Məhkəmə qərarları › İş №1(124)-759/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-759/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-759/2024 05.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, 10 avqust 1985-ci il tarixdə Gürcüstan Respublikası Bolnisi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Xəzər rayon məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, 03 aprel 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Nərimanov, rayonu, X4 küçəsi, ev 16, mənzil 8 ünvanında qeydiyyatda olan və ünvan 2a yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edərək daşımış və saxlamışdır. Belə ki, o, telefon vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan Aram adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələri satıb 1000 manat ödəyəcəyi barədə ümumi razılığa gəlmiş, 2024-cü ilin yanvar ayının əvvəllərində bir qrup şəxs halında həmin şəxsin Abşeron rayonu ərazisinə qoyduğu 20,326 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini, 9,442 qram çəkidə külli miqdarda narkotik vasitə heroini, 599,13 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, təsiredici maddəsinin təmiz çəkisi 0,4 qram olan 01 ədəd konvolyutda 10 ədəd üzərində “F/M40” əks əlavəli narkotik vasitə metadon dərman həblərini götürüb, satış məqsədi ilə qanunsuz əldə edərək yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, yolun altı küçəsi ev 1 ünvanına daşımış, 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 4,73 qram, 4,83 qram, ümumi çəkisi 9,56 qram olan narkotik vasitə qurudulmuş marixuananı, 04 ədəd bükümdə ayrı-ayrılıqda çəkisi 0,350 qram, 0,340 qram, 0,334 qram, 0,351 qram, ümumi çəkisi 1,375 olan narkotik vasitə heroini, 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 18,655 qram, 0,158 qram, ümumi çəkisi 18,813 qram olan külli miqdarda psixotrop maddə metamfetamini ayırıb üzərində, 04 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,405 qram, 0,370 qram, 0,377 qram, 0,361 qram, ümumi çəkiləri 1,513 qram olan psixotrop maddə metamfetamini, 10 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 4,570 qram, 0,410 qram, 0,397 qram, 0,398 qram, 0,400 qram, 0,400 qram, 0,388 qram, 0,331 qram, 0,387 qram, 0,386 qram ümümi çəkisi 8,067 qram olan külli miqdarda narkotik vasitə heroini, 19 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 4,98 qram, 5,11 qram, 4,69 qram, 5,10 qram, 4,89 qram, 5,0 qram, 5,16 qram, 5,05 qram, 5,12 qram, 4,52 qram, 5,15 qram, 4,68 qram, 4,99 qram, 4,97 qram, 5,34 qram, 4,88 qram, 4,94 qram, 70,0 qram, 435,0 qram, ümumə çəkisi 589,57 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, təsiredici maddəsinin təmiz çəkisi 0,4 qram olan 01 ədəd konvolyutda 10 ədəd üzərində “F/M40” əks əlavəli narkotik vasitə metadon dərman həbləri yaşadığı ünvan 2a saxlamış, 02 fevral 2024-cü il tarixdə saat 18:30-da ünvan 2a Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş narkotiklərlə mübarizə idarəsinin inzibati binasına gətirilmiş və orada həmin günü saat 20:00-dan 20:14-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli idman gödəkçəsinin sağ yan cibindən 02 ədəd sellofan bükümdə ayrıayrılıqda çəkiləri 4,73 qram, 4,83 qram, ümumi çəkisi 9,56 qram olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 04 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,350 qram, 0,340 qram, 0,334 qram, 0,351 qram, ümumi çəkisi 1,375 olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 18,655 qram, 0,158 qram, ümumi çəkisi 18,813 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra əməliyyat tədbirlərinin davamı kimi Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən 02 fevral 2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, yolun altı küçəsi 1 nömrəli evə saat 21:40-dan 21:57ə kimi keçirilən baxış zamanı yataq otağındakı çarpayının altındakı 01 ədəd ağ rəngli torbanın içərisində 01 ədəd qırmızı rəngli sellofanda 17 ədəd sellofan bükümdə ayrıayrılıqda çəkiləri 4,98 qram, 5,11 qram, 4,69 qram, 5,10 qram, 4,89 qram, 5,0 qram, 5,16 qram, 5,05 qram, 5,12 qram, 4,52 qram, 5,15 qram, 4,68 qram, 4,99 qram, 4,97 qram, 5,34 qram, 4,88 qram, 4,94 qram, 01 ədəd şəffaf sellofan bükümdə 70,0 qram, 01 ədəd skoçla bağlanmış sellofan bağlamada 435,0 qram, ümumi çəkisi 598,57 qram olan külli miqdarda çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, təsiredici maddəsinin təmiz çəkisi 0,4 qram olan 01 ədəd konvolyutda 10 ədəd üzərində “F/M40” əks əlavəli narkotik vasitə metadon dərman həbləri, 04 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,405 qram, 0,370 qram, 0,377 qram, 0,361 qram, ümumi çəkiləri 1,513 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 10 ədəd qara rəngli sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 4,570 qram, 0,410 qram, 0,397 qram, 0,398 qram, 0,400 qram, 0,400 qram, 0,388 qram, 0,331 qram, 0,387 qram, 0,386 qram ümümi çəkisi 8,067 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları onu 02 fevral 2024-cü il tarixdə təxminən saat 14:00 radələrində saxlayıb polis idarəsinə aparmış, saat 21:00-22:00 radələrində yaşadığı evə gətirmişlər. Polis əməkdaşları onu yaşadığı evin qapısının önündə saxlamışlar. Onu tutmaq üçün 8 avtomobil ilə gəlmişlər. İran İslam Respublikasının vətəndaşı olan şəxsdən narkotik vasitə almışdır. Həmin şəxs ona 200 manat məbləğində pul verməyi, müqabilində isə təxminən 2000-3000 manat dəyərində narkotik vasitələr verəcəyini, pulun qalanını isə hissə-hissə verməyimi təklif etmiş, o da onunla razılaşmışdır. Onun dediyi ünvana gedib narkotik vasitələri götürmüş, sonradan içərisinə baxdıqda onların xırda bükümlərdə olduğunu görmüşdür. Polis əməkdaşları onu tutmaq üçün gəldikdə, anası evdə olmuş və onu anasının gözü qarşısında döymüşlər. Onda 180 qram miqdarında marixuana növündə narkotik vasitə və 10 qram miqdarında metamfetamin növündə psixotrop maddə olmuşdur. Onu polis idarəsindən evə gətirdikdə, polis əməkdaşları özləri evə narkotik vasitə və psixotrop maddə qoymuşlar. İran İslam Respublikasının vətəndaşı olan şəxsə pul vermədiyi üçün barəsində polis əməkdaşlarına məlumat veriləcəyi, tutulacağı bildirilmişdir. Polis əməkdaşları ona təzyiqlər göstərmişlər. Yaşadığı evdə videoçəkiliş həyata keçirilməzdən əvvəl polis əməkdaşları onun yanında narkotik vasitələri ağ sellofana qoyub evə yerləşdirmişlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2-3 ildir ki, narkotik vatisə hesab olunan marixuana istifadə edir. Təxminən 1 ay əvvəl «İnstagram» ünsiyyət proqramında təsadüfən adını dəqiq xatırlamadığı «Aram» adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Söhbət zamanı həmin şəxsin narkotik vasitə satışı ilə məşğul olduğunu öyrənmişdir. Aram ona ucuz qiymətə müxtəlif növdə narkotik vasitə və psixotrop maddə verə biləcəyini bildirmişdir. Həmin tarixdə maddi vəziyyəti pis olduğuna görə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaq qərarına gəlmişdir. Aram adlı şəxslə arasında olan razılaşmaya əsasən 1000 (min) manat dəyərində olan narkotik və psixotrop maddələri ondan götürüb, satdıqdan sonra pulunu ona verəcəyi barədə şifahi sövdələşmə bağlamışlar. Təxminən yanvar ayının əvvəlində axşam saatlarında Aram adlı İran İslam Respublikasının vətəndaşı Whatsapp ünsiyyət proqramı vasitəsi ilə onunla əlaqə saxlamış və Abşeron rayonu ərazisində narkotik vasitələr və psixotrop maddə gizlədildiyini, onları götürməyini bildirmişdir. Bu səbəbdən həmin tarixdə axşam saatlarında «Aram» adlı İran İslam Respublikasının vətəndaşı Whatsapp ünsiyyət proqramı vasitəsi ilə göndərmiş olduğu ünvana getmişdir və oradan narkotik vasitələri və psixotrop maddələri götürmüşdür. Götürdüyü bükümü yaşadığı ünvan 4 ünvanında yerləşən evinə aparmışdır. Evində narkotik vasitələrin və psixotrop maddələrin yerləşdiyi bükümü açmış və içərisində narkotik vasitələr hesab olunan marixuana, heroin və psixotrop maddələrin metamfetamin olduğunu aşkar etmişdir. Həmin maddələri satmaq məqsədi ilə kiçik hissələrə bölmüş və bir hissəsini satmaq məqsədi ilə üzərində saxlamış, digər hissəsini isə yataq otağında çarpayının altında gizlətmişdir. Həmin tarixdən etibarən hissə-hissə narkotik vasitələri və psixotrop maddələri satırmış, xx.xx.2024-cü il tarixdə axşam saatlarında narkotik vasitələri və psixotrop maddələri satmaq məqsədi ilə yaşadığı ünvan 4 ünvanında fərdi tikili evdən çıxmış, bir qədər piyada getdikdən sonra polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün ünvan 3 ünvanında yerləşən DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirmişlər. Polis idarəsində xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra xahişilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına xidməti otaqlardan öz razılığı ilə müdafiəçinin iştirakı ilə videoçəkiliş altında baxış keçirilərkən əynində olan boz rəngli idman gödəkçəsinin sağ yan cibindən 08 ədəd sellofan bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşları bükümün içərisində olan maddələrin nə olduğunu soruşmuşlar. Həmin bükümlərin içərisində narkotik vasitə marixuana, heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş bükümlər zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Sorğu-sual zamanı polis əməkdaşlarına yaşadığı evdə narkotik vasitələr və psixotrop maddə gizlətdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi tikili evinə getmişlər. Həmin evin yataq otağında gizlətdiyi 01 ədəd ağ rəngli torbanı təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilən zaman bükümlərin içərisində narkotik vasitə marixuana, heroin və psixotrop maddə metamfetamin olduğu aşkar olunmuşdur. Evdən aşkar olunmuş əşyalar zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsindən ötrü tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş narkotiklərlə mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 02 fevral 2024cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün təxminən saat 18:30-18:40 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində saxlanılmış, özlərini təqdim etdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən metamfetamin növündə psixotrop maddə, heroin və marixuana növlərində narkotik vasitələr aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, yaşadığı evdən heroin növündə narkotik vasitə, metamfetamin növündə psixotrop maddə, metadon həbləri və tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatını o əldə etmiş, əməliyyat qrupunda 2 nəfər iştirak etmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış həyata keçirmək üçün polis idarəsinə aparmışlar, şəxsi axtarış zamanı yaşadığı evdə də qanunsuz vasitələr saxladığını bildirmiş və bundan sonra onun yaşadığı evə gedib baxış keçirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmək üçün getdikdə, həmin evdə onun anası yox idi, Təqsirləndirilən şəxs evdə tək olmuşdur. Onun saxlanılmasında özü və Şahid2 iştirak etmişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilən Şahid2 ifadəsindən görünür ki, o, Şahid1la oxşar məzmunlu ifadələr verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 02 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman gödəkçəsinin sağ yan cibindən içərisində açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olan 2(iki) ədəd sellofan bükümü, içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan 2(iki) ədəd sellofan bükümü, içərisində açıq qəhvəyi rəngli, heroinə bənzər kütlə olan 4(dörd) ədəd sellofan bükümü aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 30-31) Cinayət işinin materiallarında olan 02 fevral 2024-cü il tarixli «evə baxış keçirilməsi və götürmə haqqında» protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı çarpayının altındakı 1 (bir) ədəd ağ torbanın içərisindən 1 (bir) ədəd elektron tərəzi, 1(bir)ədəd qırmızı rəngli sellofanda içərisində açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olan 17(on yeddi) ədəd sellofan bükümü, içərisində açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olan 2(iki) ədəd bağlama,10(on) ədəd metadon həbinə bənzər kütlə, içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan 4(dörd) ədəd sellofan bükümü, içərisində açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə olan 10(on) ədəd qara sellofan bükümü götürülmüşdür. Elektron tərəzidə çəkilmiş qurudulmuş marixuanaya bənzər kütlələrin ümumi çəkisi 690 (altı yüz doxsan) qram, heroinə bənzər kütlələrin çəkisi 10(on) qram, metamfetaminə bənzər kütlələrin çəkisi 2,11 (iki tam yüz on bir) qram müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 35-36) “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “evə baxış keçirilməsi və götürmə haqqında” 02 fevral 2024-cü il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və evə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 218, 219) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 03 fevral 2023-cü il tarixli 3-16-16/2-7/187 nömrəli rəyindən görünür ki: 1. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış kağız paketdə iki ədəd şəffaf sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri: 4,73qram, 4,83qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 9,56 qramdır. 2. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş...” sözləri yazılmış skoçla bağlanmış polietilen torbada 17(on yeddi) ədəd şəffaf sellofan paketdə ayrıayrılıqda təmiz çəkiləri: 1)4,98qram, 2)5,11 qram, 3)4,69qram, 4)5,10qram, 5)4,89qram, 6)5,0qram, 7)5,16qram, 8)5,05qram, 9)5,12qram, 10)4,52qram, 11)5,15qram, 12)4,68qram, 13)4,99qram, 14)4,97qram, 15)5,34qram, 16)4,88qram, 17)4,94qram, bir ədəd şəffaf sellofanda təmiz çəkisi 70,0qram, bir ədəd skoçla bağlanmış sellofan bağlamada təmiz çəkisi 435,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi- 589,57qramdır. 3. Tədqiqata təqdim olunmuş kağız paketdə və skoçla bağlanmış polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. 4. Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan marixuananın hissəcikləri yoxdur. Marixuananın hissəcikləri olmadığına görə təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmadı. (Cild 1, iş vərəqləri 44-47) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 fevral 2023-cü il tarixli 3-16-16/2-6/756 nömrəli rəyindən görünür ki,: 1. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr; şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, Müdafiəçi -imza, təhq. A.Aslanov imza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 04 (dörd) ədəd bükümlərdə təmiz çəkiləri-0,350 qram., -0,340 qram,-0,334 qram,-0,351 qram, ümumi təmiz çəkisi-1,375 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə -heroindirlər, 02 (iki) ədəd bükümlərdə təmiz çəkisi-18,655 qram, -0,158 qram, ümumi təmiz çəkisi- 18,813 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindirlər. 2. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr; şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, Müdafiəçi - imza, təhq. A.Aslanov imza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd polietilen bağlamada 10 (on) ədəd bükümlərdə təmiz çəkiləri -4,570 qram,-0,410 qram,-0,397 qram,-0,398 qram,-0,400 qram,-0,400 qram, -0,388 qram, - 0,331 qram, -0,387 qram,ümumi təmiz çəkisi-8,067 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; 04 (dörd) ədəd bükümlərdə təmiz çəkisi-0,405 qram,-0,370 qram,-0,377 qram, -0,361 qram, ümumi təmiz çəkisi-1,513 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindirlər; 01 ədəd konvolyutda qəhvəyi rəngli dairəvi formalı üzərində “F/M40” əks əlavəli, ümumilikdə 10 ədəd həblər xarici əlamətlərinə və tərkibindəki təsir edici maddəsinin miqdarına görə eyni olan metadon tərkibli dərman preparatıdır və 10 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı -0,4 qramdır; -01 ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumi təmiz çəkiləri - 9,442 qram olan heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumi təmiz çəkiləri - 20,326 qram olan metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 50-52) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3296 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 171-172) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən “mobil telefona baxış keçirilməsi haqqında» protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A03 Core” markalı mobil telefonunda olan məlumatlara baxış keçirilmiş, baxış zamanı «Whatsapp» proqramında +99***-***-**-** nömrəli abunəçinin +98 914 706 6873(Gülü Aram) nömrə ilə yazışmaları aşkar edilmişdir. (Cild 1, iş vərəqləri 168- 170) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. (Cild 1, iş vərəqləri 126-127) Cinayət işi materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 19 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilib götürülmüş 599,13 qram və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 598,08 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuananın, 9,442 qram və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 9,162 qram çəkidə olan narkotik vasitə heroinin, 20,326 qram və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 20,206 qram çəkidə olan psixotrop maddə metamfetaminin, 10 ədəd və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 9 ədəd narkotik vasitə metadon həblərinin, 01 ədəd elektron tərəzinin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A03 Core” markalı mobil telefonun maddi sübut kimi tanınmaqla Abşeron rayon polis idarəsində saxlanılması, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, evə baxış keçirilməsi və götürmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD diskin, «Whatsapp» proqramında aşkar edilmiş səs mesajları, +99***-***-**-** abunəçinin +98 914 706 6873(Gülü Aram) nömrə ilə yazışmalarını əks etdirən fotoşəkillərin yazıldığı 01 ədəd diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. (Cild 1, iş vərəqləri 176-189) Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması, yaşadığı evdə videoçəkiliş həyata keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən narkotik vasitələrin ağ sellofana qoyub evə yerləşdirilməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən və yaşayış yerindən götürülmüş narkotik vasitələrin və psixotrop maddənin həcminin külli miqdardan artıq olması, narkotiklərin növ müxtəlifliyinin olması və çoxsaylı xırda bükümlərə bükülməsi, eləcə də elektron tərəzinin mövcudluğu onun məqsədinin satışla bağlı olmasının aşkar təzahürüdür. Məhkəmə yekun qərar – təqsirləndirilən şəxsin əməlini tövsif edərək ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Belə ki, ona Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həmin hökmlə təyin edilmiş cəzanın çəkilməmiş qalan 06 ay 27 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzası sona çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixdən 2 il müddət keçməmiş Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət törədildiyindən onun əməli cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Bununla yanaşı, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin anası X3 ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuş, həmçinin Nərimanov Rayon MKTB 37 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X2 Hacıyevin himayəsindədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələbinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd ediləndlərə əsasən məhkəmə təqsirləndirilən şəxsin anasının xəstə olmasını və onun himayəsində olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 02 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 04 fevral 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 01 iyun 2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qərarları ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 22-23, 71-73, 97-98, 156-160) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, təqsirləndirilən şəxs barəsində narkomanyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən qərara alır ki, 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 589,57 qram olan narkotik vasitə qurudulmuş marixuana, 9,162 qram olan narkotik vasitə heroin, 20,206 qram olan psixotrop maddə metamfetamin və 09 ədəd metadon həbi məhv edilməli, 2 (iki) ədəd DVD disk, 01 ədəd disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A03 Core” markalı mobil telefon onun yaxın qohumlarına birinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 181 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrii ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 589,57 qram olan narkotik vasitə qurudulmuş marixuana, 9,162 qram olan narkotik vasitə heroin, 20,206 qram olan psixotrop maddə metamfetamin və 09 ədəd metadon həbi məhv edilsin, 01 ədəd mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılsın. 03 ədəd disk iş materiallarında saxlanılsın. 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs 181 (yüz səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar