Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-74/2023 21.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi – X4, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 33 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X1 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə saat 19 radələrində Xəzər dənizinin Sumqayıt şəhəri, Novxanı çimərliyinə aid “Kalyon” və “Narınqala” istirahət mərkəzinin arasında 800 metr ərazini əhatə edən hissədə çimərkən bibisi oğlu Zərərçəkmiş şəxs aralarında zarafatlaşma əsnasında yaranmış mübahisə səbəbindən əsəbiləşərək orada qəsdən öldürmək qərarına gəldikdən sonra arxadan əlləri ilə onun çiyinlərindən tutaraq aşağı doğru suya batırmaq üçün sıxıb təxminən 5-10 dəqiqə müddət ərzində onu suyun altında saxlayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs tənəffüs yollarının su ilə tutulması nəticəsində də baş vermiş asfiksiyadan ölməsinə səbəb olmaqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən və suallara cavab verməkdən imtina etmişdir. Əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2012-ci il tarixdə günorta saat 14 radələrində yaşadığı məhəllədə adını xatırlamadığı qonşunun evində işləyərkən bibisi oğlu Zərərçəkmiş şəxs və dostu Şahid1 ilə birlikdə onun yanına gəlmiş havanın isti olması ilə əlaqədar dəniz kənarına gedib, pivə içib dənizdə çimməyi təklif etmişlər. O, işlərini 1 saatdan sonra qurtarandan sonra onlarla birlikdə oradan çıxıb evinə getmiş, əynini dəyişmiş və Şəhidlər Xiyabanın yaxınlığında yerləşən marketdən bir butulka 2 litrlik “Əfsanə” pivəsi, su, plastik stəkanlar və suxari və xatırlamadığı çərəzlər almışlar. Oradan avtobusla Novxanı çimərliyi Kanyon restoranın qarşısına gəlmiş və həmin restoranın qarşısında olan pulsuz çimərlikdə özümüzə qumsal yerdə yer tapıb əyləşmişlər. Həmin vaxt həftənin iş günü olduğundan çimərlikdə, adam az olmuşdur. Həmin vaxt ətraflarında təxminən 20-25 adam olmuşdur. Elmir aldıqları sulardan limonaddan, o, bibisi oğlu Ceyhunla isə pivə içmişdir. Orada özləri ilə gətirdikləri pivədən içib söhbət edib zarafatlaşmışlar. Bibisi oğlu Ceyhunla aralarında olan zarafat bir-birlərinin xoşuna gəlmədiyinə görə sözlü mübahisə yaranmışdır. Mübahisəni dərinləşdirmədən orada yekunlaşdırsalarda bibisi oğlu Ceyhunun sözü ona çox pis təsir etmişdir. Hazırda zarafatın məğzini xatırlamır. Onlar üçü də dənizə çimməyə girmiş, 15-20 dəqiqə dənizdə olduqdan sonra dostumuz Elmir sahilə çıxmaq istədiyini bildirmiş və əşyaları olan yerə getmişdir. O, isə bibisi oğlu Ceyhunla birlikdə dənizdə qalmışdır. Həmin vaxt, sahildə aralarında olan mübahisə ilə bağlı, söhbət etdikdən sonra hirslənib, hər iki əli ilə onun çiyinlərinnən arxadan suyun altına salıb saxlamağa başlamışdır. Həmin vaxtı o, suda çırpındığından onu da özü ilə dənizin dərin hissəsinə aparırmış. Üzü dənizə tərəf hərəkət edərkən bibisi oğlu Ceyhun və o üzə bilmədiyindən dənizin dərin olmayan hissəsində olmuş, yəni o onu suyun altında əlləri ilə sıxıb saxlamasaydı Ceyhun boğulmazmış. İçkili olduğundan və bibisi oğlunun sözü ona pis təsir etdiyindən o, bir anlıq özünü itirib bu hərəkəti etmiş, Ceyhun çırpınıb xilas olmaq istəsə də o, buna imkan verməmişdir. Ceyhunun çırpınması 5-10 dəqiqə davam etmiş, onun çırpınması suyun altında olduğundan kənar şəxslərin görməsi mümkün olmamışdır. O, dənizin dərin hissəsinə gedib orada hay-haray edib, dənizdə özünün batdığını qışqırmağa başlamış, onun səsinə, sahildə xidmət edən FHNnın xilasedici yaxınlaşıb, onu oradan uzaqlaşdırmış, o, xilasediciyə bibisi oğlunun suda batdığını demişdir. O, sahilə çıxdıqdan təxminən 10 dəqiqə sonra həmin xilasedici bibisi oğlunu sahilə çıxarmış, ilkin tibbi yardım göstəriləndə artıq məlum olmuşdur ki, Ceyhun ölüb. Elmir onun bibisi oğlu Ceyhunla zarafatlaşdığı şahidi olsa da onun və bibisi oğlunun öldürməsinin şahidi olmamış və iştırakı olmamışdır. O, bibisi oğlu Ceyhuna hər hansı xəsarət yetirməmiş, həmin hadisə vaxtı özü hər hansı bir xəsarət almamışdır. O, törətdiyi əməldən peşman olmağına baxmayaraq tutulacağı qorxusuyla bu barədə heç kəsə məlumat verməmişdir. Sumqayıt şəhər prokurorluğunda izahatı və ifadəsi alınarkən də təqsirsiz olduğunu, həmin hadisəni Elmirin törətdiyini yalandan göstərmişdir. Törətdiyi cinayət əməlinin üstündən 10 ilə yaxın müddət keçməsinə baxmayaraq vicdan əzabı çəkmiş, nəhayət 2021-ci ilin sonunda özünü mənəvi olaraq əməlini etiraf edib, lazımı cəzanı çəkməli olduğuna inandırmışdır. Bu səbəbdən də heç bir kənar şəxsin təsiri olmadan öz iradəsi ilə bibisi oğlu Ceyhunu öldürməyini etiraf edib layiqli cəzanı çəkməyə hazırdır. Təqsirləndirilən şəxs onu da qeyd etmişdir ki, bibisi oğlu Ceyhunu öldürməyini Elmir və başqa şəxs görməmiş bu barədə hər hansı şəxsin məlumatı olmamışdır. Əməlindən çox peşmandır, cinayət işinin obyektiv aparılmasına hər bir köməklik etməyə hazırdır. Hadisənin üzərindən uzun müddət keçdiyindən bəzi xırda məqamları içdiyimiz pivənin adını, sayını bu kimi xırda şeyləri ifadə etməsə də əvvəllər bu haqda məlumat vermişdir. Bir daha qeyd etmişdir ki, xx.xx.2012-ci il tarixdə saat 19 radələrində bibisi oğlu Ceyhunu sərxoş halda aralarında yaranmış narazılığa görə qəsdən boğub öldürmüşdür. (cild 3, i/v. 193-195) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, xx.xx.2012-ci il tarixdə evdə olmuş, bu zaman onlara qohumu Fuad gəlmiş, o bayıra çıxmış, yemək yeyəndən sonra Fuad və oğlu Ceyhun məhəllədən yuxarı getdiyini görmüş, o, onlara yaxınlaşıb “hava istidir, sonra gedərsiz” demişdir. Fuad və Ceyhun isə həmin anda işləri olduğunu birazdan qayıdacaqlarını bildirmişlər. Sonra qonşu Elman ona Ceyhun və Fuadı gördüyünü və onlara maşınla aparmağı təklif etdiyini, lakin onların etiraz etdiyini bildirmişdir. Evə getdikdən 1 saat yarım sonra ona Sularda Xilasetmə idarəsindən zəng gəmiş onu Sumqayıt travmotologiya şöbəsinə yaxınlaşmağını xahiş etmişlər. O, ora getdikdə qohumu Fuadı orada görmüş, o, hadisə ilə bağlı xəbər tutmaq üçün ondan nə olduğunu soruşmuşdur. Fuad isə Ceyhunu Elmirin öldürüb hadisə yerindən qaçmağını bildirmişdir. Onlar cəsədi götürüb evə aparmış, səhəri gün dəfn olunmuşdur. Dəfndən sonra Fuadı çağırıb söhbət etmiş, o isə yenə hadisənin Elmir tərəfindən törədildiyini bildirmiş, bundan sonra isə atası Gülməmməd Fuadı öz evinə aparmışdır. Sonra qardaşı Nofəl, qonşusu Mirbəşirlə birlikdə Fuadın yaşadığı evə getmiş, hadisə barədə Fuada əgər o törədibsə, etiraf etməsini bildirmişlər. Qardaşı Nofəlin yanında Fuad yenə hadisənin onun tərəfindən törədilmədiyini demişdir. Qardaşı Nofəldən sonra qaynı Oruc Təqsirləndirilən şəxs evinə getmiş, qaynı oradan qayıtdıqdan sonra onlara bildirmişdir ki, Fuad hadisəni boynuna alır, Fuad bildirmişdir ki, Ceyhunu o, və Elmir hər ikisi batırıblar. Daha sonra Elmirin Ceyhunu suda boğub hadisə yerindən qaçdığını bildirmişdir. Bu hadisədən 2-3 gün sonra onları Sumqayıt şəhər prokurorluğuna çağırmışlar. Fuadla orada danışan zaman o bildirmişdir ki, Ceyhunu Elmir boğub öldürmüş, sonra isə hadisə yerindən qaçmışdır. Bu zaman Elmir də həmin əraziyə gəlmişdir. Daha sonra Fuadın atası Gülməmməd Təqsirləndirilən şəxs dediklərini təsdiq etmiş, hadisənin Elmir tərəfindən törədildiyini bildirmişdir. Təqsirləndirilən şəxslə barışmamış, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 zərərçəkmiş şəxsin hüquqi varisi X9 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Hadisə baş verən günü qardaşı Fuad toy axşamına getməmişdir. Həmin gün toy axşamına o getmiş, atası isə evdə qalmışdır. Axşam toy axşamı qurtaranda Fuadın dənizdə boğulması barədə zəng gəlmiş, o, anası Şəhla Qasımova ilə evə gəldikdə evdə Fuadı görməmişdir. O, qardaşı Fuadı hadisənin səhəri günü evə gəldikdə görmüşdür. Bu zaman Fuad şok vəziyyətində olmuş, bibisi oğlu Zərərçəkmiş şəxs isə vəfat etmişdir. Onun dənizdə boğularaq öldüyünü bildirmişlər. Hadisədən sonra Ceyhungilin qohumları onlara gələrək hadisənin necə olduğunu soruşanda Fuad Ceyhungilin yaxınlarına Ceyhunun onun tərəfindən öldürülmədiyini demişdir. Fuad xx.xx.2022-ci il tarixdə ona və bacısına gedib bir cinayət var onu etiraf edəcəyini bildirmiş, onlar artıq 08 fevral 2022-ci il tarixdə Fuadın Qubadlı rayon prokurorluğuna gedib könüllü bibisi oğlu Zərərçəkmiş şəxs qəsdən dənizdə boğub öldürdüyünü etiraf etdiyini eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəmədə ifadəsi alınmış şahid X5 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası FHN-nin Sularda Xilasetmə xidmətində dalğıc işləmişdir. xx.xx.2012-ci il tarixdə bir nəfərin dənizdə batması barədə məlumat verilmiş, o, dərhal hadisə yerinə getmiş Ceyhun adlı şəxsin meyitini dənizdən çıxardıb sahilə qoymuşdur. Bir müddətdən sonra hadisə yerinə polislər gəldiyindən o, meyiti polis işçilərinə təhvil vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası FHN-nin Sularda Xilasetmə xidmətində məntəqə rəisi vəzifəsində işləmişdir. xx.xx.2012-ci il tarixdə, bir nəfərin dənizdə batması barədə məlumat verilmiş, hadisə ilə bağlı məlumat gəldikdən sonra hadisə baş verən əraziyə getmiş, orada 1 nəfər şəxsin şok vəziyyətində olduğunu, digər şəxs isə öldüyünün şahidi olmuşdur. Həmin ərazidə olan iş yoldaşı X3 onların dənizdə 3 nəfər olduğunu, pivə içdiklərini demişdir. İş yoldaşı onlara spirtli içki içərək dənizə girməmələri barədə xəbərdarlığından sonra onlar buna məhəl etməmiş, 3-ü birlikdə dənizə girmişlər. Onların batdıqları ərazi dayaz ərazi olmamış, dərin hissə olmuşdur. O, həmin əraziyə getdikdə orada, yəni hadisə yerində 3-cü şəxsi görməmiş, sonradan aldığı məlumata görə, onlardan 1 nəfər hadisə yerindən qaçmışdır. O, hadisə baş verdikdən sonra Fuadı görmüş, Fuad ona üzə bildiyini bildirmişdir, lakin o, Fuada “üzə bilirsənsə niyə boğulurdun” deyərək üzməyini göstərməsini bildirmiş, o isə həmin vaxt üzə bilmədiyini demişdir. Şahid1 məhkəmədə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, xx.xx.2012ci il tarixdə günorta Fuadla görüşmüş, sonra Ceyhun da onlara qoşularaq 3-ü birlikdə “Dörd qardaş” adlanan ərazidə olan dənizə getmişlər. Dənizə gedərkən yoldan pivə və çərəzlər almış, dənizə getdikdən sonra süfrə açıb yemək yedikdən sonra 2-3 dəfə dənizə girib çıxmışlar. Həmin zaman o spirtli içki qəbul etməmiş, Fuad və Ceyhun aldıqları pivəni içmişlər. O, hadisə baş verən zaman sudan kənarda olmuş, millətin toplandığını görüb, yaxınlaşıb Fuadı görmüş, Fuaddan hadisə barədə nə olduğunu soruşanda Fuad Ceyhunun batdığını demişdir. Fuada daha sonra nə edək deyə sual vermiş, Fuad isə getməsini, Ceyhunun onunla olmasını deyəcəyini bildirmişdir. Hadisə yerindən uzaqlaşıb üzü şəhərə tərəf getmiş, yolda əmisi oğlu Elvini çağıraraq onunla birlikdə şəhərə tərəf getmişdir. Əmisi oğlu, Elvin onu şəhərdə elə həmin gün düşürdükdən sonra atasının dostu Şahbazgilə getmişdir. Hadisədən sonrakı gün onu Sumqayıt şəhər prokurorluğuna çağırdıqdan sonra evə getmişdir. Atası, anası Ceyhun evinə getsələr də, Ceyhun qohumları həmişə dava-qırğın etmiş, bu səbəbdən də yaşadıqları evi satıb Masazır qəsəbəsinə köçmüşlər. O, Ceyhunun qohumlarından şikayət etmək istəsə də, onun anası və atası bu barədə heç kimə heç nə demək lazım olmadığını, Ceyhunun anasının qəminin təzə olduğunu, bu barədə heç kimə heç nə deməyin lazım olmadıqlarını bildirib, bu barədə heç kimdən şikayət etməmişdir. (cild 3, i/v.70-75) Şahid2 məhkəmədə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, Ceyhunu hadisədən əvvəl təqirbən 2 ay idiki, tanımışdır. Hadisədən əvvəl Ceyhunla telefonla mütəmadi olaraq 10 dəqiqədən çox olmayaraq danışmışdır. Hadisə günü, yəni xx.xx.2012ci il tarixdə təqribən günorta vaxtı Ceyhun ona mobil telefonla zəng etmiş,, lakin dərsdə olduğundan onunla danışmamış, daha sonra təqribən 2 dəqiqə sonra Ceyhun ona yenidən yığmış, bu zaman telefonu açdıqda onunla qısa danışıqları olmuş, telefonda digər tanımadığı şəxslərin çox ağır söyüşünü eşitmiş, həmin dəqiqə Ceyhuna sual verdikdə ki, “Ceyhun səni söyüllər?”, Ceyhun ona söymədiklərini, onunla nə işləri olduğunun demiş, sonra Ceyhun dərhal onunla sağollaşıb, axşam yığacağını deyib, telefonu söndürmüşdür. Bu danışıqdan sonra Ceyhunla heç vaxt danışmamışdır. Axşam evə gəldikdə anası Ceyhunun ölümünü televizorda göstərdiyini demişdir. (cild 3, i/v.96-99) Şahid5 məhkəmədə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Sumqayıt şəhər şöbəsində ekspert vəzifəsində işləyir. xx.xx.2012-ci il tarixdə Xəzər dənizinin Sumqayıt şəhər ərazisində bir nəfərin dənizdə boğulması barədə məlumat daxil olmuşdur. O, prokurorluq və polis işçiləri ilə bir yerdə hadisə yerinə getmiş, bir nəfər cavan oğlanın dəniz sahilində meyitinin uzandığını görmüşdür. O, sonradan adını bildiyi Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsini keçirmiş daxili müayinə olunması üçün meyit MTE və PA Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilmişdir. Zərərçəkmiş şəxs valideynlərinin prokurorluğa ərizə yazaraq övladlarının daxili müayinəsinə qəti etiraz etmiş və bu barədə protokol tərtib olunmuş, ona görə də meyit daxili müayinə olunmamışdır. Zərərçəkmiş şəxs meyiti ekspertizanın meyitxanasında saat 20:10-dan 21:15-ə kimi baxışdan keçirilmişdir və qohumlarına meyitin yarılması haqqında izahat işi aparılmışdır, meyitə baxış protokolu tərtib olunmuşdur, ona görə də verilmiş ekspert rəyinin üst vərəqəsində saat 18:00-19:00-dək yazılması texniki səhvdir, ola bilsin ki, kompüterdə qabaqkı rəylərdən qalmışdır. Zərərçəkmiş şəxs meyiti prokurorluğunun müstəntiqi və polislərin iştirakı ilə xarici müayinədən keçirilmişdir, bədəni üzərində hər hansı bir xəsarət olmamışdır, sümüklərdə sınıq, patoloji hərəkətlər qeydə alınmamışdır, (cild 3, i/v.148-150) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 21 iyun 2012-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Kalyon restoranının yaxınlığında olan dənizkənarı çimərlikdir. (cild 1, i/v.2-4) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2012-ci il tarixli 101 saylı rəyində göstərilmişdir ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmadı. Mərhum Zərərçəkmiş şəxs ölümünün güman edilən səbəbi tənəffüs yollarının mayə (su)ilə tutulması nəticəsində baş vermiş asfiksiya ola bilərdi. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı 0,7% etil spirt aşkar edilmişdir. Göstərilən məbləğ canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğuna aid edilir. (cild 1 i/v. 25-28) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 207 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. (cild 3 i/v. 158-160) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 477 saylı rəyində göstərilmişdir ki, yoxlanınan şəxs Təqsirləndirilən şəxs cinayət əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməli törətməmişdən əvvəl öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyəti olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməli törədikdən sonra və hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onu idarə etmək qabiliyyətindədir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda yüngül dərəcəli depressiya epizodu aşkar olunur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (cild 3, i/v.167-170) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs ilə Şahid1 arasında 16 mart 2022-ci il tarixdə üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs və Şahid1 ifadələrində göstərdiklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə bibisi oğlu Zərərçəkmiş şəxs dənizdə boğaraq qəsdən öldürdüyünü bir daha təsdiq etmiş, hadisə vaxtı Şahid1 dənizdə olmadığını, hadisə zamanı quruda olduğunu bildirmişdir. Şahid1 ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürdüyünü görmədiyini ifadə etmişdir. Təqsirləndirilən şəxs da öz növbəsində Şahid1 sözlərini təsdiq etmiş, hadisə zamanı Ceyhunu öldürərkən bundan Elmirin xəbərsiz olduğunu bildirmişdir. (cild 3, i/v. 173-178) Cinayət işinin materiallarından görünür ki, maddi sübut kimi tanınmış, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş boz, göy zolaqlı qısaqol köynək, qara ağ nöqtəli şalvar, bir cüt vyetnamka, “Nokia- E-72” markalı mobil telefon saxlanılması üçün Qubadlı rayon prokurorluğunun saxlanc yerinə təhvil verilmiş, 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmışdır. ( cild 3, i/v. 179-185) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin vermiş olduğu tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 3, i/v.153-154) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən və Saray qəsəbəsi 2 saylı tam orta məktəbdən verilən xasiyyətnamələrlə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (cild 1, i/v.193-196) Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə hər hansı dəlil gətirməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 30 may 2014-cü il tarixli № 975-İVQD №-li Azərbaycan Respublikası Qanunun 11-ci bəndinə əsasən, həmin Məcəllənin 120.1-ci maddəsininin sanksiyasında “yeddi ildən on iki” sözləri “doqquz ildən on dörd” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin 2011-ci il tarixdə törədilməsini nəzərə alaraq, Elvin Dadaşovun təqsirli bilinməsi və cəza təyini zamanı 30 may 2014-cü il tarixli dəyişkliyədək qüvvədə olan və onun vəziyyətini yüngülləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin normaları tətbiq edilməlidr. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, digər sübutların məcmusu və işin faktiki halları ilə bir daha təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq gəlib təqsirini boynuna alması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qubadlı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 fevral 2022-ci il tarixdən hesablanmışdır. ( cild 3 , i/v. 59-60) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin Məcəllənin 10.3-cü maddəsi nəzərə alınmaqla ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Qubadlı rayon prokurorluğunun saxlanc yerinə təhvil verilmiş – Zərərçəkmiş şəxs əynində olmuş boz, göy zolaqlı qısaqol köynək, qara ağ nöqtəli şalvar, bir cüt vyetnamka məhv edilməli, “Nokia- E-72” markalı mobil telefon zərərçəkmiş şəxsin yaxın qohumlarına qaytarılmalıdır, 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Qeyd olunan iş üzrə məhkəmə xərci müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən ümümilikdə 35.000 (otuz beş min) manat məbləğində mülki iddia verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) qanunun bu və digər tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs maddi zərər qismində 25.000 ( iyirmi beş min) manat və mənəvi zərər qismində 10.000 (on min) manat məbləğində, ümümilikdə 35.000 (otuz beş min) manat tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı məsələləri müzakirə edərək və mövcud sübutların məcmusu əsasında hesab edir ki, iddia qismən təmin edilməli, maddi zərər qismində 12.500 (on iki min beş yüz) manat və mənəvi zərər qismində 5.000 (beş min) manat, ümumilikdə 17.500 (on yeddi min beş yüz) manat Təqsirləndirilən şəxs tutularaq X6 ödənməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 08 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Qubadlı rayon prokurorluğunun saxlanc yerinə təhvil verilmiş – Zərərçəkmiş şəxs əynində olmuş boz, göy zolaqlı qısaqol köynək, qara ağ nöqtəli şalvar, bir cüt vyetnamka məhv edilsin, “Nokia- E- 72” markalı mobil telefon zərərçəkmiş şəxsin yaxın qohumlarına qaytarılsın, 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın . Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, 17.500 (on yeddi min beş yüz) manat Təqsirləndirilən şəxs tutularaq X6 ödənilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-74/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-74/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver