Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-73/2023 14.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1968-ci ildə Abşeron rayonu Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Xızı rayonu Sitalçay kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq ayrı-ayrılıqda 0,048 qram, 1,774 qram, 0,028 qram, 0,037 qram, 0,046 qram, 0,039 qram və 0,106 qram miqdarında, cəmi külli miqdarda - 2,078 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə - heroin əldə edərək əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibində bir ədəd gümüşü rəngli kağız bükümdə və yaşadığı Xızı rayonu Sitalçay kəndindəki evin qonaq otağında pəncərənin önündə bir ədəd mavi rəngli qutuda altı ədəd ağ rəngli kağız bükümdə saxlamış, Xızı rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 14 dekabr 2021-ci il tarixdə saat 14 radələrində, Xızı rayonu Sitalçay kəndi ərazisində saxlanılmış, həmin tarixdə saat 14:16 dəqiqədə onun üzərində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə olan satış məqsədi ilə əldə edib saxladığı 0,048 qram miqdarında narkotik vasitə olan heroin, 14 dekabr 2021 -ci il tarixdə saat 14:53 dəqiqədən saat 15:02 dəqiqəyədək olan müddət ərzində Xızı rayonu Sitalçay kəndindəki yaşadığı evinə Təqsirləndirilən şəxs yazılı razılığı əsasında, onun və müdafiəçisinin iştirakı ilə, videoçəkiliş tətbiqi ilə keçirilmiş baxış zamanı onun istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, evin qonaq otağında pəncərənin önündə bir ədəd mavi rəngli qutudan altı ədəd ağ rəngli kağız bükümdə 1,774 qram, 0,028 qram, 0,037 qram, 0,046 qram, 0,039 qram və 0,106 qram miqdarında, cəmi külli miqdarda 2,078 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, həmçinin, həmin otaqda pəncərənin önündə olan bir ədəd yaşıl rəngli qutudan içərisində iz şəklində narkotik vasitə - heroinin izləri olan üç ədəd 2,5 ml şpris, bir ədəd şpiris iynəsi və 1 ədəd şuşə ampula aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, özü narkotik istifadəçisidir. Onu 2021-ci il dekabrın 14-ü səhər tezdən saat 9-a işləmiş oğlu ilə birlikdə evdən aparıblar. Onun özündə narkotik olub. Onları 1 saat maşında saxladıqdan sonra şöbəyə aparıblar. Ona ya oğlu ilə birlikdə tutulacaqlarını, ya da özünün boynuna götürməyini demişlər. Oğlu narkotik vasitə istifadə etmir. Ona 6 büküm heroini boynuna almasını, əks halda oğlunu da tutacaqlarını demişlər. Həmin gün 2 qram narkotik vasitə heroin almış, 1 qramını istifadə etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, etirafedici ifadə verməklə göstərmişdir ki, təxminən 3 ildir narkotik vasitə istifadəçisi olmuş və “kakos” adlanan narkotik vasitədən istifadə etmişdir. Həmin narkotik vasitəni əsas etibarı ilə inyeksiya yolu ilə qəbul etmişdir. O, narkotik vasitələri kənd ərazisindən kənarda yalnız ona yaxınlaşan tanımadığı zahiri görnüşdən narkoman olan şəxslərə satmışdır. 13 dekabr 2021-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Yaşma bağları ərazisindən yaşadığı Xızı rayonu Sitalçay kəndinə gedərkən yolun kənarında yerdə ağ rəngli kağız büküm görmüş, həmin vaxt bükümü açarkən içərisində narkotik vasitə olan "kakos" olduğunu görmüşdür. Həmin bükümü cibinə qoyub yaşadığı Sitalçay kəndinə getmişdir. Yaşadığı evdə həmin narkotik vasitə olan kakosdan bir qədər istifadə etmişdir. Sonra həmin narkotik vasitənin həm öz istifadəsi üçün, həm də satması üçün xırda bükümlərə bölüb evdə saxlamışdır. 14 dekabr 2021-ci il tarixdə saat 08:00 radələrində şəxsi işi ilə əlaqədar yaşadığı Sitalçay kəndindən Sumqayıt şəhərinə getmişdir. Evdən çıxarkən istifadə etmək üçün həmin narkotik vasitədən bir büküm götürüb cibinə qoymuşdur. Lakin, evə tez qayıtdığından narkotiki istifadə etməmişdir. Saat 14:00 radələrində yol maşınları ilə Sitalçay kəndinə qayıtmışdır. Bu zaman Sitalçay kəndinin giriş hissəsində olan beton yolda iki nəfər mülki geyimli şəxs ona polis əməkdaşları olduqlarını bildirib saxlamışlar. Sonra ona qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirdiyinə görə saxlanıldığını və şübhəli şəxs qismində tutulacağı izah edilmişdir. Müdafiəçi dəvət edildikdən sonra polis əməkdaşları tərəfindən ona üzərində şəxsi axtarış aparılacağı, axtarışın video görüntüyə alınacağı bildirilmişdir. Çəkiliş altında ondan üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı dövriyyəsi məhdudlaşdırılan əşya olub-olmaması soruşulmuş, olduğu halda çıxarıb təqdim etməsi təklif edilmişdir. O, buna etiraz etməyərək əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən dövriyyəsi qadağan olunmuş gümüşü rəngli, siqaret kağızı kəsiminə bükülmüş narkotik vasitə olan “kakosu"u polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun təqdim etdiyi narkotik vasitəni ağ rəngli kağız zərfə qoyaraq qablaşdırmış və üzərindən aşkar olunmuş narkotik vasitəyə dair protokol tərtib etmişlər. Həmin protokol ona ucadan oxunmuş və öz İmzası ilə həmin protokolun düzgünlüyünü təsdiq etmişdir. Həmçinin, narkotik vasitənin qoyulduğu kağız zərfin üzərində də imza etmişdir. Həmin vaxt polis əməkdaşları ondan üzərində aşkar olunmuş narkotik vasitədən başqa qanunla dövriyyəsi qadağan olunmuş başqa narkotik vasitənin olub-olmamasını soruşmuşlar. O, da yaşadığı evdə narkotik vasitənin olmasını qeyd etmişdir. Sonra Xızı rayonu Sitalçay kəndində yerləşən ona məxsus evə polis əməkdaşları onunla birgə baxış keçirmişlər. Baxış keçirməmişdən əvvəl ondan hər hansı etirazının olub-olmaması soruşulmuş, o, evə baxış keçirilməsi ilə bağlı hər hansı etirazının olmadığını bildirmişdir. Sonra o, yaşadığı evin qonaq otağında əvvələr pəncərə olan və sonradan tikdiyi pəncərənin qarşısında qoyduğu yaşıl qutunun içərisində olan 12 ədəd şprisi, 1 ədəd limon duzu olan qabı, 2 ədəd iynəni və narkotik vasitə hazırlamaq üçün istifadə olan dərman şüşəsini (ampula), həmçinin, mavi rəngli qutunun içərisində olan 6 (altı) ədəd bükümdə ağ rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra yuxarıda qeyd olunan narkotik vasitə və digər predmetlər polis əməkdaşları tərəfindən qablaşdırılmış sonra isə o, protokola və zərfin üzərinə düzgün olması ilə bağlı imza etmişdir. (Cild 1, iş vərəqləri 70-72, 133-135) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Xızı RPŞ-in NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 14 dekabr 2021-ci il tarixdə Xızı rayon Polis şöbəsində onlara daxil olan əməliyyat məlumatı əsasında tədbir keçirmişlər. Əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Xızı rayonu, Sitalçay kənd ərazisində yol kənarında saxlanılmışdır. Bu zaman üzərində narkotik vasitə olan heroin aşkar olunmuşdur. Ondan sonra ona başqa yerdə narkotik vasitə olmasını sual etdikdə o, evində narkotik vasitə olduğunu bildirmişdir. Təhqiqatçı ilə birlikdə evə daxil olduqda evdə pəncərənin qabağında yaşıl rəngli qutunun içərisində özünə məxsus olan narkotik vasitə aşkarlanmışdır. Şahid1 hadisədən uzun müddət keçdiyini və hadisənin tam təfərrüatı ilə xatırlamadığını, lakin ibtidai istintaq zamanı bu haqda ətraflı ifadə verdiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdiyindən onun məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsindən görünür ki, o, Xızı RPŞ-nin NMQ-yə Xızı rayonu, Sitalçay kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olduğundan həmin məlumatın yoxlanılması üçün tərəfindən 14 dekabr 2021-ci il tarixdə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bu barədə şöbə rəhbərliyinə raportla məruzə olunaraq məlumatın Xızı RPŞ-nin Növbətçi Hissəsində olan cinayətlərə dair məlumatların 1 nömrəli qeydiyyatı kitabında qeydə alınması təmin olunmuşdur. Həmin gün saat 14:10 radələrində RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis kapitanı Şahid2 və RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis baş leytenantı Əsəd Məmmədovun iştirakı ilə Xızı rayonu Sitalçay kəndində əməliyyat- istintaq tədbiri həyata keçirilmişdir. Bu zaman Akif qəsəbə ərazisində kəndə gedən beton yolda saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya narkotik vasitə olduğu halda təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış istintaq hərəkəti zamanı Akif əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü çıxarıb təqdim etmişdir. Akifdən təqdim etdiyi bükümdə nə olması soruşulmuş və o, həmin bükümdə narkotik vasitə “kakos” olduğunu bildirmişdir. Bu zaman həmin siqaret kağızı bükümü açılan zaman içərisində narkotik vasitə olan heroinə bənzər açıq- qəhvəyi rəngli bərk-toz halında kütlə aşkar olunmuşdur. Akifdən həmin büküm və içərisindəki narkotik vasitəyə bənzər kütləni haradan əldə etməsi soruşulduqda o, həmin “kakos”u 13 dekabr 2021-ci il tarixdə Sumqayıt şəhəri Yaşma Bağları ərazisində tanımadığı şəxsdən almışdır. Daha sonra Akifin üzərində şəxsi axtarış istintaq hərəkəti davam etdirilmiş, lakin heç bir qanunsuz əşya və vasitə aşkar edilməmişdir. Təhqiqatçı Akifdən üzərində aşkar olunmuş narkotik vasitədən başqa narkotik vasitə olub-olmaması soruşduqda, Akif Xızı rayon Sitalçay kəndində yaşadığı evdə də narkotik vasitə olmasını bildirmişdir. Daha sonra Akifin iştirakı ilə yaşadığı evə baxış keçirilərkən evin qonaq otağında əvvələr pəncərə kimi istifadə olunmuş sonradan tikilmiş pəncərənin qarşısında 1 ədəd yaşıl rəngli qutunun içərisində 12 ədəd şpris, 2 ədəd iynə, limon turşusu olan qab, 1 ədəd ampula, bundan əlavə 1 ədəd mavi rəngli qabın içərisində 6 ədəd ağ rəngli kağız bükümlərin içərisində açıq qəhvəyi rəngli bərk toz halında olan narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Həmin vaxt təhqiqatçı şübhəli şəxsdən yaşadığı evdən aşkar edilmiş bükülüləri haradan əldə etməsi və nə üçün saxlaması barədə soruşulduqda, Akif həmin narkotik vasitəyə bənzər kütlələri 13 dekabr 2021-ci il tarixdə Sumqayıt şəhəri Yaşma Bağları ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi və satması üçün aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Akifin üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər bərk-toz halında kütlə ilə bağlı müvafiq protokol tərtib olunmuş, qeyd olunan kütlə müvafiq şəkildə qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 90- 93). Məhkəmədə şahid qismində dindirilmiş Xızı RPŞ-in CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 14 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Sitalçay qəsəbəsi ərazisində yaşadığı evin yerləşdiyi küçədə saxlanılmışdır. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan heroinə bənzər narkotik vasitəni təqdim etmişdir. Həmin narkotik vasitə barədə soruşduqda, onu Sumqayıt şəhəri, Yaşma bağları ərazisindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Ona üzərində başqa qanunsuz vasitə olub-olmaması barədə soruşduqda, yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Onun razılığı əsasında yaşadığı ünvana baxış keçirilmiş və həmin yerdə də narkotik vasitələr aşkar edilmişdir. Şəxsin yaşadığı ünvanda aşkar edilmiş narkotik vasitələr barədə soruşduqda, onları satması üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxsin tutulması zamanı ona heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxsin yaşadığı ünvana baxış keçirilərkən evdə özündən başqa heç kim olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə 0,048 qram miqdarında narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 23-27) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 14 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xızı rayon Sitalçay kəndindəki evə baxış keçirilmiş, evin qonaq otağında əvvələr pəncərə kimi istifadə olunmuş sonradan tikilmiş pəncərənin qarşısında 1 ədəd mavi rəngli qabın içərisində 6 ədəd ağ rəngli kağız bükümlərin içərisində açıq qəhvəyi rəngli bərk toz halında olan narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 29-33) “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış keçirilməsi haqqında” 14 dekabr 2021-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və evə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəq 28, 33) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 dekabr 2021-ci il tarixli 6/5505 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində: "Təqsirləndirilən şəxs götürülmüş ...” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,048 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs evindən aşkar edilmiş ...” yazısı və imzalar olan zərfdəki, mavi rəngli qutuda 6(altı) ədəd bükümdə ümumi təmiz çəkisi 2,030 qram (ayrı-ayrılıqda təmiz çəkisi 1,774 qr, 0,028 qr, 0,037 qr, 0,046 qr, 0,039 qr, 0,106 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; yaşıl rəngli qutuda olan 3 ədəd 2,5 ml şpris, 1 ədəd şpris iynəsi və 1 ədəd şüşə ampulun içərisində heroin izləri vardır. İz şəklində olduğu üçün, heroinin çəkisi müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 2,078 qram təşkil edir. (Cild 1, iş vərəqləri 133- 135) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 10 mart 2022-ci il tarixli 1198 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 112-113). Cinayət işinin materiallarında olan “Maddi sübut tanınması və saxlanca verilməsi barədə” 15 dekabr 2021-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 18 mart 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,938 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Xızı RPŞ-in Təminat Hissəsinin saxlancına verilmişdir. 02 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 114-120) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 2,078 qram, yəni narkotik vasitə heroinin şəxsi istehlak miqdarından təxminən 13 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən onun üzərinə 6 bükümdə narkotik vasitənin qoyulması və etiraf etməsi üçün ona təzyiq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin hallarına uyğun olan mötəbər sübut kimi qəbul edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(Cild 1, iş vərəqləri 88-89) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xızı rayon məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 15-16, 80-81) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xızı RPŞ-də saxlanılan 1,938 qram miqdarında narkotik vasitə heroin məhv edilməlidir. 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olub Xızı RPŞ-də saxlanılan 1,938 qram miqdarında narkotik vasitə heroin məhv edilsin. 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-73/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-73/2023
14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver