Məhkəmə qərarları › İş №1(124)-779/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-779/2024

16.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-779/2024 16.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Nizami oğlunun sədrliyi, X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi - Şimal Vəkil Bürosu vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Abşeron rayonu, Aşağı Güzdək qəsəbə ərazi dairəsi, X8 qeydiyyatda olmaqla Abşeron rayonu, Müşfiq qəsəbəsi, fərdi evdə yaşamış, barəsində Sumqayıt şəhər məhkəməsinin 07 iyun 2024-cü il tarixli qərarı ilə 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd üzəri yapışqan lentlə sarılmış sellofan bağlamaya yerləşdirilmiş külli miqdarda 07 ədədi qəhvəyi rəngli, 01 ədədi tünd qəhvəyi rəngli olan 08 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2.555 qram, 1.848 qram, 1.686 qram, 1.796 qram, 1.603 qram, 1.811 qram, 2.133 qram, 7.345 qram olmaqla ümumi təmiz çəkisi 20.777 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin xeyli miqdarda 03 ədəd sellofan bükümdə avrı-ayrılıqda təmiz çəkiləri 12.292 qram, 12.022 qram, 6.444 qram olmaqla ümumi təmiz çəkisi 30.758 qram olan tünd qəhvəyi rəngli, bərk, kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 01 ədəd üzərində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi əldə edib üzərində saxlayaraq daşımış, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 05 iyun 2024-cü il tarixdə, saat 19:15 dəqiqədə Sumqayıt şəhəri. H. Zeynalabdin qəsəbəsində yerləşən “Emin" şadlıq evinin qarşısındakı parkda olarkən saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümlərdə olan narkotik vasitə heroin və narkotik vasitə tiryək, həmçinin 01 ədəd elektron tərəzi əynindəki şalvarın sol yan cibindən 01 ədəd üzəri yapışqan lentlə sarılmış sellofan bağlamanın içində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, onun üzərində beş və ya on qram narkotik vasitə olan marixuana olmuşdur. Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən "Emin" şadlıq evinin yaxınlığındakı park ətrafı ərazidə onu saxlamışlar. O, parkın içərisində olmamışdır. Parkın kənarında olmuşdur. Elektron tərəzi ona məxsus olmamış, polislər tərəfindən üzərinə qoyulmuşdur. Elektron tərəzinin üzərində ona aid əl-barmaq izlərinin olmaması elektron tərəzinin ona aid olmadığının sübutudur. Həmin elektron tərəzi ekspertizaya göndərilməmişdir. Onu saxladıqdan sonra ikinci polis bölməsinə aparmışlar. Polis bölməsində ona təzyiqlər göstərməyə başlamışlar. O, marixuanadan başqa heç bir narkotik vasitədən istifadə etməmişdir. Ona təzyiq göstərərək, üç dəfə çəkiliş etmişlər. Hər dəfəsində də boynuna almamışdır. Ona çəkilişlə kütləvi informasiya sistemlərinə verəcəklərini, aparıb prokurorluğa göstərəcəklərini bildirmişlər. Onu beş-altı saat bölmədə saxlamışlar. Daha sonra onu məhkəməyə çıxarmışlar. O tutulana qədər marixuanadan başqa heç bir narkotik vasitədən istifadə etməmişdir. Əvvəllər məhkumluğu olmamışdır. Ailəlidir. İki övladı vardır. Ona işgəncə verdikləri üçün etiraf etmişdir. Polis tərəfindən döyülmüşdür. Onun bədəni göyərmiş, lakin qorxduğu üçün həmin xəsarətləri istintaq təcridxanasına daxil olan zaman göstərməmişdir. Döyülməsi ilə bağlı heç bir yerə şikayət etməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilən zaman anlayışı olmadığı üçün narkotik vasitənin ona məxsus olmadığını deməmişəm. Hakim ona sual verəndə narkotikin özünə məxsus olduğunu bildirmişdir. Marixuananı İran vətəndaşından əldə etmişdir. İran vətəndaşı özü onunla əlaqə saxlamışdır. Narkotiki alan zaman pul verməmişdir. Birinci dəfə olduğu üçün ona “istifadə elə və xoşuna gəlsə məndən alarsan” ifadəsini işlətmişdir. İstifadəsində olan 58-04 nömrəsi ilə İranlı ilə əlaqə saxlamışdır. Narkotik vasitələrinin dövriyyəsi ilə bağlı smsləri müstəntiq guya onun özünün sildiyini demişdir. İran vətəndaşı özü ona yazmışdır. Narkotikin dövriyyəsi ilə bağlı smslər olmuşdur. İranlı ona “bunu sənə göndərirəm başqa birinə çatdırarsan” kimi bir tapşırıq verməmişdir. O, İran vətəndaşından narkotik vasitəni ilk dəfə almışdır. İranlı ona ilk dəfə zəng edəndə telefondakı şəxsin İlkin olub-olmamasını soruşmuş, o da cavabında iranlıya İlkin adlı şəxs olmadığını bildirmişdir. Bir müddətdən sonra yenə onunla əlaqə saxlamışdır. İranlı ona narkotik vasitə təklif edəndə iranlıya pulunun olmadığını bildirmişdir. İranlı ilə arasında tərəzi ilə bağlı danışıq olmamışdır. İranlı verəcəyi narkotikin çəkisini ona deməmişdir. O, iranlıdan narkotiki özünün istifadəsi məqsədi ilə istəmişdir. O həmin tərəzidən istifadə etməmişdir. Onu narkotiki qoyulan yerdən götürəndən qısa müddət sonra saxlamışlar. O, narkotik qoyulan yerə getmiş və ordan götürmüşdür. Ona polis bölməsində verdikləri paket götürdüyü paket deyildir. Yumşaq bir paket idi. Onun götürdüyünün içərisində tərəzi olmamışdır. Onun götürdüyü marixuana olmuşdur. Bunu videoçəkilişdə də demişdir. Məhkəmədən qabaq onu qorxutduqlarına görə həbs qətimkan seçilən zaman elə demişdir. O, Müşviqabadda yaşamışdır. Dırnağında xəsarəti olmuşdur. Başqa bir yerdə xəsarəti olmamışdır. Onu polislər döymüşlər, amma döyülməyi ilə bağlı xəsarəti olmamışdır. 500-600 manat pul verəcəyini deməmişdir. İstintaq zamanı verilən ifadəsini müstəntiq özü yazmışdır. İstintaqa verdiyi ifadəsini təsdiq etməyərək o cür ifadə vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə ziddiyyət təşkil etdiyindən ifadəsi elan olunmaqla araşdırılmışdır. İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Evlidir. Abşeron rayonu. Aşağı Güzdək qəsəbə ərazi dairəsi, X8 qeydiyyatda olmaqla Abşeron rayonu, Müşfiq qəsəbəsi, fərdi evdə ailəsilə birlikdə yaşayır. Narkotik vasitə aludəçisidir. Narkotik vasitəni Abşeron rayonu, həmçinin Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərdən almışdır. Son zamanlar narkotik vasitə qurudulmuş marixuana tapmaqda çətinlik çəkidiyi üçün narkotik vasitə istifadə edən adını bilmədiyi bir şəxslə söhbət əsnasında narkotik vasitələri İran İslam Respublikası vətəndaşlarından ucuz qiymətə ala biləcəyini ona demiş və həmin şəxsin hal-hazırda xatırlamadığı mobil nömrəsini ona vermişdir. Həmin şəxslə "whatsapp" ani mesajlaşma mübadiləsi sistemində telefon əlaqəsi yaratdığı zamanı o, ona şəxsiyyəti barədə adının Rza olduğunu. İran İslam Respublikasında yaşadığını, Azərbaycan Respublikası ərazisində tanışlarının olduğunu, narkotik vasitə və ya psixotrop maddə istəyəcəyi təqdirdə onun göndərəcəyi bank kart hesabına alacağı narkotik vasitənin qarşılığında ödəməli olduğu pulu köçürdükdən sonra, ona narkotik vasitəni əldə edəcəyi ünvanın yerləşdiyi məkanı göndərəcəyini demişdir. O həmin şəxsə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini və ondan almaq istədiyini demişdir. İlk əvvəl pıılu az olduğundan az miqdarda narkotik vasitə qurudulmuş marixuana istədikdə isə, İran vətəndaşı az miqdarda satmadığını demişdir. Aralarındakı razılığa əsasən İran vətəndaşı ona 30-40 qram narkotik vasitə qurudulmuş marixuana göndərəcək, o isə bir neçə gün ərzində marixuananın qarşılığında ona təxminən 500- 600 manat pul vəsaiti verəcəkdir. Reallıqda isə qərarlaşdırmışdır ki, İran vətəndaşından marixuananı götürüb sonra nömrəsini bloklayıb siləcəkdir. Belə ki, İran vətəndandaşından istifadəsi üçün marixuana almaq barədə razılaşdıqdan sonra 05 iyun 2024-cü il tarixdə ona “whatsapp” ani mesajlaşma mübadiləsi sistemində 01 ədəd üzəri yapışqan lentlə sarılmış qara rəngli bağlamanın şəklini və həmin bağlamanın olduğu yeri göndərmişdir. Bağlamanın olduğu yer Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən "Emin" şadlıq evinin yaxınlığındakı park ətrafı ərazi olmuşdur. O, içində narkotik vasitə qurudulmuş marixuana olduğunu fikirləşdiyi İran vətəndaşının göndərdiyi bağlamanı əldə etməkdən ötrü həmin tarixdə, axşam saatlarında həmin əraziyə yola düşmüşdür. Belə ki, 05 iyun 2024-cü il tarixdə, saat 19 radələrində park ətrafında bağlamanın olduğu yerdən üzəri yapışqan lentlə sarılmış qara rəngli sellofan bağlamanı götürdüyü zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitələrin dövriyyəsində şübhələr olduğunu deyib polis bölməsinə dəvət etmişlər. O, qarşılıq verməmişdir və birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasına gəlmişlər, yüklə etdiyi bağlama əynindəki şalvarın sol yan cibində idi. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o əynindəki şalvarın sol yan cibindən İran vətəndaşının göndərmiş olduğu üzəri yapışqan lentə sarılmış qara rəngli sellofan bağlamanı, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd “Samsung" markalı mobil telefonu və ümumilikdə 38 manat pul əskinasları, şalvarının arxa sol cibindən isə 01 ədəd içində sürücülük vəsiqəsi, doğum haqqında şəhadətnaməsi, avtomobili idarəetmə hüququ verən etibarnamə, plastik bank kartları, sim kartın çərçivəsi olan portmanatı çıxardıb təqdim etmişdir. Təqdim etdiyi bağlamanın içinə baxıldığı zaman ona məlum olmuşdur ki, özünü İran vətəndaşı kimi təqdim etmiş şəxs ona narkotik vasitə qurudulmuş marixuana göndərəcəyini deyərək aldatmış, reallıqda həmin bağlamanın içinə elektron tərəzi və içində "kakos", yəni narkotik vasitə heroin və adının daha sonra narkotik vasitə tiryək olduğunu bildiyi ümumilikdə 11 ədəd sellofan bükümdə başqa kütlələr qoymuşdur. Həmin kütlələr elektron tərəzidə çəkildiyi zaman çəkilərinin 2.25 qram, 1.78 qram, 2.00 qram, 1.81 qram, 2.75 qram, 2.00 qram, 1.99 qram, 12.67 qram, 12.42 qram, 6.67 qram, 7.87 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr, həmçinin təqdim eldiyi "Samsung" markalı mobil telefonun və portmanatın daxilindəki sənədlər, bank kartları qablaşdırılaraq götürülmüş, 38 manat pul əskinas və portmanatın ona geri qaytarılmışdır. Onun həmin kütlələrdən heç bir məlumatı olmamışdır. O yalnız narkotik vasitə istifadəçisidir, satışı ilə məşğul olmur. Ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı rütbəsindədir. İcraatına Abşeron rayonu, Aşağı Giizdək ərazi dairəsi, X8 qeydiyyatda olmaqla Abşeron rayonu, Müşfiq qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində, o cümlədən satışında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 05 iyun 2024-cü il tarixdə, saat 19:15 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən "Emin” şadlıq evinin qarşısındakı parkın içərisində olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı, üzərində saxlayıb daşıması ilə əlaqədar şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasına dəvət etmişlər. Polis bölməsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif olunduqda sonuncu əynindəki şalvarın sol yan cibindən 01 ədəd üzəri yapışqan lentlə sarılmış qara rəngli sellofan bağlama, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd “Samsung" markalı mobil telefon və ümumilikdə 38 manat pul əskinas, əynindəki şalvarın arxa sol cibindən 01 ədəd portmanat çıxardaraq təqdim etmişdir. Portmanatın içindən şəxsiyyət vəsiqəsi, etibarnamə, doğum haqqında şəhadətnamə, plastik bank kartları, sim kartın yerləşdirildiyi çərçivə qapı aşkar edilmişdir. Təqdim edilmiş 38 manat pul vəsaitinin tamamı Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqdim edilmiş üzəri yapışqan lentlə sarılmış sellofan bağlamanın içinə baxıldıqda 01 ədəd elektron tərəzi və bir qisminin içində qəhvəyi, bir qisminin içində tünd qəhvəyi olmaqla ümumilikdə 11 ədəd sellofan büküm aşkar edilmişdir. Aşkar edilmiş bükümlər elektron tərəzidə çəkilmiş və çəkilərinin 2.25 qram, 1.78 qram, 2.00 qram, 1.81 qram, 2.75 qram, 2.00 qram, 1.99 qram, 12.67 qram, 12.42 qram, 6.67 qram, 7.87 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş həmin kütlələr və elektron tərəzi ekspertizaya təqdim olunmasından ötrü zərf qoyularaq qablaşdırılmışdır. Həmçinin təqdim edilmiş Təqsirləndirilən şəxs özünə məxsus olduğunu dediyi mobil telefon və portmanat Təqsirləndirilən şəxs geri qaytarılmaqla daxilindəki sözügedən sənədlər və bank kartları qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamanı İran vətəndaşının göndərdiyi ünvandan, parkın ətrafından, götürdüyünü və özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən döyülmədiyini, bildirmişdir Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olsa da, dəqiq olaraq kim və ya kimlərə satması, həmçinin üzərindən aşkar olunmuş narkotik vasitələri dəqiq olaraq kimdən əldə etməsi barədə məlumat əldə olunmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 işin halları ilə bağlı Şahid1 ilə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Müşviq qəsəbəsi fərdi ev ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi baradə məlumat daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Müşviq qəsəbəsi fərdi ev ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında qeydiyyatda olmaqla, ünvan 3l adlı şəxs həmin tarixdə, saat 19:15 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, “Emin” şadlıq evinin qarşısındakı parkın içərisində narkotik vasitələrin alqı-satqısı və üzərində gəzdirməsində şübhəli olduğu üçün Sumqayıt şəhər 2-ci Polis bölməsinə dəvət edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 07 iyun 2024-cü il tarixli 6/3142 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: ” Saxlanılan şəxs: Təqsirləndirilən şəxs (imza).. ” yazıları və imzalar olan zərfdəki 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2.555 qram, 1.848 qram, 1.686 qram, 1.796 qram, 1.603 qram, 1.811 qram, 2.133 qram olan qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olub 01 ədəd bükümdə təmiz çəkisi 7.345 qram olan tünd qəhvəyi rəngli maddədən kimyəvi komponent tərkiblərinə görə fərqli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, ümumi təmiz çəkiləri 20.777 qramdır, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 12.292 qram, 12,022 qram, 6,444 qram ümumi təmiz çəkiləri 30.758 qram tünd qəhvəyi rəngli, bərk maddə kütləsi kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla alınmış narkotik vasilə tiryəkdir; 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər aşlar edildi. Heroin iz şəklində olduğundan çəkisinin müəyyən etmək və digər bükümlərdəki heroinlərlə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Məhkəmə-narkoloji ekspertizasının 01 avqust 2024-cü il tarixli, 5263 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Nikah və doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X6 adlı iki azyaşlı övladı vardır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında 05 iyun 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, həmin tarixdə Sumqayıt ŞPİ-nin 2ci PB-nin inzibati binasının xidməti otağında videoçəkiliş vasiləsiylə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 01 ədəd üzəri yapışqan lentlə sarılmış qara rəngli sellofan büküm, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd “Samsung" markalı mobil telefon və ümumilikdə 38 manat pul əskinas, əynindəki şalvarın arxa sol cibindən 01 ədəd portmanat çıxardaraq təqdim etmişdir. Təqdim edilmiş 38 manat pul vəsaitinin tamamı Təqsirləndirilən şəxs özünə qaytarılmış, portmanatın içində şəxsiyyət vəsiqəsi, etibarnamə, doğum haqqında şəhadətnamə, plastik bank kartları, sim kartın yerləşdirildiyi çərçivə qabı aşkar edilmişdir. T. Qayıbovun tərəfindən təqdim edilmiş üzəri yapışqan lentlə sarılmış sellofan bükümün içinə baxıldıqda 01 ədəd elektron tərəzi və bir qisminin içində qəhvəyi, bir qisminin içində tünd qəhvəyi olmaqla ümumilikdə 11 ədəd şəffaf rəngli kiçik ölçülü sellofan büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilərkən şifahi sorğu zamanı əynindəki şalvarın sol yan cibindən çıxardaraq təqdim etdiyi üzəri yapışqan lentlə sarılmış 01 ədəd bükümü Rza adlı İran vətəndaşı ilə "whatsapp" ani mesajlaşma mübadiləsi sistemində əlaqə saxlayaraq əldə etdiyini, İran vətəndaşı ilə arasındakı razılığa əsasən həmin şəxsin ona daha sonradan ödəniş etməsi şərti ilə 500-600 manat qarşılığında “nəşə" göndərməli olduğunu, buna müvafiq olaraq İran vətəndaşının göndərdiyi “konumdan” parkın ətrafında təqdim etdiyi bükümü əldə eldiyini, bükümün içində “nəşə" olduğunu fikirləşərək əldə etdiyini, niyyətinin narkotik vasitəni əldə edib daha sonra İran vətəndaşı “whatsapp"da bloklayaraq əlaqəni kəsmək olduğunu, lakin şəxsi axtarış zamanı bükümün içindən aşkar edilmiş 01 ədəd elektron tərəzindən məlumatının olmadığını, bükümlərin bir qisminin içində nə olduğunu bilmədiyini, digərlərinin içindəkinin nə olduğunu dəqiq bilmədiyini, “kakos" olduğunu ehtimal etdiyini bildirmişdir. Aşkar edilmiş bükümlər elektron tərəzidə çəkilmiş və çəkilərinin 2.25 qram, 1.78 qram, 2.00 qram, 1.81 qram, 2.75 qram, 2.00 qram, 1.99 qram, 12.67 qram, 12.42 qram, 6.67 qram, 7.87 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş həmin kütlələr və elektron tərəzi ekspertizaya təqdim olunmasından ötrü zərf qoyularaq qablaşdırılmışdır. Həmçinin təqdim edilmiş Təqsirləndirilən şəxs özünə məxsus olduğunu dediyi mobil telefon və portmanat T. Qayıbova geri qaytarılmaqla daxilindəki sözügedən sənədlər və bank kartları qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarışın davamında müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs təqdim edilmiş kütlələri İran vətəndaşının göndərdiyi “konum”dan götürdüyünü və özünə məxsus olduğunu, narkotik vasitə satışı ilə məşğul olmayıb, şəxsi istifadəçi olduğunu, polis əməkdaşları tərəfindən döyülmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki şlavarın sağ yan cibindən aşkar edilərək götürülmüş 01 ədəd telefon qara rəngli arxa qoruyucu örtüyü olan göy rəngli, ağıllı telefon kateqoriyalı, ‘’Samsung" markalıdır. Mobil telefonun daxilində 02 ədəd sim kart vardır. İşlək vəziyyətdədir, daxilində “whatsapp" ani mesajlaşma mübadiləsi sistemi aşkar olunmuşdur. Telefonun daxilində, o cümlədən proqramlarda, kontaklar, zənglər və mesajlar bölməsində cinayət işi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, CD diskdə ***-***-**-** saylı mobil nömrə ilə bağlı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci il tarixədək olan sms və zənglərin detallaşması ilə bağlı məlumatların əks olunduğu 02 ədəd qovluqda cinayət işi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməmiş. 05 iyun 2024-cü il tarixdə, saat 19 radələrində anten dairəsi olaraq Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi göstərilmişdir. “Şübhəli şəxsin tutulması haqqında protokol”dan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Müşviq qəsəbəsi fərdi ev ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroin, narkotik vasitə tiryək və 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, narkotik vasitə materialları məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış istintaq hərəkəti keçirilərək narkotik vasitələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9cu bəndində qeyd olunmuşdur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin şəxsi istehlak mirdarından dəfələrlə artıq olmasını, narkotik vasitələrin müxtəlifliyini və üzərində heroin izləri aşkar edilmiş elektron tərəzini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin qadağan olunmuş narkotik vasitələri satış məqsədilə əldə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı psixi və fiziki təsir və təzyiqlərə məruz qaldığını bildirsə də qeyd etdiyi hallar heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 05 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 80 (səksən) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək maddi sübut kimi tanınıb, Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmiş 08 ədəd bükümdə qalıq çəkisi 20.377 qram narkotik vasitə heroin, 03 ədəd bükümdə qalıq çəkisi 30.608 qram olan narkotik vasitə tiryək, 01 ədəd üzərində narkotik vasitə heroinə məxsus izlər aşkar edilmiş elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 80 (səksən) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək maddi sübut kimi tanınıb, Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmiş 08 ədəd bükümdə qalıq çəkisi 20.377 qram narkotik vasitə heroin, 03 ədəd bükümdə qalıq çəkisi 30.608 qram olan narkotik vasitə tiryək, 01 ədəd üzərində narkotik vasitə heroinə məxsus izlər aşkar edilmiş elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar