Məhkəmə qərarları › İş №1(124)-740/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-740/2024

25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-740/2024 25.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, Samur-ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 17,058 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanına daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 11 aprel 2024-cü il tarixdə, saat 17:56-da yuxarıda qeyd olunan ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə orada həmin gün saat 19:30-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 03 (üç) ədəd şəffaf sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 4,877 qram, 7,185 qram və 4,996 qram olmaqla, ümumi təmiz çəkisi 17,058 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, 11 aprel 2024-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində işlədiyi gül dükanın yaxınlığında mülki geyimdə olan şəxslər tərəfindən saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib. Həmin idarədə ona psixiotrop maddə təqdim edilib və həmin maddəni üzərinə qoyması, videoçəkiliş zamanı maddənin ona məxsus olduğunu deməsi tələb edilib. O, həmin tələbə etiraz etdikdə polis əməkdaşları ona psixoloji təsir və təzyiqlər göstərib, əgər dediklərinə əməl etməzsə, fiziki təzyiq və təsir göstərəcəkləri ilə hədələyiblər, o da qorxduğu üçün məcbur qalıb polis əməkdaşlarının diqtə etdikləri kimi ifadə verib. O, narkotik vasitə və psixotrop maddələrin heç birindən istifadə etmir, ilk dəfə həmin maddəni BMCMİ-də görüb, dindar olduğu üçün onun üstünə şər atıblar. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, onu 4 nəfər polis əməkdaşı Xıradalanda, bazarın girişində saxlayıb. İşlədiyi dükan dindar dostuna məxsusdur, o da həmin dükanda ona kömək edirmiş. Keçmiş “Nardaran hadisələri”ndə həmin dostunun da adı hallanıb. Dostu və o dini təşkilata üzvdürlər, həmin dini təşkilat yalnız xeyriyyə işləri ilə məşğuldur. Polis əməkdaşları onu saat 17 radələrində saxlayıblar. BMCMİ-nə aparılanda yolda onun telefonunu əlindən alıb, telefonunun kodunu tələb ediblər, həmçinin yol boyu onu hədələyib, cibinə narkotik vasitə qoyacaqlarını, videoçəkiliş zamanı onların dedikləri kimi ifadə verəcəyini deyiblər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin və psixotrop maddənin heç bir növündən istifadə etmir. Ancaq onlar barədə internetdə araşdırma aparmış və onların şəkillərini internetdə görmüşdür. 10 aprel 2024-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində gəzərkən yerdə 03 (üç) ədəd sellofan bükümün olmasını görmüşdür. Həmin bükümləri əlinə alanda içərisində şəffaf rəngli maddənin olmasını görmüş və həmin maddə psixotrop maddə metamfetamin olduğunu bilmişdir. Həmin psixotrop maddə metamfetamin marağını kəsb etdiyindən, həmçinin kiminsə əlinə keçməsin deyə götürərək üzərində saxlamışdır. Lakin həmin maddəni satmaq və ya kiməsə pay vermək niyyəti olmamışdır. 11 aprel 2024-cü il tarixdə saat təxminən 17:55 radələrində ünvan 2 ünvanının yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, o özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdir. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişdir. O buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Baş İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Ona üzərində narkotik vasitə, psixotrop maddə varsa, təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 03 (üç) ədəd şəffaf sellofan bükümü, sağ yan cibindən “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən əlavə olaraq 10 manat pul aşkar edilmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən təqdim etdiyi əşyalara baxış keçirilməyə başlanmışdır. O üstündən aşkar olunmuş 10 manat pulun özünə məxsus olmasını və hər hansı bir cinayət yolu ilə əldə etmədiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi mobil telefona baxış keçirilmişdir. Baxış zamanı o təqdim etdiyi “Redmi” markalı mobil telefonun özünə məxsus olmasını bildirmişdir. Daha sonra 03 (üç) ədəd şəffaf sellofan bükümə baxış keçirilmişdir. Həmin bükümlər açılmış və 03 (üç) ədəd sellofan bükümlərin hər birinin içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş 03 (üç) ədəd bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Üstündən aşkar edilmiş “Redmi” markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən üstündən digər əşyalar aşkar edilməmişdir. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş psixotrop maddə metamfetamini 10 aprel 2024-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində küçədən tapdığını, həmin maddələrin adını “patı” olaraq bildiyini, maraq üçün üstündə gəzdirdiyini və üstündən aşkar olunmuş maddələri heç kimə satmaq, hədiyyə və ya pay qismində vermək kimi bir niyyətinin olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış və götürmə qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o həmin protokolu imzalamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadəni də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 11 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olub. Əməliyyatı məlumatı rəhbərliyə məruzə edilib müvafiq rəsmiləşdirmə işləri həyat keçirildikdən sonra məlumatın yoxlanılması üçün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 17-18 radələrində ünvan 2 ünvanının yaxınlığında saxlanılıb. Təqsirləndirilən şəxs özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, onu avtomobilə mindərərək BMCMİ-nə aparıblar. Müdafiəçisinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanılmış, Təqsirləndirilən şəxs özü könüll olaraq cibindən 03 ədəd şəffaf sellofan bükümü və mobil telefonu çıxarıb təqdim edib. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə təhqiqatçı tərəfindən ardıcıllıqla baxış keçirilib. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş ümumilikdə 03 ədəd bükümdə olan maddələri xx.xx.2024-cü il tarixdə, axşam saatlarında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində küçədən tapdığını, həmin maddələrin adını “patı” olaraq bildiyini, maraq üçün üstündə gəzdirdiyini və üstündən aşkar olunmuş maddələri heç kimə satmaq, hədiyyə və ya pay qismində vermək kimi bir niyyətinin olmadığını bildirib. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar maddələr və ona məxsus mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şahid ona verilən suallara cavab olaraq göstərdi ki, əməliyyat məlumatı ona daxil olub, əməliyyat qrupuna ondan başqa iki nəfər polis əməkdaşı daxil olub, əməliyyat qrupuna o, rəhbərlik edib. Təqsirləndirilən şəxsi 3 nəfər polis əməkdaşı saxlayıb. Şərait uyğun olmadığından təqsirləndirilən şəxsi dərhal maşına əyləşdiriblər və ona əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar maşında təqdim edilib. Əməliyyat məlumatı təqsirləndirilən şəxsin narkotik vasitə və ya psixotrop madələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və sonradan heç bir fiziki və ya psixi təzyiq və ya təsir göstərilməmişdir. Təqsirləndirilən şəxsin məhkəmədə bildirdikləri özünü müdafiə xarakteri daşıyır, onun üzərinə heç bir polis əməkdaşı narkotik vasitə qoymayıb. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Sumqayıt şəhəri, Samur-ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edərək saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Əsgərov X4 rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi 93A ünvanında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 11 aprel 2024-cü il tarixdə tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 11 aprel 2024-cü il tarixdə, saat 17:56-da ünvan 2 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 19:30-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 03 (üç) ədəd şəffaf sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 4,877 qram, 7,185 qram və 4,996 qram olmaqla ümumi təmiz çəkisi 17,058 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə protokola əlavə edilmiş diskdəki videogörüntü nümayiş etdirilmiş və həmin videogörüntü ilə şahidin ifadəsində göstərdiyi xüsusatlar və protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1984 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar... “ sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 03 (üç) ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,877qram, 7,185qram və 4,996qram, ümumi təmiz çəkisi 17,058qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqdim olunmuş 3 (üç) ədəd sellofan bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi - 17,058 qram, tədqiqata sərf edildi - 0,150 qram, qalıq - 16,908 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 13 aprel 2024-cü il tarixli 2340 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 Hüquqi şəxsin Komisyon Abmulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1699 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Tibbi sənədlərə əsasən anamnezində keçirilmiş “Yüngül nevrotik reaksiyalar” diaqnozu qeyd olunmuşdur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş suallara cavab olaraq göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, R.Ə.Rüstəmov ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimami təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin materiallarından müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş 11 aprel 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni və əsaslı hesab edilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 16,908 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda psixotrop maddənin mənbəyinin müəyyən olunması məqsədilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış tapşırığa cavab olaraq daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi barədə əlavə məlumatlar əldə edilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, ********* nömrəli cinayət işinin materiallarından mənbə xüsusatı ilə bağlı 10 iyul 2024-cü il tarixdə material ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə və qeyri-insani davranışa məruz qalması xüsusatı ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmış və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Sumqayıt şəhəri, Samur-ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edərək saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla ünvan 2 ünvanında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən 03 (üç) ədəd şəffaf sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 4,877 qram, 7,185 qram və 4,996 qram olmaqla ümumi təmiz çəkisi 17,058 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr məhkəmə fiziki-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək sözügedən kütlənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində ilk dəfə dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Həmçinin onun polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı qeyd etdikləri hazırkı cinayət işi materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla, psixotrop maddənin ona aid olmaması ilə bağlı qeyd etdikləri isə şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş videoçəkilişlə təkzib olunur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, onun həmin ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ilkin ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı ilkin verdiyi ifadəsini (psixotrop maddənin onun üzərindən aşkar olunmasına dair hissədə) qoyur. Həmçinin məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddənin miqdarının şəxsi istehlak miqdarından dəfələlə çox olması, həmin maddənin ayrı-ayrı bağlamalarda olması təqsirləndirilən şəxsin həmin psixotrop maddəni məhz satış məqsədilə üzərində daşıdığını ehtiva edir. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, şahid ifadəsi, ekspert rəyləri, protokollar, şəxsi axtarış və götürmə aparılmasına dair protokola əlavə edilmiş videogörüntü və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməl başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Odur ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 11 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsini əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 16,908 qram olan psixotrop maddə metamfetamin məhv edilməli və iş materiallarında olan 01 (bir) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altımış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 16,908 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 65 (altımış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar