Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-764/2024 25.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X7 (sədrlik edən), X4 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, H.Əliyev küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalini, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, naməlum vaxtda və şəraitdə barəsində həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilmiş, hazırda Türkiyə Respublikasında gizlənən tanışı “Renat” ləqəbli X1 məqsədi və tamah niyyəti ilə xeyli miqdarda 15,34 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 3,02 qram çəkidə psixotrop maddə metamfetamini və təsiredici maddəsinin ümumi miqdarı 2,1 qram təşkil edən preqabalin tərkibli 14 ədəd kapsullardan ibarət güclü təsir edən dərman preparatını qanunsuz olaraq əldə etmiş, əldə etdiyi qurudulmuş marixuananı satış məqsədilə bölüb hər birində 2,49 qram, 6,12 qram və 6,73 qram çəkidə olmaqla 03 (üç) bükümdə qablaşdırıb bir bükümünü üzərində, qurudulmuş marixuananın qalan hissəsini, psixotrop maddə metamfetamini və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin kapsullarını isə idarə etdiyi “KİA K5” markalı avtomobildə gizlədib saxlamaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 42-ci kilometrliyinə daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 02 may 2024-cü il tarixdə, saat 18:50-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 42-ci kilometrliyində etibarnamə əsasında idarə etdiyi “KİA K5” markalı, **-PF-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq Baş İdarəyə gətirilib, xidməti otaqların birində saat 22:10-dan etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sol yan cibindən onun qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə əldə etməklə daşıyaraq saxladığı 2,49 qram çəkidə 01 (bir) ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi **- PF-*** qeydiyyat nişanlı, “KİA K5” markalı avtomobilinə özünün razılığı və iştirakı ilə 02 may 2024-cü il tarixdə, saat 23:10-dan etibarən keçirilmiş baxış zamanı həmin avtomobilin ön sərnişin oturacağının qarşısında olan saxlanc yerindən 01 (bir) ədəd konvalyutda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan təsiredici maddəsinin ümumi miqdarı 2,1 qram təşkil edən preqabalin tərkibli üzərində “ALYSE 150 mg” yazısı qeyd edilmiş 14 ədəd kapsullardan ibarət güclü təsir edən dərman preparatı, 02 (iki) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 6,12 qram, 6,73 qram olmaqla, ümumi təmiz çəkisi xeyli miqdarda 12,85 qram çəkidə həm öz aralarında, həm də üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuana ilə eyni tərkibli olan qurudulmuş marixuana, 01 (bir) ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi külli miqdarda 3,02 qram çəkidə psixotrop maddə metamfetamin və 01 (bir) ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə deyil, CM-nin 234.1-1-ci maddəsi isə təqsirli bilərək sərbəst ifadəsində göstərdi ki, onun üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və preqabalinin miqdarı ittiahm aktında düzgün qeyd olunub, lakin o, ancaq “nəşə” (marixuana) istifadə edib. Belə ki, o, həmişəki kimi “nəşə” almaq üçün “WhatsApp” mobil tətbiqi vasitəsilə ona göndərilmiş məkana gedib, lakin orada onun istədiyindən əlavə narkotik vasitələr də olub, o həmin maddələri özündə saxlayıb ki, nə vaxtsa, yenə narkotik vasitə alanda həmin maddələri də geri qaytarar. O, narkotik vasitəni ancaq şəxsi istifadəsi üçün əldə edib, həmin maddələri satmaq niyyəti olmayıb. Onun narkitk vasitə əldə etdiyi şəxs onun tanışı və ya dostu deyil, həmin şəxsi adi narkotik satan kimi tanıyır, ona narkotik lazım olanda pulunu göndərib, həmin adam da narkotik vasitəni qoyduğu yerin məkanını ona göndərib və o da həmin məkana gedib narkotik vasitəni götürüb. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, üzərindən və avtomobilindən aşakr edilmiş narkotik vasitə və psixotrop maddələri tutulmamışdan 7-8 gün əvvəl əldə edib və “M10” tətbiqi vasitəsilə ödəniş edib. O, ittihamda qeyd olunan bütün maddələri götürüb, lakin o, ancaq marixuana sifariş verib, digər maddələr səhvən ona göndərilib. Buna görə o marixuananı sifaş verdiyi şəxslə əlaqə saxlayıb, həmin şəxs ona səhvən göndərilmiş maddələri başqa bir məkana qoymasını istəyib, lakin o razılaşmayıb və həmin maddələri gələn dəfə marixuana sifarişini götürəcəyi yerə qoyacağını bildirib. Saxlanılarkən və ibtidai istintaq müddəti ərzində hər hansı fiziki və ya psixi təsir və ya təzyiqlərə məruz qalmayıb. O , bugünədək heç bir narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmayıb, heç kimə həmin maddələrdən pay verməyib. Avtomobilindən aşkar edilmiş tərəzi ilə bağlı ona bildirir ki, narkotik vasitə alanda aldanmasın deyə aldığı narkotik vasitənin çəkisini dəqiqləşdirmək üçün həmin tərəzini əldə edib. Narkotik vasitə əldə etdiyi şəxsi “Renat” adı ilə tanıyıb, onun dəqiq adını bilməyib, həmin şəxsdən dəfələrlə ödəniş qarşılığında öz istifadəsi üçün narkotik vasitə əldə edib. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi mahiyyət etibarilə ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni olmuş, lakin təqsirləndirilən şəxs ibtidai istintaq zamanı daha geniş ifadə vermişdir. Həmçinin o, həmin ifadəsində məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq bildirmişdir ki, 26 aprel 2024-cü il tarixdə Şamxal Novruzova yazaraq sonuncudan qurudulmuş marixuana, “Alisa” adlanan maddə və psixotrop maddə metamfetmin istəmiş, bunun üçün Şamxala “M 10” tətbiqi vasitəsilə 500 manat göndərmiş, Şamxal Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov metrostansiyası yaxınlığına konum ataraq sifarişlərini oradan götürməsini bildirmiş, o da qeyd olunan ünvana gedib qurudulmuş marixuana, metamfetamin və “Alisa” adlanan kapsulları oradan götürmüşdür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadəni də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 02 may 2024-cü il tarixdə DİNin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edilərək müvafiq rəsmiləşdirmə işləri həyata keçirildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbiri keçirilib və həmin gün yəni 02 may 2024-cü ilə tarixdə, saat 18:50-də Təqsirləndirilən şəxs Sumqayıt şəhrəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 42-ci kilometrliyində idarə etdiyi “KİA K5” markalı, ** PF *** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılıb. Onlar özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs da özünü təqdim edib və Təqsirləndirilən şəxsı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşınmasında şübhəli olmasını sonuncuya bildiriblər. Bundan sonra Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, həmin idarədə müdafiəçisinin də iştirakı ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması başlanılmış, təklifdən sonra Təqsirləndirilən şəxs şalvarının ciblərindən 01 ədəd şəffaf sellofan bükümü, 01 ədəd mobil telefonu və jiletin cibindən isə idarə etdiyi avtomaşına aid olduğunu bildirdiyi açarı təqdim edib, daha sonra onun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməyib. Sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş bükümə baxış keçirildikdə həmin bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması müəyyən edilib. Eyni zamanda Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş idarə etdiyi avtomobilə aid bir ədəd açar onun özünə geri qaytarlıb. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş həmin kütləni “nəşə” adı ilə tanıdığını, təxminən 26 aprel 2024-cü il tarixdə hazırda Türkiyə Respublikasında olan, tanışı “Renat” ləqəbli X3 onlayn qaydada 500 manat pul ödənişi edərək aldığını, Şamxal Novruzovun həmin kütləni Bakı şəhəri, Nərimanov rayonu ərazisində konum ataraq yerini ona bildirdiyini, həmin konuma gedib narkotik vasitəyə oxşar kütləni, eyni zamanda Şamxalın ona hədiyyə olaraq göndərdiyi 01 büküm “patı” adı ilə tanıdığı psixotrop maddəni və 01 konvalyutda “Alisa” adı ilə tanıdığı preqabalin həblərini götürdüyünü, sözü gedən kütlə, həb və maddələrin yerdə qalanının idarə etdiyi “KİA” markalı avtomobildə olduğunu, avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını, uzun müddətdir narkotik vasitə qurudulmuş marixuanadan istifadə etsə də, digər maddə və həblərdən istifadə etmədiyini, həmin maddə və kütlələrin onda olması barədə heç kimin məlumatının olmadığını, heç kimə satmadığını, hədiyyə vermədiyini və belə bir niyyətinin olmadığını bildirib. Daha sonra Zeynalın özünün və müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla “KİA K5” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətində 02 may 2024-cü il tarixdə, saat 23:10-da baxış keçirilməyə başlanılıb, baxış zamanı Təqsirləndirilən şəxs təklifdən sonra idarə etdiyi avtomobildə 03 ədəd şəffaf sellofan bükümü, 01 ədəd konvalyutu və 01 ədəd elektron tərəzini çıxararaq təqdim edib. Təqsirləndirilən şəxs onlardan əlavə avtomobilində heç bir qanunsuz əşya və ya predmetin olmadığını bildirib, baxış zamanı avtomobildən iş üzrə sübut əhəmiyyəti kəsb edən əşya və predmet aşkar edilməyib. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara baxış keçirildikdə 03 ədəd şəffaf sellofan bükümdən 02 ədəd bükümünün içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin, 01 ədəd bükümün içərisində isə psixotrop maddə metamfetaminə oxşar maddənin, 01 ədəd konvalyutun içərisində 14 ədəd həbin olması olması müəyyən edilib. Aşkar olunmuş 03 ədəd şəffaf sellofan büküm, 01 konvalyutda 14 ədəd həb və 01 ədəd elektron tərəzi qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanıb. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə keçirilən zaman söylədiyi xüsusatları bir daha təsdiq etmiş, aşkar edilmiş 01 ədəd elektron tərəzini isə narkotik vasitə alan zaman aldadılmaması məqsədilə çəkinin müəyyən edilməsi üçün istifadə etdiyini bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, H.Əliyev küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə, saat 18:50-də Təqsirləndirilən şəxs Sumqayıt şəhrəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 42-ci kilometrliyində idarə etdiyi “KİA K5” markalı, ** PF *** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmış, saxlanıldığı yerdə üzərinə şəxsi axtarış aparılması, eləcə də idarə etdiyi maşına baxış keçirilməsinə şərait olmadığına görə avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 may 2024-cü il tarixdə saat 18:50-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 42-ci kilometrliyində idarə etdiyi “KİA K5” markalı ** PF *** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə həmin gün saat 22:10-da şəxsi axtarış və götürmə keçirilərkən əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd bükümdə ümumilikdə təmiz çəkisi 2,49 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs idarə etdiyi KİA K5” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsi etiraz etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 may 2024-cü il tarixdə saat 18:50-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 42-ci kilometrliyində idarə etdiyi “KİA K5” markalı ** PF *** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə həmin gün saat 23:10-da idarə etdiyi “KİA K5” markalı ** PF *** qeydiyyat nişanlı avtomobilə özünün razılığı və iştirakı ilə baxış keçirilərkən avtomobilin ön sərnişin oturacağının qarşısında olan saxlanc yerindən 02 (iki) ədəd bükümdə ayrı-ayrılıq çəkiləri 6,12 qram və 6,73 qram olmaqla ümumilikdə təmiz çəkisi 12,85 qram narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdarda 3,02 qram çəkidə pisoxtrop maddə metamfetamin, 01 (bir) ədəd konvalyutda ümumilikdə təsir maddəsinin ümumi miqdar 2,1 qram təşkil edən 14 (on dörd) ədəd preqabalin kapsulları və üzərində psixotrop maddə metamfetamin izləri olan 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokollara əlavə edilmiş disklərdəki videogörüntülər nümayiş etdirilmiş və həmin videogörüntülərlə təqsirləndirilən şəxsin və şahidin ifadələrində göstərdikləri xüsusatlar və protokollarda qeyd olunanlar öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 03 may 2024-cü il tarixli, 3-16-16/2-6/2422-7/680 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində: “tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd... marixuanaya oxşar kütlə...” yazı və imzalar olan zərfdə 1 (bir) ədəd şəffaf sellofanda təmiz çəkisi 2,49 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi ... avtomobildən....” yazı və imzalar olan zərfdə 2 (iki) ədəd şəffaf sellofanda hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 6,12 qram və 6,73 qram olmaqla, ümumi çəkisi 12,85 qram bitki mənşəli kütlələrçətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin zərfdə olan 1 (bir) ədəd şəffaf sellofanda təmiz çəkisi 3,02 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd üzərində “ALYSE 150 mg capsule pregabaline” yazılan konvalyutda 14 ədəd ağ rəngli kapsulalar güclü təsir edən maddə-preqabalin olub, 14 ədəd kapsulun tərkibində preqabalin təsir maddəsinin ümumi miqdarı 2,1 qramdır. Bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetamindir. Metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik aparmaq mümkün deyildir. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: Marixuananın ümumi çəkisi - 15,34 qram, tədqiqata sərf edilən ümumi miqdar - 0,15 qram, qalıq - 15,19 qram. Metamfetaminin təmiz çəkisi - 3,02 qram, tədqiqata sərf edilən ümumi miqdar - 0,05 qram, qalıq - 2,97 qram. 14 ədədi ağ rəngli kapsulalardan 2 ədədi tədqiqata sərf edildi, qalıq 12 ədəd. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 3,02 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalıq qalmış 2,97 qram qalığı, 15,34 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonra qalıq qalmış 15,19 qram qalığı, 14 (on dörd) ədəd preqabalin tərkibli kapsulaların tədqiqatdan sonra qalıq qalmış 12 (on iki) ədədi, 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzi maddi sübut kimi tanınmış və məhkəmənin hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə protokoluna və baxış və əşyaların götürülməsi protokolun əlavə edilmiş 02 (iki) ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılması nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji espertizasının 13 may 2024-cü il tarixli, 3216 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə 10 ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Təqsirləndirilən şəxs kannabiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X11 daxil olmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 246/MEŞ nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş cinayət işinin istintaqı zamanı psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddələri satış məqsədi ilə əldə edib saxlaması təsdiq edilsə də, bunu bilavasitə görə biləcək şahidlərin dairəsinin müəyyən olunması, narkotik vasitənin, psixotrop maddənin və güclü təsir edən maddənin nə vaxt, harada və hansı şəraitdə əldə etməsi, narkotik vasitə, psixotrop maddələrə və güclü təsir edən maddələrin satışında şübhəli olan şəxslərlə əlaqələrinin yoxlanılması istiqamətində əməliyyat- axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin, psixotrop maddənin və güclü təsir maddənin barəsində həbs qətimkan tədbiri seçilərək beynəxalq axtarış elan edilmiş, hazırda Türkiyə Respublikasında gizlənən “Renat” ləqəbli X3 əldə etməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 02 may 2024-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək sözügedən kütlənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 24-cü bəndində qeyd olunmuşdur ki, CM-in 240-cı maddəsində nəzərdə tutulmuş güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi üzrə cinayətlərin tərkibinin olub olmaması müəyyən edilərkən nəzərə alınmalıdır ki, CM-in 240.1-ci maddəsində və ya 240.1-1-ci maddəsində təsbit edilən müvafiq olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyəti yalnız həmin əməllər satış məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranır. Odur ki, qeyd olunan cinayətlərə dair işlərə baxılarkən, sübutetmə predmetini təşkil edən digər məsələlərlə yanaşı, maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid edilibedilməməsi, şəxsdə bu maddələri satmaq məqsədinin olub-olmaması, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmaması araşdırılmalıdır. Maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid olması barədə nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. Nəzərə alınmalıdır ki, “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı” və “Zəhərli maddələrin siyahısı” 2016-cı il 18 mart tarixli, 180-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın, həmçinin “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs ifadəsində üzərindən aşkar olunmuş marixuananı, metamfetamini və preqabalini satış məqsədilə deyil, şəxsi istifadə məqsədilə üzərində və avtomobilində daşıması ilə bağlı bildirdiklərinə məhkəmə tənqidi yanaşaraq qeyd edir ki, ümumilikdə Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən həm narkotik vasitə, həm psixotrop maddə, həm də psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabilinin aşkar edilməsi, onların miqdarının şəxsi istehlak miqdarından çox olması, narkotik vasitənin ayrı-ayrı bağlamalarda olması, bundan əlavə avtomobilində elektron tərəzinin də aşkar edilməsi məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, o, qeyd edilən maddələri məhz satış məqsədilə üzərində və avtomobilində saxlamaqla daşımışdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ifadəsinin həmin hissəsinə tənqidi yanaşaraq, bunu cinayət məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri təqsirləndirilən şəxsin verdiyi qismən etirafedici ifadəsi, şahid ifadəsi, ekspert rəyləri, protokollar, videogörüntülər və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Həmin əməllər başa çatmış cinayətlər olmaqla, təsnifata görə az ağır və ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin təqdim etdiyi və cinayət işi materiallarına əlavə olunaraq tədqiq edilən sənədlərdən görünür ki, təqdirləndirilən şəxsin qardaşı X8 “Vətən Müharibəsi”ndə iştirak etdiyindən ona “Müharibə veteranı” adı və vəsiqəsi verilmiş, həmçinin o, “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Eyni zamanda əlillik vəsiqəsinin surətindən də təqsirləndirilən şəxsin anası X2 2-ci qrup əlil olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin qardaşı X6 “Vətən müharibəsi” iştirakçısı olmasını, medallarla təltif edilməsini və anasının əlil olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, o cümlədən CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrinin sanksiyaları həddində, CM-nin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, azadlıqdan məhrum etmə növündə qəti cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 02 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2024-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsini əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 may 2024cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 15,19 qram olan narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,97 qram olan psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatından sonra qalıq qalmış tərkibində güclü təsir edən maddə preqabalin olan 12 ədəd kapsul və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş materiallarında olan 02 ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 240.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 15,19 qram olan narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,97 qram olan psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatından sonra qalıq qalmış tərkibində güclü təsir edən maddə preqabalin olan 12 ədəd kapsul və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-764/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-764/2024
25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver