Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-761/2024 28.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X7 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı Nazim oğlu, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lerik rayonu, Çayrud kəndində qeydiyyatda olub həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə saat 22:40-da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozmaqla, alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Nissan Navara» markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonu Şahnəzərli kəndi ərazisindən keçən 135-ci kilometrində, Bakı istiqamətində yolun hərəkət hissəsinə sağ tərəfdən birləşən köməkçi torpaq yolla 50 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib, sükan arxasında yuxuladığından idarəetməni itirməsi səbəbindən sol tərəfə, yolun Quba istiqamətindəki əks hərəkət hissəsinə daxil olanda avtomobilin arxa hissəsi sürüşüb yolun Quba istiqamətindəki sağ ehtiyat hissəsinə çıxmış, bu zaman yolun Quba istiqamətindəki hərəkət hissəsi ilə 55-60 km/saat sürətlə düzünə hərəkətdə olan Şahid idarə etdiyi «Shacman» markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qabaq orta hissəsi ilə onun idarə etdiyi «Nissan Navara» markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi arasında yolun Bakı istiqamətindəki hərəkət hissəsi üzərində toqquşma baş vermiş, nəticədə ehtiyatsızlıqdan «Nissan Navara» markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs başın və gövdənin qapalı küt travması, baş beyin toxumasına və onun yumşaq qişasına geniş qansızmalar, baş beyin maddəsinə kəskin ödemi, sol ağ ciyərin cırılması, sağ İV,V,Vİ,Vİİ, sol İV,V,Vİ,Vİİ,Vİİİ qabırğaların qapalı köndələn sınıqları, sol bud sümüyünün orta 3/1-nin qapalı qəlpəli sınığı, aşağı və yuxarıçənə sümüklərinin, burun sümüyünün qəlpəli sınıqları, başın alın, təpə, ənsə nahiyyələrinin, alt çənə, sol said və sol diz nahiyyələrinin əzilmiş yaraları, döş qəfəsinin və sağ dizin qançırları, sağ baldırın sıyrığı, başın və döş qəfəsinin yumşaq örtüyünə qansızmalardan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri alaraq hadisə yerində ölməsinə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 21 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Şabran rayonu, Pirəmsən kəndi ərazisində yerləşən kafedə tanışı Zərərçəkmiş şəxs ilə axşam yeməyi yeyərkən sonuncu ilə birlikdə 0,5 litr araq içmişdir. Həmin yeməkdən əvvəl o özü tək 0,5 litr də pivə içmişdir. Həmin gün saat 22:35-də birlikdə etibarnamə əsasında idarə etdiyi «Nissan Navara» markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, belə ki, o, sükan arxasında, Zərərçəkmiş şəxs isə qabaq sağ oturacaqda oturmuşdur. Mühərriki işə salaraq idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Nissan Navara» markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonu Şahnəzərli kəndi ərazisindən keçən 135-ci kilometrində, həmin yola Bakı istiqamətində sağ tərəfdən birləşən köməkçi torpaq yolla 50 km/saat sürətlə hərəkət etməyə başlamışdır. Bakı-Quba-Dağıstan sərhədi avtomobil yoluna daxil olub Bakı istiqamətində hərəkətini davam etdirməli olduğu vaxt yorğun və içkili olduğu üçün onu yuxu tutmuş, bu səbəbdən də idarə etdiyi «Nissan Navara» markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə gözləmədən, gəldiyi sürətlə Bakı istiqamətində sağ tərəfdəki torpaq yoldan Bakı-Quba-Dağıstan sərhədi avtomobil yoluna girmiş, avtomobil yolun Bakı istiqamətindəki hərəkət hissəsindən keçib Quba istiqamətindəki hərəkət hissəyə daxil olanda avtomobilin arxa hissəsi sürüşüb yolun Quba istiqamətindəki sağ ehtiyat hissəsinə çıxmış və o, ayılıb sükanı sağ tərəfə burmaqla idarə etdiyi avtomobili yolun Bakı istiqamətindəki hərəkət hissəsinə qaytarmaqla Bakı istiqamətinə doğru hərəkətə başlamış, elə həmin an idarə etdiyi «Nissan Navara» markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi ilə Quba istiqamətində hərəkət edən «Shacman» markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qabaq orta hissəsi arasında yolun Bakı istiqamətindəki hərəkət hissəsi üzərində toqquşma baş vermişdir. O, qeyd etmişdir ki, sonradan bildiyinə görə yolun Quba istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə düzünə hərəkətdə olan «Shacman» markalı yük avtomobilinin sürücüsü Şahid idarə etdiyi avtomobillə toqquşmadan yayınmaq məqsədi ilə idarə etdiyi yük avtomobilini yolun Bakı istiqamətindəki hərəkət hissəsinə çıxarmışdır. Hadisə nəticəsində yük avtomobilinin sürücüsü Şahid heç bir xəsarət almasa da, avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs hadisə yerində ölmüş, özü isə hadisə zamanı müxtəlif ağır bədən xəsarətləri almış və deformasiya olmuş avtomobildə sıxılıb qalmışdır. Onu və Rəşidin meyitini yaxınlıqdakı tanımadığı şəxslər və hadisə yerinə gəlmiş xilasedicilər birlikdə deformasiya olmuş avtomobildən çıxarmışlar. Onu hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə ilkin tibbi yardım göstərilməsi üçün Şabran rayon mərkəzi xəstəxanasına, Zərərçəkmiş şəxs meyitini isə məhkəmə tibbi müayinədən keçirilməsindən ötrü Şabran rayon mərkəzi xəstəxanasının həyətində yerləşən meyitxanaya aparmışlar. Şabran rayon mərkəzi xəstəxanasında ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün onu təcili tibbi yardım avtomobili ilə Bakı şəhərində yerləşən X14 aparmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Nissan Navara» markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Ehtibar Nəbiyev adlı şəxsin mülkiyyətində olmuş, ona idarə etmək üçün etibarnamə vermişdir. Avtomobilə dəymiş ziyanla bağlı ona qarşı heç bir tələb hazırda yoxdur. Əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhd etsə də, hazırda barışmamışdır, zərərçəkmiş şəxsin hüquqi varisinə hər hansı maddi yardım etməmişdir, özü də bir ilə xəstə olaraq yerdə yatmışdır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 göstərmişdir ki, mərhum şəxs onun atası olmuşdur, təqsirləndirilən şəxs isə Şabran rayonunda sahibkar Ehtibar Nəbiyev adlı şəxsin evində işləmiş, oradan həmin şəxsi qiyabi olaraq tanımışdır. Hadisənin şahidi olmamış, hadisə baş verdikdən sonra ona hadisə barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs yalan danışır, onun tərəfindən barışıq üçün heç bir cəhd olunmamış, maddi ziyan ödəmək bir yana, heç keçən müddət ərzində bir dəfə də olsun onlara quruca baş sağlığı verməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ibatidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2018-ci il tarixdən “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla avtomobil idarə edir. Avtomobil idarə etdiyi müddət ərzində heç vaxt yol-nəqliyyat hadisəsi törətməmişdir. Sürücülük hüququndan məhrum olunmamışdır. X5 mülkiyyətində olan «Shacman» markalı, ** RF *** dövlət qeydiyyat nişanlı yük avtomobilini 24 avqust 2022-ci il tarixdən etibarnamə əsasında idarə etmişdir. 21 sentyabr 2022-ci il tarixdə saat 22:40-da texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi «Shacman» markalı, ** RF *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Quba istiqamətindəki hərəkət hissəsi ilə 55-60 km/saat sürətlə düzünə hərəkətdə olarkən avtomobilin kabinasında sərnişin, yük yerində yük olmamışdır. Yolun Şabran rayonu Şahnəzərli kəndi ərazisindən keçən 135-ci kilometrində Quba istiqamətində hərəkətdə olduğu zaman qarşıda yolun hərəkəti istiqamətində sol tərəfindən, köməkçi yoldan qəfildən yüksək sürətlə «Nissan Navara» markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil birbaşa yolun hərəkətdə olduğu Quba istiqamətindəki hərəkət hissəsinə daxil olmuş, sürəti yüksək olduğu üçün «Nissan Navara» markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun Quba istiqamətindəki hərəkət hissəsinə daxil olanda arxa hissəsi sürüşüb yolun Quba istiqamətindəki sağ ehtiyat hissəsinə çıxmış və yolun Quba istiqamətindəki hərəkət hissəsi ilə Bakı istiqamətində idarə etdiyi yük avtomobili ilə üzbəüz gəlməklə hərəkətini davam etdirmişdir. O, bu vəziyyəti görüb «Nissan Navara» markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün idarə etdiyi yük avtomobilinin sağ yan tərəfindən ötüb keçmək istədiyini fikirləşmiş və buna görə də ona yol vermək məqsədi ilə idarə etdiyi yük avtomobilini nisbətən sol tərəfə manevr etdirmişdir ki, «Nissan Navara» markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etdiyi yük avtomobilinin sağ yanından ötüb keçsin. Lakin «Nissan Navara» markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin adını sonradan bildiyi sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sürətini bir qədər də artırmış, o, toqquşma baş verməsin deyə idarə etdiyi yük avtomobilini tam olaraq sol tərəfə döndərməklə yolun Bakı istiqamətindəki hərəkət hissəsinə çıxarıb dayandırmış, elə həmin an sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sükanını qəfildən sağ tərəfə burub idarə etdiyi avtomobillə yolun Bakı istiqamətindəki hərəkət hissəsinə çıxmışdır. Beləliklə də «Nissan Navara» markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi ilə dayanmış vəziyyətdə olan, idarə etdiyi «Shacman» markalı, ** RF *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qabaq orta hissəsi arasında yolun Bakı istiqamətindəki hərəkət hissəsi üzərində toqquşma baş vermişdir. Hadisə nəticəsində o, heç bir xəsarət almasa da, «Nissan Navara» markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs hadisə yerində ölmüş, həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs isə müxtəlif bədən xəsarətləri almışdır. O, yaxınlıqdakı tanımadığı şəxslər və hadisə yerinə gəlmiş xilasedicilərlə birlikdə «Nissan Navara» markalı, 99- DZ-898 dövlət qeydiyyat nişanlı avtomobildə sıxılıb qalmış sürücü Təqsirləndirilən şəxs, sərnişin Zərərçəkmiş şəxs meyitinin deformasiya olmuş avtomobildən çıxarılmasına kömək etmişdir. Təqsirləndirilən şəxs, sərnişin Zərərçəkmiş şəxs meyitini avtomobildən çıxararkən iydən hiss etmişdir ki, hər iki şəxs hadisədən əvvəl spirtli içki qəbul etmişdir. Xəsarət almış Təqsirləndirilən şəxs hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə ilkin tibbi yardım göstərilməsi üçün Şabran rayon mərkəzi xəstəxanasına, Zərərçəkmiş şəxs meyitini isə məhkəmə tibbi müayinədən keçirilməsindən ötrü Şabran rayon mərkəzi xəstəxanasının həyətində yerləşən meyitxanaya aparmışlar. O, isə hadisə yerində qalmışdır. Hadisə yerinə gəlmiş polis əməkdaşları onun və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, onun özü barəsində artıq Şabran Rayon Məhkəməsində cinayət işinə baxılmış və CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittihamedici hökm çıxarılmışdır. Zərərçəkmiş şxəsin hüquqi varisi ilə barışmışdır. Cinayət işinin materiallarında olan “Raport”dan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:40 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Şabran rayonu Şabrançay kəndi ərazisindən keçən 135-ci kilometrində Quba rayonu İqrıq kənd sakini, 1996-cı il təvəllüdlü Şahid Quba rayonu istiqamətində idarə etdiyi Shacman markalı **-RF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Lerik rayonu Çayrut kənd sakini, 1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri istiqamətində idarə etdiyi Nissan Navara markalı **-DZ- *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə Nissan Navara markalı avtomobildə olan sərnişin Şabran rayonu Pirəmsən kənd sakini, 1950-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ölmüş, həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs xəsarət almışdır (cild 01, iş vər. 07). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Bakı-Quba-Dağıstan sərhədi yolunun Şabran rayonu Şabrançay kəndi ərazisindən keçən 135-ci kilometrində baş vermişdir. Protokola müvafiq olaraq hadisənin baş vermə sxemi və foto şəkillər əlavə olunmuşdur (cild 01, iş vər. 08-126). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”dan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı orta dərəcəli sərxoş vəziyətində olmuşdur (cild 01, iş vər. 53). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 21 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs meyitinin bədən səthində başın və gövdənin qapalı küt travması, baş beyin toxumasına və onun yumşaq qişasına geniş qansızmalar, baş beyin maddəsinin kəskin ödemi, sol ağ ciyərin cırılması, sağ İV,V,Vİ,Vİİ, sol İV,V,Vİ,Vİİ,Vİİİ qabırğaların qapalı köndələn sınıqları, sol bud sümüyünün orta 3/1-nin qapalı qəlpəli sınığı, aşağı və yuxarı çənə sümüklərinin, burun sümüyünün qəlpəli sınıqları, başın alın, təpə, ənsə nahiyyələrinin, alt çənə, sol said və sol diz nahiyyələrinin əzilmiş yaraları, döş qəfəsinin və sağ dizin qançırları, sağ baldırın sıyrığı, başın və döş qəfəsinin yumşaq örtüyünə qansızmalardan ibarət bədən xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 22 sentyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər, canlı şəxslərdə hamısı birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Ölümünə səbəb başın küt zədələnməsi nəticəsində baş beyin toxumasına və baş beynin yumşaq qişasına qansızmalardan törəyən baş beynin kəskin ödemi olmuşdur. Ölümün baş vermə vaxtı ilkin meyit əlamətlərinə görə meyitin meyitxanada müayinə anından 6-12 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın kimyəvi laborator tədqiqatında etil spirti və narkotik vasitələr aşkar olunmamışdır (cild 01, iş vər. 62-65). Cinayət işinin materiallarında olan məhkəmə-trassoloji ekspertizasının 16 noyabr 2022-ci il tarixli 8/2735 nömrəli rəyindən görünür ki, ilkin kontakt anında toqquşma «Shacman» markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq nisbətən sol hissəsi ilə «Nissan Navara» markalı, 99-DZ- 898 dövlət qeydiyyat nişanh avtomobilin qabaq sol hissəsi arasında təxminən 10-15 dərəcə bucaq altına baş vermişdir. Ekspertizanın təyini haqqındakı qərarda hadisə yerində toqquşmaya kimi nəqliyyat vasitələrinə məxsus təkər (tormoz) izinin qalması haqqında məlumat olmadığından ilkin kontakt anında nəqliyyat vasitələrin yola nəzərən vəziyətlərini və nəticə etibarı ilə hadisənin baş vermə mexanizmini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş «Shacman» markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr, izlər qabaqdan arxaya nisbətən sağdan sola doğru, «Nissan Navara» markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr qabaqdan arxaya nisbətən sağdan sola doğru istiqamətlənmişdir (cild 01, iş vər. 79-83). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-16/2-47760/2023 saylı məktubdan görünür ki, xx.xx.1971-ci il tə\vəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (1409.2031-ci il tarixədək etibarlı olan) BC 009788 nömrəli B kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir (cild 01, iş vər. 98). Cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 15 may 2024-cü il tarixli 8/1114 nömrəli rəyindən görünür ki, «Nissan Navara» markah, **- DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «Nissan Navara» markah avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 01, iş vər. 115-119). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid barəsində CM-in 263.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmışdır (cild 01, iş vər. 174-181). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 263-1.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmışdır (cild 01, iş vər. 235-240). İş materiallarına əlavə edilmiş Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(031)-46/2024 saylı hökmündən görünür ki, Şahid CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə saat 22:40-da alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə texniki cəhətdən saz vəziyyətdə olan «Nissan Navara» markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə ehtiyatsızlıqdan yuxarıda qeyd edilən cinayət əməlini törətməsi onun özünün etirafı ilə yanaşı, şahid ifadələri, məhkəmə-tibbi, məhkəmə-avtotexniki ekspertizalarının rəyləri, o cümlədən digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir və ona görə də, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 263- 1.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-in cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi elkspertizasının rəyindən və tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs özü də hadisə nəticəsində ağır dərəcəli bədən xəsarətləri almışdır (cild 01, iş vər. 66-68). İş materiallarına əlavə edilmiş X1 Sistemindən çıxarılmış “Əlillik haqqında” arayış və “Pensiya haqqında” arayışın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2001-ci il tarixdən ümumi xəstəlikdən müddətsiz olaraq ikinci qrup əlildir və xx.xx.2006-cıil tarixdən 363.86 manat məbləğində pensiya alır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 97). Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ikinci qrup müddətsiz əlil olmasını, özünün də hadisə nəticəsində ağır dərəcəli bədən xəsarətləri almasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə hazırda zərərçəkmiş şəxslərin hüquqi varisinin ondan şikayətçi olmasını nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona CM-nin 263-1.3 -cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Cinayət işinin materiallarında olan məktubdan və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə axtarışla tutulmuş, daha sonra xx.xx.2024-cü il tarixli ibtidai istintaq orqanının qərarı ilə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azadlığa buraxılmışdır. (cild 01, iş vər. 200, 232). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə növündə əsas cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət onun cəzasına hesablanmaqla çıxılmalı, cəzanın başlanğıcı isə hökmün çıxarıldığı gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbslə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalı, məhkəmə tərəfindən barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə 278 AZN (iki yüz yetmiş səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan “Shacman” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı və “Nissan Navara” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzerə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azəırbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət cəzasına hesablanmaqla çıxılsın və Təqsirləndirilən şəxs üzərində 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa, hökmdə müəyyən edilmiş 03 (üç) il 06 (altı) ay müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “Shacman” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı və “Nissan Navara” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə 278 AZN (iki yüz yetmiş səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-761/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-761/2024
28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver