Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-737/2024 25.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Salyan rayonunda anadan olmuş, subay, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu, Salyan şəhəri, 20 yanvar küçəsi, ev 173-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, M,Əcəmi metrosu yaxınlığı ev 17, mənzil 35-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə internet sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Rəhman” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 100 manat müqabilində onun mobil nömrəsinin «Whatsapp» tətbiqinə göndərdiyi məkana, yəni Abşeron rayonu, Masazır kəndi, F.Həsənov küçəsinə qoyulmuş 01 (bir) ədəd şəffaf rəngli izolentlə bükülünün içərisində 02 (iki) ədəd qara rəngli sellofan bükümdə olmaqla, həmin bükümlərdən birində, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (SİYAHİ İ) daxil olan 44,052 qram çəkidə külli miqdarda qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ikinci bükümdə, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (SİYAHİ İİ) daxil olan 48,514 qram çəkidə külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edərək üzərində saxlamış və daşımış, həmin tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Faiq Həsənov küçəsində piyada hərəkət edərkən Abşeron RPİ-nin post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığına görə saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilmiş və həmin gün saat 07:30-dan 07:55-dək olan müddət ərzində idarənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən həmin 01 (bir) ədəd şəffaf rəngli izolentlə bükülmüş içərisində 02 (iki) ədəd qara rəngli sellofan bükümdə olmaqla 44,052 qram çəkidə narkotik vasitə heroin və 48,514 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, tutulmamışdan bir neçə gün əvvəl İran İR vətəndaşı özünü Rəhman adı ilə təqdim edən şəxslə əlaqə saxlayıb ondan öz istifadəsi üçün narkotik vasitə istəmişdir. Rəhman votsap vasitəsilə ona məkan göndərərək həmin yerə narkotik vasitə qoyacağını və oradan gedib götürməsini deyib. xx.xx.2024-cü ildə, saat 6 radələrində o dostu Namiqlə birlikdə həmin yerdən narkotik vasitələri götürməyə gedib, lakin o, Namiqə narkotik vasitə götürməyə getdiyini deməyib. Narkotik vasitəni götürdükdən sonra Namiq ondan həmin yerdən nə götürdüyünü soruşub, o da Namiqə istifadə etmək üçün narkotik verəcəyini deyib. Rəhmanın ora qoyduğu narkotik vasitələri kiməsə vermək və ya harasa atmaq üçün yox, özü istifadə etmək üçün götürüb, həmin narkotik vasitədən dostu Namiqə də pay verəcəkdi. Lakin polislər onu tutdular. O, Rəhmanın kart hesabına müxtəlif vaxtlarda 100, 300, 400 manat pul göndərib və bunun qarşılığında Rəhman ona öz istifadəsi üçün narkotik vasitə göndərib. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi təsir və təzyiq göstərilməyib. Əməlindən peşmandır, məhkəmədən himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində iştirak etmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 04 yanvar 2024-cü il tarixdə Şahid3 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində xidmət aparan zaman təxminən səhər saat 6 radələrində küçədə iki nəfər şəxs özlərini şübhəli apardıqları üçün onlardan şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etmələrini xahiş ediblər. Həmin şəxslərin sənədləri üzərlərində olmadığına və özlərini şübhəli apardıqlarına görə şəxsiyyətlərinin müəyyən edilməsi məqsədi ilə onları Abşeron RPİ-nə gətiriblər. Polis idarəsində həmin şəxslərin şəxsiyyətləri müəyyən edilmiş və onların Təqsirləndirilən şəxs və Şahid2 olduğu müəyyən edilib. Daha sonra Təqsirləndirilən şəxs sorğu zamanı üzərində narkotik vasitə olduğunu bildirdiyindən onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan gödəkçənin cibindən 01 ədəd bükümü təqdim edərək içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu deyib. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindən Rəhman adlı İran İR vətəndaşı vasitəsilə 100 manat müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirib. Məhkəmədə iştirak etməyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və onun Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. Məhkəmədə iştirak etməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, gecə saat 01 radələrində Bəhruz onun olduğu Bakı şəhəri, Nəsimi rayonu, Yeganə şadlıq sarayının yaxınlığındakı fərdi evinə gəlmiş, onlar söhbət edərkən onun telefonuna SMS gəlmiş və ona getməli olduğunu söylədikdə ondan hara getdiyini soruşmuşdur. Bəhruz ona bir söz demədən bildirmişdir ki, «gəl bir yerdə gedək qayıdarıq». O, bir söz demədən sonuncu ilə getmiş, onlar birlikdə olduqları ünvandan çıxmış və Bəhruz taksi sifariş vermişdir. Onlar taksiyə birlikdə əyləşib Abşeron rayonu, Masazır qəsəbəsi istiqamətinə gəldikdə, Bəhruz qarşıda taksini saxlatdırmış və maşından düşüb ondan qabaqda düşüb getmişdir. O sonuncunun arxasınca bir neçə saniyə sonra maşından düşüb getdikdə Bəhruzun yerdən nə isə götürüb geri qayıtdığını görüb başa düşmüşdür ki, o, narkotik vasitə götürmüşdür, sonuncudan bu barədə maraqlandıqda Bəhruz ona bir söz demədən bildirmişdir ki, «səni də qonaq edəcəm». Bundan sonra Bəhruzla piyada hərəkətlə geri qayıtmağa başlamış, təxminən saat 06 radələri olmuş, Abşeron rayonu, Masazır qəsəbəsi, F.Həsənov küçəsində piyada hərəkətdə olarkən iki nəfər post patrul əməkdaşı yaxınlaşmış və özlərini təqdim etmişlər. Daha sonra üzərində şəxsiyyətlərini təsdiq edən sənədin olubolmadığını soruşduqda onlar polis əməkdaşlarına şəxsiyyəti təsdiq edən heç bir sənəd olmadığını bildirmişlər. Polis əməkdaşları onları Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Onlar etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə gəlmiş, polis idarəsində olduqları zaman Bəhruz üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Bəhruzu ondan ayıraraq digər otağa aparmış, sonra ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra videogörüntü və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, onda üzərində qanunla qadağan olunmuş əşyanın olmadığını bildirmiş, bundan sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heç bir maddi subut əhəmiyyətli əşya müəyyən olunmamışdır. Göstərmişdir ki, 5-6 aydır psixotrop maddə istifadə etsə də, Bəhruzun əvvəlcədən narkotik vasitələr əldə eləcəyi ilə bağlı əvvəlcədən heç bir məlumatı olmamış, yalnız Bəhruzun tələsik gedib yerdən nə isə götürüb geri qayıtdığını gördükdə onun narkotik vasitə əldə etdiyini başa düşmüşdür. Bəhruzun əvvəlcədən narkotik vasitə və yaxud psixotrop maddə əldə edəcəyindən xəbəri olmamış, o cümlədən bu barədə əvvəlcədən razılaşması olmayıb, sonuncunun yalnız tələsik taksidən düşüb getdiyini və qaranlıq yerdən nə isə götürüb geri qayıtdığını gördükdə başa düşmüşdür ki, Bəhruz narkotik vasitə əldə etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadəsi, həmçinin digər şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Faiq Həsənov küçəsində olduğu zaman Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən şübhəli bilinərək saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilir. Polis idarəsində xidməti otaqda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirir və bundan sonra ona üzərində şəxsi axtarış aparılacağı bildirilir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunur və hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunur. Daha sonra videogörüntü ilə üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulur, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd üzərində 50k 50p yazılmış bükümü təqdim edərək içərisində 02 (iki) ədəd büküm olduğunu, həmin bükümlərdən birinin içərisində narkotik vasitə “kakos”, yəni heroin, digər bükümün içərisində isə psixotrop maddə olan “patı”, yəni metamfetamin olmasını bildirir və həmin maddələri Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindən Rəhman adlı X5 vətəndaşı vasitəsilə 100 manat müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir və başqa qanunla saxlanılması qadağan olunmuş əşya aşkar edilmir. Sonra aşkar edilmiş narkotik vasitəyə və psixotrop maddəyə oxşar maddələr zərfə qoyularaq qablaşdırılır və proses iştirakçıları imzalar edir. Məhkəmə iclasında yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə protokola əlavə edilmiş diskdəki videogörüntü nümayiş etdirilmiş və həmin videogörüntü ilə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrində göstərdikləri xüsusatlar və protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/14 nömrəli rəy ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №56» dairəvi möhür əksi və «....şübhəli şəxs Təqsirləndirilən şəxs 3 imza tərtib etdi P.Babayev imza...» yazı əlavəsi edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 44,052 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 ədəd bükümdəki təmiz çəkisi 48,514 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: heroinin ümumi çəkisi 44,052 qram, tədqiqata sərf edilən ümumi miqdar - 0,1 qram, qalıq - 43,952 qram. Metamfetaminin ümumi çəkisi 48,514 qram, tədqiqata sərf edilən ümumi miqdar - 0,1 qram, qalıq - 48,414 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4366 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostilmulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmamış və xx.xx.2024-cü il təvəllüdlü azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 43,952 qram narkotik vasitə heroin və 48,414 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Abşeron Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Səbail rayon Məhkəməsinin hökmü ilə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2018-ci il tarixli Bakı şəhər Xəzər rayon Məhkəməsinin qərarı ilə CM-də edilmiş dəyişikliklərlə əlaqədar Təqsirləndirilən şəxs cəzası 03 (üç) il 06 (altı) aya endirilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmçinin tələbnamədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin Abşeron RPİ-nin icraatında olduğu göstərilmişdir. Cinayət işi materiallarında olan Abşeron rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaqı aparılan 24027005 saylı cinayət işinin icraatına hissəvi xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Yuxarıda göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarının 34-cü bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, azadlığın faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-nin tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətlərinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində bir yetkinlik yaşına çatmamış uşağının olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır və qeyd edir ki, onun üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin öz ifadəsində də bildirdiyinə əsasən həmin narkotik vasitədən dostuna da vermək (satmaq) niyyətinin olması təqsirləndirilən şəxsin həmin narkotik vasitə və psixotrop maddəni şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə üzərində gəzdirdiyini ehtiva edir. Odur ki, onun narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyinə dair verdiyi ifadəsini məhkəmə məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin mötəbər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 04 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 yanvar 2024-cü il tarixdə barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını və təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 43,952 qram olan narkotik vasitə heroin, ekspert tədqiqatından sonra qalıq çəkisi 48,414 qram olan psixotrop maddə metamfetamin məhv edilməli və iş materiallarında olan 01 (bir) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı 04 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 43,952 qram olan narkotik vasitə heroin, ekspert tədqiqatından sonra qalıq çəkisi 48,414 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-737/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-737/2024
25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver