Məhkəmə qərarları › İş №1(124)-732/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-732/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-732/2024 10.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), X3 və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx xxxxxxxx 1999-cu ildə Astara rayonu, Səncərədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonu, Səncərədi kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 1070 qram olmaqla külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, üzərində qanunsuz daşıyaraq saxlamış, 2 fevral 2024-cü il saat 23:30-da Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Novxanı bağları massivi, Sahil küçəsi, “Tural” istirahət mərkəzinin Xəzər dənizi sahili yaxınlığında saxlanılıb Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əlində olan sellofan torbanın içərisindən 1070 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərdi ki, o, narkotik istifadəçisidir. Hadisə günü istifadə etmək üçün Elvin adlı tanışından narkotik vasitə istəmiş və sonuncu ünvan göstərərək oradan 20 qram marixuana götürə biləcəyini demişdir. Onlar 100 manata razılaşmış və o, 30 manatı Elvinə ödəmiş, qalan 70 manatı isə bir müddət sonra ödəyəcəyinə vəd vermişdir. Bundan sonra o, göndərilmiş ünvana getmiş, lakin orada narkotiki müəyyən etmədiyi üçün geri qayıtmışdır. Bu zaman Elvinlə əlaqə saxlamış və Elvin həmin yerdə marixuananın olduğunu bildirməklə oraya təkrarən getməyə vadar etmişdir. O, həmin yerə qayıtdıqda orada böyük bir büküm olduğunu görüb, şübhələndiyi üçün yaxınlaşmamış və geri qayıtmağa başlamışdır. Bu zaman 3 nəfər polis əməkdaşı ona yaxınlaşaraq, təzyiq göstərərək onu polis bölməsinə aparmışlar. O, polis əməkdaşlarına 20 qram marixuana üçün həmin ünvana getdiyini desə də, polis əməkdaşları ona hədə-qorxu gələrək həmin bükümü boynuna götürməyini, əks halda evinə də, narkotik vasitə qoyacaqlarını bildirmişlər. O, məcburiyyət qarşısında qalaraq həmin narkotikin özünün olmasını boynuna almışdır. Hətta videoçəkiliş zamanı ona təzyiq göstərilməklə İran İslam Respublikası vətəndaşı ilə əlaqəsinin olmasını bildirməsi tələb edilmişdir. Əslində isə onun hər-hansı İran İslam Respublikası vətəndaşı ilə əlaqəsi olmamış, heç vaxt narkotik satışı ilə məşğul olmamış və ittihamda göstərilən narkotik vasitə ona məxsus olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində göstərdiklərindən ona qarşı irəli sürülmüş ittihamla uyğunsuzluq təşkil edən xüsusatlara tənqidi yanaşır və hesab edir ki, bu xüsusatlar həqiqəti əks etdirmir və təqsirləndirilən şəxs özünü müdafiə məqsədi ilə məsuliyyətdən yayınmaq üçün həqiqəti təhrif etməklə bu cür ifadələr vermişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2 fevral 2024-cü il tarixdə saat təxminən 22 radələrində Xətai rayonunda çayxanada oturub çay içərkən İbrahim ona Sumqayıt şəhərinə gedəcəklərini bildirmiş, o, da Təqsirləndirilən şəxs nə üçün gedəcəklərini soruşduqda, sonuncu ona Sumqayıtda bir nəfər iş yoldaşı olduğunu və ondan iş çantası götürəcəyini demişdir. İbrahim ondan taksinin pulunu soruşmuş, o da yoxlayıb, 15 manat taksi xidmətləri göstərə biləcəyini demişdir. Buna görə İbrahim 15 manatı onun kartına göndərmiş və onlar Sumqayıt şəhəri, Novxanı ərazisinə getmişlər. Onlar Sumqayıt şəhəri, Novxanı ərazisinə çatmış və “Barbaros” otelinin qarşısında İbrahim maşından düşmüş, o isə avtomobildə qalıb İbrahimi gözləmişdir. Təxminən 10 dəqiqə sonra ona 2 nəfər polis əməkdaşı yaxınlaşıb, onu polis bölməsinə dəvət etmiş və orada hadisə barədə məlumat verilmişdir. O, Təqsirləndirilən şəxs təzyiq göstərilməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, Sahil küçəsində yerləşən “Tural” istirahət mərkəzinin yaxınlığında bir nəfər şəxsin narkotik vasitə götürməsi barədə əməliyyat məlumatı daxil olmuş və o, digər əməliyyat müvəkkili Şahid3la birlikdə həmin yerə getmişlər. Onlar oraya çatdıqdan 15-20 dəqiqə sonra şəxsiyyətini sonradan müəyyənləşdirdikləri Təqsirləndirilən şəxs yaxınlaşdığını görmüşlər. Təqsirləndirilən şəxs bu ərazidə sellofan torba aşkar edərək götürüb, gödəkçəsinin altında gizlədən zaman onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib onu saxlamışlar Bu zaman Təqsirləndirilən şəxs dartınmağa başlamış və bunun nəticəsi olaraq onun əynindəki gödəkcə zədələnmişdir. Sorğu edərkən Təqsirləndirilən şəxs oraya taksi fəaliyyəti ilə məşğul olan bibisi oğlu Şahid1lə gəldiyini və sonuncunun “Barbaros” otelinin qarşısında gözlədiyini demişdir. Şahid3 Təqsirləndirilən şəxs yanında qalmış, o isə gedərək, taksi sürücüsünü müəyyən etmişdir. Bu zaman onun əraziyə dəvət etdiyi digər polis əməkdaşları da, gəlib çıxmışlar. Əlavə gəlmiş polis əməkdaşları taksi sürücüsünü, onlar isə Təqsirləndirilən şəxs özlərinin avtomobili ilə Sumqayıt şəhəri 1-ci Polis bölməsinə aparmışlar. Polis bölməsinə vəkil dəvət olunmuş və video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman ondan narkotik vasitə olan marixuana aşkarlanmışdır. Təqsirləndirilən şəxs qarşı təsir və təzyiq olduğunu nə görməmiş, nə də ki, eşitməmişdir. Təqsirləndirilən şəxs özü də, belə bir məlumat verməmiş və belə bir halın olması ilə bağlı etiraz bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiqləmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin təhqiqatçısı, polis mayoru Rəşad Məhərrəmov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:30-da Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində, Sahil küçəsində yerləşən, “Tural” ailəvi istirahət mərkəzinin Xəzər dənizi sahilində olan hissəsinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman saxlandığı vaxtda əlində tutduğu sellofan torbada olan sellofan bükümə bükülmüş bükümlə bir yerdə çəkisi 1.070 qram olan bitki mənşəli, yaşıl rəngli, kəskin iyili, narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olmaqla məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024cü il tarixli “Şəxsi axtarışın keçirilməsi barədə” protokoldan və bu şəxsi axtarışın keçirilməsi zamanı CD diskdə qeydiyyata alınmış videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər varsa həmin əşyanı təqdim edilməsi təklif olunur. O da əlində olan sellofan torbanı masanın üzərinə qoyaraq həmin torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin marixuananı telefonuna Elvin adlı şəxsin və İran vətəndaşının nömrəsindən etdiyi zəngə əsasən 30 manat qarşılığında Sumqayıt şəhəri Novxanı bağlar ərazisində Xəzər dənizi sahilindən götürüb ona deyilən yerə qoymalı olduğunu, lakin polis əməkdaşları tərəfindən saxlanıldığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd “Redmi 9” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoyur və həmin telefonla Elvinlə və İran vətəndaşı ilə danışıb onların sifarişini yerinə yetirdiyini bildirir. Təqsirləndirilən şəxs saxlanılan zaman əlində olmuş və təqdim etdiyi sellofan torba açıldıqda içərisindən sellofana bükülmüş narkotik vasitə olan marixuana aşkar olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və narkortik vasitə olub-olmaması, vardırsa təqdim edilməsi bildirilir, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və narkotik vasitə olmadığını deyir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və hər hansı bir qanunsuz əşya aşkar olunmur. Təqsirləndirilən şəxs saxlanılan zaman əlində olmuş və təqdim etdiyi sellofan torba narkotik vasitə olan marixuana büküldüyü sellofanla birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 1,119 qram olması məlum olduqdan sonra həmin sellofan torbaya qablaşdırılır, üzəri möhürlənir və imzalarla təsdiq olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd “Redmi 9” markalı mobil telefon iş üçün sübut əhəmiyyət kəsb etdiyindən 01 ədəd ağ rəngli zərfə qablaşdırılır, üzəri möhürlənir və imzalarla təsdiq olunur. Vəkil X1 Ağayevdən polis əməkdaşları tərəfindən saxlanıldığı zaman hər hansı fiziki təziqə məruz qalıb-qalmadığı, üzərindən aşkar olunan kütlənin ona məxsus olub-olmadığı soruşulur, Təqsirləndirilən şəxs saxlanıldığı zaman hər hansı fiziki təsirə məruz qalmadığını, üzərindən aşkar olunan kütlənin ona məxsus olduğunu bildirir. Bundan sonra videoçəkiliş dayandırılır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMCnin xx.xx.2024-cü il tarixli 4904 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskə daxil olduqda, orada “2990xx.xx.2024” adlı papka var. Həmin papkaya daxil olduqda orada “515399177_SMS”, “**********77”, “abuneciler”, “antenna-2023”, “antenna-2024” adlı dokumentlər var. “Antenna-2024” adlı dokumentə daxil olduqda müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 22:58-də Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, Diana restoranı ərazisi, həmin gün saat 23:19-da Novxanı qəsəbəsi, Dəniz sahili “Antalya” restoranı ərazisində müəyyən edilir. Novxanı qəsəbəsi, Dəniz sahili “Antalya” restoranı ərazisi Sumqayıt şəhəri, Novxanı bağlar massivi, Sahil küçəsi, “Tural” istirahət mərkəzinin Xəzər dənizi sahilinin yaxınlığındakı əraziyə yaxın ərazidir. Bundan başqa, iş üçün əhəmiyyət kəsb edən smslər, telefon danışıqları aşkar edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/192 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ...” sözləri yazılmış polietilen bağlamada skoçla bağlanmış bir ədəd qara rəngli sellofanda təmiz çəkisi 1070 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1222 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(060)-33/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:30-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs tutulma vaxtının həmin vaxt olması yuxarıda təhlil edilən digər sübutların məcmusu ilə təsdiqini tapması ilə yanaşı məhkəmə iclasında mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat mövcud deyildir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı mərhələsində qeyd etdiyi, ona qarşı irəli sürülmüş ittihamla uyğunsuzluq təşkil edən dəlilləri əvvəlcədən düşünülmüş müdafiə taktikası kimi qəbul edir və hesab edir ki, ona qarşı irəli sürülmüş ittihamı təkzib edən dəlillər kimi qəbul olunması və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas ola bilməz. Həmçinin təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalması barədə göstərdiyi xüsusatlar da, öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 04 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması barədə müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı göstərilən xüsusat təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlaması rədd edilmiş və bu qərar qüvvəsindədir. Həmin qərardan görünür ki, araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 869 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izlərinin olmadığı müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-20-10/2-178 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olduqda tibbi müayinədən keçirilərkən xəsarət almadığını bildirmiş və bədən səthinin müayinəsi zamanı yeni xəsarət izləri aşkar edilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən toplanmış Təqsirləndirilən şəxs şəxsi işi tədqiq edilərək onun şübhəli şəxs qismində tutulduqdan sonra Müvəqqəti saxlama yerinə yerləşdirilərkən üzərində xəsarət aşkar edilməsinə dair hər-hansı məlumat olmadığı müəyyən edilmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri işin faktiki halları, habelə yuxarıda göstərilən sübutların məcmusu ilə təkzib olunur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olmaqla məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Şəxsi axtarışın keçirilməsi barədə” protokoldan və bu şəxsi axtarışın keçirilməsi zamanı CD diskdə qeydiyyata alınmış videogörüntülərdə Təqsirləndirilən şəxs hər-hansı təzyiq və ya təsir göstərilməsi müşahidə olunmur. Videogörüntülərdə yalnız onun gödəkçəsinin zədələndiyini müşahidə etmək mümkündür ki, bunu da, onu saxlayan polis əməkdaşları saxlanılarkən onun özünün dartınması nəticəsində əmələ gəldiyini bildirmişlər. Polis əməkdaşlarının göstərdiyi həmin xüsusatın əksini təsdiq edən dəlil olmadığına görə məhkəmə polis əməkdaşlarının ifadələrində göstərdikləri həmin xüsusatı da, inandırıcı hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetmişdir. Bu isə ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunduğunu təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən və cəzanın həddini müəyyən edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, CM-nin 56.1.1-ci maddəsinə əsasən ona təyin olunan azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il tarixli 1222 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəyə əsasən ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməlidir. Maddi sübutlarla bağlı məhkəmə kollegiyası məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 1069,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, cinayət işində olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatına sərf olunmuş 89 (səksən doqquz) manat təqsirləndirilən şəxsdən tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 6(altı) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 02 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 1069,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, cinayət işində olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatına sərf olunmuş 89 (səksən doqquz) manat təqsirləndirilən şəxsdən tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar