Məhkəmə qərarları › İş №1(124)-758/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-758/2024

04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-758/2024 04.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Füzuli rayonunda anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, 2-ci qrup əlilliyi olan, ünvan 2ində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “Tik-tok” sosial şəbəkəsində tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan, “Xomeyni” adlı İran İslam Respublikası vətəndaşı ilə qabacadan əlbir olub cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq ona göndəriləcək xüsusilə külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin 500 manat müqabilində deyiləcək yerlərə qoymaqla satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, 25 aprel 2024-cü il tarixdə saat 23:30 radələrində bir qrup şəxs halında “Xomeyni” adlı şəxsin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində qoyduğu xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan 02 (iki) ədəd bükümdə ayrıayrılıqda çəkiləri 480 qram və 500 qram olmaqla ümumi çəkisi 980 qram xüsusilə külli miqdarda qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasilə heroini, 320 qram çəkidə külli miqdarda ağ rəngli krislalşəkılli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb satış məqsədilə qanunsuz əldə edərək yaşadığı ünvan 1 ünvanı yaxınlığına daşımış, 26 aprel 2024-cü il tarixdə saat 01:05 dəqiqədə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilərək, orada həmin gün saat 02:30-dan, 02:43-ə kimi üzərində şəxsi axtarış aparılan zaman həmin 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 480 qram və 500 qram olmaqla ümumi çəkisi 980 qram xüsusilə külli miqdarda narkotik vasitə heroin və 320 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin çiynindən asdığı boz rəngli əl çantasının içərisindən aşkar olunaraq götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 26 aprel 2024-cü il tarixdə, saat 03:35-dən 03:47-ə kimi onun yaşadığı ünvan 1-ə baxış keçirilən zaman evin qonaq otağındakı dolabda gizlətdiyi tərkibinə görə eyni olan 12 (on iki) ədəd kağız bükülüdə və 02 (iki) ədəd sellofan bağlamada ayrı-ayrılıqda çəkiləri 0,46 qram, 0,46 qram, 0,46 qram, 0,51 qram, 0,22 qram, 0,17 qram, 0,48 qram, 0,37 qram, 0,51 qram, 0,45 qram, 0,35 qram, 0,43 qram, 75,0 qram, 85,0 qram ümumilikdə 164.87 qram çəkidə xeyli miqdarda bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində heroin izləri olan 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, İran İR vətəndaşı olan Xomeyni adlı şəxslə əlaqə saxlayıb özü istifadə etmək üçün ondan psixotrop maddə metamfetamin və narkotik vasitə marixuana alıb. Onun üstündən çıxan narkotik vasitə olan heroindən xəbəri yoxdur, tutulduğu gün xəstə olduğu üçün metamfetamin istifadə edib ona görə üzərinə şəxsi axtarış və baxış və evinə baxış keçirilən zaman özündə olmayıb. Xomeyni ilə razılıqlarına əsasən üzərindən çıxan metamfetaminin bir hissəsini özü istifadə edəcəkdi, qalanını isə Xomeyninin dediyi yerə qoyacaqdı, həmin yerdən isə başqa adam həmin maddəni götürəcəkdi. Xomeyninin ona göndərdiyi metamfetaminin çəkisini dəqiq bilməyib. Onu küçədə deyil, evdə tutublar. Xomeynidən ilk dəfə narkotik vasitə və psixotrop maddə alıb, onda da bu hadisə baş verib, yəni polis əməkdaşları tərəfindən saxlanılıb. Əvvəllər də şəxsi istifadə üçün həmin maddələri tanımadığı şəxslərdən pul qarşılığında əldə edib. Tutulduğu gün xəstə olduğu üçün metamfetamin istifadə edib, ona görə özündə olmayıb. Əlilliyi olduğu üçün işləməyib, himayəsində uşağı yoxdur. Məhkəmədən əməlindən peşman olduğunu və əlil olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olsa da, təxminən 10 aydır ünvan 1 ünvanında bacısı Tünzalə Bayramova ilə birlikdə kirayə yaşayır. Anadangəlmə hər iki əlinin iki barmağı olmadığından İİ qrup əlillik dərəcəsi vardır. Bu səbəbdən də hər hansı bir yerdə işləyə bilmir. İşi olmadığı üçün də özünü dolandıra bilmir. Təxminən bir ildən artıq müddətdir narkotik vasitə qurudulmuş marixuanadan və psixotrop maddə metamfetamindən istifadə edir. ‘Tik-tok" sosial şəbəkəsində “Xomeyni" adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olduğunu öyrəndikdən sonra mobil telefon nömrəsini almış və həmin şəxslə “whatsapp” proqramı vasitəsilə danışmağa başlamışdır. İstifadəsində “Samsung A21" markalı mobil telefon vardır və həmin mobil telefonunda iki “whatsapp" proqramı yükləmişdir. O “whatsapp” proqramında +**********02 və +**********35 saylı mobil telefon nömrələri ilə qeydiyyatdan keçmiş və “Xomeyni” adlı İİR vətəndaşının adını “X” kimi qeyd etmişdir. “Xomeyni” ilə +**********02 saylı mobil telefon nömrəsinin “whatsapp” proqramı ilə danışmışdır. Xomeyni kimi bildiyi İİR vətəndaşının isə nömrəsini hazırda xatırlamasa da, mobil telefonunda vardır. Xomeyni ilə danışan zaman sonuncu ona göndərdiyi narkotik vasitə və psixotrop maddələri Bakı şəhəri ərazisində deyəcəyi ünvanlardan götürüb özünün seçdiyi ünvanlara yerləşdirəcəyi halda ona pul verəcəyini bildirmişdir. Onun da pula ehtiyacı olduğu üçün təklif ilə razılaşmışdır. Tutulmamışdan təxminən 1 həftə əvvəl Xomeyni onun götürməyi üçün Xəzər rayonu, Mərdəkan qəsəbəsinə 4 kiloqram çəkidə narkotik vasitə qurudulmuş marixuana yerləşdirdiyini demiş və həmin yerin ünvanını onun mobil telefonuna göndərmişdir. O da həmin narkotik vasitəni oradan götürmüşdür. Götürdükdən sonra Xomeyniyə bu barədə məlumat vermişdir. Narkotik vasitəni götürdükdən sonra yaşadığı ünvan 1 ünvanında aparıb gizlətmişdir. Həmin narkotik vasitənin böyük bir hissəsini Xomeyninin dediyi çəkilərdə müxtəlif ünvanlara çatdırmaqla satışını həyata keçirsə də, şəxsi istifadəsi üçün yaşadığı ünvanda onun göndərdiyi narkotik vasitədən saxlamışdır. Həmin narkotik vasitələri xırda bükümlərdə və bağlamada olmaqla yaşadığı evin qonaq otağında dolabın üzərində gizlətməklə saxlamışdır. Xomeyni ona göndərdiyi narkotik vasitələri müxtəlif ünvanlara çatdırdığına görə 300 manat pul vermişdir. 25 aprel 2024-cü il tarixdə də Xomeyni ilə danışmış və sonuncu ona çatdırmağı üçün Xəzər rayonu, Mərdəkan qəsəbəsinə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin yerləşdirəcəyini demişdir. Bunun müqabilində isə ona 500 manat verəcəyini bildirmişdir. Xomeyni narkotik vasitə və psixotrop maddələri yerləşdirdikdən sonra ona bu barədə məlumat vermişdir. O da tanımadığı taksi ilə həmin tarixdə saat 23:30 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsinə getmişdir. Xomeyninin bildirdiyi ünvandan 01 (bir) ədəd torbanı götürüb üzərində olan boz rəngli əl çantasının içərisinə qoymuşdur. Bundan sonra tanımadığı taksi ilə yaşadığı ünvana doğru getmişdir. 26 aprel 2024-cü il tarixdə, saat 01 radələrində yaşadığı ünvanın yaxınlığında avtomobildən düşüb piyada olaraq Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evinə doğru gedən zaman narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş qardaşı Nurlan Bayramovun dostu Ramil Axundovla rastlaşmışdır. Sonuncu ilə salamlaşdıqdan sonra piyada olaraq yaşadığı evə doğru gedən zaman 2 nəfər mülki geyimli şəxs yanlarına yaxınlaşıb özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Həmin vaxt onun yanında olan Ramili də idarəyə dəvət etmişlər. Orada hüquqlarının müdafiəsi üçün dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra sağ çiynindən asdığı boz rəngli çantanı təqdim etmişdir. Həmin çantanın içərisindən 01 bükümdə psixotrop maddə metamfetamin və 02 bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Sonra üzərində şəxsi axtarış aparılmış şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 01 ədəd açar və 01 ədəd “Samsung" markalı aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd içərisində “Samsung" markalı mobil telefon bu barədə izah verildikdən sonra götürülmüş, 01 ədəd açar isə ona geri qaytarılmışdır. Bundan sonra ondan hardasa narkotik vasitə saxlayıb-saxlamadığını soruşulmuş və o yaşadığı ünvanda narkotik vasitə saxladığını bildirdiyindən həmin tarixdə yaşadığı ünvana razılığı və iştirakı ilə baxış keçirilən zaman evin girişindən sağ tərəfdə olan qonaq otağındakı dolabın üst hissəsində gizlətdiyi 02 ədəd şəffaf sellofanda, 12 ədəd kiçik ölçülü kağız bükümlərdəki qurudulmuş marixuanaya bənzər kütlələri və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin bükümlərdə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində saxlaması, gəzdirməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun rəhbərlik etdiyi əməliyyat qrupu yaradılıb. Keçirilən əməliyyat tədbiri nəticəsində 26 aprel 2024-cü il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində küçədə piyada hərəkətdə olan zaman saxlanılıb və bu zaman onun yanında Ramil adlı şəxs də olub, Rəvanə həmin şəxsin tanışı olduğunu bildirib. Təqsirləndirilən şəxs saxlanılma səbəbi izah edildikdən sonra o, BNMİ-nə dəvət olunub. BNMİ-də müdafiəçisinin də iştirakı ilə videoçəkiliş aparılaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilən zaman çantasından narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanıb. Daha sonra şifahi sorğu zamanı Təqsirləndirilən şəxs evində də narkotik vasitə marixuana olduğunu bildirib və onun razılığı ilə evinə baxış keçirilib. Evinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs bacısı da orada olub və baxış zamanı Təqsirləndirilən şəxs özü narkotik vasitə marixuananı evində təqdim edib. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddəni Mərdəkandan götürdüyünü və ora da Xomeyni adlı İran İR vətəndaşının qoyduğunu, həmin kütlələri 500 manat qarşılığında başqa şəxslərə çatdıracağını deyib. Həmçinin Təqsirləndirilən şəxs evindən aşkar olunan marixuananı 3-4 gün əvvəl əldə etdiyini, onun çəkisinin 4 kiloqram olduğunu, təxminən 300 manat qarşılığında başqa şəxslərə çatdırdığını və evində olan marixuananın da həmin kütlədən qalıq qaldığını bildirib. Əməliyyat qrupuna o rəhbərlik edib və qrupun tərkibinə Şahid2 daxil olub. Təqsirləndirilən şəxs saxlanılan zaman və sonradan ona qarşı hər hansı fiziki və ya psixi təzyiq və təsir göstərilməyib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 26 aprel 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra sonuncu da sağ çiynindən asdığı boz rəngli çantanı təqdim etmişdir. Çantaya baxış keçirilmiş içərisindən üzərində “Sevda" sözü yazılmış düyü torbası aşkar edilmiş, torbanın içərisindən 01 bükümdə psixotrop maddə metamfetamin və 02 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Həmin bükülülər elektron tərəzidə çəkildikdən sonra yenidən torbaya qoyularaq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı sonuncunun əynindəki həmin şalvarın sol yan cibindən 01 ədəd açar və 01 ədəd Samsung markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş bükümlərin içərisində narkotik vasitə və psixotrop maddə olduğunu, həmin narkotik vasitəni və psixotrop maddəni sosial şəbəkədən tanış olduğu İran islam Respublikası vətəndaşı «Xomeyni» adlı şəxsin vasitəsilə Bakı şəhəri, Xəzər rayonu ərazisindən tutulmamışdan təxminən 1-2 saat əvvəl əldə etdiyini bildirdi. O, həmçinin təxminən 1 ay bundan əvvəl “Xomeyni" adlı şəxsin ona 4 kiloqram narkotik vasitə qurudulmuş marixuana göndərdiyini, həmin narkotik vasitəni ayrı-ayrı şəxslərə çatdırmaq müqabilində Xomeyninin ona 300 manat pul verdiyini bildirdi. Eyni zamanda Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə qurudulmuş marixuana saxladığını da etiraf etmiş və yaşadığı evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən təqsirləndirilən şəxs X5 tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına baxış keçirilməsi etiraz etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 26 aprel 2024-cü il tarixli “evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, X3 evində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla saxlanılması qadağan edilmiş əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs evin qonaq otağındakı dolabın üst hissəsində gizlətdiyi 02 ədəd böyük büküm, 12 ədəd kiçik ölçülü kağız büküm və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Bundan sonra evdən aşkar edilmiş həmin vasitələr və elektron tərəzi də qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə iclasında yuxarıda qeyd olunan X3 üzərinə şəxsi axtarış və götürmə aparılması barədə və X3 yaşadığı evə baxış və götürmə aparılması barədə protokollara əlavə edilmiş disklərdəki videogörüntülər nümayiş etdirilmiş və həmin videogörüntülərlə şahidlərin ifadələrində göstərdikləri xüsusatlar və protokollarda qeyd olunanlar öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəməbioloji ekspertizasının 26 aprel 2024-cü il tarixli, 3-16-16/2-7/650 nömrəli rəyindən görünür ki, polietilen torbada 12 (on iki) ədəd kağız bükülülərdə və 02 (iki) ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 0,46 qram, 0,46 qram, 0,46 qram, 0,51 qram, 0,22 qram, 0,17 qram, 0,48 qram, 0,37 qram, 0,51 qram, 0, 45 qram, 0,35 qram, 0,43 qram, 75,0 qram, 85,0 qram, ümumi çəkisi 164,87 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş 01 (bir) ədəd tərəzinin üzərində bitki mənşəli narkotik maddələrin qalıqları yoxdur. Qeyd: marixuananın ümumi təmiz çəkisi - 164,87 qram, tədqiqata cəmi sərf edilən miqdar - 0,7 qram (hər obyektdən 0,05 qram), qalıq - 164,17 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəməkimyəvi ekspertizasının 26 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2297 nömrəli rəyindən görünür ki, parça torbadakı 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 480 qram və 500 qram, ümumi təmiz çəkisi 980 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi 320 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7”- li dairəvi möhür əksi “şübhəli şəxs: Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş., (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan polietilen torbadakı bir ədəd arxasında “500g/0.1g QC Pass” yazısı olan “gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini və bükümlərdə olan heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən elmək mümkün deyildir. Qeyd: heroinin ümumi təmiz çəkisi - 980 qram, tədqiqata sərf edildi - ümumi 0,4 qram, qalıq 979,6 qram. Metamfetaminin təmiz çəkisi - 320 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq - 319,8 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 14 avqust 2024-cü ıl tarixli 5576 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 26 aprel 2024-cü il tarixli şəxsi axtarış keçirilərkən aşkar edilmiş “Samsung” markalı mobil telefona baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Samsung A21” markalı mobil telefonun SMS, MMS mesajlarının göndərildiyi və daxil olduğu “Mesajlar” bölməsinə, “Telefon” bölməsinə, şəkil və videofaylların saxlanıldığı “Qalereya” bölməsinə, mobil nömrələrin qeyd edildiyi “Kontaktlar" menyusuna, həmçinin istifadə edilən “Whatsapp” sosial şəbəkəsinə və digər bölmələrə baxış keçirildi. “Kontaklar” bölməsində adı “X” kimi qeyd edilən şəxsin mobil telefon nömrəsinin İran İslam Respublikasının operatoruna məxsus +**********73 saylı nömrə olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefondan ış üçün əhəmiyyət kəsb edəcək başqa hər hansı bir məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “maddi sübut hesab edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 980 qram çəkidə narkotik vasitə heroin, 320 qram çəkidə psixotrop maddə metamfetamin, 164,87 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd elektron tərəzi və 02 (iki) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla qalıq qalmış 979,6 qram çəkidə narkotik vasitə heroin, 319,8 qram çəkidə psixotrop maddə metamfetamin, 164,17 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd elektron tərəzi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Abşeron RPlİnin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd "Samsung A21" markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş əlillik vəsiqəsinin surətindən və “Elektron məhkəmə” informasiya sistemindən əldə olunaraq cinayət işi materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlilliyi vardır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 tərəfindən fiziki zorakılıq və digər qanunsuz hərəkətlərin edilməsi ilə bağlı məhkəmədə verdiyi cinayət haqqında məlumat araşdırılıb müvafiq qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğundan cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs 2-ci qrup əlilliyinin olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və təqsriləndirilən şəxsin cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır Belə ki, cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində özünün üzərindən çıxarıb təqdim etdiyi narkotik vasitə və psixotrop maddələrin ona məxsus olduğunu demiş, həmçinin ona qarşı hər hansı fiziki və ya psixi təzyiqin göstərilmədiyini bildirmişdir. O, təqsirləndirilən şəxs qismində dindirilərkən də onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən aşkar olunmuş narkotik vasitə heroinin ona aid olmaması, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Əksinə üzərinə şəxsi axtarış və baxış, habelə evinə baxış və götürmə aparılması barədə protokollara əlavə edilmiş videogörüntülərdən, həmçinin onun ibtidai istintaq zamanı verdiyi ifadələrdən görünür ki, təqsirləndirilən şəxs öz əməlini etiraf etmiş, lakin sonradan törətdiyi cinayət əməlinə görə onu gözləyən cinayət məsuliyyətini yüngülləşdirmək üçün məhkəmə istintaqı zamanı üzərindən aşkar olunmuş xüsusilə külli miqdarda narkotik vasitə heroinin ona aid olmadığını deyərək fərqli ifadə vermişdir. Həmçinin cinayət işi materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan da Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təsir və təzyiq göstərilmədiyi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır və qeyd edir ki, onun üzərindən və evindən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, onların ayrıayrı bağlamalarda olması, evindən elektron tərəzinin də aşkar olunması, ifadəsində qeyd etdiyi kimi narkotik vasitə və psixotrop maddəni başqa şəxslərə çatdırmaq məqsədilə əldə etməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitələri şəxsi istifadəsi üçün deyil, satış məqsədi ilə üzərində gəzdirdiyini ehtiva edir. Onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsini məhkəmə məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri, ekspert rəyləri, protokollar, videogörüntülərlə və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin (CM-nin 234.4-1) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 27 aprel 2024-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinin tələblərini əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur, lakin Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron RPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 164,17 qram narkotik vasitə qurudulmuş marixuana, 979,6 qram narkotik vasitə heroin, 319,8 qram psixotrop maddə metamfetamin və 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalı və 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 164,17 qram narkotik vasitə qurudulmuş marixuana, 979,6 qram narkotik vasitə heroin, 319,8 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə maddi sübut olan 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar