Məhkəmə qərarları › İş №1(124)-768/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-768/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-768/2024 06.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, 27 avqust 1989-cu ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bərdə rayon məhkəməsinin 23 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 01 il sınaq müddəti ilə şərti hesab edilmiş, Bərdə rayon məhkəməsinin 04 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1, 228.2.1 və 229.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 03 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qobustan Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 8 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Psixotrop maddələr”in siyahısına (Siyahı İİ)” daxil edilmiş psixotrop maddə olan metamfetamini külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə qanunsuz olaraq külli miqdarda - 5,261 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla ünvan 3 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 03 iyun 2024-cü il tarixdə saat 18:15-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq ünvan 4aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilməklə orada həmin tarixdə saat 20:10-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman, onun əynində olan qara rəngli şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi - 5,261 qram olan ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis əməkdaşları onu 03 iyun 2024-cü il tarixdə təxminən saat 17:00-17:15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində, "Zevs Pub" adlı kafenin qarşısında saxlamışlar. Həmin ərazidə olarkən qara rəngli avtomobil dayanmış, içərisindən bir nəfər onu saxlamağa gəlmişdir. Həmin vaxt onun bibisi oğlu və dostu da olmuşdur. Bibisi oğlu ona kömək etmək istəmiş, lakin icazə verməmişlər. Onu öz avtomobillərinə mindirmişlər. Onun cibindən bank kartı, pul və yod çıxmışdı. Onun üzərində hər hansı qanunsuz vasitə olmamışdır. Polis əməkdaşları onu saxladıqdan sonra onlardan biri mobil telefon vasitəsilə kiməsə zəng edərək, lazımlı adamı götürdüklərini, kamera görüntülərinin təmizlənməli olduğunu bildirmişdir. Daha sonra onlar onu videogörüntülü zəng vasitəsilə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsinin əməliyyat müvəkkili danışdırmışlar. Həmin əməliyyat müvəkkili ilə aralarında problem yaranmışdır. Belə ki, həmin polis bölməsinin ərazisində baş verən dava zamanı o, dalaşan şəxsləri sakitləşdirməyə çalışsa da, polis əməkdaşları onu da tutmuşdular. Polis əməkdaşları onu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər və onu onların dedikləri ilə razılaşmayacağı təqdirdə qardaşını, əmisini və yaxın adamlarını da tutacaqları ilə hədələmişlər. Onlar ondan verdikləri psixotrop maddənin ona məxsus olduğunu bildirməyini tələb edirdilər. İdarədə olarkən ona çay da vermişdilər. Ekspertin yanına aparılmazdan əvvəl ona bu barədə dedikdə, narkotik vasitə və psixotrop maddə istifadə etmədiyini, ekspert yoxlaması zamanı bunun məlum olacağını demiş, onlar isə ekspertin də öz tanışları olduğunu, onlar nə desə, ona uyğun rəy veriləcəyini bildirmişlər. İdarədə ona verdikləri çayın içərisinə nəsə atmışlar və çayı içdikdən sonra halı pisləşmişdir. Polis əməkdaşları ona fiziki təzyiq göstərməmiş, lakin psixi təzyiqlər göstərmişdilər. Polis əməkdaşları tərəfindən saxlanılan zaman yanında bibisi oğlu və dostu var idi. X9 və Xəlil Əlizadə idilər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində elan edilmiş ittihamda özünü qismən təqsirli bildiyini göstərərək ifadəsində qeyd etmişdir ki, təxminən 7-8 ildir ki, “nəşə” kimi tanıdığı nakrotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 01 iyun 2024-cü il tarixdə yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman yolun kənarında balaca bir bükümün olduğunu görmüş və həmin büküm diqqətini çəkmişdir. Bükümün içərisinə nəzər salan zaman orada “patı” kimi tanıdığı metamfetamin olduğunu müəyyən etmişdir. Həmin bükümü şəxsi istifadəsi üçün cibinə qoymuşdur. 03 iyun 2024-cü il tarixdə saat 18:15-də Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi 305 ünvanının yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bilmişdir ki, hazırda üzərində psixotrop maddə metamfetamin vardır. Bundan sonra polis əməkdaşları onu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra o, əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək metamfetamin olduğunu bildirmişdir. Həmin maddə ondan götürülərək qablaşdırılmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş maddəni təsadüfən yerdən tapmış və şəxsi istifadəsi üçün özündə saxlamışdır. Həmçinin qeyd etmişdir ki, o, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. (Cild 1, iş vərəqləri 73-76) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərdi ki, 03 iyun 2024-cü il tarixdə təxminən saat 18:15 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 5 ünvanının qarşısında saxlanılmış, özlərini təqdim etdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq 1 büküm təqdim etmişdir. Həmin bükümün içərisində ağ kristalşəkilli maddələr var idi. Aşkar olunmuş bükümlər barədə soruşduqda, onları iki gün əvvəl tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən bank kartı və pul da aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq göstərilməmiş, onun əmisi yaxud yaxınları ilə hədələmə halları baş verməmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında ondan başqa Şamil və Ayaz adlı polis əməkdaşları da iştirak etmişlər. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 03 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs və Xəyal Məmmədov ilə birlikdə ünvan 6 ünvanının qarşısında çay içmişlər. Bu zaman birlikdə gedib yemək yeməyi qərarlaşdırmışlar. Obyektdən çölə çıxmışlar. Xəyal Məmmədov avtomobil ilə onları götürməli idi. O, 2 dəqiqə müddətinə yenidən obyektə daxil olmuşdur. İçəri keçdikdən sonra çöldə səs-küy eşitmişdir. Çölə çıxdıqda Təqsirləndirilən şəxs tanımadığı şəxslə mübahisə etdiyini görmüşdür. Qara rəngli avtomobildən 3 nəfər şəxs düşüb Təqsirləndirilən şəxs zorla avtomobilə mindirmək istəmişlər. O, onlara yaxınlaşıb irad bildirmiş, onlar isə kənara durmağını demişlər. Bundan sonra ətrafdakı insanların oraya toplaşdığını görüb Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs zorla avtomobilə əyləşdirib aparmışlar. Xəyal Məmmədov ilə o da onların arxasınca Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs təxminən saat 17:00-17:30 radələrində saxlamışdılar. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi deyildir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı o, əynində olan qara rəngli şalvarın sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sağ yan cibindən 123 manat pulu və 01 ədəd bank kartını təqdim etmişdir. (Cild 1, iş vərəqləri 27-28) Həmin istintaq hərəkətləri videoçəkilişlə aparılmış və istintaq hərəkətlərinin qeydə alındığı bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəq 29) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 04 iyun 2024-cü il tarixli 3-16-16/2-6/3091 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim edilmiş, üzərində: DİN “Zərflər üçün №6” möhür əksi, “Təqsirləndirilən şəxs....” və s. sözlər, soyadlar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,261 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. (Cild 1, iş vərəqləri 40-44) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X7 daxil olmuş məhkəmənarkoloji ekspertizasının 04 iyun 2024-cü il tarixli 3964 nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs narkoloji-tibbi yoxlama zamanı 10 ildir ki, arabir düşəndə narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə istifadə etdiyini, üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamini şəxsi istifadə məqsədi ilə saxladığını bildirmişdir. (Cild 1, iş vərəqləri 157-158) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 20 iyun 2024-cü il tarixli 1932/K nömrəli rəyində aşağıdakılar göstərilmişdir: Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid və fenilalkilamin qrupuna aid olan metamfetamin və amfetamin aşkar edilmişdir. (Cild 1, iş vərəqləri 159-162) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 5,161 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 167- 180) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin əldə etdiyi psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən isə təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair müvafiq qərarına istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı təqsirləndirilən şəxsə verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən psixotrop maddəni satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, narkotik vasitənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, təqsirləndirilən psixotrop maddələrin satışı ilə məşğul olduğu halda, onun üzərində daha çox həcmdə və müxtəlif növdə narkotik vasitə və psixotrop maddə, eləcə də elektron tərəzi aşkar oluna bilərdi. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 8-ci bəndində göstərilmişdir ki, qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, psixotrop maddənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Satış məqsədi olmadan şəxsi istehlak üçün də məhz külli miqdarda psixotop maddənin əldə edilməsinin mümkünlüyünü nəzərə alaraq, qanunverici Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsini cinayət qanununa əlavə etmişdir. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə uyğun olmaqla, həmin cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab edilir. Məhkəmə, təqsirləndirilən şəxsin onda psixptop maddənin olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması, ona psixoloji təzyiq olunması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmə həmçinin şahid X2 məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallara, yəni ona polis əməkdaşları tərəfindən zor tətbiq olunaraq avtomobilə əyləşdirmələri, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməməsi ilə bağlı xüsusatlara tənqidi yanaşır və hesab edir ki, o, onun təqsirləndirilən şəxs ilə qohumluq münasibətlərində olmaqla onun mənafeyinə uyğun ifadə verməsi səbəbindən ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından, həmçinin müvafiq məhkəmə qərarı və hökmlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 12 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 15 mart 2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzası 03 ay 12 müddətə endirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən həmin hökm üzrə təqsirləndirilən şəxsin məhkumluğu ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin 23 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 01 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Daha sonra o, Bərdə rayon məhkəməsinin 04 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 228.2.1 və 229.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 03 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qobustan Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 8 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (Cild 1, iş vərəqləri 121-122, 132-133) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Odur ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin hər iki hökmü üzrə məhkumluğu ödənilməmiş hesab olunur. Məhkəmə qeyd edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən bu hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Bundan başqa, müəyyən olunur ki, hazırki cinayət əməlini təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə cinayət qanununun qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, Qobustan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsə tətbiq olunmuş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Bərdə rayon məhkəməsinin 04 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 il 08 ay 06 gün hissəsi hökmlərin məcmusu əsasında hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidr. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, əməlində cinayətlərin təhlükəli residivi olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 05 iyun 2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 93-97) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub DİNin BMCMİ-də saxlanılan 5,161 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. 01 ədəd disk iş materiallarında saxlanımalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 110 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Qobustan rayon məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərt olaraq vaxtından əvəl azad etmə ləğv edilsin və ona Bərdə rayon məhkəməsinin 04 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) ay 06 (altı) gün hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu əsasında hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbrilər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub DİN-in BMCMİ-də saxlanılan qalıq çəkisi 5,161 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar