Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-727/2024 11.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X8, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndi tətbiq edilməklə cəzası 06 ay azaldılmış, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 09 ay 12 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Siyəzən rayonu, Günövsə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 19,284 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 26 mart 2024cü il tarixdə saat 00:50 dəqiqədə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən Corat qəbiristanlığının yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd göy rəngli qolsuz qış gödəkçəsinin sağ yan cibindəki «Sobranie» markalı siqaret qutusunun içərisindən 02 ədəd bükümdə təmiz çəkiləri - 11,690 qram, 7,594 qram, ümumi təmiz çəkisi 19,284 qram tünd qəhvəyi və qəhvəyi rənglərdə maddə kütlələri tərkibindəki kimyəvi komponentlərə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə əldə etmək üçün birinci dəfə ortaq tanışı vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlamışdır. Həmin şəxslə telefon vasitəsi ilə əlaqə saxlayırmış. İranlı şəxs onun üçün 5 qram psixotrop maddə metamfetamin və 5 qram narkotik vasitə olan heroin atmalı imiş. Şəxs narkotik vasitəni Coratda qəbirstanlığa girən zaman sol tərəfdə yerləşən köşkün dibinə qoymalı imiş. O, narkotik vasitəni götürən zaman 7-8 nəfər polis əməkdaşı onu saxlamış və polis bölməsinə aparmışdır. Polis bölməsində olan zaman üzərindəki narkotik vasitəni təqdim etmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman narkotiki vasitənin 19 qram olduğunu bilmişdir. Lakin o, 10 qram narkotik vasitənin arxasınca getmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, uzun müddətdir narkotik vasitələrdən istifadə edirmiş. Bir dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunmuşdur. İranlı şəxslə birinci dəfə imiş ki, danışırmış. O, narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin isifadə etmişdir. İranlı şəxsdən 5 qram psixotrop maddə metamfetamin və 5 qram narkotik vasitə olan heroin sifariş etmiş və qramı üçün 22 manat pul ödəyəcəkmiş. Həmin gün iranlı şəxsə pul ödəyə bilməmişdir. Ortaq tanışları olduğu üçün iranlı şəxs ondan pul almadan narkotik vasitə vermişdir. O, heç yerdə işləmir. O, gün ərzində yarım qram narkotik vasitə istifadə edir. Ailəsi onu narkoman kimi qəbul edir. O, 10 qram narkotik vasitə götürdüyünü bilmişdir. Polis bölməsində polis əməkdaşları ona qarşı zor tətbiq etməmişlər. Polis bölməsində üzərindən nə qədər narkotik vasitə aşkar olunduğunu bilməmiş, həmin vaxt anlaqsız halda olmuşdur. Onu 26 mart 2024-cü il tarixdə saxlamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Əməlindən peşmandır. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində də özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilsə də, həmin vaxt verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında o, şəxsi işi ilə əlaqədar Sumqayıt şəhərinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 00:30 dəqiqədə o, Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən Corat qəbiristanlığının yaxınlığında piyada hərəkətdə olarkən yerdən 02 ədəd bükümdə narkotik vasitə olan heroin tapmışdır. O, həmin bükümləri üzərində olan «Sobranie» markalı siqaret qutusunun içərisinə qoymuşdur. Saat 00:50 dəqiqədə iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda, qanunsuz üzərimdə gəzdirilməsində və dövriyyəsində şübhəli bilinir. Buna görə də onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar bir başa 1-ci PB-nə gəlmişlər. Polis Bölməsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün Sumqayıt regional vəkil bürosunun vəkili X4 təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməsini təklif etmişlər. O, əynindəki tünd göy rəngli qolsuz qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd «Sobranie» markalı siqaret qutusunu və həmin gödəkçənin sol yan cibindən özünə məxsus 02 ədəd «Redmi 9» və «Redmi 12» markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. Sonra siqaret qutusunun içərisinə baxış keçirilərkən qutunun içərisindən 02 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar olunmuşdur. Təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, bükümlərin içərisindəki narkotik vasitə olan heroindir və onu həmin gün Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən Corat qəbiristanlığının yaxınlığında yerdən tapmış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş iki ədəd bükümdə narkotik vasitə olan heroin ayrı- ayrılıqda elektron tərəziyə qoyulub çəkilmişdir. 1-ci büküm 7,89 qram, 2-ci büküm isə 12,26 qram təşkil etmişdir. Bundan sonra isə həmin narkotik vasitə və mobil telefonlar ayrı- ayrılıqda qablaşdırılaraq möhürlənmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Bundan sonra narkotik vasitənin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və Polis Bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O, narkotik vasitə olan heroini həmin gün Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən Corat qəbiristanlığının yaxınlığında yerdən tapmış və özü istifadə etmək üçün üzərində saxlamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin alqı satqısı ilə məşğul olmamışdır (cild 01, iş vər. 57-59). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq təqsirləndirilən şəxs göstərmişdir ki, ittiham aktında onun 00:30-da narkotik vasitəni tapdığı, 00:50 dəqiqədə isə polis əməkdaşları tərəfindən tutulduğu qeyd olunub, amma belə hal baş verməmişdir. Üzərindən aşkar olunmuş telefonlardan birini təzə almışdır. Həmin telefonlar ona qaytarılmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Siyəzən rayonu, Günövsə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, qanunsuz üzərində saxlaması və satması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil edilmiş, həmin məlumat əsasında xx.xx.2024-cü il tarixdə saat 00:50 dəqiqədə Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində yerləşən Corat qəbiristanlığının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmış və Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət edilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əvvəl ona üzərində olan qeyriqanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli qolsuz qış gödəkçəsinin sağ yan cibindən bir ədəd «Sobranie» markalı siqaret qutusunu və sol yan cibindən iki ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümlərin içərisində nə olduğu soruşulduqda o, bükümlərin içərisində «kakos» olduğunu demişdir. Həmin bükümlərə baxarkən içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Təhqiqatçı ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni Corat qəsəbəsi ərazisində tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsün üzərindən aşkar edilmiş 02 ədəd bükümdəki kütlə ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə həmin tarixdə Siyəzən rayonu, Günövsə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Siyəzən rayonu, Günövsə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə Sumqayıt şəhərində vətəndaşların sorğusu əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Siyəzən rayonu, Günövsə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:05-də Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən Corat qəbirstanlığının yaxınlğında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirilmişdir (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd göy rəngli qolsuz qış gödəkçəsinin sağ yan cibindəki «Sobranie» markalı siqaret qutusunun içərisindən 02 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunmuş, aşkar olunan kütlələr elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 26-27). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/1649 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 (iki ədəd bükümlərdəki təmiç çəkiləri - 11,690 qram, 7,594 qram, ümumi təmiz çəkisi 19,284 qram tünd qəhvəyi və qəhvəyi rənglərdə maddə kütlələri tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsuslla hazırlanmış narkotik vasitə - heroindir (cild 01, iş vər. 37-39). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd «Redmi 12» markalı mobil telefon aparatına baxış keçirilmişdir. Baxış zamanı mobil telefonda olan «Files» adlı qoğluqda «Şəkillər» adlı səhifəyə daxil olarkən oxla işarələnmiş şəkillər, elektron tərəzi və narkotik vasitə olan heroin və qurudulmuş marixuanaya bənzər maddələrin 16 ədəd fotoşəkiləri aşkar edilmişdir. Sonra «Videolar» olan qovluğa baxış keçirilmiş, qeyd edilən qoğluqda 03 ədəd narkotik vasitənin dövriyyəsinə aid olan fayl aşkar edilmişdir (cild 01, iş vər. 103-112). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024cü il tarixli, 3687 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 syh «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsin qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçvr olmuş xəstələrə məcburi müalicə qaydalarının 3.7-ci bəndənə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 121-122). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1, 234.4.1 və 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 134-141). İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə Siyəzən rayonu, Günövsə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Götürülmüş kütlələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından, həmçinin külli miqdardan dəfələrlə çox olması, habelə həmin kütlələrin bükümlərə bölünməklə saxlanılması, mobil telefonunda narkotik vasitənin satışını təsdiq edən foto və video görüntülərin olması bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə edərək üzərində saxlamışdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə razılaşmır və onları qəbul etmir. Əksinə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini daha obyektiv və həqiqətə uyğun hesab edir. Narkotik vasitənin hansı yolla və haradan əldə olunması, hansı miqdarda olması və s. ilə bağlı onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsini onun tərəfindən heç bir təsir və təzyiq altında qalmadan verilməsi ilə bağlı qənaətə gəlib təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini əsaslı sayaraq məhz sözügedən ifadəni təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş tələbnamədən və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndi tətbiq edilməklə cəzası 06 ay azaldılmış, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 09 ay 12 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 78-81, 95-102). Belə olan halda, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum oluduğu cinayət əməli az ağır cinayət sayıldığından və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 02 müddətə il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin yarısından az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxsin əvvəlki məhkumluqlarına diqqət yetirdikdə görünür ki, o, daha əvvəl də eynicinsli cinayət əməllərini törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, lakin təqsirləndirilən şəxs bundan nəticə çıxarmamış, sonradan yenidən qəsdən ağır cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 19). Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 70-72). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmamalı, lakin o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 19,084 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə maddi sübut qismində tanınmayan 01 ədəd “Redmi 9” markalı və 01 ədəd “Redmi 12” markalı mobil telefonlar hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Təqsirləndirilən şəxs və ya onun razılı ilə yaxın qohumlarından birinə qaytarılmalıdır. İş üzrə 92 AZN (doxsan iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 19,084 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın və iş üzrə maddi sübut qismində tanınmayan 01 ədəd “Redmi 9” markalı, o cümlədən 01 ədəd “Redmi 12” markalı mobil telefonlar hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Təqsirləndirilən şəxs və ya onun razılı ilə yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə 92 AZN (doxsan iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-727/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-727/2024
11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver