Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-746/2024 04.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X5 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 nömrəsiz fərdi evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i : Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində tanış olduğu özünü “Siyavuş” kimi təqdim edən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının 250 manat pul müqabilində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Bravo” supermarketin arxasında yerləşən yaşayış kompleksinin həyətində daş hasarın dibinə qoyduğu, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə dövriyyəsi qadağan edilmiş və həmin tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” siyahılarına (İ Siyahısına) əsasən külli miqdarda, 01 (bir) ədəd şəffaf sellofan bükümdə çəkisi 10,919 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürərək satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış və daşımış, 17 fevral 2024-cü il tarixdə saat 22:30 radələrində Abşeron rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən, Abşeron rayonu, Xırdalan şəhərində, H.Əliyev prospektində yerləşən “Bravo” supermarketin yaxınlığında saxlanılmaqla Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilərək orada 18 fevral 2024-cü il tarixdə saat 00:10-dan saat 00:25-dək üzərində şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 10,919 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadə verməkdən imtina etdiyini bildirdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o həmin ifadəsində göstərmişdir ki, həbs edilənədək ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Zeynalova küçəsi nömrəsiz fərdi evdə yaşamışdır. Təxminən 5-6 il əvvəl narkotik vasitə və psixotrop maddələrdən mütəmadi istifadə etməyə başlamışdır. Əvvəllər həbs edilmədiyini bildirmişdir. Heç bir yerdə işləmir. İş olanda taksi şirkətlərindən birində taksi sürücüsü kimi çalışır. Psixotrop maddə metamfetamindən istifadə etdiyini, psixotrop maddəni adətən folqa adlanan kağız üzərində yandıraraq istifadə etdiyini, psixotrop maddə metamfetamin ona sakitləşdirici təsir göstərdiyi üçün həmin psixotrop maddədən istifadə etdiyini bildirmişdir. Təxminən 10- 15 gün bundan əvvəl “İnstagram” sosial şəbəkəsində "Siyavuş” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxsdən özü istifadə etmək üçün mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr aldığını bildirmişdir. 17 fevral 2024cü il tarixdə bir neçə günlük yaşadığı Şirvan şəhərinə getmək istədiyindən və rayonda olan müddət ərzində ağrılarının olmaması üçün özü istifadə etmək üçün bir neçə günlük psixotrop maddə almaq istədiyindən günorta radələrində yenidən əvvəllər sosial şəbəkədə tanış olduğu “Siyavuş” adlı şəxsə təxminən 10 qram psixotrop maddə metamfetamin almaq istəməsi barədə ismarış yazmışdır. Bir neçə dəqiqə sonra ismarışı cavablayan "Siyavuş” adlı şəxs ona bir qram psixotrop maddə metamfetamini təxminən 25 manata satacağını demiş, o da onunla razılaşmışdır. Daha sonra özünü “Siyavuş” kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı olan şəxs ona psixotrop maddə metamfetamin göndərmək üçün onun hesabına 250 manat pul göndərməsini istəmişdir. Təqsirləndirilən şəxs da onunla razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs da xx.xx.2024-cü il tarixdə öz mobil telefonu vasitəsi ilə “Siyavuş” adlı İran İslam Respublikasının vətəndaşının ona göndərdiyi “M10” hesabına 250 manat pul göndərmişdir. Daha sonra həmin “Siyavuş” adlı İran İslam Respublikasının vətəndaşı isə ona metamfetamini Abşeron rayonu, Xırdalan şəhərində, H.Əliyev prospektində yerləşən “Bravo” supermarketin arxasında olan yaşayış kompleksinin yaxınlığında yaşayış evlərinin arasında olan hasarın dibində daşın altına qoyduğunu demiş, qoyduğu yerin fotoşəklini göndərmiş və ünvanı ona yazmışdır. Həmin gün bir neçə saat sonra o, deyilən ünvana gəlib çatdıqdan sonra “Bravo” supermarketin arxasında yaşayış kompleksinin həyətində ona göstərilən yerdə hasarın dibində “Siyavuş” adlı İran vətəndaşının ona psixotrop maddə metamfetamin atdığı yeri tapmışdır. Orada şəffaf rəngli sellofan bükümü tapmışdır. Daha sonra həmin bükümün içərisinə baxdıqda orada ağ rəngli, kristalşəkilli psixotrop maddə olan "patı” adlanan metamfetamin olduğunu görmüşdür. Həmin bükümü oradan götürüb əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Həmin psixotrop maddə metamfetamin götürüb şalvarının cibinə qoyduqdan sonra oradan uzaqlaşmaq istəmişdir. Piyada şəkildə Abşeron Rayonu, Xırdalan şəhəri, “Bravo” marketin yaxınlığındakı dayanacağın yanına gəlmişdir. 17 fevral 2024-cü il tarixdə saat 22:30 radələrində Abşeron rayonu, Xırdalan şəhərində, H.Əliyev prospektində "Bravo” supermarketin yanı ilə piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Həmin iki nəfər ona yaxınlaşaraq xidməti vəsiqələrini çıxardaraq özlərini təqdim etmişdirlər. Bundan sonra həmin şəxslər onun üzərində külli miqdarda psixotrop maddə metamfetamin olduğunu bildirmişlər. Daha sonra barəsində əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla onu tanış etmişlər. Təqsirləndirilən şəxs da narkotik vasitə və psixotrop maddələrdən mütəmadi olaraq istifadə etdiyini və üzərində hal hazırda qanunsuz olaraq psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən polis əməkdaşlarının müşayiəti ilə onların idarə etdikləri nəqliyyat vasitəsi ilə Abşeron rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Daha sonra ona müdafiəçi təqdim edilmiş və Təqsirləndirilən şəxs da təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Polis idarəsinə gətirildikdən sonra saat 00:00-da üzərində psixotrop maddə saxlaması şübhəsi ilə əlaqədar təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında polis əməkdaşlarından başqa dövlət hesabına təyin edilmiş müdafiəçisi Niyaz Talıbov da iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş, üzərində şəxsi axtarış aparılmasına hər hansı etirazı olub-olmaması soruşulmuşdur. O, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demişdir. Bundan sonra ona üzərində hər hansı psixotrop maddə və ya psixotrop maddə olub-olmaması barədə sual verilmiş və müsbət halda könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindəki 01 (bir) ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu etiraf etmişdir. Daha sonra şalvarının sol yan cibindən 01 (bir) ədəd özünə məxsus “İphone 8” markalı mobil telefonu da çıxardıb təqdim etmişdir. Bundan başqa üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi metamfetamini haradan əldə etdiyi soruşulduqda həmin bükümü “Siyavuş” adlı İran İslam Respublikası vətəndaşının qoyduğu Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bravo” supermarketin arxasında olan yaşayış kompleksinin ərazisində binaların arasında hasarın dibində daşın altında qoyulmuş yerdən əldə etdiyini, bunun üçün “Siyavuş” adlı İran İslam Respublikasının vətəndaşına məxsus “M 10" hesabına 250 manat pul köçürdüyünü və psixotrop maddəni yalnız şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. O, özünü “Siyavuş” kimi təqdim edən İran İslam Respublikasının vətəndaşına psixotrop maddə almaq üçün 250 manat pul göndərmişdir. Daha sonra dediyi həmin psixotrop maddə metamfetamini götürüb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra üzərindən aşkarlanan büküm elektron tərəzidə çəkilib zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Ardınca şəxsi axtarış və götürmə haqqında protokol tərtib edilərək ucadan oxunmuş və digər iştirakçılarla birgə protokolu imzalamışdır. O, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini 17 fevral 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsi vasitəsilə əlaqə saxladığı, özünü “Siyavuş” kimi təqdim edən İran İslam Respublikasının vətəndaşının göndərdiyi “M 10" hesabına 250 manat pul köçürdükdən sonra həmin şəxsin bildirdiyi kimi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekstində “Bravo” supermarketin arxasında olan yaşayış kompleksinin həyətində olan ünvandan əldə etdiyini, İran İslam Respublikasının vətəndaşı ilə arasında “Vhatsapp” sosial şəbəkəsi vasitəsilə yazışma apardığını 250 manat pul köçürdüyü “M10” hesabının nömrəsinin isə onun vatsappında olduğunu bildirmiş, psixotrop maddəni yalnız şəxsi istifadəsi məqsədilə üzərində saxladığını, heç vaxt kiməsə narkotik vasitə və psixotrop maddə satmadığını və belə bir niyyəti olmadığını, üzərində psixotrop maddə saxlaması və daşıması barədə heç kimə məlumat vermədiyini, 17 fevral 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində “Bravo” marketin yaxınlığında saxlanılan və Abşeron rayon Polis İdarəsində olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini və psixoloji təsir göstərilmədiyini, “Siyavuş” adlı İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən şəxslə +98-***-***-**-** mobil nömrəsindən “Votsap” sosial şəbəkəsi vasitəsi əlaqə saxladığını, üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilmədiyini, azadlıqda olarkən ***-***-**-** mobil nömrəsindən istifadə etdiyini, başqa hər hansı mobil nömrədən istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra o həmin ifadəni təsdiq etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təzyiq və təsir göstərilmədiyini bildirdi. Həmçinin verilən suallara cavab olaraq bildirdi ki, Xırdalana taksi ilə gedib, ora getməkdə məqsədi psixotrop maddəni qoyulan yerdən götürmək olub, 2018-ci ildən narkotik vasitə və psixotrop maddələrdən istifadə edib. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində narkotik vasitələri və psixotrop maddələri üzərində saxlaması, daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu təşkil edilib. Keçirilən əməliyyat tədbiri nəticəsində xx.xx.2024cü il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində “Bravo” supermarketin yaxınlığında piyada hərəkət edən zaman saxlanılıb, ona özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində külli miqdarda narkotik vasitə və ya psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət ediblər. Polis idarəsində müdafiəçisinin də iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilən zaman təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın cibindən 01 ədəd sellofan bükümü təqdim edərək həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu səmimi şəkildə etiraf edib. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda orada psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilib. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümü 17 fevral 2024-cü il tarixdə təxminən 10-15 gün bundan öncə “İnstagram” sosial şəbəkəsində tanış olduğu özünü “Siyavuş” kimi təqdim edən İran İslam Respublikası vətəndaşına məxsus "M10” hesabına 250 manat pul köçürməsi müqabilində əldə etdiyini və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirib. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğu da qeyd olunsa da, satış faktı öz təsdiqini tapmayıb. Təqsirləndirilən şəxs saxlanılan və Abşeron rayon Polis İdarəsində olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi təsir və təzyiq göstərilməyib. Məhkəmədə iştirak etməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və onun məhkəmədə dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdiyi müəyyən edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə Abşeron rayon Polis İdarəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibində olan 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 10,919 qram olan psixotrop maddə metamfetamini könüllü surətdə təqdim etmiş və həmin büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 1 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə protokola əlavə edilmiş diskdəki videogörüntü nümayiş etdirilmiş və həmin videogörüntü ilə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrində göstərdikləri xüsusatlar və protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspıtizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 18 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/978 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 56” möhür əksi olan, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 10,919 qram olan ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: psixotrop maddə metamfetaminin təmiz çəkisi - 10,919 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 10,819 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli 5-8/2-517/2024 nömrəli məktubdan görünür ki, nümayəndəliyin ev təsərrüfatlarının uçotu kitabında ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi 1977-ci il təvəllüdülü anası X1 və 1996-cı il təvəllüdlü qardaşı Təqsirləndirilən şəxs ibarətdir. Bundan başqa həmin məktuba əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli 5235 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorlarin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş əməliyyat tapşırığına Abşeron rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə hesab edilən metamfetamini saxlamasından məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində saxladığı və daşımaqla gəzdirdiyi psixotrop maddəni əldə etdiyi özünü “Siyavuş” kimi təqdim edən İran İslam Respublikası vətəndaşının müəyyən edilməsi üçün keçirilmiş tədbirlərə və aparılmış kəşfiyyat xarakterli söhbətlərə baxmayaraq həmin şəxsi müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vastə, psixotrop maddə və ya onun prekursorlarını satdığı hər hansı şəxs aşkarlanmamış, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini şəxsi istifadəsi məqsədilə üzərində saxladığı müəyyən edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 10,919 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və psixotrop maddə metamfetaminin 10,819 qram qalığı saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il qərarının 34-cü bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, azdlığın faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-nin tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətlərinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, təqsirləndiirlən şəxsin özünün və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etrafedici ifadəsi və şahid ifadələri ilə yanaşı, protokollar, ekspertiza rəyləri və videogörüntü ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan halları nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli qərarında Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddətinin əvvəli 18 fevral 2024-cü il tarixdən hesablansa da, cinayət işi materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinin tələblərini əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,819 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,819 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-746/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-746/2024
04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver