Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-74/2024 16.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Məmmədrza oğlunun və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxxx 1980-ci ildə Abşeron şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aqlığı növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün külli miqdarda - 2,534 qram miqdarında narkotik vasitə - heroin və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda 1,733 qram və 1,981 qram olmaqla cəmi külli miqdarda - 3,714 qram miqdarında psixotrop maddə - metamfetamin əldə edərək əynindəki şalvarın sağ yan cibində üç ədəd bükümdə saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 05 sentyabr 2022-ci il tarixdə saat 12:10 radələrində, Xızı rayonu Giləzi qəsəbəsində yaşadığı evin yaxınlığında küçədə saxlanılıb Xızı rayon polis şöbəsinə gətirilərək, onun üzərində həmin tarixdə saat 14:30 dəqiqədən saat 14:40 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibində üç ədəd bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda - 2,534 qram miqdarında narkotik vasitə - heroin və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda 1,733 qram və 1,981 qram olmaqla cəmi külli miqdarda - 3,714 qram miqdarında psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 05 sentyabr 2022-ci il tarixdə təxminən saat 10:30-10:40 radələrində yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsində olan evdə yatarkərkən səs-küy eşitmiş və oyandıqda təxminən 6 nəfər polis əməkdaşı yaşadığı evə daxil olaraq onu yatdığı otaqdan əllərinə arxa tərəfdən qandal vurmaqla tutmuşlar və döymüşlər. Bundan sonra, onlar narkotik vasitə və silah verməyini tələb etmişdirlər. Xüsusi icazəsi olan ov tüfəngini və ona aid sənədləri polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları süd və süd məhsullarınının satışından əldə etdiyi yaşadığı evdə olan 980 manat məbləğində pul da götürmüşlər. Sonra onu Xızı Rayon Polis Şöbəsinə aparmışlar, orada Şahid1 adlı polis əməkdaşı onu aldadaraq, narkotik vasitələrin ona məxsus olacağını etiraf edəcəyi təqdirdə buraxılacağını demişdir. Daha sonra, Gəray adlı təhqiqatçı çantasında narkotik vasitələri gətirmiş, Şahid1 onun gətirdikləri narkotikləri bükümlər formasında düzəltmiş. Həmin büküm halına salınmış narkotiklər onun sağ cibinə qoyulmuş, evdən polislərin götürdükləri mobil telefon və sürücülük vəsiqəsi isə onun sol cibinə qoyulmuşdur. Buna etiraz etmək istədikdə isə polis əməkdaşları tərəfindən döyülmüşdür. Bundan sonra, müdafiəçi gəlmiş və onun iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış həyata keçirilmişdir. Təzyiq altında olduğu və döyüldüyü üçün polis əməkdaşlarının dediklərini təkrar etmiş və üzərində narkotik olduğunu demişdir. Daha sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, polislər tərəfindən döyülmə nəticəsində onda xəsarətlər olmuş, həmin xəsarətlər barədə barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə, istintaq təcridxanasında, prokurorluğun əməkdaşlarına məlumat vermiş, onda narkotik olmadığını və döyüldüyünü demişdir. Həmin vaxt Seymur və Rövşən adlı polis əməkdaşları tərəfindən döyülmüşdür. Bədənində müxtəlif xəsarətlər olmuş, o cümlədən böyrəyi şişmiş, başında, ayaqlarında, belində və qulağında xəsarətlər olmuşdur. Daha sonra o, göstərdi ki, arabir narkotik vasitə marixuana və heroindən istifadə etsə də psixotrop maddə metamfetamindən istifadə etməmişdir. Bundan başqa, o, qeyd etdi ki, polis əməkdaşları tərəfindən evdən aparılarkən orada həyat yoldaşı Şahid4, oğlu X7, qızı X8 və bacısı Şahid5 olmuşlar. İstifadəsində ***-***-**-** saylı mobil telefon olmuşdur. Həmçinin polis əməkdaşları ondan tələb etmişlər ki, narkotikləri guya Pərviz adlı şəxsdən almasını desin. İstintaq boyu müstəntiq ona bir çox sənədlərə imza etdirmiş, hansıları ki, o, oxumadan imzalamışdır. Bundan başqa, “Mən ağılsız deyiləm ki, sentyabr ayında qəsəbə ərazisində ayaqyalın gəzim” deyən Təqsirləndirilən şəxs göstərmişdir ki, polis əməkdaşları tərəfindən evindən aparılarkən o, ayaqyalın olmuşdur. Sonra isə ona Xızı RPŞ-də rezin tapoçkalar verilmişdir. İstintaq zamanı verdiyi ifadəsini döyülmə və işgəncə altında verdiyi üçün həmin ifadələrini təsdiq etmir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuş, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixdə saat 12:10 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində saxlayıb ona özlərini təqdim etmişlər və barəsində narkotik vasitələri və psixotrop maddələri üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs bundan sonra Xızı Rayon Polis Şöbəsinə dəvət etmişlər. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən 2 bükümdə metamfetamin növündə psixotrop maddə, 1 bükümdə heroin növündə narkotik vasitə, 1 ədəd mobil telefon və 1 ədəd sürücülük vəsiqəsi aşkar edilərək götürülmüşdür. Aşkar olunan narkotik vasitə və psixotrop maddə barədə soruşduqda, Təqsirləndirilən şəxs onları təxminən 3-4 gün öncə tanışı Pərviz adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra, verilən suallara cavab olaraq Şahid1 göstərdi ki, ondan başqa əməliyyat qrupunda əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 iştirak etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitələr və psixotrop maddələrin ona məxsus olduğunu etiraf edərək, tanışı Pərviz adlı şəxsdən aldığını bildirmişdir. Bundan başqa, Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs Xızı rayonu, Giləzi qəsəbəsində yolun kənarında saxlamışlar. Təqsirləndirilən şəxs tutulduğu yerdə üzərinə şəxsi axtarış keçirilməməsinin səbəbi ilə bağlı müdafiəçinin sualına cavab olaraq Şahid1 göstərdi ki, şübhəli şəxsi saxladıqdan sonra onun üzərinə baxış keçirilməsi saxlanıldığı yerdə deyil, ən yaxın polis şöbəsində həyata keçirilməlidir. Təqsirləndirilən şəxs saxlanılması əməliyyatı zamanı ona qarşı heç bir təzyiq və zor göstərilməmişdir, Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2n və Şahid3 Şahid1lə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. 05 sentyabr 2022-ci il tarixdə təxminən saat 10:30-10:40 radələrində evdə olarkən polis əməkdaşları yaşadıqları evə daxil olmuşdurlar. Həmin vaxt evdə baldızı Sənubər, oğlu Mirağa və qızı Aygün, eləcə də əri Ramil olmuşlar. Həyat yoldaşı yataq otağında yatmışdır. Polis əməkdaşları ərinin yatdığı otağa daxil olub otağın qapısını bağlamışlar. Bir nəfər polis əməkdaşı da onların yanında gözləmişdir. Əri Ramilin polislərlə olduğu otaqdan qışqırtı səsləri gəlmişdir. Narahat olaraq yanlarında olan polis əməkdaşına əri Ramilin döyülməsindən şikayətlənmiş, lakin o, belə bir şeyin olmadığını demişdir. Bundan sonra, baldızı Şahid5 qapını açaraq həmin otağa daxil olmuş, onun ardınca isə özü girmişdir. Otağa daxil olduqda Təqsirləndirilən şəxs qoluna qandal vurulduğunu görmüş və həmin vəziyyətdə polislər onu sürüyərək aparmışdırlar. Ərinə kömək etmək istəyərkən polislər onu itələmişlər və evlərində olan 980 manat məbləğində pulu da götürmüşdülər. Həmçinin verilən suallara cavab olaraq Şahid4 göstərdi ki, polis əməkdaşları əri Ramili sürüyərək evdən çıxaran zaman onun ayağında ayaqqabı belə olmamışdır. Evdə olarkən Ramilin bədənində xəsarətlər görməmiş, lakin, yerdə qan damcıları görmüşdür. Ramilin ayağında xəsarət olmuş, həmin qan damcıları isə polis əməkdaşlarının onu sürüyərkən ayağının pilləkənlərdə sıyrılması nəticəsində yaranmışdır. Eyni zamanda qulağında da xəsarət olmuşdur. Lakin polislər onların evlərinə gələnədək əri Ramilin bədənində hər hansı bir xəsarət görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır və Xızı rayonu, Giləzi qəsəbəsində eyni həyətdə olan evlərdə yaşayırlar. Həyətdə olarkən evlərinə polislər gəlmişlər. Onlardan hansı əsasla yaşadıqları evə daxil olmalarını soruşduqda, onlardan biri sadəcə xidməti vəsiqəsini göstərərək polis əməkdaşı olduğunu demişdir. Həmin vaxt qardaşı Ramil evdə yatmışdır. Sonra polis əməkdaşları evə daxil olaraq Ramilin olduğu otağa girmişlər, onunla Ramilin arvadı Günayı isə içəri buraxmamışlar. Sonra yataq otağından qışqırıq səsləri gəlmiş və polis əməkdaşları qardaşı Ramili döymüşdürlər. Ramil otaqdan “belim sındı” deyə qışqırmışdır. Dərhal həmin otağa doğru qaçıb içəri girdikdə polis əməkdaşlarının Ramilin qulağına zərbələr endirdiyini, əllərinə isə qandal vurduqlarını görmüşdür. Sonra polislər ayaqyalın olan Ramili sürüyərək avtomobilə mindirmişdirlər. Daha sonra, Şahid5 verilən suallara cavab olaraq göstərdi ki, polis əməkdaşının Təqsirləndirilən şəxs yumruq zərbəsi vurduğunu da görmüşdür. Polis əməkdaşları Ramili döyənədək onun üzündə və bədənində xəsarətlər olmamışdır. Hətta polis əməkdaşları Ramili sürüyərək maşına apardıqda ayağında xəsarət də yaranmışdır. Məhkəmə yuxarıda təsvir edilən ifadələrin və digər sübutların mötəbərliyi üzrə qiymətləndirilməsindən öncə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatların, yəni polis əməkdaşları tərəfindən döyülməsi və işgəncə verilməsi nəticəsində özünə qarşı ifadə verməsinin həqiqət olması ehtimalları aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapır. Belə ki, videoçəkilişdə və ilkin izahatında Təqsirləndirilən şəxs göstərmişdir ki, narkotik vasitə və psixotrop maddəni 3-4 gün əvvəl 200 manat müqabilində tanışı Pərviz adlı şəxsdən almışdır. (Cild 1, iş vərəqləri 30-33) Halbuki, sonradan Xızı RPŞ-nin müstəntiqinə təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2022-ci il tarixli ifadəyə əsasən Təqsirləndirilən şəxs Pərviz adlı şəxsdən narkotik vasitə və psixotrop maddə almasının yalan olduğunu deməklə, bu halı təkzib etmiş və narkotik vasitə və psixotrop maddəni yerdən tapdığını bildirmişdir. (Cild 1, iş vərəqləri 56- 60) Qeyd edilən hal X9 ilə Təqsirləndirilən şəxs arasında keçirilən istintaq hərəkəti ilə də öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 82-83) Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılan digər iş üzrə, yəni X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə tərtib edilmiş və hazırkı cinayət işinin materiallarına surəti əlavə edilməklə tədqiq edilmiş 27 mart 2023-cü il tarixli məhkəmə iclas protokolunda olan Pərviz Qasımovun ifadəsindən görünür ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yaşadığı evdən polis əməkdaşları tərəfindən döyülərək çıxarılmaqla Xızı RPŞ-yə gətirilmiş və üzərinə narkotik qoyulmuşdur. Polis əməkdaşları bundan əvvəl həmkəndlisi olan Təqsirləndirilən şəxs da tutmuşlar. Polis əməkdaşlarının ona deməsinə görə Təqsirləndirilən şəxs ondan narkotik vasitə almasını demişdir. Polis əməkdaşları onunla Ramilin görüşməsinə imkan verməmişlər və qapının ağzından Ramili ona göstərməklə aparmışlar. Bununla belə Təqsirləndirilən şəxs ona qarşı ifadə verməmiş və ondan narkotik almasını göstərməmişdir. Məhkəmə ehtimal edir ki, polis əməkdaşları ilkin olaraq saxladıqları Təqsirləndirilən şəxs digər iş üzrə cinayət tərədilməsində şübhəli bilinərək saxlanılan şəxs Pərviz Qasımova qarşı istifadə etməklə ondan narkotikin satışı ilə bağlı etirafedici ifadələr almaq istəmişlər, lakin hər iki şəxs üzləşdirmə zamanı bir-birinə qarşı ifadə vermədiyindən istintaq orqanı Təqsirləndirilən şəxs ifadəsinə düzəliş etməklə narkotik vasitə və psixotrop maddəni Pərviz Qasımovdan almadığını, yerdən tapdığını yazmışdır. Təqsirləndirilən şəxs istintaq orqanına etiraf xarakterli ifadə vermədiyi, döyülmə və işgəncə nəticəsində özünə qarşı ifadə verməsi ilə bağlı əsaslı ehtimallar onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Xızı rayon məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərarı ilə də təsdiq olunur. Belə ki, istintaq orqanının tərtib etdiyi təqsirləndirilən şəxsin dindirilməsi protokoluna əsasən 07 sentyabr 2022-ci il tarixdə özünə qarşı ifadə verməklə üzərində narkotik vasitə və psixotrop maddə olmasını guya etiraf edən Təqsirləndirilən şəxs bundan dərhal sonra həmin gün hakim tərəfindən dindirilərkən məhkəmədə aşağıdakıları göstərmişdir: “narkotik vasitə istifadəçisi olsa da vəsatətdə göstərilən narkotik vasitə ona aid deyildir. Belə ki, 05 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onun yaşadığı evə daxil olaraq Xızı RPŞ-yə gətirmişlər. O, polis əməkdaşları tərəfindən saxlanılarkən bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirilmiş və narkotik vasitənin guya üstündə olmasını etiraf etməsi tələb olunmuşdur. O, da məcbur olub boynuna almışdır. O, əvvəllər Pərviz Qasımovdan narkotik vasitələr alsa da, aşkar olunmuş narkotik vasitəni sonuncudan almamış, polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur.” Bundan başqa, məhkəmənin sorğusuna əsasən Xızı rayon prokurorluğundan götürülüb surəti çıxarılmaqla cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı toplanılan materialdan görünür ki, Xızı rayon məhkəməsinin sədri vəzifəsini icra edən hakim Xızı rayon prokuroruna 07 sentyabr 2022-ci il tarixdə cinayət haqqında məlumat verməklə qeyd etmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət və təqdimata baxarkən təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən onun bədənin müxtəlif nahiyələrinə xəsarət yetirmələrini bildirmiş və həmin zədələri məhkəmə iclas zalında nümayiş etdirmişdir. Bundan iki gün sonra, yəni 09 sentyabr 2022-ci il tarixdə guya onda narkotik vasitə və psixotrop maddənin olmasını əməliyyat və istintaq orqanına etiraf edən Təqsirləndirilən şəxs Xızı rayon prokurorluğunun müstəntiqinə verdiyi izahatda məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunlu izahat verməklə göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən evdən tutulmuş, döyülməyə və işgəncəyə məruz qalaraq xəsarət almış və onda olmadığı halda üzərinə narkotik vasitə və psixotrop maddə qoyulmaqla boynuna almasının tələb edilmişdir. Həmin materialda olan və hazırkı cinayət işinə əlavə edilməklə tədqiq edilən Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinədən keçirilməsinə dair ekspertizanın 12 sentyabr 2022-ci il tarixli, 30 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşağıdakı xəsarətlərin olması müəyyən edilmişdir: başın ənsə, bel nahiyəsinin və hər iki ayaq pəncələrinin sıyrıqları küt əşya təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 05 sentyabr 2022-ci il tarixdə insan bədəninin hissəsinin (əl, ayaq və s.) əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Sözü gedən ekspert rəyinin anamnez hissəsinə əsasən müayinə olunanın deməsinə görə 05 sentyabr 2022-ci il tarixdə saat 05 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yaşadığı evində polis əməkdaşları tərəfindən tutularaq Xızı rayon polis idarəsinə aparılmış və orada onu döyərək xəsarət yetirmişlər. Şikayəti qarın nahiyəsində və sol böyrəyində olan ağrılardandır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının rəisinin Xızı rayon prokuroruna göndərdiyi 13 sentyabr 2022-ci il tarixli “Xüsusi məlumat”dan göründüyü kimi, xx.xx.2022-ci il tarixdə Xızı RPŞ-nin MSY-nin əməkdaşları tərəfindən təcridxanaya gətirilən Təqsirləndirilən şəxs tibb-sanitar hissədə müayinə edilərkən onda belin ön səthində 2 ədəd sıyrıq və qarnın sol yan səthində şişkinlik aşkar olunmuşdur. Təqsirləndirilən şəxs izahatına əsasən həmin xəsarətləri həbsdə olarkən almışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinə və Prokurorluğa ünvanlandığı müxtəlif tarixli ərizələrdən görünür ki, o, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən evində tutularaq döyülməyə və işgəncəyə məruz qalmış, bunun nəticəsində ondaxəsarətlər olmuş, narkotik vasitə olmadığı halda polis əməkdaşlarının onun üzərinə qoyduqları narkotik vasitəni boynuna almağa məcbur edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs şikayəti əsasında toplanmış materialdan görünür ki, həmin material üzrə yalnız Təqsirləndirilən şəxs izahatı alınmış və həmin izahatda o, polis əməkdaşları tərəfindən döyülməsini göstərmiş. Bundan başqa, onun döyülmə nəticəsində xəsarət alması ekspert rəyi və istintaq təcridxanasının məlumatı ilə də təsdiq olunmuş, lakin prokurorluq tərəfindən cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkələrin edilməsi ilə bağlı Xızı rayon prokurorluğunda qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 05 dekabr 2022-ci il tarixli qərarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3 və 125.2.4-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin həmin müddəalarını rəhbər tutaraq qeyd edir ki, şahid ifadələrinə əsasən Təqsirləndirilən şəxs DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən tutularaq Xızı RPŞ-yə aparılarkən tam sağlam olmuş, sonradan onun bədənində aşkar edilmiş xəsarətlərin məhz onun saxlanılmasından sonra polis əməkdaşları tərəfindən yetirilməsi ehtimal olunur. Bu hal isə Təqsirləndirilən şəxs təhqiqat və ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış izahat və ifadələrin zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs həbsdə olub azadlığı məhdudlaşdırılarkən yalnız polis əməkdaşlarına verdiyi izahat və ifadələrində, eləcə də ifadənin yerində yoxlanılması protokolunda özünə qarşı ifadə verməklə onun üzərində narkotik vasitə və psixotrop maddənin olmasını göstərmişdir. Həmin müddətlərdə o, həm həbs qətimkan tədbiri seçilərkən məhkəmədə etdiyi çıxışında, həm də prokurorluğa verdiyi izahatında, eləcə də müxtəlif ünvanlara yazdığı çox saylı ərizələrdə xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən evində tutularaq döyülməyə və işgəncəyə məruz qaldığını, bunun nəticəsində xəsarət aldığını, onda narkotik vasitə olmadığı halda polis əməkdaşlarının onun üzərinə qoyduqları narkotik vasitəni və psixotrop maddəni boynuna almağa məcbur olduğunu göstərmişdir. Hətta istintaq müddətində Təqsirləndirilən şəxs həbsdən azad olunmasından sonra onun iştirakı ilə tərtib olunmuş yeganə sənəd olan 12 dekabr 2022-ci il tarixli cinayət işinin materialları ilə tanış olma protokolundan görünür ki, guya onda narkotik vasitə və psixotrop maddənin olmasını səmimi etiraf edən Təqsirləndirilən şəxs protokolu imzalamaqdan imtina etmiş və protokolda bunun səbəbi ilə bağlı qeyd edilmişdir ki, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin polis əməkdaşları tərəfindən ona verildiyini, heroin və metamfetaminin ona aid olmadığını bildirib protokolu imzalamaqdan imtina etdi” (Cild 1, iş vərəqi 185) Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Şəxsi axtarış keçirilməsi barədə” 05 sentyabr 2022-ci il tarixli protokol, eləcə də Təqsirləndirilən şəxs ilkin izahatı, təqsirləndirilən şəxs qismində ondan alınmış xx.xx.2022-ci il tarixli və 05 dekabr 2022-ci il tarixli ifadələri, eləcə də ifadənin yerində yoxlanılması haqqında 04 dekabr 2022-ci il tarixli protokol mötəbərliyi şübhə altına alınan sübutlar olduğundan, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin izahat və protokollar ilə ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünə qarşı alınmış etirafedici ifadələrə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Hazırkı baxılan cinayət işi üzrə məhkəmə tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Belə ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X2 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın həmin maddəsi çərçivəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı iş üzrə qəbul etdiyi 11 yanvar 2007-ci il tarixli qərarda qeyd etmişdir ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyriinsani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (bax, məsələn, Selmuni Fransaya qarşı (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; Labita İtalyaya qarşı (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və Dikme Türkiyəyə qarşı, №20869/92, § 89, İHAM 2000-Vİİİ) Avropa məhkəməsi həmçinin vurğulamışdır ki, «şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır» (bax, Tomasi Fransaya qarşı, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40- 41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Bundan başqa, sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Polis əməkdaşları Şahid1, Şahid3 və Şahid2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Təqsirləndirilən şəxsi tutaraq ona qarşı sübut toplayan, ittihamın təsdiq olunmasında maraqlı olan, eləcə də vəzifələrinə uyğun olaraq biri-digərinə tabe olan polis əməkdaşlarının verdikləri ifadələr isə qərəzsiz və obyektiv ifadə kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, həmin ifadələr еyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks еtdirən informasiya daşıyıcısıdır. Bu ifadələr Təqsirləndirilən şəxs vеrilmiş ittihamın təsdiqi ilə yanaşı, еyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının da təsdiqi vasitəsidir. Bundan əlavə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə təhqiqatçı tərəfindən “şəxsi axtarış və götürmə aparılması haqqında” 05 sentyabr 2022-ci il tarixli protokol da daxil olmaqla onun tərəfindən toplanılmış bütün ilkin sübutlar da etibarsız sübut hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 86.1-ci maddəsinə əsasən cinayət təqibini həyata keçirərkən təhqiqatçı qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, öz səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir. Həmin Məcəllənin 86.3cü maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. Lakin cinayət işinin materiallarında olan 04 sentyabr 2022-ci il tarixli “Əməliyyat qrupunun yaradılması haqqında” əmrin mətnindən görünür ki, prosessual şəxs olan, öz vəzifələrinin icrası zamanı yalnız qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərini yerinə yetirməli və öz daxili inamına əsaslanmalı olan təhqiqatçı əməliyyat qrupunun üzvü kimi əməliyyat qrupuna daxil edilmiş, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, əməliyyat qrupunun rəhbəri olan əməliyyat müvəkkili Şahid1 tabe olmuş, onun göstəriş və tapşırıqlarını yerinə yetirmişdir. Belə ki, “Polis haqqında” 28 oktyabr 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən polis əməkdaşı öz səlahiyyətlərini həyata keçirərkən bilavasitə və birbaşa rəisinə tabedir. Polis əməkdaşı həmçinin tabeçilik üzrə yuxarı rəisin əmr və göstərişlərini icra etməyə borcludur. Hər hansı vəzifələrin yerinə yetirilməsinə cəlb edildikdə, polis əməkdaşı xidmət üzrə tabeliyi olmayan polisin yuxarı rütbəli şəxsinin əmr və göstərişlərini icra etməyə borcludur. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 113.1 və 109.1.8-ci maddələrinə əsasən hazırkı iş üzrə ilkin təhqiqatı aparmış təhqiqatçı işdə maraqlı olan, etiraz edilməli şəxs olmuş, onun tərəfindən toplanılmış bütün sübutlar isə etibarsız sübut hesab edilməlidr. Polis əməkdaşlarının cinayət təqibi üzrə prosessual fəaliyyətinin əsaslığı və şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baхımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X3rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Oхşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradova Azərbaycana qarşı 2 aprеl 2009-cu il tariхli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi vеrdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi, mənsubiyyəti və mümkünlüyü üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, istintaq orqanının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittihamın irəli sürülməsində istinad etdiyi və əsas sübut kimi təqdim etməyə çalışdığı sənəd “Şəxsi axtarışın keçirilməsi” barədə 05 sentyabr 2022-ci il tarixli protokol olmuşdur. Protokola əsasən Təqsirləndirilən şəxs polis bölməsinə gətirildikdən sonra saat 14:30-da müdafiəçinin iştirakı ilə və videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən çıxarmaqla 02 ədəd bükümdə ağ rəngli, psixotrop maddə metamfetaminə və 01 ədəd bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlələri təqdim etmişdir. Həmin istintaq hərəkəti videoçəkilşlə aparılmış və videogörüntülərin əks olunduğu bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Diskdə olan video görüntülərə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ayaqyalın olmaqla göy rəngli rezin tapoçkadadır. Ayağında olan tapoçkanı çıxardıqda isə ayağında (pəncə nahiyəsində) xəsarət olması müşahidə edilir ki, bu xəsarət ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Videoçəkilişdə görünənlərlə bağlı Təqsirləndirilən şəxs və onun ailə üzvləri məhkəmədə verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs evdən polis əməkdaşları tərəfindən sürüyüb çıxarılmaqla ayaqyalın aparılmışdır. Həmin rezin tapoçkalar isə ona sonradan Xızı RPŞ-də verilmişdir. Məhz sürüyüb aparılma nəticəsində pilləkənlərə ayağı dəyən Təqsirləndirilən şəxs müşahidə edilən xəsarət yaranmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, “mən ağılsız deyiləm ki, sentyabr ayında qəsəbə ərazisində ayaqyalın gəzim”. Məhkəmə təqsirləndirilən şəxsin qeyd etdiklərinin inandırıcı olduğunu vurğulamaqla göstərir ki, vudeoçəkilişdə olan digər şəxslər ayaqqabıda olduğu halda, yol ilə gedən şəxsin ayaqyalın, corabsız rezin tapoçkada küçədə gəzməsi ağlabatan görünmür. Əksinə şəxsin ayaqyalın evdə tələsik çıxarılaraq polis əməkdaşları tərəfindən aparılması məhkəməyə daha inandırıcı görünür. Məhkəmə xüsusi qeyd edir ki, cinayət işinin materiallarında olan əməliyyat qrupunun rəhbəri Şahid1 tərəfindən tərtib olunmuş 05 sentyabr 2022-ci il tarixli raporta əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:10 dəqiqədə Xızı rayonu, Giləzi kəndi yaşadığı nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Xızı RPŞ-nin inzibati binasına gətirilmişdir. (Cild 1, iş vərəqi 10) Lakin “Şəxsi axtarış və götürmə” protokoluna aid video çəkilişdə olan pəncərənin görüntülərindən görünür ki, çöldə aydın və sakit hava olmuş, yağıntı və istintaq hərəkətinin şəxsin tutulduğu yerdə aparılmasına maneə törədən hava şəraitinə aid digər hal müəyyən edilməmişdir. Göründüyü kimi əməliyyat orqanı Təqsirləndirilən şəxs tutulduğu yerdə onun üzərində şəxsi axtarışın keçirilməsinə maneə törədən hər hansı bir əsaslı dəlil gətirə bilməmiş, bu isə Təqsirləndirilən şəxs məqsədli şəkildə Xızı RPŞ-yə aparılması ilə bağlı məhkəmədə əsaslı şübhələr yaradır. Qeyd edilən məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi "Savalanlı və digərləri Azərbaycana qarşı" iş üzrə xx.xx.2022-ci il tarixli Qərarının 91-ci bəndində qeyd etmişdir ki, məhkəmə polisin axtarışın aparması qaydası ilə bağlı Azərbaycana qarşı əvvəlki işlərdə gəldiyi nəticələrə istinad edir. Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014- cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §53,12 noyabr 2015-ci il). Avropa Məhkəməsi hesab etmişdir ki, həmin nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulmaları və üzərinə aparılmış baxışlar arasında keçən müddət ərzində ərizəçilər tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onların üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik, axtarışın aparılmasını ərizəçilərin tutulmalarından dərhal sonra qeyri-mümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Bununla yanaşı, hal şahidlərinin çağırılması və rəsmi axtarış və götürmənin aparılmasından əvvəl tutulan şəxslərin şəxsi əşyalarına polis tərəfindən narkotik vasitə və ya digər sübut əhəmiyyətə malik olan əşyaların qoyulmasına dair çoxsaylı ardıcıl hallar barədə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında əksini tapan məlumatlara əsaslanaraq, məhkəmə həmçinin hesab etmişdir ki, hazırkı axtarışlar zamanı hal şahidlərinin iştirakının təmin edilməsi mövcud vəziyyətin aradan qaldırılmasına əsas kimi qəbul edib bilməz (İbrahimov və Məmmədov, § 127). Qeyd edilənlərə əsasən “Şəxsi axtarış və götürülmə aparılması haqqında” 05 sentyabr 2022-ci il tarixli protokol bu əsaslara görə də mötəbərliyi şübhə altına alınan sübut olduğundan, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qəbul oluna bilməz və həmin protokol ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Bundan əlavə, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2022-ci il tarixli, 6/4799 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 7” möhür əksi və “Təqsirləndirilən şəxs Ehtiram oğlunun üzərindən ...” və s. yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,733 qram (1 №-li obyekt); 1,981 qram (2№-li obyekt); ümumi təmiz çəkiləri 3,714 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 02 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 01 ədəd bükümdə təmiz çəkisi 2,534 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (Cild 1, iş vərəqləri 41-45) Həmin ekspert rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminlə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin və psixotrop maddənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitə və psixotrop maddəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 01 dekabr 2022-ci il tarixli, 7271 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 147-148) Metamfetamindən heç vaxt istifadə etmədiyini deyən Təqsirləndirilən şəxs dedikləri ekspert rəyi ilə də təsdiq olunmuşdur ki, onda psixostimulyatorların qəbulu halı olmamış və bu əsasla o, narkomaniya xəstəliyindən əziyyət çəkmir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi halı belə ona qarşı irəli sürülmüş ittiham üzrə sübut kimi qiymətləndirilməsinə əsas ola bilməz. Bununla bağlı “Sakit Zahidov Azərbaycana qarşı” işdə də Avropa Məhkəməsi müəyyən etmişdir ki, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (bax, Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi dəlillər yuxarıda qeyd edilən prosessual qanunvericiliyin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsini əsaslı və qanuni hesab edir. Təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, tutulduğu müddət, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak ilə bağlı məsələlərin müzakirəsi istisna təşkil edəcəkdir. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs 2019-cu il tarixli hökmlə məhkum olunmuş, lakin məhkumluğu ödənilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkumluğunun ödənildiyini əsas götürərək və həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbini rəhbər tutaraq, hazırkı iş üzrə anket məlumatlarında Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs qismində tanıyır. Təqsirləndirilən şəxs bəraət verilməsi ilə bağlı onun barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməlidir. Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanınma haqqında” və “Sübutların qiymətləndirilməsi haqqında” qərarlardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,434 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 3,614 qram olan psixotrop maddə metamfetamin, istintaq hərəkətinin aparılmasına dair videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xızı RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 2,434 qram çəkidə narkotik vasitə heroin və 3,614 qram çəkidə psixotrop maddə metamfetamin həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən məhkəmə ekspertizalarının aparılması ilə bağlı ümumilikdə 237 (iki yüz otuz yeddi) manat məbləğində xərclər təqsirləndirilən şəxsə aid edilməməli və cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun həll edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən öz hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bununla belə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə həmin Məcəllənin 42.1.4-cü maddəsinə əsasən onun təqsirliliyinin sübüta yetirilməməsinə görə baraət verilsin və o, təqsirsiz hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri dərhal ləğv edilsin. İş üzrə maddi sübut olub Xızı RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 2,434 qram çəkidə narkotik vasitə heroin və 3,614 qram çəkidə psixotrop maddə metamfetamin həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs bəraət verildiyindən iş üzrə olan məhkəmə xərcləri ona aid edilməsin, cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun olaraq həll edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-74/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-74/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver