Məhkəmə qərarları › İş №1(124)-771/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-771/2024

06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-771/2024 06.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Hacıqabul rayonunda anadan olmuş, evli, orta təhsilli, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci madəsinə əsasən hökmlərin məcmusu qaydasında 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, AR Milli Məclisinin xx.xx.2022-ci il tarixli amnistiya elan edilməsi barədə qərarına əsasən cəzası 06 ay azaldılaraq üzərində 02 il azadlıqdan məhrumetmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Hacıqabul şəhəri, ünvan 1 ünvanda yaşamış və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən xeyli miqdarda, tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən üzərində “F/M20” yazısı həkk olunmuş 4 həb metadon narkotik vasitəsini satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək “Platinium Seven black queen” markalı siqaret qutusunun içərisində yerləşdirib gizlətməklə saxlamış, idarə etdiyi “Daf” markalı, 77GJ757/99YH757 qeydiyyat nişanlı nəqliyyat vasitəsində İran İslam Respublikasından Azərbaycan Respublikasınadək daşımış, 10 iyul 2024-cü il tarixdə, saat 13 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən “Astara” gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal xəttində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bundan sonra, o, xx.xx.2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən əldə etdiyi və “Platinium Seven black queen” markalı siqaret qutusunun içərisində yerləşdirib gizlətdiyi xeyli miqdarda olan həmin 4 həb metadon narkotik vasitəsini idarə etdiyi “Daf” markalı, 77GJ757/99YH757 qeydiyyat nişanlı nəqliyyat vasitəsində saxlamış, daşımış, Azərbaycan Respublikası ərazisindən tranzit qaydada keçməklə idarə etdiyi nəqliyyat vasitəsilə Rusiya Federasiyasına gedərkən 16 iyul 2024-cü il tarixdə, saat 15 radələrində Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Qusar rayonunun inzibati ərazisində yerləşən “Samur” gömrük postunun ixrac gömrük nəzarəti xəttində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, təkrar qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, eyni tarixdə “Samur” gömrük postunda qeyd edilən nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı içərisində narkotik vasitə olan həmin siqaret qutusunu idarə etdiyi nəqliyyat vasitəsindən götürüb əyninə geyindiyi şalvarın sol cibinə qoymuş, daha sonra isə, üzərində keçirilmiş şəxsi yoxlama nəticəsində sözügedən maddələr gömrük əməkdaşı tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 206.3.1 və 234.1-ci maddələri ilə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, o, tır sürücüsüdür, tutulana qədər yük daşımaqla məşğul idi. 06 iyul 2024-cü il tarixdə idarə etdiyi yük maşını ilə İran İR-na getmişdir. Güclü oynaq ağrıları olduğundan sürücü tanışlarının da təklifi ilə oradakı apteklərin birindən ağrıkəsici dərman almış, həmin dərmanlar ona heç bir qutuda təqdim edilmədiyindən onları istifadə etdiyi siqaret qutusunda saxlamışdır. Həmin dərman həblərini ağrıkəsici bilib almışdır, onların narkotik tərkibli olduğundan xəbəri olmamışdır. İranda işi qurtardıqdan sonra Azərbaycana qayıtmış, bu zaman sərhəddən də problem yaranmadan keçmişdir. Bir neçə gün sonra yenə də işinə görə Rusiyaya getmək üçün sərhəddən keçərkən maşınına və üzərinə baxış keçirilmiş və bu zaman gömrük əməkdaşı tərəfindən siqaret qutusunun içərisində olan dərman həbləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs ona verilən sualları cavablandırarkən bildirdi ki, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Həmin dərman həblərinin birini 2 manata əldə edib, həblərdən birini elə alan kimi istifadə edib, qalanlarını üzərində saxlayıb. Dərman həbləri itməsin deyə siqarət qutusunun içində saxlamışdır. Həmin həbləri ancaq öz istifadəsi üçün almış, birini istifadə etdikdən sonra təsirini gördüyü üçün özündə saxlamış, Rusiyaya gedəndə də bu məqsədlə aparmışdır. Həmin həblərin İranda açıq şəkildə satıldığına görə onların narkotik tərkibli olmasını və daşınmasının qanunsuz olduğunu bilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş gömrük əməkdaşı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 16 iyul 2024-cü il tarixdə yük maşınları üçün nəzərdə tutulmuş ixrac gömrük nəzarəti xəttində xidmətdə olduğu vaxt, saat təxminən 15 radələrində Rusiya istiqamətində ölkə ərazisini tərk etmək üçün əvvəllər tanımadığı Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs adında şəxsin idarə etdiyi yük maşını daxil olmuşdur. Bu nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına tranzit keçmək üçün daxil olduğundan nəqliyyat vasitəsinə iki nəfər hal şahidinin də iştirakı ilə gömrük nəzarəti həyata keçirilməyə başlanılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində və nəqliyyat vasitəsində gizlətdiyi, bəyan etmədiyi və qanunla qadağan olunmuş heç bir predmet olmadığını demişdir. Bundan sonra yoxlama zamanı nəqliyyat vasitəsindən hər hansı qanunla qadağan edilmiş predmet aşkar edilməmişdir. Bu müddət ərzində sürücü Təqsirləndirilən şəxs özünü bir qədər şübhəli apardığını müşahidə etdiyindən onun üzərində şəxsi yoxlama keçirmək qərarına gəlmiş, bunun üçün Təqsirləndirilən şəxs, hal şahidlərini və digər əməkdaşı şəxsi yoxlama keçirmə zamanı iştirak etmək üçün şəxsi yoxlama otağına aparmışdır. Orada aparılan şəxsi yoxlama nəticəsində Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində olan siqaret qutusunun içərisindən 4 ədəd üzərində “F/M20” yazısı olan həb aşkar etmişdir və həmin maddəni qablaşdırıb araşdırma məqsədilə götürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş gömrük əməkdaşı Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, xx.xx.2024-cü il tarixində həyata keçirilmiş nəqliyyat vasitəsinin yoxlanılması və şəxsi yoxlama zamanı hal şahidi qismində iştirak etmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o Samur gömrük postunun rejim zonasında yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir. 16 iyul 2024-cü il tarixdə saat təxminən 15 radələrində gömrük əməkdaşı Namiq onu və onunla birlikdə fəhləlik edən Vüqarı çağıraraq İrandan gələn və Rusiyaya getmək istəyən bir yük maşınına keçiriləcək yoxlamada hal şahidi qismində iştirak etmək üçün gəlməyi təklif etmişdir. Onlar da razılaşdıqdan sonra gömrük əməkdaşı onları əvvəllər tanımadıqları sürücü Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin yanına gətirmiş, orada onları Famil adlı şəxsə təqdim edib Familin idarə etdiyi yük maşınının kabinəsinə yoxlama keçirəcəyini demiş, yoxlamaya başlamazdan əvvəl gömrük əməkdaşı onlara hüquqları və vəzifələrini izah etmiş, daha sonra isə gömrük əməkdaşı yük maşınını yoxlamağa başlamış, yoxlama zamanı nəqliyyat vasitəsindən heç bir predmet aşkar edilməmişdir. Daha sonra gömrükçü sürücüyə üzərində şəxsi yoxlama keçiriləcəyini deyib birlikdə şəxsi yoxlama otağına dəvət etmiş, orada şəxsi yoxlama nəticəsində Təqsirləndirilən şəxs cibində olan siqaret qutusunun içərisindən 4 həb dərman aşkar edilmişdir. Daha sonra aşkar edilmiş dərman sürücünün və onların iştirakı ilə gömrük əməkdaşı tərəfindən götürülmüş, yekunda isə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, xx.xx.2024-cü il tarixində həyata keçirilmiş nəqliyyat vasitəsinin yoxlanılması və şəxsi yoxlama zamanı hal şahidi qismində iştirak etmiş Şahid4 digər Şahid3 ifadəsində bildirdiyi xüsusatları təsdiq edərək sonuncu ilə anoloji ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “nəqliyyat vasitəsinin yoxlanılması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə gömrük orqanlarına bəyan edilməmiş və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmadığı soruşulmaqla varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O isə gömrük nəzarətinə bəyan edilməli, gömrük nəzarətindən gizlədilmiş və qanunla qadağan edilən malların olmadığını bildirmişdir. Bu baxımdan, həmin tarixdə, Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunun ixrac gömrük nəzarəti xəttinə İran İslam Respublikasından Rusiya Federasiyasına tranzit qaydada çay yükü aparan Təqsirləndirilən şəxs idarə etditi “Daf” markalı, 77GJ757/99YH757 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilmiş, lakin nəqliyyat vasitəsindən hüquqpozma predmeti aşkar edilməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs gömrük nəzarətini həyata keçirən gömrük əməkdaşının raportu və məruzəsi üzrə müvafiq qərara əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılması zərurəti yaranmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq “şəxsi yoxlama haqqında" xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi yoxlama başlamazdan əvvəl Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunda şəxsi yoxlama otağında Təqsirləndirilən şəxs üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin, o cümlədən narkotik vasitələrin olub-olmadığı barədə sual verilməklə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O isə, üzərində gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmalı predmetin olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmış və şəxsi yoxlama nəticəsində əyninə geyindiyi şalvarın ön sol cibində olan “Platinium Seven black queen” markalı siqaret qutusunun içərisindən 4 ədəd üzərində “F/M20” yazısı olan naməlum həblər aşkar edilərək protokol əsasında götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2024-ci il tarixli, 3-16-16/2-6/3674 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki 04 ədə üzərində “F/M20” yazısı həkk olunmuş dərman həblərinin tərkibində təsiredici maddəsinin miqdarı 0,08 qram (üzərindəki göstəricilərə əsasən 01 ədəd həbdə 0,02 qram) olan narkotik vasitə - metadon müəyyən edilmişdir. Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azırbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: Metadon həblərinin ümumi sayı - 4 ədəd həb, cəmi tədqiqata sərf edildi - 2 ədəd həb, qalıq - 2 ədəd həb. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsindən verilmiş xx.xx.2024-cü il tarixli, 5602 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş ekspertiza tədqiqatlarından sonra, qaytarılmış qalıq 02 həb metadon narkotik vasitəsi maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Cinayət işi materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il, xx.xx.2016-cı il və xx.xx.2017-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır. Cinayət işi materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, daha sonra Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Azərbaycan Respublikası MM-nin Amnistiya barədə qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılaraq 02 ilə endirilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə kollegiyası yuxarıdakılara əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmasına baxmayaraq məhkumluğu ödənilmədən, yəni 2 il keçmədən yenidən qəsdən cinayət əməli törətdiyindən onun əməlində cinayətin residivi vardır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək sözügedən narkotik vasitə olan metadon həblərinin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 6-cı bəndində göstərilmişdir ki, Narkotik vasitələrin və ya psixotrop maddələrin (onların prekursorlarının) qaçaqmalçılığı cinayətini törətməkdə CM-in 206.2, 206.3 və 206.4-cü maddələri ilə təqsirləndirilən şəxslər barədə cinayət işlərinə məhkəmədə baxılarkən nəzərə almaq lazımdır ki, istər irəli sürülmüş ittiham, istərsə də şəxsin həmin ittiham üzrə təqsirli bilinməsinə dair məhkəmə hökmü ehtimallara əsaslana bilməz və CPM-in 7.0.20, 223.3 və 353.2.1-ci maddələri tələb etdiyi kimi şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsini, yəni, o cümlədən cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, cinayət iştirakçılıqla törədildikdə iştirakçıların rollarının nədən ibarət olması və s. zəruri məlumatlar göstərilməklə sübuta yetirilmiş hesab edilən ittihamın mahiyyətini əks etdirməlidir. Həmin qərarda göstərilmişdir ki, narkotik vasitələrin (psixotrop maddələrin, onların prekursorlarının) gömrük sərhədindən keçirilməsi ilə əlaqədar olan işlərə baxılan zaman irəli sürülən, bu hərəkətin tibbi məqsədlərlə (narkotik vasitənin aşkarlandığı şəxsin müalicəsində istifadə etməkdən ötrü) törədilməsinə dair dəlillər araşdırılarkən, onu nəzərə almaq lazımdır ki, narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların) əldə edilməsi, saxlanması, daşınması və onlarla bağlı digər hərəkətlərin edilməsi müvafiq normativ hüquqi aktlarla xüsusilə tənzimləndiyindən (yəni həyata keçirilən anda hərəkətlərin qanunauyğun olması tələb olunduğundan), CM-in 234-cü maddəsi isə blanket norma olmaqla burada cinayət məsuliyyəti narkotik vasitələrlə (psixotrop maddələrlə, prekursorlarla) bağlı əməllərin məhz qanunsuz olmasına görə müəyyən edildiyindən (əməlin ictimai təhlükəli xarakteri narkotik vasitələrin, psixotrop maddələrin, prekursorların əldə edilməsi, saxlanması, daşınması üzrə və s. hərəkətlər yerinə yetirilərkən bunların müvafiq normativ hüquqi aktın tələblərinə cavab verməməsindən irəli gəldiyindən), şəxsin tibbi göstəricilərə görə bu və ya digər narkotik vasitəyə və ya psixotrop maddəyə ehtiyacının olması, hətta sonradan (məsələn, hərəkətlər edilən anda deyil, cinayət prosesinin ibtidai istintaq və ya məhkəmə icraatı mərhələsində) bunun xarici dövlətdə verilmiş müvafiq tibbi sənədlə, o cümlədən reseptlə təsdiq olunması, əgər yerinə yetirildiyi anda hərəkətlər müvafiq normativ hüquqi aktın tələblərinə uyğun olmamışdırsa, eləcə də şəxsin hərəkətlərində CM-in 206.2-ci maddəsinin dispozisiyasında təsbit edilən əlamətlər olmuşdursa, özü-özlüyündə şəxsin istər CM-in 234-cü, istərsə də 206.2-ci maddəsi ilə cinayət məsuliyyətini istisna edən hal kimi nəzərdən keçirilə bilməz. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 10 nömrəli Qərarın 10-cu bəndində qeyd edilmişdir ki, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Həmin qərarın 14-cü bəndində göstərilmişdir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək CM-nin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-nin 234-cü maddəsi ilə tövsif edilir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 10 nömrəli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı bildirdikləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitə olan metadon həblərini digər dərman vasitələrini saxladığı sellofan paketdə və ya digər aşkar surətdə deyil də, məhz malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə edərək siqaret qutusunda saxlaması (gizlətməsi), 2 dəfə gömrük sərhəddindən keçməsinə baxmayaraq həmin dərman həblərini bəyan etməməsi və digər faktiki hallar sübut edir ki, təqsirləndirilən şəxs üzərində daşıdığı dərman həblərinin qanunla qadağan olunmuş vasitə olduğunu bilmiş, məhz buna görə həmin həbləri gömrük nəzarətindən gizlətmişdir. Bununla belə məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının X1 Müəyyən Edən 4-cü fəslinin 72-ci maddəsininin 3-cü bəndinə əsasən qanunu bilməmək şəxsi məsuliyyətdən azad etmir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, onun həmin ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhdi, özünü müdafiə taktikası kimi qiymətləndirir. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi faktiki olaraq qismən etirafedici ifadəsi (həblərin üzərində olmasını təsdiq edir), şahid ifadələri, ekspert rəyləri, protokollar və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 206.3.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllər başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır və az ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal kimi cinayətin residivinin olmasını, cəzanı yüngülləşdirən halın olmasını, habelə törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin (CM-nin 206.3.1 və 234.1) sanksiyasında nəzərdə tutulmuş həddə CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 17 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 iyul 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat dövründə 27 sentyabr 2024-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsini əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 02 ədəd narkotik vasitə - metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 60 (altımış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 206.3.1-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 02 (iki) gün həbsdə qaldığı müddət onun cəzasına hesablanmaqla çıxılsın və üzərində 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 02 ədəd narkotik vasitə - metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar