Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-741/2024 27.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 71.5, 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respubilkası MM-in xx.xx.2021 -ci il tarixli amnistiya qərarına əsasən cəzası 06 ay azaldılaraq 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürlməmiş, ünvan 1 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, 30 aprel 2024-cü il tarixdə sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan X3 vətəndaşının 160 manat müqabilində Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan Dairəsində qoyduğu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına» daxil olan 08 (səkkiz) ədəd bükümdə o, cümlədən 04 (dörd) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda çəkiləri 0,777 qram, 0,149 qram, 0,869 qram, 0,872 qram və 04 (dörd) ədəd qara rəngli polietilen bükümdə ayrı-ayrılıqda çəkiləri 0,799 qram, 0,870 qram, 1,824 qram, 1,808 qram, ümumi çəkisi 7,968 qram külli miqdarda ağ rəngli kristal şəkilli xarici əlamətlərinə və kimyəvi kompanent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində saxlamış və daşımış, 30 aprel 2024-cü il tarixdə, saat 07:00 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, “Xırdalan dairəsi” ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb, Abşeron RPİ-yə gətirilmiş və orada həmin gün saat 08:00 radələrindən 08:15 radələrinə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindən həmin 08 (səkkiz) ədəd bükümlərdə ümumilikdə 7,968 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o narkotik vasitələrdən istifadə etməyə təzə başlamışdır. xx.xx.2024-cü il tarixdə tanımadığı, sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşından aldığı psixotrop maddə olan patı, yəni metamfetamini xx.xx.2024-cü il tarixdə, saat təxminən 07 radələrində Abşeron rayonu, Xırdalan dairəsi adlanan yerdən götürüb əynində olan şalvarın cibinə qoyub oradan uzaqlaşmaq istədikdə iki nəfər polis əməkdaşı onu saxlayaraq Abşeron RPİ-nə gətiriblər. Həmin idarədə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibində saxladığı 08 ədəd bükümdə psixotrop maddə olan metamfetamini və mobil telefonu təqdim edib. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, ittihamda qeyd olunduğu kimi üzərində təxmini 8 qram metamfetamin olub. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilməyib. İttihamda qeyd olunanlar hər biri düzdür. Ekspert rəyində qeyd olunan xəsarətləri polis əməkdaşları onu saxlamağa çalışanda özü-özünə yetirib. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitəllərin və psixotrop madəlləri qanunsuz əldə edib üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olub. Həmin əməliyyat məlumatı əsasında keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yerə yaxınlaşıb və Nicat onları görən kimi onlardan qaçmaq istəyib. Ona dayanmasını bildirdikdə, o onların polis əməkdaşı olduqlarını bilib, əyilib yerdən dəmir parçası götürüb və yaxın gəlməmələri barədə xəbərdarlıq edərək həmin əşya ilə boğaz nahiyyəsinə xəsarət yetirib. Lakin həmin vaxt cəld ona yaxınlaşdıqda o büdrəyib yerə yıxılıb və əlindəki dəmir parçası yerə düşüb. Onu yerdən qaldıraraq avtomobilə mindirib Abşeron RPİ-nə gətiriblər. İdarədə onun üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan qara rəngli şalvarın cibindən ümumilikdə 08 büküm kütləni təqdim edib. Həmin kütlənin nə olduğu və haradan əldə edildiyi soruşulduqda o, həmin kütlə psixotrop maddə metamfetamin olduğu və tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını və qoyulan yerdən götürüb uzaqlaşanda saxlanıldığını bildirib. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 da Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan şalvarının sol cibindən 04 (dörd) ədəd qara rəngli, 04 (dörd) ədəd isə ağ rəngli sellofana bükülmüş psixotrop maddə metamfetamin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin psixotrop maddə metamfetamin bükümləri götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 30 aprel 2024-cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 (bir) ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 30 aprel 2024-cü il tarixdə saat 08:00-dan 08:15-dək qeydə alınır və Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis mayoru Maarif Abbasov əyləşdiyi xidməti otaqdır. Video görüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, əynindəki cins şalvarın sol cibindən şəfaf sellofana bükülmüş 04 (dörd) büküm, qara rəngli sellofana bükülmüş 04 (dörd) biiklünü ümumilikdə 08 (səkkiz) bükümdə olan kütləlləri təqdim edir. Həmin büklülər açılır içərisində ağ kristal şəkilli kütlə olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə metamfetamin olduğu və özü qəbul etmək üçün xx.xx.2024-cü il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu X3 vətəndaşının hesabına 160 manat pul köçürtmüş və o psixotrop maddələri gizlətdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi adlanan yeri ona bildirmiş, həmin yerdən psixotrop maddəni götürüb uzaqlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Üzərində şəxsi axtarış davam etdirilir və sağ cibindən bir ədəd telefon aşkar edilir. İş üçün əhəmiyyət kəsb edən digər əşya aşakar edilmir. Həmin psixotrop maddə zərfə qoyularaq qablaşdırılır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspıtizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 30 aprel 2024-cü il tarixli, 6/2374 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respubilkası DİNnin zərflər üçün 246 nömrəli dairəvi möhür əksi, “vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş (imza) Əbdülov” yazısı və imzalar olan paketdəki 4 (dörd) ədəd şəffaf politelin bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,777 qram, 0,149 qram, 0,869 qram, 0,872 qram və 04 (dörd) ədəd qara rəngli politelin bükümdə ayrı-ayrılıqdatəmiz çəkiləri 0,799 qram, 0,870 qram, 1,824 qram, 1,808 qram, ümumi təmiz çəkisi 7,968 qram ağ rəngli kristalşəkilli madəllər xarici əlamətlərinə və kimyəvi kompanent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr’- in siyahısına (Siyahı İ) daxildir Qeyd: Metamfetaminin təmiz çəkisi 7,968 qram, tədqiqata sərf edildi – 0,24 qram, qalıq - 7,728 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 20 aprel 2024-cü il tarixli, 3489 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən, opioidlərin və Psixostimulyatorlarm qəbulu nəticəsində yaranan Aslılıq Sindiromu (narkomaniya xəstəliyi) aşakar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-psixatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1703 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respubilkası səhiyyə nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 883 saylı rəyində Təqsirləndirilən şəxs boyun nahiyəsinin, boyun hər iki said nahiyələrinin sıyrıqları, bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə dəmir parçası ilə özü-özünə yetirilməsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Ümumilikdə və həm də ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus ümumilikdə 08 (səkkiz) bükümdə təmiz çəkisi 7,968 qram, tədqiqatdan sonra qalıq qalmış 7,728 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 30 aprel 2024-cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən gələn tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-də barəsində Azərbaycan Respubilkası CM-nin 221.1-ci maddəsi ilə barəsində başlanmış ********* saylı cinayət işi xx.xx.2018-ci il tarixdə Azərbaycan Respubilkası CPMnin 39.1.11-ci maddəsi ilə xitam edilmişdir. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə və 02 (iki) il şərti sınaq müddətinə cəza təyin edilmiş və xx.xx.2021-ci ildə cəzanın müddəti bitdiyindən şöbədən qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Sabunçu RPİ-də barəsində Azərbaycan Respubilkası CM-nin 177.1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi xx.xx.2020-ci il tarixdə CPM-nin 40.3-cü maddəsi ilə xitam edilmişdir. Bundan başqa Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 177.2.1, 177.2.3, 71.5, 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respubilkası MM-in xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzası 06 (altı) ay azaldılaraq 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən sonuncu törətdiyi az ağır cinayət əməlinə görə məhkəmə tərəfindən təyin edilmiş cəzasını çəkib qurtardığı gündən 02 (iki) il müddət keçmədən yenidən cinayət əməli törətdiyi üçün Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir və onun əməli cinayətin sadə residivi kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il qərarının 34-cü bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, azdlığın faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-nin tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətlərinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, özünün etirafedici və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun törətdiyi əməl özünün etrafedici və şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. O, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan halları nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli qərarı ilə əvvəli 30 aprel 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 30 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını və təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdikləri müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdırlar. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,928 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,928 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-741/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-741/2024
27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver