Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-726/2024 11.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 (sədrlik edən), X11 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X14, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə istifadəsində olan “Samsung A13” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından fərdi rabitə əlaqəsi kimi istifadə etməklə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının istintaqa məlum olmayan tarixdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə, külli miqdarda. 01 (bir) ədəd bükümdə təmiz çəkisi 735 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki Sumqayıt şəhər ərazisində gizlətməklə yerləşdirərək həmin bükümün və yerin fotoşəkillərini Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung A13” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqramla konum vasitəsilə göndərmiş, sonuncu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının göndərdiyi külli miqdarda narkotik vasitə tiryəki satış məqsədi ilə həmin yerdən götürərək üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 23:45 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Sülh küçəsindən Çerkassi küçəsinə dönəcəkdə saxlanılaraq, Sumqayıt Şəhər Polis İdarəsinin 5- ci Polis Bölməsinə gətirilərək xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən sağ əlində olan qara rəngli sellofan bağlamanın içərisindən külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 735 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bir dəfə İran İslam Respublikasının vətəndaşı “Whatsapp” proqramı vasitəsi ilə ona yazmışdır. O, İran İslam Respublikası vətəndaşının göndərdiyi konuma getmiş, amma narkotik vasitəni götürə bilməmişdir. Həmin ərazidə böyük zavod və plakat olmuşdur. Narkotik vasitə həmin plakatın altında olmuşdur. Həmin vaxt çox qaranlıq olmuş və o, narkotik vasitəyə əlini vurmadan polis əməkdaşları onu tutmuşlar. Onun telefonundakı SMS-lərdən də görünür ki, iranlı şəxs ona 1 kiloqram tiryək atacağını və həmin tiryəki deyilən ünvana qoyduqdan sonra ona 10 qram narkotik vasitə atacağını bildirmiş, o isə cavabında kuryer olmadığını bildirərək iranlı şəxslə razılaşmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, 5 aydır ki, “tiryək” və “nəşə” istifadə edir. O, heroin istifadə etməmişdir. O, tutulduqdan sonra polis əməkdaşları ona təzyiq göstərmişdir. O, tutulan zaman yanında iki nəfər olmuşdur. Polis əməkdaşları ya onun narkotik vasitəni boynuna götürməsini, ya da yanındakı iki nəfər şəxsi də narkotik vasitə ilə yükləyəcəklərini bildirmişdir. O, məcbur qalaraq narkotik vasitəni boynuna götürmüşdür. Həmin şəxslərdən biri taksi sürücüsü olmuşdur. Onların adı Zaur və Əlmuraddır. Tutulmamışdan əvvəl 3 gün imiş ki, iranlı şəxsi tanıyırmış. O, iranlı şəxsdən 10 qram metamfetamin götürəcəkmiş. Həmin metamfetamini özü üçün alacaqmış. O, iranlı şəxsə pul verməmişdir. Ona metamfetamin göndərdikdən sonra iranlı şəxsə pul verəcəkmiş. Birinci dəfə olmuşdur ki, iranlı şəxsdən narkotik vasitə alacaqmış, amma ala bilməmiş, tutulmuşdur. Saat 8-9 radələrində narkotik vasitəsini götürməyə getmişdir. Həmin vaxt hava qaranlıq olmuşdur. Narkotik vasitəni ərazidən götürə bilməmiş, polis əməkdaşları onu tutmuşdur. Polis əməkdaşları ona fiziki təsirlər göstərmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman hakimə polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Müvəqqəti saxlama yerinə təhvil verən zaman onun xəsarətlərini aktlaşdırmamışlar, amma istintaq təcridxanasında onun xəsarətini qeyd etmişlər. O, istintaq təcridxanasına qəbul olunan zaman dişinin qırıldığını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan sonuncunun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. İşin mahiyyəti üzrə bildirmişdir ki, “Whatsapp” sosial şəbəkəsində kimliyini bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Daha sonra o, İİR vətəndaşı ilə “Whatsapp” sosial şəbəkə vasitəsi ilə danışmağa başlamışdır. Həmin şəxsin “Whatsapp” nömrəsi İran İslam Respublikasının nömrəsinə oxşamışdır. xx.xx.2024-cü il tarixdə o, həmin şəxslə yenidən “Whatsapp” sosial şəbəkə vasitəsi ilə danışmış və ondan narkotik vasitə və psixotrop maddə istəmişdir. Həmin şəxsdə onun üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoymalı olmuşdur. Sonradan ona zəng edərək 1 kiloqrama yaxın narkotik vasitə tiryək qoya biləcəyini bildirmişdir. O, da etiraz etmişdir. xx.xx.2024-cü il tarixdə yenidən İİR vətəndaşı onu yığaraq və nömrəsinə konum yollayaraq bildirmiş ki, Sumqayıt şəhər ərazisində konum yolladığı yerdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoymuşdur. Onların razılığına əsasən o, həmin narkotik vasitəni satıb daha sonra pulu İİR vətəndaşının ona yollayacağı kart hesabına yollamalı imiş. 27.03 2024-cü il tarixdə axşam saatlarında tanışı X12 zəng edərək xahiş etmiş ki, ona bir taksi tapsın ki, 10 manata onu Sumqayıt şəhərinə aparıb, gətirsin. Bir qədər sonra Zaur da ona tanışının olduğunu 16 manata Sumqayıt şəhərinə aparıb, gətirəcəyini bildirmişdir. Onlar xx.xx.2024-cü tarixdə axşam saatlarında Bakı şəhərindən çıxıb konum vasitəsi ilə İİR-nın vətəndaşının ona yolladığı konum göstərilən yerə gəlmişlər. Taksi sürücüsü maşını bir qədər aralıda saxlamışdır. O və Zaur avtomobildən düşmüşlər. O, İİR-nın vətəndaşının onun üçün qoyduğu narkotik vasitəni axtarmağa başlamış və həmin bağlamanı tapmışdır. Həmin zaman Zaur bilmişdir ki, o, narkotik vasitə götürməyə gəlmişdir. O, narkotik vasitəni yenicə götürmüş ki, mülki geyimli şəxslər onlara yaxınlaşmış və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqları üçün Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə dəvət etmişlər. Orada xidməti otaqda onu ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim elməyi təklif olunmuş, o, da əlində olan 01 ədəd bağlamanı, həmçinin üzərində olan 2 ədəd mobil telefonu təqdim etmişdir. Üzərindən aşkar edilərək götürülmüş büküm çəkilən zaman həmin bükümün çəkisinin 785 qram olduğu müəyyən edilmişdir. Həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEMnə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİNnin möhürü ilə möhürlənmişdir. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir (cild 01, iş vər. 59-61). İfadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona ünvanlanan sualları cavablandıran təqsirləndirilən şəxs göstərmişdir ki, o, narkotik arxasınca gedib, amma narkotik vasitəni götürə bilməmişdir. Həmin vaxt onun üzərinə iki ədəd mobil telefon olmuşdur. Telefon onun yaxın qohumlarına qaytarılmamışdır. İranlı şəxsin göndərdiyi konum “Samsung” markalı mobil telefonda olmuşdur. Həmin telefonda ***-***-**-** mobil nömrəsi olmuşdur. Həmin nömrədə sadəcə “Whatsapp” proqramı işləmişdir. Polis əməkdaşları həm onu döymüş, həm də yanındakı iki nəfər şəxsi tutacaqlarını bildirdiyi üçün məcbur qalıb narkotik vasitəni boynuna almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, polis əməkdaşı Şahid1 əməliyyat məlumatı daxil olmuş, o, Şahid1 və Şahid2 əməliyyat məlumatının daxil olduğu əraziyə getmişlər. Səhv etmirsə hadisə mart aylarında baş vermiş, hava soyuq olmuşdur. Təqsirləndirilən şəxsi görən zaman əlində bir ədəd büküm olmuş və təqsirləndirilən şəxs onlardan qaçmışdır. Daha sonra onlar şəxsi saxlamış və polis bölməsinə dəvət etmişlər. Həmin şəxsin yanında əlavə bir nəfər və taksi sürücüsü olmuşdur. Həmin şəxsləri isə digər əməkdaşlar polis bölməsinə gətirmişlər. Polis bölməsində olan zaman təhqiqatçı və vəkilin iştirakı ilə çəkilişlə şəxsin üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilmiş və şəxsin üzərindən bir ədəd bükümdə, 700 qramdan çox tiryək aşkar olunmuşdur. Şəxs həmin maddəni iranlı şəxsdən 600 manata aldığını və iranlı şəxsin göndərdiyi konumdan götürdüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, onlar təqsirləndirilən şəxsin əlində şübhəli büküm olduğunu görmüşlər. Həmin ərazidə başqa adamlar onların diqqətini cəlb etməmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı fiziki təsir göstərilməyib. Təqsirləndirilən şəxs onalara müqavimət göstərib qaçmaq istəmiş, amma onlar şəxsi saxlamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin, 5-ci Polis Bölməsinə polis sahə rəisi vəzifəsində işləyir, polis kapitanıdır. xx.xx.1994-ci il tarixdə Ağstafa şəhərində anadan olmuş, Bakı şəhəri, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs və Bakı şəhəri, ünvan 5 ünvanda yaşayan X10 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi və dövriyyəsi ilə məşğul olması barədə 27 mart 2024-ci il tarixdə Sumqayıt ŞPİ-nin, 5-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs və Zaur Əhmədzadənin cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı 5-ci PB-nin CA-üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3 və 5-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 iştirak etmişdir. 27 mart 2024-cü il tarixdə, saat 23:45 radələrində Təqsirləndirilən şəxs və X2 əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Sülh küçəsindən Çerkassi küçəsinə dönəcəkdə saxlanılaraq Sumqayıt ŞPİ-nin, 5-ci PB-nə gətirilmişdir. Qeyd etmişdir ki, onlarla birlikdə olan taksi sürücüsü X7 da Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilmişdir. Sumqayıt ŞPİ-nin, 5-ci PB-in xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs da sağ əlində saxladığı külli miqdarda 1 ədəd bükümü və gödəkcəsinin sağ cibindən “Samsung” və “Redmi” markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində narkotik vasitə olan tiryəkə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, üzərindən aşkar edilərək götürülmüş maddənin narkotik vasitə olan tiryək olduğunu, həmin narkotik vasitəni saxlanıldığı gün, yəni 27 mart 2024-cü il tarixdə gün saat 20 radələrində işlətdiyi ona məxsus “Samsung ЛЗ-2016” markalı mobil telefonda olan ***-***-**-** WhatsApp nömrəsinə zəng edən şəxs İİR-nın vətəndaşı ona konum atacağı yerdə narkotik vasitə heroin və metamfetamin olacağını, həmin narkotik vasitələri və psixotrop maddələri götürüb sataraq pulunu göndərəcəyi karta vurmağını demiş, o İİR-nın vətəndaşının təklifi ilə razılaşmış, daha sonra İİR-nın vətəndaşı yenidən WhatsApp-la zəng elmiş, narkotik vasitə heroin olmadığını Sumqayıt şəhərində içərisində narkotik vasitə tiryək olan bağlama gizlətdiyini və həmin yerin kordinallarını Whalsapp-la ona göndərdiyini, həmin bağlamanı götürüb sataraq ona 600 manat pul göndərməyini demiş, o razılaşmış və dostu Zaura zəng edib işi ilə əlaqədar danışaraq maşın tapmasını xahiş etmiş, Zaur da onun üçün taksi tapmış, bundan sonra onlar Bakı şəhərində görüşüb Zaurun taksi kimi tutduğu maşına əyləşib İİR-nın vətəndaşının Whatsapp vasitəsilə ona göndərdiyi konuma əsasən Sumqayıt şəhərinə gəlmişlər və maşından düşüb bağlamanın olduğu yerə yaxınlaşıb qara rəngli sellofan bağlamanı götürüb və maşına tərəf qayıtmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəki maddə tərəziyə qoyulub çəkilən zaman, həmin maddənin çəkisinin 785 qram olduğu müəyyən edilmiş və həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin möhürü ilə möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə narkotik vasitə olan tiryəkə bənzər maddədən başqa qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı heç bir vəsatət və şikayət daxil olmamışdır. Bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir (cild 01, iş vər. 102-105). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə Ağstafa şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs və ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1998-ci il təvəllüdlü X10 qanunsuz olaraq narkotik vasitələri saxlamaları, üzərlərində gəzdirilməsi və qanunsuz dövriyyəsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Ağstafa şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs və ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1998-ci il təvəllüdlü X10 yerlərinin müəyyən edilməsi məqsədi ilə vətəndaşların sorğusu əməliyyataxtarış tədbirinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Ağstafa şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması, üzərində gəzdirməsi və qanunsuz dövriyyəsində şübhəli hesab edilmişdir və keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 23:45 radələrində Sumayıt şəhəri, Sülh küçəsi ilə Çerkassi küçəsinin kəsişməsində əlindəki selafon bağlama ilə birlikdə saxlanılmış və 23:52 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilmişdir (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs özü sağ əlində olan qara rəngli sellofan bağlamanı təqdim edərək həmin bağlamanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin sellofan açılan zaman sellofanın içərisində səffaf və qara rəngli sellofana bükülmüş spesifik iyə malik narkotik vasitə olan tiryəkə bənzər küllə olduğu müəyyən edilmişdir (cild 01, iş vər. 25-26). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 28 mart 2024cü il tarixli, 6/1689 nömrəli görünür ki, tədqiqata təqdim olunmuş “Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Zərflər üçün üzərində №242 ” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd bağlamadakı 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 735 qram olan spesifik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir (cild 01, iş vər. 36-40). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş "Samsung A3" markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş "Samsung A3" markalı mobil telefon işlək vəziyyətdədir. Təqsirləndirilən şəxs "Samsung A3" markalı mobil telefonun içərisində whatsapp sosial şəbəkəsində ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə qeydiyyatda keçdiyini bildirsədə baxış keçirilən zaman həmin nömrənin aktiv olmadığı müəyyən edilmişdir whatsapp sosial şəbəkəsinə daxil olmaq mümkün olmamışdır. Həmçinin "Redmi" markalı mobil telefon işlək vəziyyətdədir. Mobil telefonda olan whatsapp sosial şəbəkəsində SMS və zəng bölməsinə daxil olduqda, həmin səhifələrin silinmiş vəziyyətdə olduğu, həmçinin gələn və gedən zənglərin səhifəsinə də daxil olduqda həmin səhifənin də silinmiş vəziyyətdə olduğu müəyyən edilmişdir (cild 01, iş vər. 84). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji eskpertizasının 24 may 2024-cü il tarixli, 3686 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyalorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 117-118). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi eskpertizasının xx.xx.2024-cü il tarixli 508 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır (cild 01, iş vər. 120-122). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 206 və 234.4.4 maddələri ilə, X8 və X10 barəsində isə CM-in 206, 234 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 128-137). İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə Ağstafa şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs və ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1998-ci il təvəllüdlü X10 qanunsuz olaraq narkotik vasitələri saxlamaları, üzərlərində gəzdirilməsi və qanunsuz dövriyyəsi barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla xx.xx.2024-cü il tarixdə saat 23:45 radələrində Sumayıt şəhəri, Sülh küçəsi ilə Çerkassi küçəsinin kəsişməsində əlindəki selafon bağlama ilə birlikdə saxlanılmış və 23:52 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində olan qara rəngli sellofan bağlamanın içərisində narkotik vasitə tiryəkə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddə məhkəmə-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda, sözügedən qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq dövründə verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəla həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən – ümumilikdə ibtidai araşdırmanın ilkin mərhələsində onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin döyülməsi nəticəsində, o cümlədən psixi təzyiqlər nəticəsində məcbur qalıb etirafedici ifadə verməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmiş, ailə vəziyyətini nəzərə alaraq barəsində ev dustalığı qətimkan tədbirinin seçilməsini məhkəmədən xahiş etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra fiziki təsirə məruz qaldığını bildirsə də, saxlanıldıqdan qısa müddət sonra sonuncu məhkəmə tibbi ekpertizasına təqdim olunmuş, ekspert tərəfindən onun baxışı həyata keçirilmiş və müvafiq rəy tərtib olunmuşdur ki, həmin rəydən də görünür ki, təqsirləndirilən şəxsin bədəni üzərində onun fiziki təsirə məruz qaldığını təsdiq edə biləcək hər hansı bir xəsarət mövcud olmamışdır (cild 01, iş vər. 66-67). Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı zamanı əksini bildirsə də, cinayət işinin materiallarında olan sübutlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsilə atılan ünvana hansı məqsədlə getdiyini qabaqcadan dəqiq bilmiş, yəni həmin ünvanda narkotik vasitənin olduğunu dəqiq bilmiş və məhz orada olan narkotik vasitəni götürməyə getmiş, həmçinin həmin kütləni götürmüş və daha sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitənin onun tərəfindən necə və hansı yolla əldə olunması, daha sonra onun üzərindən aşkar olunması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi sənədindən və ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası Qasımov İsa İsmayıl oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlil olmuş və xx.xx.2023-cü ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 77-78). Təqsirləndirilən şəxs atasının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlil olması CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, aşkar olunan narkotik vasitənin çəkisini nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 18). Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 67-71). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2024cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmamalı, lakin o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 734,950 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə maddi sübut qismində tanınmayan 01 ədəd “Samsung A13” markalı, o cümlədən 01 ədəd “Redmi ” markalı mobil telefonlar hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Təqsirləndirilən şəxs və ya onun razılı ilə yaxın qohumlarından birinə qaytarılmalıdır. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 734,950 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın və iş üzrə maddi sübut qismində tanınmayan 01 ədəd “Samsung A13” markalı, o cümlədən 01 ədəd “Redmi ” markalı mobil telefonlar hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Təqsirləndirilən şəxs və ya onun razılı ilə yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-726/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-726/2024
11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver