaqə saxlayaraq həmin narkotik vasitəni və psixotrop maddə kütlələrini əldə etməsi və ödəniş qarşılığında həmin kütlələri başqa yerlərə qoyacağını bildirməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında məhz satış məqsədilə əldə etdiyini və saxlayaraq daşıdığını ehtiva edir. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, şahid ifadəsi, ekspert rəyləri, protokollar, şəxsi axtarış və götürmə aparılmasına və mənzilə baxış və götürmə aparılmasına dair protokollara əlavə edilmiş videogörüntülər və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Həmin əməllər başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal kimi cinayətin residivinin olmasını, cəzanı yüngülləşdirən halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin (CM-nin 234.4.1 və 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 22 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 mart 2024-cü il tarixdə barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsini əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 mart 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, X5 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 113,336 qram olan psixotrop maddə metamfetamin, ekspert tədqiqatından sonra qalıq çəkisi 543,281 qram olan narkotik vasitə heroin və 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş materiallarında olan 02 (iki) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 113,336 qram olan psixotrop maddə metamfetamin, ekspert tədqiqatından sonra qalıq çəkisi 543,281 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-723/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-723/2024
06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver