Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-725/2024 19.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X7, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A, mənzil 51-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən, 150 manat müqabilində bir ədəd bükümdə, çəkisi 5,231 qram olan külli miqdarda qəhvəyi rəngli kustar üsülla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə çəkisi 1,262 qram olan ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib Xırdalan şəhərinə daşımış və saxlamış, xx.xx.2024-cü il tarixdə saat 05:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyi yaxınlığnda Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron Rayon Polis İdarəsinə gətirilmiş və həmin gün saat 05:50-dan saat 06:10-a kimi polis idarəsində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində bir bükümdə çəkisi 5,231 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə çəkisi 1,262 qram olan ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Azərbaycanda bir qızla tanış olmuş və onun yanına getmişdir. Həmin qız da narkotik vasitə istifadəçisi olmuşdur. Onlar avtomobildə oturan zaman polis əməkdaşları onların üzərinə gəlmişdir. Ən azı 7 nəfər polis əməkdaşı olmuş, onlardan yarısı mülki geyimdə, digər yarısı isə polis geyimində olmuşdur. Polis əməkdaşları onları avtomobilə əyləşdirərək polis idarəsinə aparmışlar. Həmin hadisədən əvvəl də Sumqayıt şəhərində polis əməkdaşları onu tutmuşdur. Hələ də onun qollarında qandalın izi var. Əlayağı şiş vəziyyətdə onu evə buraxmışlar. Həmin hadisədən bir həftə keçməmiş qız onu yanına çağırmışdır. Daha sonra onu polis bölməsinə təhvil vermişlər. O, videoçəkiliş zamanı polis əməkdaşlarının dediklərini etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, təxminən 2 aydır ki, narkotik vasitə istifadə edirmiş. O, narkotik vasitələri nəfəsə çəkmə üsulu ilə qəbul edir. O, heroin və metamfetamin istifadə edirmiş. Birlikdə saxlanıldığı qızı çoxdan tanıyır, həmin qız həm Sumqayıtda, həm də Bakıda yaşayır. Saxlanıldığı gün Abşeron Gənclər Şəhərciyində olmuşdur. Hadisə vaxtı onun üzərində narkotik vasitə və ya psixatrop maddə olmamışdır. O, Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılmışdır. Hadisə gecə saat 10-11 radələrində baş vermişdir. O, narkotik vasitə qəbul etmək üçün qızın yanına getmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman hakimə nə dediyini dəqiq xatırlamır. Sözügedən qızın adı “Leyla”dır. Həmin qız kirayədə yaşayırmış və Kürdəmir rayonundandır. Polis əməkdaşlarının ona təzyiqlər göstərməsi ilə bağlı prokurorluğa şikayət ünvanlamamışdır. Onu xx.xx.2024-cü il tarixdə tutublar. O, Türkiyədən Azərbaycana bir ilə yaxındır ki, qayıtmışdır. Tutulmamışdan əvvəl Sumqayıtda nənəsi ilə yaşamışdır. Onun atası yoxdur, anası isə Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır. O, Türkiyədən qayıtdıqdan sonra narkotik vasitə istifadə etmişdir. Əvvəl qızın yaşadığı oğlanla birlikdə gedən zaman tutulmuşdur. Həmin şəxs də narkotik vasitə istifadəçisidir. Onlar piyada hərəkətdə olan zaman polis əməkdaşları onları tutmuş və avtomobilə əyləşdirərək polis bölməsinə aparmışlar. Həmin vaxt onu oğurluq cinayəti ilə günahlandırmışlar. Sonra o azad olunmuşdur. Polis əməkdaşlarının onu döyməsi və xəsarətlər yetirməsi ilə bağlı anasında fotoşəkillər də var. Həmin hadisədən 2-3 həftə sonra yenidən polis əməkdaşları onu tutmuşdur. Onun Leyla ilə heç bir düşmənçilik və ədavəti yoxdur. Leylanın özü polis əməkdaşları tərəfindən tutulmuş və onun da adını polis əməkdaşlarına vermişdir. Leyla onu çağırdığı üçün Abşeron Gənclik Şəhərciyinə getmişdir. O, Sumqayıtdakı dostunun telefonu vasitəsiylə Leyla ilə danışmışdır. Leyla ona “Riad” Ticarət Mərkəzinin qarşısında “Araz” marketin yanında gözlədiyini bildirmiş və o, 1 manatlıq taksiyə minərək Leylanın yanına getmişdir. O, “Araz” marketi dönən zaman polis əməkdaşları onu tutaraq avtomobilə mindirmişlər. Polis idarəsinə gətirildikdən sonra polis əməkdaşları ona təsirlər göstərmişlər. Onun müdafiəçisi də hər şeyi görmüşdür. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman ona danışmaq üçün şərait yaradılmamış, hakim ona heç bir sual verməmişdir. O, İstintaq Təcridxanasına qəbul olunan zaman üzərində xəsarət izləri olmamışdır. O, Türkiyədə təxminən 4 il yaşamış, orada ailə qurmuş və həmin evlilikdən bir uşağı olmuşdur. Onun həyat yoldaşı Suriya vətəndaşıdır. İbtidai istintaq zamanı verdiyi ifadədən onun xəbəri yoxdur. Həmin ifadəni o verməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şəxs həmin ifadəsində göstərmişdir ki, o, təxminən bir neçə il olar ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. O, 22 mart 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 01 ədəd bükümdə içərisində narkotik vasitə heroini və bir ədəd bükümdə psixotrop maddə metamfetamini 150 manat müqabilində əldə edib, göy rəngli şalvarının sağ yan cibində öz şəxsi istifadəsi üçün saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 05:00 radələrində o, Abşeron rayonu, Gənclər şəhərciyinin yaxınlığında olarkən ona iki nəfər polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib Abşeron RPİ-nin PPX-nin polis əməkdaşları olduqlarını bildirmişlər və həmin vaxt üzərində narkotik vasitə və psixotrop maddə olduğundan, narahatçılıq keçirərək, həyacan keçirmişdir. Həmin vaxt isə polis əməkdaşları onun piyada olaraq hərəkət etdiyini və özü də, onları görüb həyacanlanaraq onlarda şübhə yaratdığından, yaxınlaşıb özlərini təqdim edərək, onun şəxsiyyəti ilə maraqlanmağa başlamışlar. O, isə həmin vaxt üzərində narkotik vasitə olduğundan, polis əməkdaşlarının onu saxlamasına və tutulacağını düşünərək, özünü təqdim edərkən bir qədər özünü çaşdırmışdır. Belə ki, o, bu hərəkətləri ilə özünü şübhəli apardığından, həmin polis əməkdaşları onu Abşeron RPİ-nə dəvət etmişlər və o, da, etiraz etməyərək polis idarəsinə onlarla birlikdə gəlmişdir. Bundan sonra, polis idarəsində polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış aparılacağı barədə bildirilərək, huquq və vəzifələri izah olunaraq, hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Daha sonra isə polis idarəsində xidməti otaqların birində polis əməkdaşları tərəfindən vəkilin də iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Belə ki, şəxsi axtarış zamanı ona üzərində hər hansı narkotik vasitə və ya qeyri qanuni əşyalar varsa təqdim etməsi təklif edilmişdir. O, da, həmin vaxt 22 mart 2024-cü il tarixdə günorta saatlarında öz istifadəsi üçün Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 150 manata əldə etdiyi və əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxladığı, iki bükümdə olan, bir ədəd bükümdəki narkotik vasitə heroini və digər bükümdəki psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları həmin bükümə baxış keçirərək, maddi sübut olduğundan və ekspertizaya təqdim ediləcəyini bidirib qablaşdıraraq götürmüşlər və üzərinə keçirilmiş baxışla bağlı protokol tərtib etmişlər. Həmin protokol ucadan oxunmuş və doğruluğu həm onun həm də digər iştirakçılar tərəfindən imza edilmişdir. Əlavə olaraq bildirmişdir ki, o, özü narkotik vasitə aludəçisidir və mütəmadi olaraq narkotik vasitədən və psixotrop maddədən istifadə etsə də, lakin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşqul olmamışdır. Təqdim etdiyi narkotik vasitədən başqa nə yaşadığı yerdə, nə də başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Onu polis əməkdaşları saxlayan zaman və polis şöbəsinə dəvət edilərkən o, polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir (cild 01, iş vər. 51-53). İfadəsi elan olunub tədqiq olunduqdan sonra təqsirləndirilən şəxs həmin ifadəni təsdiq etməmiş və həmin ifadənin müstəntiq tərəfindən yazıldığını, onun tərəfindən isə oxunmadan imzalandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23 mart 2024-cü il tarixdə, saat 04:50 radələrində Abşeron rayonu Gənclər şəhərciyi ərazisində xidmətdə olan zaman Təqsirləndirilən şəxs şübhəli vəziyyətdə görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Şəxsdən üzərində hər hansı şəxsiyyətini təsdiq edən sənədin olub-olmadığını soruşduqda şəxs heç bir sənədin olmadığını bildirmişdir. Şəxsiyyətini müəyyən etmək məqsədi ilə şəxsi Abşeron Rayon Polis İdarəsinə aparmışlar. İdarəyə aparan zaman şəxsdən üzərində hər hansı qanunsuz predment və ya əşya varsa təqdim etməsini istəmişlər və şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, çəkiliş zamanı şəxsin üzərindən nə aşkar olunduğunu xatırlamır. Şəxsin qaranlıqda yerdən nə isə axtardığını görmüş və ondan şübhələnmişlər. Şəxsin üzərindən aşkar olunan narkotik vasitənin miqdarını xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İbtidai istintaq zamanı ifadə verərkən ona heç bir təsir olunmamışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir təsir və təzyiq göstərilməmiş, həmçinin təqsirləndirilən şəxs də onlara müqavimət göstərməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, o, hazırda Abşeron Rayon Polis İdarəsinin PPX-nin polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində xidmət edir. 23 mart 2024-cü il tarixdə saat 04:50 radələrində o, Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Abşeron rayonu Gənclər şəhərciyi ərazisində bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər və ona yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədini istədikdə üzərində heç bir sənədinin olmadığını bildirmişdir. Onlar həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün polis idarəsinə gətirmişlər. Həmin şəxsi polis iadrəsinə gətirərkən həmin şəxsdən onun üzərində qanunla qadağan olunmuş hər hansı bir maddə predmet olduğunu soruşduqda həmin şəxs üzərində şəxsi istifadəsi üçün istifadə etdiyi narkotik vasitə olduğunu bildirmişdir. Abşeron Rayon Polis İdarəsində müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1990-cı il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxsdur. Ona görə də Abşeron Rayon Polis İdarəsinin rəhbərliyinə raport yazaraq Təqsirləndirilən şəxs təhvil vermişlər. Belə ki, polis idarəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi və ya özündə saxlamasına şübhələr olduğundan, polis idarəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilərək, ona hüquq və vəzifələri izah edilmiş və onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edildikdən sonra, üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparılmışdır. Belə ki, barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən çıxardığı kibrit qutusunun içərisindən iki ədəd şəffaf sellofana bükülmüş iki bükümdən ibarət olan, bir bükümdə qəhvəyi rəngli, toz formalı, narkotik vasitə olan heroinə bənzəyən, bir bükümdə isə ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə bənzər bükülünü təqdim edərək, həmin bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində tanımadığı şəxsdən 150 manat müqabilində 2 ədəd şəffaf sellofana bükülmüş bükümləri alıb, şəxsi istifadəsi üçün üzərində saxladığını, xx.xx.2024-cü il tarixdə saat 04:50 radələrində Abşeron Rayon Polis İdarəsinin PPX-nin əməkdaşları tərəfindən Abşeron rayonu Gənclər şəhərciyi ərazisində saxlanıldığım bildirmişdir. Bununla ələqadar olaraq, həmin büküm sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 56 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bununla bağlı müvafiq protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir (cild 01, iş vər. 116-118). İfadəsi elan olunub tədqiq olunduqdan sonra şahid həmin ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “Raport”dan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 04:50 radələrində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları “Abşeron Gənlər Şəhərciyi”-də xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra suallara qeyri-səmimi cavab verdiyi üçün həmin şəxsi narkotik vasitələrin istifadəsində şübhəli bilərək Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Növbətçi Hissədə məlum olmuşdur ki, həmin şəxs xx xxxx 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən o, əynində olan göy rəngli şalvarının sağ yan cibindən çıxardığı bir ədəd kibrit qutusunun içərisindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş, iki bükümdən ibarət olan, bir bükümdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroinə və bir ədəd bükümdə isə ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüş, şəxsi axtarışın əks olunduğu video görüntü DVD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 23-25). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi eskpertizasının 6/1628 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,231 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 1,262 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01, iş vər. 30-34). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji eskpertizasının xx.xx.2024cü il tarixli 3493 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 119-120). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1342 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs özünü müdafiə etməyə meyillilik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, məsuliyyətsizlik, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına görə hadisə zamanı etdiyi hərəkətləri qavramaq, mahiyyətini dərk etmək və onları idarə etmək iqtidarındadır (cild 01, iş vər. 125- 128). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3, 234.4.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair istintaqı aparılan ********* saylı cinayət işindən mənbə ilə bağlı istintaqa məlum olmayan şəxsin barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət işinin ayrılması barədə qərar qəbul edilmişdir (cild 01, iş vər. 131-139). İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 04:50 radələrində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları “Abşeron Gənlər Şəhərciyi”-ndə xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra suallara qeyri-səmimi cavab verdiyi üçün həmin şəxsi narkotik vasitələrin istifadəsində şübhəli bilərək Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Növbətçi Hissədə həmin şəxs xx xxxx 1990cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, şübhəli şəxs qismində tutulmuş və müdafiəçinin də iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən bir bükümdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroinə və bir ədəd bükümdə isə ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Götürülmüş kütlə məhkəmə-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək sözügedən kütlələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni polis əməkdaşları tərəfindən döyülməsi, təsir və təzyiqlərə məruz qalması, aşkar olunan narkotik vasitə olab heroinin və psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması barədə müdafiəçisinə heç bir söz deməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə bildirməmiş, əksinə özünü təqsirli bildiyini qeyd etmişdir. Beləliklə, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu xx.xx.2016-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2016-cı ildə Sumqayıt Apellyasiya məhkəməsinin qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cinayət qanunvericiliyində edilmiş dəyişikliklərlə bağlı olaraq Təqsirləndirilən şəxs əməli CM-in 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, cəzası 04 il 10 aya endirilmişdir. xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir (cild 01, iş vər. 94-97, 99-115). Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halların, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir və məhkəmə kollegiyası hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 16). Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 5,081 qram narkotik vasitə heroin, 1,162 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 110 AZN (yüz on manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 5,081 qram narkotik vasitə heroin, 1,162 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə 110 AZN (yüz on manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-725/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-725/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver