Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-747/2023 14.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1980-ci ildə Ağcabədi rayonu Hindarx kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağcabədi rayonu Hindarx kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 03 iyul 2023-cü il tarixdə saat 02 radələrində “Tik-tok” sosial şəbəkəsində tanış olduğu və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının istifadəsində olan +98-***-***-**-** saylı mobil telefon nömrəsi ilə “Whatsapp” tətbiqi vasitsəsi ilə əlaqə saxlayaraq 460 manat müqabilində sonuncunun Abşeron rayonu, Xırdalan şəhəri, “VAZ dairəsi" yaxınlığında yerləşən “Şuşa qalası" restoranının hasarının bayır tərəfindən dibinə qoyduğu, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı 1) daxil edilmiş, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, 2 (iki) ədəd şəffaf sellofan bükümdə ayrı- ayrılıqda çəkiləri 8,963 qram və 12,976 qram, ümumi çəkisi 21,939 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürüb satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edərək saxlamış və daşımış, 03 iyul 2023-cü il tarixdə saat 02:45 radələrində Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Şuşa qalası" restoranı yaxınlığında saxlanılıb Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilərək polis əməkdaşları tərəfindən həmin gün saat 04:20-dən saat 04:45-ə kimi üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 2 bükümdə ayrıayrılıqda çəkiləri 8,963 qram və 12,976 qram olmaqla ümumi çəkisi 21,939 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis əməkdaşları onu 02 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində saxlamışlar. Ona elan edilmiş ittihamda üzərində aşkar edilmiş narkotik vasitə miqdarından daha artıq qeyd edilmişdir. Onun üzərində 21,939 qram miqdarında narkotik vasitə olmamışdır. Polis əməkdaşları tərəfindən ona fiziki olmasa da, ümumilikdə təzyiqlər edilmişdir. Üzərində aşkar edilmiş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan şəxsdən almışdır. Ondan 1 qram miqdarında heroin növündə narkotik vasitə almışdır. Həmin narkotik vasitənin yarısından çoxunu istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində təqribən 0,2-0,3 qram miqdarında heroin növündə narkotik vasitə var idi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-nin 234.1-1 -ci maddəsi ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5-6 ilə yaxındır ki, narkotik vasitə olan heroin istifadə edir. Öz istifadəsi üçün narkotik vasitəni müxtəlif yerlərdən və tanımadığı şəxslərdən alır. 02 iyul 2023-cü il tarixdə gecə saatlarında “Tik-tok” sosial şəbəkəsində narkotik vasitələrin satışı ilə məşğul olan, adı yadında qalmayan səhifəyə daxil olaraq narkotik vasitə - heroin almaq istəməyi barədə ismarıc yazmışdır. Bir neçə dəqiqə sonra ismarıcı cavablayan şəxs ondan mobil nömrəsini istəmişdir. Həmin şəxsə mobil nömrəsini bildirdikdən bir qədər sonra +98-***-***-**-** mobil nömrəsindən “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona zəng olunmuşdur. Zəngi cavablayanda özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxs ondan narkotik vasitə istəyibistəmədiyini soruşmuş, o isə şəxsi istifadəsi üçün 460 manat dəyərində heroinə ehtiyacı olduğunu bildirmişdir. Həmin şəxsin qeyd etdiyi göndərdiyi mobil telefon nömrəsinə “M10" tətbiqi ilə ödəmə terminallarından biri vasitəsilə 460 manat pul köçürdükdən sonra tanımadığı şəxs Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Şuşa qalası” adlı restoranın yaxınlığındakı yerin fotoşəklini göndərmiş və ünvanı ona yazmışdır. Həmin gün qeyd edilən ünvana - Abşeron rayonu Xırdalan şəhəri VAZ dairəsi yaxınlığında yerləşən “Şuşa qalasının yerləşdiyi əraziyə gedərək həmin restoranın hasarının bayır tərəfində dibinə qoyulmuş iki ədəd şəffaf selofan bükümdə olan heroini götürüb, əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. 03 iyul 2023-cü il tarixdə saat 02:00 radələrində “Şuşa qalası” restoranın arxa tərəfi ilə piyada hərəkətdə olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək Abşeron Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını və özünü şübhəli apardığını bildirmişlər. O da üzərində narkotik vasitə olduğunu etiraf etdikdə polis əməkdaşları üzərində narkotik vasitə olmasına görə birlikdə Abşeron rayon polis idarəsinə getməli olduğunu demişlər. O isə heç bir etiraz etməyib birlikdə Abşeron rayon polis idarəsinə gəlmişdir. Polis idarəsinin inzibati binasında ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmişdir. Ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili gəldikdən sonra polis əməkdaşları tərəfindən vəkil ilə onun arasında konfidensial görüş təmin edilmişdir. Daha sonra video çəkiliş ilə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Video çəkiliş zamanı o da heç bir etirazı olmadığını bildirmişdir, ilk öncə ona hüquq və vəzifələri elan olunmuşdur. Daha sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olubolmamağı soruşulmuşdur. Bu zaman o, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd selofan bükümü və 1 ədəd Samsung A21 markalı mobil telefonu təqdim edərək həmin bükümlərin içərisində heroin olduğunu etiraf etmişdir. Bundan başqa üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi heroini haradan əldə etdiyi soruşulduqda, bükümləri Abşeron rayonu, Xırdalan şəhəri VAZ dairəsi yaxınlığında yerləşən "Şuşa qalasının" yerləşdiyi ərazidə əldə etdiyini, bunun üçün adını bilmədiyi İran İslam Respublikasının vətəndaşına məxsus plastik kartın hesabına 460 manat pul köçürdüyünü və narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Daha sonra üzərindən aşkarlanan bükümlər qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Ardınca şəxsi axtarış və götürmə haqqında protokol tərtib edilərək ucadan oxunmuş, o, digər iştirakçılarla birgə protokolu imzalamışdır. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən heroini 2 iyul 2023-cü il tarixdə “Tik-tok” sosial şəbəkəsi vasitəsilə əlaqə saxladığı, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının göndərdiyi mobil telefon nömrəsinə “M10” tətbiqi vasistəsi ilə 460 manat pul köçürdükdən sonra həmin şəxsin bildirdiyi kimi Abşeron rayonu, Xırdalan şəhəri VAZ dairəsi yaxınlığında yerləşən "Şuşa qalasının yerləşdiyi ərazidə hasarın dibindən götürmüşdür. O, yazışmaların hamısını sildiyi üçün təqdim edə bilməmişdir. Bundan başqa 460 manat pul köçürdüyü mobil telefon nömrəsi yadında qalmamışdır. O, üzərində narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün saxlamışdır. O, heç vaxt kiməsə narkotik vasitə satmamış, heç vaxt belə bir niyyəti olmamışdır. Üzərində narkotik vasitə saxlamağı və daşımağı barədə heç kimin məlumatı olmamışdır. O, əvvələr Azərbaycan Respublikasi Cinayəıt Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmuşdur. Lakin, bundan sonra heç vaxt psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, heç kimə psixotrop maddə, narkotik vasitə və ya onun prekursorlarını satmamışdır. O, 03 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, VAZ dairəsi yaxınlığında yerləşən “Şuşa qalası” restoranının yerləşdiyi ərazidə saxlanılan və Abşeron rayon polis idarəsində olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilməmiş və psixoloji təsir göstərilməmişdir (Cild 1, iş vərəqləri 130-133) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 02 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə o və əməliyyat qrupunun digər iştirakçısı Şahid1 Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Şuşa Qalası” restoranın yaxınlığında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək, onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs 02 ədəd sellofan bükümdə içərisində heroin növündə narkotik vasitə təqdim etmişdir. Həmin bükümlərdən biri böyük, biri kiçik idi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılması əməliyyatı zamanı və həmin əməliyyatdan sonra ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə o və əməliyyat qrupunun rəhbəri Şahid2 Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Şuşa Qalası” restoranın yaxınlığında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək, onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs 02 ədəd sellofan bükümdə içərisində heroin növündə narkotik vasitə təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılması əməliyyatı zamanı və həmin əməliyyatdan sonra ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması” haqqında 03 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 iyul 2023-cü il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Şuşa qalası” restoranının yaxınlığında küçədə saxlanılaraq Abşeron RPİ-nə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər maddələr aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 32-33) “Şəxsi axtarış və götürmə aparılması” haqqında 03 iyul 2023-cü il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir.(Cild 1, iş vərəq 34) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 03 iyul 2023-cü il tarixli, 6/3592 nömrəli rəyin nəticə hissəsində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №56" dairəvi möhür əksi, "Həmdəmov (imza)" yazısı və imzalar olan zərfdəki, 2(iki) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 8,963 qram və 12,976 qram, ümumi təmiz çəkisi 21,939 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasite heroindir. (cild 1, iş vərəqləri 43-47) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmənarkoloji ekspertizasının 14 avqust 2023-cü il tarixli, 5196 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. (Cild 1, iş vərəqləri 98-99) Cinayət işi materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 21,739 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir.(Cild 1, iş vərəqləri 108-116) Məhkəmə, təqsirləndirilən şəxsin üzərində ittihamda göstərilən miqdardan az miqdarda narkotik vasitənin olması, polis əməkdaşları tərəfindən mənəvi təzyiqlər göstərilməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. (Cild 1, iş vərəqləri 91-92) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs kimi tanıyır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 03 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 05 iyul 2023-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 31 oktyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində seçiliş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 76-79) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 21,739 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilməlidir. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 21,739 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-747/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-747/2023
14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver