Məhkəmə qərarları › İş №1(124)-76/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-76/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-76/2025 30.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşamış, barəsində həbs qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilməklə cəzası 06 ay azadılmaqla, 22 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmasına baxmayaraq qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 11,021 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla, Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksinin yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 26 yanvar 2024- cü il tarixdə saat 12:05-də qeyd olunan ünvanda olduğu zaman saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə orada həmin gün saat 14:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qırmızı rəngli idman gödəkçəsinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,306 qram və 4,715 qram olmaqla ümumi çəkisi 11,021 qram olan külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o yalnız narkotik istifadəçisi olmuşdur, “X7”ndə əsgər yoldaşı olmuş şəxsin yanına gedəndə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlib onu aparmışlar. Göyçay şəhərində yaşamış, hərdən xəstə anasının yanına gəlib-getmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinində narkotik vasitəni stolun üzərinə qoymuşlar ki, guya onun cibindən çıxmışdır. O, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tutulmuş, polisin nəzarəti altında olmuşdur. O bilmişdir ki, onu satmaq məsuliyyətdir. Əvvəllər boynuna almamışdır, lakin sonra onu evindən də narkotik vasitə çıxarmaqla hədələmişlər. Məcbur qalıb boynuna götürmüşdür. Verilən suallara cavab olaraq bildirdi ki, 2022-ci ilin fevralında cəzaçəkmə müəssisəsindən buraxılmış, azad olunduqdan sonra da narkotik vasitə istifadə etmişdir. “Nəşə”, heroin istifadə etmiş, “patı” istifadə etməmişdir. Daimi yaşayış yeri Göyçaydır. Əsgər yoldaşına zəng vurmuş, əlaqə saxlaya bilməmişdir, ona görə şəhərciyə onun yanına getmiş, onun yanına çata bilməmişdir. Göyçaydan anasının yanına gəlmiş, anası Masazırda yaşamışdır. Bakıda çox tanışı olmamış, ona görə əsgər yoldaşı üçün narahat olmuşdur. Əsgər yoldaşı Ağa Əhmədovu əsgərlikdən bəri tanımışdır, o, “X7”ndə yaşayır.Tutulduğu günə qədər istifadəsində ***-***-**-** nömrəsi olmuşdur, Anar adlı şəxs bəzən ona narkotik vasitə götürməklə bağlı yazmış, o isə demişdir ki,” mən heç yerdən götürə bilmərəm, sən özün götürə bilirsənsə, konum atım, götür və gəl birlikdə çəkək.” Günorta saat 3-də saxlanılmış, ittiham aktında yazılan saat səhv olmuş, onu idarəyə iki dəfə aparmışlar. Telefonu üzərində açıq şəkildə olmuşdur, ***-***-**-** istifadəsində olan nömrə olmuş, nə zaman söndürdüklərini bilməmişdir. Onu tutduqdan sonra idarəyə aparmış, sonra yenidən evə qaytarmış, çəkiliş edilmiş və yenidən idarəyə aparmışlar. Videoçəkiliş zamanı yoldaşı evdə, digər otaqda olmuş, böyük ehtimalla bu dediklərini görməmişdir. İkinci dəfə onlar gedəndə saat axşam 5 radələri olmuşdur. Hava təzə qaralmışdır. Onu 3 nəfər saxlamışlar, əlinə qandal yox, rezin vurmuşlar. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ilkin ifadəsində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitənin və psixotrop maddənin müxtəlif növlərindən istifadə edir. Üzərindən aşkar olunmuş psixotrop maddələri 25 yanvar 2024-cü il tarixdə “whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə tanımadığı şəxsdən 100 manat qarşılığında almışdır. Belə ki, həmin şəxs Abşeron rayonu, Xırdalan şəhəri, “X7”də ona psixotrop maddəni qoyduğu yerin şəklini göndərmiş, o da psixotrop maddəni oradan götürərək, həmin şəxsin ona göndərdiyi üzərindəki məlumatları dəqiq xatırlamadığı bank kartına 100 manat pul göndərmişdir. Psixotrop maddələri götürməkdə niyyəti istifadə etmək olmuşdur, satış və ya başqa niyyəti olmamışdır. 26 yanvar 2024-cü il tarixdə saat 12:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksinin yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, o da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdir. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində adını “patı” olaraq bildiyi psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişdir. O buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan qırmızı rəngli idman gödəkçəsinin sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü və 01 ədəd “Samsung” markalı mobil telefonunu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Həmçinin, əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 10 ədəd bir manatlıq pul əskinazını təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya maddələr aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi əşya və maddələrə polis əməkdaşları tərəfindən ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. İlk əvvəl təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərə baxış keçirilmişdir. Həmin bükümlər iştirakçıların şahidliyi ilə açılmışdır. Hər iki şəffaf sellofan bükümün içərisindən adını “patı” olaraq bildiyi psixotrop maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş ümumilikdə 02 ədəd sellofan bükümlərdə olan maddələri 1 gün əvvəl, yəni 25 yanvar 2024-cü il tarixdə “whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə tanımadığı şəxsdən 100 manat pul müqabilində aldığını, narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olduğunu, həmin maddənin adını “patı” olaraq bildiyini, bu maddənin onda olduğunu heç kimin bilmədiyini, həmin maddələrdən heç kimə satmadığını, hədiyyə və ya pay vermədiyini bildirmişdir. ( iş vərəqə 69-72) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edən polis mayoru Şahid ifadəsində göstərdi ki, 26 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildiyindən Abşeron rayonu, Xırdalan şəhəri, ‘Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksinin yaxınlığına getmişlər. Təqsirləndirilən şəxs oxşar şəxsin qeyd edilən ünvanın yaxınlığında olduğunu görüb 26 yanvar 2024-cü il tarixdə saat 12:00 radələrində həmin şəxsə yaxınlaşmış, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, o,Baş İdarəyə gətirilmiş, İdarədə müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Təqsirləndirilən şəxs əynində olan idman gödəkçəsinin cibindən 02 ədəd şəffaf sellofan bükülüləri çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Həmçinin, Təqsirləndirilən şəxs əynində olan idman şalvarının cibindən 10 ədəd “1” manatlıq əskinazı təqdim etməklə masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərə baxış keçirilmiş.hər iki şəffaf sellofan bükülünün içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metafetaminə müəyyən edilmiş. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş ümumilikdə 02 ədəd sellofan bükümlərdə olan maddələri “whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə tanımadığı şəxsdən 100 manat pul müqabilində aldığını, narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olduğunu, həmin maddənin adını “patı” olaraq bilməsini, bu maddənin onda olduğunu heç kimin bilmədiyini, həmin maddələrdən heç kimə satmadığını, hədiyyə və ya pay qismində vermədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 02 ədəd sellofan bükümlərdə olan psixotrop maddə metafetaminə qablaşdırılıb, möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 26 yanvar 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. ( 5-6) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş 26 yanvar 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanunauyğun hesab edilmişdir. (iş vərəqə 131-132) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 26 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və 02 fevral 2024-cü il tarixli “DVD disk daşıyıcısında qeydə alınan videogörüntülərə baxış keçirilməsi haqqında protokol”-dan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Cavanşir Mansirov tərəfindən X3 üzərində şəxsi axtarış və götürmə hərəkətləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasındakı xidməti otaqların birində həyata keçirilir. Şəxsi axtarış zamanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid, X8, X2 və müdafiəçi X9 iştirak edir və videoçəkiliş həyata keçirilir. Axtarış aparılarkən ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli idman gödəkçəsinin sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükülüləri və 01 ədəd “ Samsung” markalı mobil telefonu çıxarıb təqdim etməklə masanın üzərinə qoyur. Həmçinin, Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarın sol yan cibindən 10 ədəd “1” manatlıq əskinazı təqdim etməklə masanın üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilmir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə tərəfimdən ardıcıllıqla baxış keçirilir. İlk əvvəl Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərə baxış keçirilir. Həmin bükümlər iştirakçıların şahidliyi ilə açılır. Hər iki şəffaf sellofan bükülünün içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metafetaminə oxşar maddə olması müəyyən edilir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş ümumilikdə 02 ədəd sellofan bükümlərdə olan maddələri “whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə tanımadığı şəxsdən 100 manat pul müqabilində aldığını, narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olduğunu, həmin maddənin adını “patı” olaraq bilməsini, bu maddənin onda olduğunu heç kimin bilmədiyini, həmin maddələrdən heç kimə satmadığını, hədiyyə və ya pay qismində vermədiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 02 ədəd sellofan bükümlərdə olan psixotrop maddə metafetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi “ Samsung” markalı mobil telefona baxış keçirilir. Baxış zamanı həmin mobil telefonun özünə aid olduğunu, içərisində ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirir. Bundan əlavə üzərində aşkar edilmiş 10 ədəd “1” manatlıq əskinaza baxış keçirilən zaman həmin pulların özünə məxsus olduğunu, hər hansı bir qanunsuz yolla əldə etmədiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş içərisində 051- ***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülür. 10 ədəd “1” manatlıq əskinaz isə iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs geri qaytarılır. DVD-R disklərdəki videogörüntülərə baxış 02 fevral 2024-cü il saat 15:57-də başlandı, həmin gün saat 16:12-də başa çatdı. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilərək cinayət işi materiallarına əlavə olunmuşdur. (iş vərəqə, 27-28, 106-107) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/669 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş (imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan paketdəki 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,306qram və 4,715qram ümumi təmiz çəkisi 11,021qraam ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi - 11,021 qr, tədqiqata sərf edildi - ümumi 0,1 qr, qalıq - 10,921qr.(iş vərəqə 40-44) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 19 fevral 2024-cü il tarixli 1103 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs orioidlərin, kannabinoidlərin və psixostimulyatorlarin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəydə Təqsirləndirilən şəxs öz deməsinə görə, uzun müddətdir ki, narkotik vasitə marixuanadan siqaretə doldurub çəkməklə istifadə etməsi, uzun müddətdir ki, narkotik vasitə tiryək istifadə etməsi, həmçinin, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə etməsi göstərilmişdir.(iş vərəqə 151-152) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə adı qeyd olunan mərkəzdə könüllü surətdə stasionar müalicədə olmuşdur.(iş vərəqə 109) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş “baxış keçirilməsi haqqında” 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir."xxxx" MMC-dən 3310 nömrəli nömrəli məktubla daxil olmuş və özündə giriş- çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. xx/xx/2023-cü il tarixdə saat 22:55:04-də ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “pulu yada nəysə saq ol egər gəlsən panbiqida gətir pizrokda aqzina qedər doludu lomkadayam ***** aqridayam” tipli mesajlar yazılmışdır.(iş vərəqə 121) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “cinayət işinin istintaq materiallarına əlavə edilmiş mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin mobil telefonun “Samsung” olması və içərisində ***-***-**-** saylı mobil nömrənin olması müəyyən edilmişdir. Mobil telefona baxış keçirilən zaman “whatsapp” ani mesajlaşma proqramında onun “Anar Es” adlı şəxslə yazışması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs “Anar Es” adlı şəxsə “iki dene yari birde biraz daş lazimdi”, “iki dene yarini ver” tipli mesajlar yazılmış, “Samsung” markalı mobil telefonun şəkillər albomundan isə narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsini özündə əks etdirən fotoşəkillər aşkar edilmişdir.Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon cihazı öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilib, saxlanmışdır.(iş vərəqə 122) Cinayət işinin materiallarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 10,921 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına qədər saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir.(i.v 124-127) “Elektron Məhkəmə İnformasiya Sistemi”-dən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cu il təvəllüdlü Xəlilli Məhəmməd Elçin oğlu adlı azyaşlı uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya haqqında qərarının 4-cü bəndinə əsasən Qaradağ Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəzası 06 ay azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.(iş vərəqə 128-130) Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. CM-nin 18-ci maddəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin tələbinə əsasən əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi vaxtda cəzanı çəkib qurtardığı gündən 02 (il) müddət keçmədiyindən onun əməlində cinayətlərin residivi vardır. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən psixotrop maddəni satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, psixotrop maddənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olduğu halda, onun üzərində daha çox həcmdə psixotrop maddə, narkotik vasitə. eləcə də elektron tərəzi aşkar oluna bilərdi. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin mobil telefonunda aşkar edilmiş yazışmalara münasibət bildirərək qeyd etmək istəyir ki, həmin yazışmalarla təqsirləndirilən şəxsin kiməsə narkotik vasitə və psixotrop maddə satması müəyyən edilməmiş, əksinə olaraq Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxslərdən şəxsi istifadəsi üçün biriki qram narkotik vasitə istəməsi öz əksini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, psixotrop maddənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə uyğun olmaqla, həmin cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində ümumiyyətlə psixotrop maddə olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması onun cəzalarını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi olması onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nərimanov Rayon Məhkəməsinin 27 yanvar 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. (19, 58-59, 88-92) Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd olunan iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 10,921 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli və 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 10,921 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar