Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-73/2022 18.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), X6 və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 , Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X5, xx.xx.1975-ci ildə Abşeron rayonu, Giləzi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Xızı rayonu, Giləzi Qəsəbə Ərazi Dairəsi, Giləzi Qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, ACDÜ AR Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 120.1, 120.2.4, 228.4, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, xx.xx.2014-cü ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 02 ay 02 gün vaxtından əvvəl şərti azad edilməsinə, daha sonra Xızı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.3, 228.1, 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, xx.xx.2019-cu ildə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hökmün dəyişdirilib 05 il müddətində azadlıqdan məhrum etmə cəzasının təyin olunmasına, xx.xx.2019-cu ildə Ali Məhkəmənin qərarı ilə xx.xx.2019-cu il tarixli qərarın dəyişdirilib Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin həmin Məcəllənin 221.2.2-ci maddəsinə tövsif edilərək, CM-in 66.2-ci maddəsinə əsasən 04 il azadlıqdan məhrum etmə cəzası təyin edilib, xx.xx.2020-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2020-ci il tarixli qanun nəzərə alınaraq 03 il müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edilib, xx.xx.2020-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə CM-in 76-cı maddəsinə əsasən 04 ay 02 gün vaxtından əvvəl şərti azad edilməsinə, xx.xx.2020-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2020-ci il tarixli qərar və şərti cəzasının ləğv edilib, cəzasının çəkilməmiş 04 ay 02 gün hissəsini çəkmək üçün həbs edilməsinə, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, 2021-ci ilin mart ayında yaşadığı Xızı rayonu, Giləzi Qəsəbə Ərazi Dairəsi, Giləzi Qəsəbəsindəki fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq külli miqdarda, yəni 301 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 iyun 2021-ci il tarixdə saat 16:30-da Təqsirləndirilən şəxs könüllü razılığı və iştirakı ilə yaşadığı Xızı rayonu, Giləzi Qəsəbə Ərazi Dairəsi, Giləzi Qəsəbəsindəki fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən həmin ərazidə xüsusi qulluq göstərilərək yetişdirilib kultivasiya edilmiş ümumilikdə külli miqdarda, 301 ədəd təmiz çəkisi 448000 (448 kq) qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün tam etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmişdir. Əkmiş olduğu çətənə kollarının bu qədər artacağını təxmin edə bilməmişdir. Narkotik vasitə olaraq marixuanadan istifadə etmişdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq edir, verilmiş ittihamda doğru yazılmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, subaydır, əvvəllər Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə məhkum olunmuşdur, rəsmi olaraq heç yerdə işləmir. 2021-cı ilin mart ayında həbsdən azad olunduqdan sonra narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamış, narkotik vasitələri siqaret giləsinin içərisində doldurub siqaret kimi çəkməklə qəbul etmiş, narkotik vasitələri Bakı şəhərində, Xızı şəhərində tanımadığı, adını bilmədiyi şəxslərdən alıb istifadə etmişdir. Maddi vəziyyəti yaxşı olmadığına gorə narkotik vasitəni mütəmadi olaraq ala bilməmiş, məcbur qalıb narkotik vasitələri əkmək qərarına gəlmişdir. Tutulmadan əvvəl də bir neçə dəfə çətənə bitkiləri əkmiş, toxumlarını yaşadığı evdə gizlədib saxlamış, həbsdən azad olduqdan sonra həmin toxumları götürüb əkmək qərarına gəlmişdir. Xızı rayonu, Giləzi qəsəbəsində özünün tək yaşadığı evin həyətində 2021-ci ilin mart ayının əvvəllərində çətənə kolları əkmişdir. Orada təxminən 400 yaxın çətənə toxumu olmuş, lakin onlardan təxminən 300 ədədi cücərmiş və toxumlar cücərəndən sonra ştilləri səliqəli formada həyətdə cərgə ilə əkmişdir Həmin kollara su verib qulluq etmiş, diblərini belləyib peyin vermişdir. Məqsədi həmin kolları yetişdirib yığıb şəxsi istifadəsi üçün saxlamaq olmuş, satmaq məqsədi olmamışdır. Əkdiyi çətnə kollarının budaqlarından müxtəlif vaxtlarda yığıb qurudub istifadə etmişdir. xx.xx.2021-ci tarixdə saat 16:30 radələrində yaşadığı evdə olan zaman qapının döyuldüyünü eşitmiş, qapını açanda bir neçə mülki geyimli şəxslər DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını deyərək külli sayda çətənə kolları kultivasiya etməyi barədə onlarda məlumat olduğunu deyərək həyətə baxış keçirilməli olduğunu demişlər. İfşa olunduğunu bilib etiraz etməmiş və ərizə yazaraq yaşadığı evin içərisinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları həyətə daxil olmuş, orada olan polis əməkdaşı evin həyətinə videoçəkilişdən istifadə olunmaqla baxış keçiriləcəyini, baxışda aqronomun da iştirak edəcəyini demiş, etiraz etməmiş və razılaşmışdır. Bundan sonra videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşı ondan üzərində və yaşadığı evdə qanunsuz əşya olub-olmadığını soruşmuş, üzərində və yaşadığı evdə qanunsuz əşya olmadığını demiş, lakin yaşadığı evin həyətində çətənə kolları əkdiyini etiraf etmişdir. Bundan sonra baxış keçirilmiş və həyətində olan çətənə kollarını təqdim etmişdir. Baxışda iştirak edən aqronom həmin kollara aqrotexniki qaydada qulluq edildiyini bildirmiş, aqronomun dediklərini təsdiqləmişdir. Bundan sonra orada olan polis əməkdaşları çətənə kollarını yığaraq qablaşdırmış, orada 301 ədəd çətənə kolu olması müəyyən edilmiş və qablaşdırmaların üzərini imzalamışdır. Bundan sonra müvafiq sənədləşmə işlərinin aparılması uçun DİN-in BMCMİ-nə dəvət edilmiş, orada ona vəkil təqdim olunmuş, vəkilin iştirakı ilə baxışın keçirilməsinə dair sənədləşmələr aparılmış və həmin sənədləşmələri imzalamışdır. ( cild 1, iş vərəqə 64-66, 78-80, 215-217) Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu ona mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı tam etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş DİN-nin BMCMİ-nin kriminal qruplaşmalara qarşı mübarizə idarəsinin XMİÜ baş əməliiyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Xızı rayonu, Giləzi qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa və idarənin digər əməkdaşları, həmçinin təhqiqatçı Yusif Yusifov daxil olmuşdur. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə bitkilərini kultivasiya etməsi barədə məlumat daxil olduğundan əməliyyat qrupunun üzvləri ilə birlikdə qeyd olunan ünvana getmişlər. Həmin gün saat 16:30-da qeyd olunan ünvana çatdıqda qapı döyülmüş, həmin vaxt bir nəfər qapını açmış və ondan kim olduğunu sorumuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bu zaman özlərini təqdim edərək BMCMİ-nin əməkdaşı olduqlarını, onun yaşadığı evin həyətində çətənə bitkilərinin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olduğunu deyərək evin həyətyanı sahəsinə baxış keçirilməsinə zərurət yarandığını izah etmişlər və oraya baxış keçirilməsinə icazə verməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, bu barədə ərizə yazaraq yaşadığı evin həyətinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə, evin həyətyanı sahəsində və üzərində qanunsuz əşya, narkotik tərkibli çətənə bitkiləri olub-olmaması barədə soruşulmuş, həmin şəxs üzərində və evin içərisində qanunsuz əşya olmadığını bildirsə də, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərinin olduğunu bildirmişdir. Həmin yeri göstərməsini xahiş etmişlər. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə onları aparmış, həmin vaxt videoçəkilişdən istifadə edilmişdir. Orada olan torpaq sahələrinə baxış keçirilən zaman orada çoxlu sayda çətənə bitkilərinə oxşar bitkilər müşahidə edilmiş, baxışda iştirak edən aqronom həmin kolların narkotik tərkibli bitkilər olduğunu, onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli bitkilər olduğunu və onları təxminən 3 ay əvvəl əkdiyini, həmçinin sonuncu əvvəllər istifadə etdiyi narkotik vasitələrin toxumlarından yığdığı toxumları əkdiyini bildirmişdir. Bundan sonra həmin bitkilər torpaqdan çıxarılmaqla sayılmağa başlanılmış, bitkilər kökündən çıxarıldıqdan sonra 16 ədəd torbalara yığılmış, orada ümumilikdə 301 ədəd narkotik tərkibli bitkilərin olması müşahidə edilmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və birlikdə DİN-in BMCMinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, vəkiliş iştirakı ilə müvafiq sənədləşmə işləri aparılmış, daha sonra baxışın keçirilməsinə dair protokol tərtib edilmiş və həmin protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid7 və Şahid6 eyni məzmunlu ifadələr verərək, Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid2, Şahid3, Şahid4 Bəhrəm oğlu, Şahid5 və Şahid8 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadələrindən görünür ki, sonuncular məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdirlər. ( cild 1, iş vərəqə 107-109, 116-118, 119-121, 123-125, 126-128, 133-135, 136-138) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyun 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahədə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bikiləri kultivasiya etdiyi barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarı ilə “Əməliyyat məlumatın yoxlanılması barədə” 21 iyun 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir.( cild 1, iş vərəqə 4-5, 1154) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Baxış və götürmə aparılması haqqında” 21 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xızı rayonu Giləzi qəsəbəsində ki, evinin həyətyanı sahəsindən 301 ədəd çətənəyə bənzər kollar, 16 ədəd sintetik kisəyə yığılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 22 iyun 2021-ci il tarixli arqonom rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsində ümumilikdə 301 (üç yüz bir) ədəd yaş vəziyyətdə ümumi çəkisi 448000 (448kq) olan çətənə bitkiləri əkilib beçərilmişdir. Həmin bitkilərər arotexniki qulluq olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 22 iyun 2021-ci il tarixli 7/577 №-li rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” yazıları və imzalar olan on altı ədəd polietilen bağlamalardakı, sayı 301 (üç yüz bir) ədəd yaş vəziyyətdə ümumi çəkisi – 448000 qram (448 kq) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş çətənə (kannabis) bitkiləri tərkilərinə görə eynidirlər. Aqronomun rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Qeyd: çətənə (kannabis) bitkilərinin ümumi çəkisi – 448000 qram (1-301 № ob) tədqiqata sərf edildi - 0,35 qram qalıq – 447999,65 qram. (cild 1, iş vərəqə 50-54) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2894 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 141-142) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 1467 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törətdiyi zaman öz hərəkətlərini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci madələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (cild 1, iş vərəqə 143-145) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 16 ədəd polietilen bağlamalardakı ümumi təmiz çəkisi tədqiqatdan sonra 447999,65 qram qalmış 301 ədəd narkotik vasitə çətənə (kannabis) bitkilərinin sübut kimi tanınmış və DİNin BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 09 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 199-204) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin kompüter texniki ekspertizasının 30 sentyabr 2022-ci il tarixli 5/1024 №-li rəyində aşağıdakılar göstərilmişdir: “Təqdim edilmiş optik disklərin daxilində “Nero” proqram təminatı vasitəsi ilə hissələrə ayrılmış faylların olması aşkar edildi. Təqdimat zamanı 09(doqquz)ədəd “DVD- RÜ”tipli optik disk daxilində aşkar olunmuş fayllar mərkəzdə hal-hazırda mövcud olan texniki imkanlar çərçivəsində açmağa çalışsalarda həmin fayllar açılaraq daxillərinə baxış keçirmək mümkün olmamışdır. Bi səbəbdən tədqiq olunan faylların məzmunlarının müəyyən edilməsi üzrə tədqiqat işi aparılmadı”. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Xızı RİHB-nın Giləzi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan ailə tərkibi haqqında arayışdan görünür ki, onun ailə tərkibi atası X3, oğlu X7, gəlini X8, nəvəsi X4, nəvəsi X1 ibarətdir. (cild 1, iş vərəqə 130) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Xızı RİHB-nın Giləzi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 111xx.xx.1975-ciildə Abşeron rayonu Giləzi kəndində anadan olmuş, Giləzi qəsəbəsində qeydiyyatdadır, iki dəfə məhkumluq həyatı yaşamışdır . (cild 1, iş vərəqə 131) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə ilə müəyyən edilmişdir ki Təqsirləndirilən şəxs ACDÜ AR Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 120.1, 120.2.4, 228.4, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 02 ay 02 gün vaxtından əvvəl şərti azad edilmiş, daha sonra Xızı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.3, 228.1, 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hökmün dəyişdirilib 05 il müddətində azadlıqdan məhrum etmə cəzasının təyin olunmuş, xx.xx.2019-cu ildə Ali Məhkəmənin qərarı ilə xx.xx.2019-cu il tarixli qərarın dəyişdirilib Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin həmin Məcəllənin 221.2.2-ci maddəsinə tövsif edilərək, CM-in 66.2-ci maddəsinə əsasən 04 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2020-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2020-ci il tarixli qanun nəzərə alınaraq 03 il müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, xx.xx.2020-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə CM-in 76-cı maddəsinə əsasən 04 ay 02 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2020-ci il tarixli qərar və şərti cəzası ləğv edilib, cəzasının çəkilməmiş 04 ay 02 gün hissəsini çəkmək üçün həbs edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. (cild 1, iş vərəqə 110-112) CM-nin 18.3.2, 83.3.5-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmiş və onun əməllərində cinayətlərin xüsusilə təhlükəli residivi vardır. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək öz müdafiəsi üçün dəlil gətirməmişdir. Məhkəmə “Baxış və götürmə aparılması haqqında” 21 iyun 2021-ci il tarixli protokolun qeydə alındığı disklərin faylların açılmaması ilə bağlı qeyd edir ki, 09 ədəd disklərdə fayllar mövcuddur, lakin həmin faylların açılması texniki cəhətdən mümkün olmamış, həmçinin təqsirləndirilən şəxs qeyd olunan protokolda qeyd olunan məlumatları öz etirafedici ifadəsi ilə təsdiq etmiş, 301 (üç yüz bir) ədəd yaş vəziyyətdə ümumi çəkisi – 448000 qram (448 kq) olan bitki nümunələri təqdim edilmişdir. Ona görə məhkəmə “Baxış və götürmə aparılması haqqında” 21 iyun 2021-ci il tarixli protokoldakı məlumatların həqiqiliyini qəbul edərək həmin protokoldakı məlumatları proses iştirakçıları tərəfindən mübahisələndirilmədiyi və həmçinin diskdə məlumatlar texniki imkanlara görə açılmadığı üçün qeyd olunan protokolu da sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Çətənə (kannabis) bitkisi Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” siyahısına aiddir ( siyahı İİİ ). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsi cinayətlərin residividir və bu hal Azərbaycan Respublikası CMnin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 21 iyun 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild 1, iş vərəqə 9, 89-93). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 iyun 2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub DİN-in BMCMİ-nin saxlanılan – Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 16 ədəd polietilen bağlamalardakı ümumi təmiz çəkisi tədqiqatdan sonra 447999,65 qram qalmış 301 ədəd narkotik vasitə çətənə (kannabis) məhv edilməli, 09 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 228,82 (iki yüz iyirmi səkkiz manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış DİN-in BMCMİ-nin saxlanılan – Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi tədqiqatdan sonra 447999,65 qram qalmış 301 ədəd narkotik vasitə çətənə (kannabis) məhv edilsin, 09 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 228,82 (iki yüz iyirmi səkkiz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-73/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-73/2022
18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver