Məhkəmə qərarları › İş №1(124)-77/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-77/2022

09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-77/2022 09.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X4 və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 20 mart 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda, naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 505 qram olan bir ədəd bükümdə narkotik vasitə heroini əldə etmiş, özündə saxlamaqla daşımış və 10 fevral 2021-ci ildə saat 15:00-da ünvan 2ində yerləşən “R Petrol” yanacaq doldurma məntəqsinin yaxınlığında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq 15-ci Polis bölməsinə dəvət olunmuş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcənin sol iç cibindən satış məqsədi ilə qanunsuz əldə edib daşıyaraq saxladığı bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 505 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək ondan götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 2021-ci ilin fevral ayının 9-dan 10-na keçən gecə saat 24-01 radələrində Abşeron rayonu ərazisində Sabunçu rayonu 15-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanışmışdır. Ora getməkdə məqsədi öz istifadəsi üçün 1 qram narkotik vasitə heroin almaq olmuşdur. Belə ki, o, tanımadığı İranlı şəxs ilə danışmış və həmin şəxs onun üçün 1 qram narkotik vasitəni stolbanın altında qoymaqla şəklini göndərmişdir. O, nakotik vasitənin satışı ilə məşğul olmamış, yalnız öz istifadəsi üçün 1 qram qram sifariş etmiş, ittiham göstərilən vaxtda deyil gecədən tutularaq polisdə saxlanılmış, polisdə təzyiq və döyülmə nəticəsində qalan narkotik vasitənin ona aid olmasını demişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zaman verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunduğu ifadəsində o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə heroini iynə vasitəsi ilə qəbul edir. 2020-ci ilin dekabr ayının əvvəlində o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən Bakı Metropolitenin “Nizami” stansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata mobil telefon almış və həmin telefonu işlədən zaman adlar siyahısında İran İslam Respublikasının mobil operatoruna məxsus nömrə görmüşdür. Bundan sonra o, həmin nömrə ilə “Whatsapp” proqramı vasitəsi ilə yazışmış və ondan narkotik vasitə heroin istəmişdir. Həmin telefon nömrəsinin sahibi özünü “Hacı” kimi təqdim etmiş və demişdir ki, pul göndərər, “mal” yəni, narkotik vasitə heroin verər. Bundan sonra o, “Hacı” ilə “Whatsapp” proqramı vasitəsi ilə yazışmış və onu inandırmışdır ki, narkotik vasitə heroini ver, pulu verər. 10 fevral 2021-ci ildə o, yenə “Hacı” ilə “Whatsapp” proqramı vasitəsi ilə yazışmış və ona demişdir ki, haradan və necə narkotik vasitəni götürə bilər ? “Hacı” yazmışdır ki, “malın” yerinin şəkilini və ünvanını göndərəcək, gedib götürər və razılaşdıqları pulu, yəni 4000 manatı 2-3 günə karta vurar. 10 fevral 2021-ci ildə saat 12-13 radələrində “Hacı” ona “Whatsapp” proqramı vasitəsi ilə şəkil göndərmiş və ünvanı qeyd etmişdir. “Hacı” ona göndərdiyi şəkildə görmüşdür ki, ünvan 2ində yerləşən yolun qırağında “R Petrol” yanacaq doldurma məntəqəsinin yanında daşın altına qara rəngli sellofan qoyulubdur. Bundan sonra o, tanımadığı taksiyə əyləşmiş və ünvan 2ində yolun qırağında “R PETROL” yanacaq doldurma məntəqəsinin yaxınlığına gəlmiş və taksini yola salmışdır. O, ətrafa göz gəzdirmiş, heç kim olmadığını görüb şəkildə göstərilə yerə gəlmiş, daşın altına qoyulmuş bir ədəd qara rəngli sellofan bükümü götürmüş və əynində olan qara rəngli gödəkcənin sol iç cibinə qoymuşdur. Bundan sonra o, yolun qırağına gəlib taksi gözləyən zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək bildirmişlər ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin əməliyyat müvəkkilləridir və ondan anket məlumatını soruşmuşlar. O, polis əməkdaşlarına demişdir ki, xx xxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxsdur. Bundan sonra polis əməkdaşları onu Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə dəvət etmişlər və o, etiraz etməyib polis əməkdaşları ilə birlikdə 15-ci Polis bölməsinə gəlmişdir. Bölmədə polis əməkdaşları videoçəkilişlə onun üzərində şəxsi axtarış aparmaqla üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. O, da əynində olan qara rəngli gödəkcənin sol iç cibindən bir ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları ondan bir ədəd bükümdə nə olduğunu soruşmuşlar, o, həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onun üzərində şəxsi axtarış keçirsələrdə üzərində qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Həmin büküm polis əməkdaşları tərəfində açılarkən içərisində qəhvəyi rəngli maddə olduğu müəyyən edilmişdir. Həmin bir ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs İfadəsinə əlavə olaraq bildirmişdir ki, o, “Hacı” adlı şəxsi inandırmışdır ki, narkotik vasitəni göndərsin, 2-3 günə ona pul verəcək, ancaq onun pulu yox imiş ki, “Hacı” adlı şəxsə pul göndərsin, o, sadəcə “Hacı” adlı şəxsi inandırmış və aldatmışdır ki, ona narkotik vasitə heroin göndərsin. “Hacı” adlı şəxs ona demişdir ki, 500 qram narkotik vasitə göndərəcək, onun müqabilində 4000 manat göndərər. “Hacı” adlı şəxs bundan başqa narkotik vasitə heroin göndərməyəcəkdi. O, “Hacı” adlı şəxsin narkotik vasitə heroinin qoyduğu ünvana getmiş, narkotik vasitə heroini götürəndən sonra onun əlaqə nömrəsini və “Whatsapp” yazışmasını silmiş, çünki “Hacı” adlı şəxslə birdə əlaqə saxlamaq niyyəti yox imiş. “Hacı” adlı şəxsin narkotik vasitə heroinin haradan və necə əldə etməsi barədə heç bir məlumatı olmamışdır. (Cild 1, iş vərəqləri 58-60, 164-166) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin Cinayət-Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 10 fevral 2021-ci ildə Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi, yəni qanunsuz satışı və istifadə ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onu cinayət başında ifşa etmək məqsədi ilə əməliyyat qrupu yaradılmış və qrup üzvü olan Şahid2 ilə birlikdə həmin gün saat 15 radələrində əməliyyat-axtarış tədbirləri nəticəsində Aslanov X3 rayonu, Məmmədli kəndində yerləşən “R Petrol” yanacaq dolurma məntəqəsinin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə aparmışlar. Bölmədə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu zaman o, əynində olan qara rəngli gödəkcənin sol iç cibindən bir ədəd büküm çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğunu və kimdən aldığı soruşulduqda o, aşkar edilən maddənin narkotik vasitə heroin olduğunu, “Hacı” adlı İran İslam Respublikasının vətəndaşının ünvan 2ində yolun qırağında “R Petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında daşın altından gizlətdiyi yerdən götürdüyünü və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin əməkdaşı Şahid2 Şahid1lə oxşar məzmunlu ifadər verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 fevral 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 15:50-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən o, əynində olan qara rəngli gödəkcənin sol iç cibindən bir ədəd bükümündə narkotik vasitə heroinə bənzər kütlə təqdim etmiş və həmin büküm prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 26-27) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 fevral 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd DVD formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair eyni tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqi 49) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 fevral 2021-ci il tarixli 6/612 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” yazısı olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 505 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildirlər. Heroinin təmiz çəkisi – 505 qram, tədqiqata istifadə olundu 0,2 qram, qalıq – 504,8 qramdır. (Cild 1, iş vərəqləri 34-39) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspertizanın 08 may 2021-ci il tarixli, 1437 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 148-149) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 09 mart 2021-ci il tarixli 502 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 141-143) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş təqsirlən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon danışıqları məlumatlarına baxış keçirilməsinə dair protokoldan görünür ki, +**********53 nömrədən daxil olan mesajda “Orxan sen menim pulumu abaroda buraxib pul qazanib menu lomkada qoyub telefonu sondurursen.hecne...”, +**********74 nömrədən daxil olan mesajda “Orxan men lomkadyan halim yoxdu....”, +**********66 nömrədən daxil olan mesajda “Orxan olurem bidene mene 5 diy ver seher pul sendedi .....” və sair bu kimi narkotik vasitələri alqı-satqısına dair mesajlar aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 105- 106) Cinayət işinin materiallarında olan “Maddi sübut qismində tanıma haqqında” 17 fevral 2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Hikmt oğlundan aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 504,8 qram olan narkotik vasitə heroin və bir ədəd “Alcatel one touch” markalı mobil telefon aparatı maddi sübut qismində tanınmış və saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir. Bundan başqa, şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 82, 167-175) İş materiallarında olan “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” 01 iyun 2021-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəsinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqi 176) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2012-ci il Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20 faiz məbləğində dövlət nəfinə pul tutulmaqla 1 il 3 ay 15 gün müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80 və 83-cü maddələrinə əsasən məhkumluğun ödənildiyini nəzərə alaraq və Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbini rəhbər tutaraq Təqsirləndirilən şəxs hazırkı iş üzrə məhkumluğu olmayan şəxs qismində tanıyır. Məhkəmə, Təqsirləndirilən şəxs tutularkən üzərində narkotik vasitə heroinin 1 qram olması, həmçinin narkotik vasitənin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi və digər qanunsuz hərəkətlərə məruz qalması, ittihamda göstərilən vaxtda deyil başqa yerdə tutulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon prokurorluğunda qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 29 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı məhkəmədə verdiyi cinayət haqqında məlumat öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 505 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının külli miqdardan 252,5 dəfə, şəxsi istehlak miqdarından təxminən 3366 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, təqsirləndirilən şəxs evlidir və himayəsində 2013-cü il təvəllüdlü bir azyaşlı övladı vardır. (Cild 1, iş vərəqləri 155-156) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 10 fevral 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 73-75) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan: tədqiqatdan sonra qalıq çəkisi 504,8 qram olan narkotik vasitə heroin məhv edilməli, 01 (bir) ədəd “Alcatel one touch” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, iş materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 114 və 60 manat məbləğində olmaqla ümumilikdə 174 (yüz yetmiş dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan: 504,8 qram narkotik vasitə heroin məhv edilsin, 01 (bir) ədəd “Alcatel one touch” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına verilsin, 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 174 (yüz yetmiş dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar